23 Noyabr 2024

Şənbə, 15:52

TİCARƏTDƏ YENİ DÖVR

Azərbaycan yeni qlobal ticarət sistemində Şərqlə Qərb arasında körpüyə çevrilir

Müəllif:

01.04.2024

Geosiyasi təlatümlər və iqtisadi çağırışlar fonunda qlobal ticarətin yeni arxitekturası yaranır. Qərb hegemonluğuna öyrəşmiş dünya çoxqütblülük dövrünə keçid edir. Bu dövrdə isə oyun qaydaları hələ ki, tədricən müəyyənləşir.  

Ölkələr arasında köhnəlmiş qarşılıqlı əlaqələrdə islahatların həyata keçirilməsinə dair çağırışlar daha da artır. “Mövcud ticarət sistemi hamı üçün işləmir, ticarət sahəsində artan maneələr, proteksionizm və müqavilələrin pozulması qlobal iqtisadiyyat üçün ciddi problemlər yaradır”, - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bao Asiya Forumunun plenar iclasında deyib. O, ədalətlilik və aşkarlıq prinsiplərinə əsaslanan yeni sistemin yaradılmasına çağırıb.

Mütəxəssislər də onunla eyni fikri bölüşürlər. “Proteksionizm və ticarət müharibələri qlobal iqtisadiyyata ziyan vurur. Bizim daha açıq və ədalətli ticarət sisteminə ehtiyacımız var”, - Beynəlxalq Valyuta Fondunun (IMF) baş iqtisadçısı Qita Qopinat qeyd edib.

 

Dəyişikliyin dörd sütunu

Bəs yeni ticarət sistemi necə olacaq? Bununla bağlı rəylər müxtəlifdir. Məsələn, bəziləri Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi mövcud institutların gücləndirilməsinin tərəfdarıdır. Belə ki, bu təşkilatın Baş direktoru Nqozi Okonco-İveala əmindir ki, ÜTT çoxtərəfli ticarət sisteminin təməl daşı olaraq qalır.

Digərləri isə radikal dəyişikliklərə ehtiyac olduğunu iddia edirlər. “Bizim 21-ci əsrin ehtiyaclarına cavab verən və daha ədalətli və davamlı olan yeni ticarət sisteminə ehtiyacımız var”, - BMT-nin Baş katibi Antonio Quterreş vurğulayıb.

Demək olar ki, eyni fikri Dünya Bankının Prezidenti Devid Malpass, Almaniya Kansleri Olaf Şolts və Hindistanın Baş naziri Narendra Modi bölüşür. Onlar hazırkı ticarət sistemində islahatlara ehtiyacın olduğuna əmindirlər.

Bir sözlə, dünya ticarəti qlobal dəyişikliklər astanasındadır. Bu yeni dövrdə hansı çağırışlar və imkanlar var?

Birincisi, bu dövrdə qüvvələrin yenidən bölgüsü müşahidə olunur. Onilliklər ərzində qlobal ticarətdə hakim mövqedə olan ABŞ və Avropa İttifaqı (Aİ) getdikcə mövqelərini itirirlər. Eyni zamanda yeni oyunçular fəallaşır: Çin, Hindistan, Braziliya və digər ölkələr iqtisadi güclərini və ticarət axınlarına təsirlərini artırırlar.

İkincisi, ekspertlər regional ticarət bloklarının daha da genişlənməsinə diqqət yetirirlər. Trans-Sakit Okean Tərəfdaşlığı, Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq, Afrika Kontinental Azad Ticarət Zonası və digər ittifaqlar qlobal ticarətin mənzərəsini dəyişir.

Getdikcə daha çox dövlət müxtəlif təşkilatlarda iştirakçı ölkələr arasında maneələri azaldan regional ticarət müqavilələri bağlayır. Bundan başqa, Aİ azad ticarət və rəqabət prinsiplərinə əsaslanan daha inteqrasiya olunmuş daxili bazarın yaradılması üzərində çalışır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə həmçinin Asiya, Avropa və Afrikanı birləşdirəcək yeni ticarət infrastrukturu yaratmağı hədəflənir. Lakin bir çox dövlət hələ də daxili iqtisadiyyatı xarici rəqabətdən qoruyan proteksionist tədbirlər həyata keçirən siyasət yürüdür.

Analitiklərin diqqət yetirdiyi üçüncü məqam rəqəmsallaşma və elektron ticarətin inkişafıdır. Onlayn ticarət sürətlə inkişaf edərək, biznes və istehlakçılar üçün yeni imkanlar açır. Blokçeyn və digər yeni texnologiyaların geniş yayılması və qəbul edilməsi ticarət əməliyyatlarında şəffaflığın və səmərəliliyin artırılmasına yardım göstərir. “Ticarət sahəsində problemlərin həlli ədalətsiz maneələrin aradan qaldırılmasını və rəqəmsallaşma yolu ilə təchizat zəncirlərinin şəffaflığının artırılmasını tələb edir”, - Qazaxıstan Prezidenti qeyd edib.

Nəhayət, bu gün iqtisadi gündəm üçün vacib məsələ olan dördüncü məqam davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizədir. Ekspertlər ticarət sistemində ticarət dövriyyəsinə dair proseslərin ekoloji komponentinin nəzərə alınmasının və ekoloji cəhətdən təmiz məhsulların istehsalının stimullaşdırılmasının zəruri olduğunu qeyd edirlər. Bundan, həmçinin yalnız seçilmiş bir neçə ölkə faydalanmamalıdır. Yəni bu zaman bütün ölkələr üçün bərabər imkanlara diqqət yetirilməlidir. Üstəlik bu, dövlətlər arasında və ölkələr daxilində bərabərsizliyin azaldılmasına yönəlməlidir.

Əlbəttə ki, yeni qlobal ticarət sisteminin formalaşması mürəkkəb və uzunmüddətli prosesdir. Amma onun çoxqütblü, daha açıq, ədalətli və davamlı olacağı artıq aydındır.

 

Azərbaycanın rolu

Yeni çoxqütblü ticarət sisteminin formalaşması kontekstində Azərbaycanın Şərqlə Qərb arasında körpüyə çevrilməsi üçün bəlkə də həddi-hüdudu olmayan perspektivlər açılır. Belə ki, Avropa və Asiyanın kəsişməsində yerləşən ölkə unikal geosiyasi potensiala malikdir. Azərbaycan beş ölkə ilə həmsərhəddir, Xəzər dənizinə və Qara dəniz regionuna çıxışı var, həmçinin transkontinental nəqliyyat dəhlizlərinin bir hissəsidir. Bu gün Azərbaycan öz nəqliyyat şəbəkəsinin,o cümlədən dəmir və avtomobil yolları, dəniz limanları və hava limanlarının modernləşdirilməsinə və genişləndirilməsinə fəal şəkildə sərmayə qoyur, tranzit marşrutlarının inkişafı və logistika mərkəzlərinin yaradılması üçün regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.

Bundan başqa, Azərbaycanın bir sıra ölkələrlə azad ticarətlə bağlı müqavilələri var və bu da yeni bazarlara çıxışı genişləndirir. Bu, həm də qeyri-neft tədarükünün artırılması yolu ilə ixrac səbətinin şaxələndirilməsi vasitəsilə həyata keçirilir. Bizim xarici investorların marağına səbəb olan qeyri-neft sektorunun inkişafı üçün böyük potensialımız var.

Regional layihələrdə fəal iştirak ticarəti inkişaf etdirməyə və investisiya axınını artırmağa imkan verir. Bu məqsədlə vergi və gömrük sahələrində lazımi şərait yaradılır.

Azərbaycan İpək Yolunun üzərində yerləşdiyinə görə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində də mühüm rol oynayır. Əslində, ölkəmiz bu irimiqyaslı layihə çərçivəsində əsas tranzit qovşaqlarından birinə çevrilmək üçün ilkin şərtlərə malikdir. Geosiyasi dəyişikliklər fonunda ölkə yeni dayaq nöqtələri axtarır.Artan iqtisadi gücü ilə Çin getdikcə cəlbedici tərəfdaşa çevrilir. Belə ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dolları ötüb və bununla həsəd aparılacaq ikirəqəmli artım qeydə alınıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Çinin CGTN telekanalına müsahibəsində dediyi kimi, Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır.

“Bizim Çində daimi ticarət nümayəndəliyimiz var. Artıq bir sıra Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji, sənaye istehsalı sahəsində layihələr həyata keçirir, sənaye parkları çərçivəsində də əməkdaşlıq qurulub”, - nazir qeyd edib.

Bu əməkdaşlıq siyasi münasibətlərin möhkəm təməlinə əsaslanır. “Azərbaycan vahid Çin siyasətini dəstəkləyir və bu, əlaqələrimiz üçün möhkəm əsasdır”, - M.Cabbarov vurğulayıb.

Bu məqamda qeyd edək ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan ticarət yollarını genişləndirmək istəyən Çin üçün ən perspektivli istiqamətlərdən biridir.

“Əslində biz Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Çini Avropa ilə birləşdirən ən qısa marşrutuq”, - M.Cabbarov deyib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Global Times” nəşrinə müsahibəsində Azərbaycan və Çin arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O, həmçinin qeyd edib ki, dövlətlər arasında biznes tərəfdaşlığı potensialı daha yüksəkdir.

“Azərbaycanda daha çox Çin şirkəti görmək istərdik”, - H.Hacıyev əlavə edib. “Onlar artıq iqtisadiyyatımızın şaxələndirilməsinə töhfə verir. Lakin biz xüsusən də Azərbaycanın “yaşıl inkişaf”a sadiqliyi kontekstində bundan da çoxunu gözləyirik”.

Əməkdaşlığın prioritetləri arasında Azərbaycanın davamlı inkişaf proqramının mühüm tərkib hissəsi olan rəqəmsal transformasiya da var.

H.Hacıyev qeyd edib ki, Azərbaycan “yaşıl keçid”in bir hissəsi kimi Çini əsas tərəfdaş kimi görür: “Onların elektrik avtomobil sənayesi dünyanın ən yaxşılarından biridir. Çindəki elektrikli avtomobil sənayesi dünyanın aparıcı sənayelərindən biridir. Hazırda Çindən elektriklə işləyən avtobuslar və digər avadanlıqlar alırıq. Biz Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda istehsalat bazası yaratmaq istərdik”.

Prezidentin köməkçisi hesab edir ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq da mühüm rol oynayır: “Bu təşəbbüsdə Orta Dəhliz Çin və Avropa arasında körpü ola bilər. Azərbaycan Xəzər və Qara dəniz sahillərində yerləşən Mərkəzi Asiya ölkələri ilə birlikdə əlaqələr sahəsində güclü tərəfdaş ola bilər. Bu, təkcə iqtisadi baxımdan faydalı deyil, həm də Çin və Azərbaycan arasında strateji tərəfdaşlığı önə çıxarır”.

Aydındır ki, hazırda İpək Yolu 2.0 formalaşır. Azərbaycan isə əlverişli coğrafi mövqeyi və iddialı planları ilə bu layihədə öz rolunu oynamağa hazırdır. Eyni zamanda bütün qeyd olunan məsələləri nəzərə alsaq, Bakının həm də Şərq və Qərb ölkələri arasında dialoq və əməkdaşlıq platformasına çevriləcəyini söyləyə bilərik.



MƏSLƏHƏT GÖR:

84