25 Dekabr 2024

Çərşənbə, 21:06

TƏCRİDDƏN ÇIXIŞ

Problemlər Əfqanıstanın iqtisadi və regional sabitliyə nail olmaq səylərini nə qədər ləngidə bilər?

Müəllif:

01.04.2024

Son zamanlar «Taliban» rəhbərliyinin təcrid vəziyyətindən çıxmaq, əfqan xalqının qanuni təmsilçisi kimi qəbul edilmək cəhdləri artıb. Onların Mərkəzi Asiya ilə münasibətlərində xüsusi «canlanma» müşahidə olunur.

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov martda ikitərəfli əməkdaşlığa dair bir çox məsələləri, həmçinin iqtisadi əməkdaşlıq məsələsini müzakirə etmək üçün Kabilə səfər edib. Daşkənd «Taliban»la məhsuldar əməkdaşlığa ciddi maraq göstərənlərin önündə gəlir, çünki Özbəkistanın ən böyük etnik icmalarından biri məhz Əfqanıstanda yaşayır.

Xatırladaq ki, taliblərin hakimiyyətə gəlişindən sonra Kabilə ilk səfər edənlərdən biri (7 oktyabr 2021-ci il) Özbəkistanın ozamankı xarici işlər naziri Abdulaziz Kamilov olmuşdu.

Əfqanıstan Daşkəndi Cənubi Asiya ölkələri ilə vacib kommunikasiya kanalı kimi də cəlb edir. Söhbət Pakistan və Hindistandan gedir. Əfqanıstan hökuməti isə «regional iqtisadi əməkdaşlığın prioritet olduğu xarici siyasət» yürütdüyünü bildirir. Başqa sözlə, Kabil regional təsərrüfat əlaqələrinə inteqrasiyada maraqlıdır.

 

«Taliban» təsərrüfatda

«Taliban»ın hakimiyyətdə olduğu 3 ildən artıq dövrdə Əfqanıstan dünyanın kəskin humanitar problemlər yaşayan ən yoxsul ölkələrindən biri olaraq qalır. Son 1-1,5 ildə ölkədə vəziyyət bir qədər sabitləşsə də, ailələrin əksəriyyəti ilkin tələbatın ödənilməsində çətinlik çəkir. Əhalinin artımı və qonşu Pakistandan minlərlə əfqanın geri qayıtması fonunda ciddi struktur və siyasi islahatların aparılmaması uzaq perspektivdə problemləri daha da dərinləşdirəcək.

«Taliban» korrupsiya ilə mübarizə və gəlirlərin artımı məsələsində uğurların olduğunu bildirsə də, Əfqanıstan hələ də dünyanın ən çox humanitar yardım alan ölkələrindəndir. Taliblərin vergi yığımını effektiv təşkil etmələri onların idarəçiliyinin ilk iki ilində ümumi gəlirin ciddi artımına şərait yaradım. Lakin iqtisadiyyatın durğunluq yaşadığını nəzərə alsaq, bu, getdikcə azalacaq. Bəli, ölkə iqtisadiyyatı zəifdir və iş yerləri yaratmaq, artmaqda olan əhalinin təminatını yaxşılaşdırmaq iqtidarında deyil. İşsizlik və natamam məşğulluq adi haldır və getdikcə artır. Müvafiq olaraq, yoxsulluq səviyyəsi də çox yüksəkdir. Belə bir vəziyyətdə əhalinin əksəriyyəti əsas ərzaq və qeyri-ərzaq tələbatını qarşılaya bilmir.

Maraqlıdır ki, taliblərin tiryək becərilməsini alternativ təklif olmadan qadağan etməsi bəzi hesablamalara görə, kənd təsərrüfatı gəlirlərinin ildə 1 milyard dollar azalmasına yol açıb ki, bu da yoxsulluğu daha da dərinləşdirib. Bununla əlaqədar olaraq, əhalinin böyük bir hissəsinin həyat şəraitinin yaxşılaşdırılmasının açarı məhz kənd təsərrüfatı məhsullarının istehsalından keçir. Bunun üçün isə irriqasiya layihələrinə (onlardan biri (Qoş Təpə) Əfqanıstanın şimalında reallaşdırılmaqdadır) və kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına ehtiyac var.

 

Yeni problemlər və çağırışlar

Pakistanın təxminən 400 min əfqanı (rəqəm artmaqdadır) deportasiya etməsi ölkənin maliyyə problemlərini daha da dərinləşdirir. Əvvəllər Pakistanda işləyən əfqanlar vətənə pul köçürmələri edir, bu isə minlərlə ailənin yaşamasına dəstək olurdu. İndi isə çətin iqtisadi şəraitdə bu insanlar da iş axtarışındadır.

Makroiqtisadi göstəricilərə Əfqanıstanın deflyasiya ilə üzləşməsi də öz təsirini göstərir. «Taliban» isə bunun ucuzlaşmaya səbəb olduğunu deyərək, baş verənləri müsbət qiymətləndirir. Halbuki bu mənfi tendensiya ümumilikdə iqtisadiyyatı zəiflədir, müvafiq olaraq, işsizliyin artmasına, dövlət gəlirlərinin azalmasına səbəb olur.

Nəhayət, Əfqanıstanın ixracı da azalır. Məsələn, Pakistanın kəskin kömür çatışmazlığı ilə üzləşdiyi, dünyada isə kömürün qiymətinin yüksək olduğu dövrdə əfqanlar üçün o, əsas ixrac məhsuluna çevrilmişdi. Bazarda sabitliyin yarandığı indiki şəraitdə kömür ixracından gələn gəlir xeyli azalıb.

Ölkənin bank sektoru da ciddi çətinliklər yaşayır, halbuki iqtisadi fəallığın dinamikasını məhz o təmin edir. BMT artıq Əfqanıstanın bank sisteminin iflasının «miqyaslı» iqtisadi və sosial fəsadlarının olacağına dair xəbərdarlıq edib. BMT-nin İnkişaf Proqramı ölkə banklarının dəstəklənməsi üçün təcili tədbirlərin vacibliyini bildirir. Bəyanatda deyilir ki, borcunu qaytarmaq gücündə olmayan vətəndaşların sayı, əmanətlərin və likvidliyin azlığı cəmi bir neçə aya ölkənin maliyyə sistemində kollaps yarada bilər.

Ölkənin bank sektorunu qısa müddətdə bərpa etmək mümkün deyil. Lakin ticarətin asanlaşdırılması üçün fasiləsiz ödəmələr həyata keçirmək, başqa ölkələrdə yaşayan əfqanların pul köçürmələrini təmin etmək olar.

Bu gün Əfqanıstan Mərkəzi Bankının fəaliyyətində prioritetlərdən biri çirkli pulların yuyulması və maliyyə terrorçuluğu ilə mübarizədir. Amma bunun öhdəsindən gəlmək mümkün olmur. Çünki həm institusional rıçaqlar yoxdur, həm də potensial maraqlar toqquşması yüksək səviyyədədir. Hazırda Mərkəzi Bankın özünə sanksiyalar altında olan şəxslər rəhbərlik edir.

 

Əfqanıstanın siyasi iqtisadiyyatı

Problemlərin digər potensial həll variantı Əfqanıstanın İsveçrə Fondunda «dondurulmuş» 3,5 milyard dollarlıq vəsaitin bir hissəsinin geri qaytarılması ola bilər. Amma burada da bir çox təşkilati problemlər var.

Orta perspektivdə Əfqanıstan iqtisadiyyatının inkişafına regiona ticarətin artması da təkan verə bilər. Lakin bunun üçün «Taliban» nəqliyyat infrastrukturunu yaxşılaşdırmalı, sərhədlərə effektiv nəzarəti təmin etməlidir. Qonşular əmin olmalıdırlar ki, qaçqınlar, terrorçular və ya insan alverçiləri mal ixracı adı altında dövlət sərhədini keçməyəcəklər.

Ekspertlərin ümumi rəyi bundan ibarətdir ki, Əfqanıstanın uzunmüddətli iqtisadi inkişafı üçün ölkə rəhbərliyi siyasi seçim etməlidir ki, «Taliban» bunu istəmir. Qərbdə əmindirlər ki, qadın və qızların ictimai həyatdan təcrid olunduqları heç bir ölkə inkişaf edə bilməz. Odur ki, Əfqanıstanda qadınlarla bağlı qanunvericiliyin liberallaşdırılması «Taliban» hökumətinin Qərb tərəfindən tanınması üçün şərtlərdən biri kimi irəli sürülür.

Əfqanlar isə qonşularla ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsi məsələsində Mərkəzi Asiya istiqamətini əsas istiqamət sayırlar. Taliblərin hakimiyyətə qayıdışından sonra Mərkəzi Asiya ölkələri onlara münasibətdə praqmatik yanaşma nümayiş etdirir, əsas əməkdaşlıq istiqaməti kimi diqqət isə iqtisadiyyat və terrorçuluqla mübarizəyə çəkilir. Amma bu yanaşma belə, problemlərdən xali deyil.

Ekspertlər hesab edirlər ki, son zamanlar əcnəbi terror təşkilatları Əfqanıstanda fəaliyyətlərini artırıblar. Üstəlik, bu, «Taliban»ın aşkar dəstəyi ilə baş verir – taliblər bu qruplaşmalara lazımi şəraiti yaradır, düşmənləri ilə mübarizədə onlardan istifadə edirlər. Faktiki olaraq, «Taliban» Tacikistan, Özbəkistan və Türkmənistanla sərhəd rayonlarda etnik mənsubiyyətindən çıxış etməklə, yaraqlı terrorçular yerləşdirir.

 

Əsas tərəfdaşlar: Çin və Mərkəzi Asiya

Mərkəzi Asiya ölkələri «Taliban» hökuməti ilə əməkdaşlığı potensial geoiqtisadi imkan kimi qəbul edir. Özbəkistan, Türkmənistan və Qazaxıstan kimi dövlətlər bu məsələdə öz iqtisadi maraqlarını güdür, o cümlədən buna Cənubi Asiya və Yaxın Şərqdə yeni bazarlara çıxmaq imkanı kimi baxır. Onların siyasəti həm də xüsusilə müxtəlif beynəlxalq terror təşkilatları tərəfindən gələn təhdidlərlə mübarizəyə yönəlib. Bu təşkilatların əksəriyyəti isə Əfqanıstandakı etnik qruplara arxalanır. Söhbət nümayəndələrinin Mərkəzi Asiya ölkələrində də yaşadığı etnik qruplardan gedir.

Bununla yanaşı, Qazaxıstan və Qırğızıstan «Taliban»a mülayim yanaşır. Çünki onların Əfqanıstanla birbaşa sərhədi və bu ölkə ərazisində etnik qrupları yoxdur. Tacikistan isə əksinə, talib rejiminə qarşı olan tacik müqavimətinə dəstək verir. Odur ki, Düşənbə ilə «Taliban» hökuməti arasında dialoq baş tutmur.

Bütün bunların fonunda Əfqanıstanın bütün qonşularını maraqlandıran bir məsələ var. Bu, Qoş Təpə kanalıdır. Onun suyu Amudərya çayından, Tacikistanla sərhəddə yerləşən Məzari-Şərif şəhərindən təxminən 90 kilometr şimal-qərbdən gəlir. Kanal mənbədən təxminən 10 kilometr cənub istiqamətində uzanır, daha sonra şimala – Məzari-Şərifin şimalına doğru gedir.

Bununla yanaşı, bu hövzənin axını üzrə aşağıda yerləşən ölkələr, konkret desək, Özbəkistanla Türkmənistan kanalın inşasının başa çatması ilə ciddi zərərlə üzləşə bilərlər. Çünki bu halda onların kənd təsərrüfatı torpaqlarının bir hissəsi sudan məhrum olaraq, quraqlıq zonaya çevrilə bilər. Belə bir vəziyyətdə onsuz da su qıtlığı yaşayan Mərkəzi Asiya ölkələrində su resurslarının idarə olunması böyük əhəmiyyətə malikdir.

Kabilin daha bir vacib tərəfdaşı Çindir. Onun Əfqanıstanda mövcudluğu strateji mövqeyi və sonuncunun zəngin təbii resursları ilə bağlıdır. Əfqanıstan iqtisadiyyatının inkişafında iştirak etmək istəyən Çin bu ölkədə təbii resursların emalı ilə məşğul olmağı düşünür və Kabildə siyasi nüfuz əldə etməyi hədəfləyir. «Taliban» isə güzəşt olaraq, Şərqi Türkmənistan İslam Hərəkatının fəaliyyətini məhdudlaşdıracağını bildirir. Söhbət Sintszyan-Uyğur muxtariyyətini Çindən ayırmaq və orada islam dövləti yaratmaq uğrunda mübarizə aparan ekstremist hərəkatdan gedir.

Lakin Əfqanıstanda terror təşkilatlarının getdikcə güclənməsi göstərir ki, «Taliban» nə ölkədə, nə də regionda sabitliyi təmin etmək gücündədir. Yaranmış vəziyyətdən belə məlum olur ki, ölkənin uzunmüddətli sabitliyə nail olunması yoluna hələ çox problem çıxacaq.



MƏSLƏHƏT GÖR:

89