Müəllif: Kənan RÖVŞƏNOĞLU
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İraqa səfər edəcək. Türkiyə dövlət başçısının sonuncu dəfə İraqa 12 il əvvəl səfər etdiyini nəzərə alsaq, bununla bağlı ciddi hazırlıq işləri aparıldığını söyləyə bilərik. Belə ki, səfərə hazırlıq məqsədilə martın ortalarında Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın Bağdada səfər ediblər. Burada İraq və Türkiyə yüksək dövlət rəsmilərinin iştirakı ilə İkinci Təhlükəsizlik Konfransı keçirilib.
Yeri gəlmişkən, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, iclasda terrorla mübarizə, ticarət, kənd təsərrüfatı, enerji, su, səhiyyə və nəqliyyat sahələrində daimi birgə komitələrin qurulması razılaşdırılıb. Bundan başqa, tərəflər İraqdakı PKK düşərgələri, iki ölkə sərhədlərinin təhlükəsizliyi kimi məsələləri müzakirə ediblər. Təbii ki, bütün bu səfər və toplantılar Ərdoğanın İraq səfərinə hazırlıq məqsədi daşıyır.
Y.Gülər iclasdan sonra qeyd edib ki, İraq hökuməti 40 ildən sonra ilk dəfə olaraq PKK-nı rəsmən terror təşkilatı elan edib. İki ölkə arasında birgə əməliyyat mərkəzinin yaradılması ilə bağlı da razılıq əldə olunub. Nazir həmçinin əlavə edib ki, bu tədbirlərdə Fars körfəzini Türkiyə ilə birləşdirəcək “İnkişaf yolu” layihəsi ilə bağlı məsələlər müzakirə olunub. Türkiyə tərəfi bu layihəyə böyük əhəmiyyət verir.
Küskünlükdən dostluğa
Türkiyə dövlət başçısının belə uzun fasilədən sonra İraqa gözlənilən səfərində, yəqin ki, əsas amil iki ölkə münasibətlərinin qənaətbəxş olmamasıdır. Məsələ ondadır ki, 2000-ci illərin əvvəllərində İraq-Türkiyə münasibətləri sürətlə inkişaf etsə də, “ərəb baharı” sonrası baş verən müharibələr zamanı Bağdad və Ankara münasibətlərində ciddi soyuqluq yaranıb. Türkiyə hərbi kontingentinin İŞİD-lə mübarizə üçün İraqa yerləşdirilməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Bundan başqa, Türkiyə son 5 ildə İraqdakı PKK-nın düşərgələrini davamlı olaraq bombalayıb və bu, Bağdad tərəfindən qəbul edilməyib.
Amma görünən odur ki, indi hər iki tərəf keçmiş inciklikləri bir kənara qoyub cari problemləri həll etmək üçün barışmağa çalışır. Tərəflərin sülhə və mehriban qonşuluq münasibətlərinin inkişafına verdiyi önəmin sübutu kimi İraq hökumətinin PKK-nı terror təşkilatı kimi tanıması, həmçinin Prezident Ərdoğanın səfəri ərəfəsində İraqdan verilən dostluq ismarışları hesab edilə bilər.
Ərdoğan mart ayında bildirmişdi ki, Türkiyə İraq ərazisində də “təhlükəsizlik zonası” yaratmağa hazırlaşır. Ən maraqlısı odur ki, hazırda İraq hakimiyyəti buna etiraz etmir. Ən azından onun son addımları göstərir ki, Türkiyə-İraq sərhədində təhlükəsizlik mövzusu Ankara qədər Bağdadı da maraqlandırır. Güman ki, bunun əsas səbəbi “İnkişaf yolu” layihəsidir.
Yeni alternativ dəhliz
“İnkişaf yolu” İraqın Fars körfəzi sahilində yerləşən Bəsrə şəhərini ümumi uzunluğu 1200 kilometr olacaq dəmir və avtomobil yolları şəbəkəsi vasitəsilə Türkiyə ilə birləşdirəcək yeni alternativ nəqliyyat dəhlizi layihəsidir. Marşrutun başlanğıc nöqtəsi Bəsrədə yerləşən və inşasının 2025-ci ildə başa çatdırılması planlaşdırılan Fao dəniz limanı olacaq. Bu nəqliyyat marşrutu İraqın Bəsrə, Bağdad, Kərbəla, Mosul kimi böyük şəhərlərindən keçməklə İraq-Suriya sərhədinə yaxın ərazidən Türkiyəyə daxil olacaq və buradan da Mersin limanı vasitəsilə Aralıq dənizi ilə Avropaya, eləcə də şimal istiqamətində Qara dənizə qədər uzanacaq. Ümumiyyətlə, təxminən 20 milyard dollar dəyərində olan layihənin 2029-cu ildə başa çatdırılması gözlənilir.
“İnkişaf yolu”nun üstünlüyü ondan ibarətdir ki, bu layihə Türkiyəni Fars körfəzi ölkələri ilə birləşdirəcək. İraq hökumətinin sözçüsü bildirib ki, Türkiyədən bu marşrut vasitəsilə nəql edilən məhsullar 10 saat ərzində Fars körfəzi ölkələrinə çatacaq. Eyni zamanda bu, həm də Fars körfəzi ölkələrindən neftin Avropa bazarına çıxarılması üçün ən qısa yoldur.
İraq limanlar şirkətinin direktoru Fərhan əl-Fatusi “Reuters”ə açıqlamasında deyib ki, “İnkişaf yolu” təkcə yük və sərnişin daşımalarına qapılar açmayacaq, həm də bütün regionun inkişafına təkan verəcək.
2010-cu ildə əsası qoyulan layihənin tərəfdaşları sırasında Türkiyə ilə yanaşı, Suriya da var idi. Suriya dəmir yolu sisteminin aktivləşdirilməsi nəticəsində “İnkişaf yolu” onu Fars körfəzi ölkələri ilə birləşdirəcək ən əlverişli və etibarlı marşruta çevrilməli idi. Lakin 2011-ci ildə Suriya və İraqda başlayan müharibələr nəticəsində bu planlar həyata keçməyib. Amma indi, onlar başa çatdıqdan sonra layihənin aktuallığı yenidən artıb. Maraqlıdır ki, Avropaya uzanan marşrutun uzunluğu qısa olduğuna görə Türkiyə ilə yanaşı, Fars körfəzi ölkələri də buna maraq göstərir.
“İnkişaf yolu” üçüncü alternativdir?
Layihənin bu aspektinə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu toxunub. O bildirib ki, 2023-cü il oktyabrın 7-də baş vermiş hadisələrdən və Qəzza müharibəsindən sonra Süveyş kanalında gəmi nəqliyyatının dayanması nəticəsində gəmi daşıyıcılığının Afrika üzərindən Ümid burnu vasitəsilə həyata keçirilməsi “İnkişaf yolu” layihəsinin əhəmiyyətini artırıb.
Onun sözlərinə görə, bu marşrutun işə salınması yüklərin Pekindən Londona cəmi 26 gün ərzində daşınmasına imkan verəcək.
Məlum olduğu kimi, Süveyş kanalından keçmək daxil olmaqla, gəmilərə belə böyük məsafəni qət etmək üçün düz 35 gün lazımdır. Ümid burnu ilə Afrika qitəsini dolanarkən bu müddət 45 günə qədər artır. Bəsrə-Mersin marşrutu isə Süveyş kanalına tamhüquqlu alternativ ola bilər. Hətta digər marşrutlara da.
2023-cü il sentyabrın 9-10-da Hindistanda keçirilən G-20 sammitində yeni nəqliyyat dəhlizi layihəsi irəli sürülüb. Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Avropa İttifaqı (Aİ), Fransa, İtaliya, Almaniya və ABŞ tərəfindən imzalanan birgə açıqlamada “Hindistan-Yaxın Şərqi-Avropa İqtisadi Dəhlizi” (IMEC) layihəsinin həyata keçirilməsinə dair razılıq əldə olunub. Bu layihəyə əsasən, Hindistandan çıxan yüklər gəmilər vasitəsilə Dubay dəniz limanına (BƏƏ), oradan isə qatarla Səudiyyə Ərəbistanı, İordaniya və nəhayət, İsrail üzərindən Aralıq dənizinə və Avropaya çıxacaq. Bu layihə ənənəvi dəniz nəqliyyatı yolu hesab olunan Süveyş xəttinə alternativ olmaqla yanaşı, siyasi əhəmiyyətə malik idi, çünki bununla İsrail və ərəb ölkələri arasında barışığın əldə edilməsinə çalışılırdı. Digər tərəfdən bu layihə faktiki olaraq Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi təklif olunurdu.
Lakin HƏMAS-ın İsrailə hücumundan və Qəzzada baş verən müharibədən sonra IMEC ən azı yaxın dövr üçün faktiki olaraq dondurulub. Buna müqabil “İnkişaf yolu” layihəsi təklif olunur. Belə ki, Bəsrə-Mersin marşrutu Çin mallarının Pakistan və Hind okeanı üzərindən Avropaya ixracı üçün ən sərfəli alternativ hesab olunur.
Ərdoğanın İraq səfərinin əsas məqsədi
“İnkişaf yolu” bütün parametrləri ilə region üçün, xüsusən Türkiyə, İraq və Fars körfəzi ölkələri üçün əlverişli nəqliyyat dəhlizinə çevriləcək. İraq bu layihə vasitəsilə şərqdən qərbə və əks istiqamətdə ən əlverişli nəqliyyat dəhlizini təmin edəcək. Bu da uzunmüddətli perspektivdə ölkə üçün yeni iqtisadi imkanlar yaradacaq.
Bu layihə Türkiyənin son illərdə inkişaf etdirdiyi nəqliyyat şəbəkəsini daha da genişləndirəcək. Beləliklə, ölkə həm şərqdən qərbə, həm də şimaldan cənuba ən mühüm, hətta ən vacib nəqliyyat qovşaqlarından birinə çevrilə bilər.
Bu mənada indi hər iki ölkənin “İnkişaf yolu” layihəsinə bu qədər diqqət yetirməsi başa düşüləndir. Lakin son ayların hadisələri göstərib ki, nəqliyyat yolları üzərində təhlükəsizlik baxımından çox ciddi təhdidlər var. IMEC layihəsinin icrasının HƏMAS-a görə dayandırılması, Yəmən husilərinin Qırmızı dəniz nəqliyyat yolunu – Süveyş kanalını – faktiki olaraq bağlaması onu göstərib ki, müharibə və silahlı qruplar nəqliyyat dəhlizləri üçün əsas təhdid mənbəyidir.
Buna görə də Türkiyə hakimiyyəti İraq-Türkiyə sərhədində təhlükəsizlik məsələsinə böyük diqqət yetirir. PKK qruplaşmaları xüsusilə bu sərhədin 30-40 kilometrlik zolağında İraq ərazisinin dərinliklərində fəaldırlar. Türkiyə və İraq rəsmiləri başa düşürlər ki, qarşıdakı illərdə işə salınacaq “İnkişaf Yolu” dəhlizinə əsas təhlükəni PKK kimi terror təşkilatları və qeyri-qanuni silahlı qruplaşmalar yarada bilər. Bu səbəbdən də indi həm Bağdad, həm də Ankara sərhəd təhlükəsizliyi mövzusunda ortaq mövqedən çıxış edir. Prezident Ərdoğanın Türkiyənin “təhlükəsizlik zonası” yaratmağa hazır olduğunu açıqlaması, Bağdadın “40 ildən sonra” PKK-nı terror təşkilatı kimi tanıması və PKK-ya qarşı mübarizə üçün Ankara ilə birgə əməliyyat mərkəzi yaratması İraq hakimiyyətinin şimal sərhədlərində təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verdiyini göstərir.
Bütün bunlardan belə nəticə çıxır ki, prezident Ərdoğanın İraqa səfəri zamanı əsas müzakirə mövzusu “İnkişaf yolu” və onun təhlükəsizliyinin təmin olunması olacaq. Deyə bilərik ki, növbəti illərdə regionun aparıcı layihələrindən biri öz inkişafında yeni həlledici mərhələyə qədəm qoyacaq.
MƏSLƏHƏT GÖR: