21 Noyabr 2024

Cümə axşamı, 21:37

RƏQƏMSAL SIĞORTA

“Insurtech”in Azərbaycanda sürətli inkişafı maliyyə bazarının ÜDM-də payının artmasına töhfə verəcək

Müəllif:

15.04.2024

Texnoloji innovasiyalar son onilliklərdə çox sürətlə inkişaf edir, qlobal iqtisadiyyat və onun müxtəlif istiqamətləri daxil olmaqla gündəlik həyatın hər sahəsinə daxil olur. Amma bəzən adi insanın onun faydalarını başa düşməsi çətin ola bilər. Məsələn, maliyyə bazarında “fintech” (maliyyə texnologiyaları) kimi yeni konsepsiyaya hələ öyrəşməmiş onların subanaloqları sığorta sektorunda artıq peyda olub. Bunlar nəinki meydana çıxıb, həm də artıq ciddi addımlarla bazarda öz yerlərini tutur. Bakıda Azərbaycan Mərkəzi Bankının (AMB) strateji dəstəyi, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi, “Türkiye InsurTech Hub” və “New Generation Management Company”nin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Insurtech” zirvə toplantısı keçirilib.

Onun əsas məqsədi bu sektorda lider olan Türkiyə sığorta şirkətlərinin təcrübəsindən istifadə etməklə Azərbaycanın sığorta bazarında rəqəmsallaşmanın inkişafına təkan vermək olub.

 

Onlayn rejimə keçid

“Insurtech” sığorta şirkətlərinin və bütövlükdə sığorta sahəsinin səmərəliliyini artırmaq məqsədilə hazırlanmış texnologiyalara istinad etmək üçün istifadə edilən termindir. Sığorta şirkətləri biznes aparılması üslubunu dəyişdirmək məqsədilə böyük məlumat bazası, süni intellekt, istehlakçılar üçün daşınan cihazlar və smartfon proqramlar kimi texnologiyalardan istifadə edirlər. Bunlar bir-biri ilə tez-tez kəsişir, özünəməxsus hibridlər əmələ gətirir. Bu isə mahiyyəti dəyişmir. Yəni “Insurtech” həm şirkətlər, həm də müştərilər üçün həyatı asanlaşdıran, vaxta və pula qənaət edən rəqəmsal texnologiyalardır. Artıq sığorta şirkətinin ofisini axtarmaq və meneceri gözləmək lazım deyil: sadəcə mobil proqramı yükləmək və onun vasitəsilə sığorta polisini almaq lazımdır. Mobil bank proqramları və ya “fintech” vasitəsilə ödənişləri onlayn həyata keçirməyə öyrəşmiş nəsil üçün sığortaçıların yeni rəqəmsal məhsulları adi bir şey kimi görünə bilər. Amma bütün hüquqi, maliyyə və digər nüansları nəzərə alsaq, konkret sahənin rəqəmsallaşdırılması istiqamətində atılan hər bir addım istifadə olunan strukturlar üçün böyük işdir.

“PricewaterhouseCoopers”in “2030-cu il üçün sığorta sənayesi” adlı araşdırmasına əsasən, növbəti beş ildə sığorta bazarında əsas tendensiyalardan biri müştəri mərkəzlilik və süni intellekt olacaq. Süni intellekt şirkət təkliflərinin formalaşmasında, müştəri ehtiyaclarının müəyyən edilməsində və oxşar xüsusiyyətlərə malik bir qrup müştərinin təhlili əsasında fərdiləşdirilmiş məhsulların təklifi məsələsində getdikcə daha mühüm rol oynayacaq.

Bir sözlə, rəqəmsallaşma sığorta sənayesində qaçılmaz bir prosesdir və bu halda bazar tənzimləyicisi bazarda belə sürətlə ortaya çıxan yenilikləri tez mənimsəməli və hüquqi baxımdan tənzimlənməlidir.

 

Bizə yeni standartlar lazımdır

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “İnsurtech” zirvə toplantısında bildirib ki, AMB xüsusi tənzimləmə rejimi vasitəsilə ölkədə “insurtech”lərin fəaliyyətinə təkan verəcək: “AMB sığorta sektorunun rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə yeni tənzimləmə çərçivəsi yaradıb, bu il yanvarın 31-də “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nı təsdiqləyərək “fintech”lərin fəaliyyətinin hüquqi bazasını formalaşdırıb. İnanıram ki, bu rejim vasitəsilə “fintech”lərin ayrılmaz tərkib hissəsi olan "insurtech"lərin fəaliyyətinə təkan verəcəyik”.

Onun sözlərinə görə, digər sahələrdə olduğu kimi, sığorta sektorunda da Türkiyə Azərbaycanın əsas tərəfdaşıdır: “AMB və sığorta bazarının iştirakçıları Sığorta və Özəl Pensiyalara Tənzimləmə və Nəzarət Qurumu, Sığorta Bilgi Mərkəzi, Fövqəladə Hallar Sığortası Qurumu, Türkiyə Sığorta Birliyi, Türkiyə Sığorta İnstitutu və qardaş Türkiyənin digər təşkilatları ilə fəal əməkdaşlıq edir”.

T.Kazımov xatırladıb ki, 2024-2026-cı illəri əhatə edən yeni Maliyyə Bazarının İnkişafı Strategiyası ilə ortamüddətli dövrdə sığorta bazarının 2 dəfə böyüməsi gözlənilir: “Yeni iqtisadi inkişaf mərhələsində əhalinin və biznesin maddi rifahının müdafiəsi sığorta bazarının inkişafını əsas prioritetlərdən birinə çevirir. Sığortanın inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsi AMB-nin diqqət mərkəzindədir. Ötən dövrdə sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsi üçün sektorun risklərinin tənzimlənməsi çərçivəsi inkişaf etdirilib. Həmçinin sığortalıların müdafiəsinin gücləndirilməsi və sığortaya ictimai inamın möhkəmləndirilməsi üçün mühüm institusional tədbirlər görülüb. Bu zaman sığorta xidmətlərinin infrastrukturunun yaxşılaşdırılmasına, peşəkar kadr hazırlığına ciddi diqqət yetirilib, cəmiyyətdə sığorta mədəniyyətini yüksəltmək üçün genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib”.

AMB-nin sədri deyib ki, Maliyyə Bazarının İnkişafı Strategiyası çərçivəsində Mərkəzi Bank maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də yeni innovativ məhsulların tətbiqi və bununla da Azərbaycanda maliyyə inklüzivliyinin artırılması üçün mümkün olan hər şeyi edəcək: “Azərbaycanda artıq “Açıq bankçılıq” sistemi tətbiq edilir. Bu da öz növbəsində “fintech” və sığorta texnologiyalarının inkişafına töhfə verəcək”.

 

Hər məsələdə kibertəhlükəsizlik

Bank sektorunda olduğu kimi sığortada da bütün bazar iştirakçıları texnoloji yeniliklərlə ayaqlaşa bilmir. AMB-nin baş direktoru Ziya Əliyev qeyd edib ki, Azərbaycanda 10 sığorta şirkətinin hətta mobil proqramı belə yoxdur: “AMB-nin sığorta şirkətləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, mobil proqram onlardan dördündə tam, ikisində isə qismən işləyir”.

AMB nümayəndəsinin sözlərinə görə, ölkədəki əksər sığorta şirkətlərinin rəqəmsal transformasiyaya dair “yol xəritəsi” yalnız qismən əlçatandır.

Bundan başqa, sığorta sənayesində də kibertəhlükəsizlik problemləri var. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili vurğulayıb ki, bu sahədə kibertəhlükəsizlik məsələsi ön planda olmalıdır: “Azərbaycanda kibertəhlükəsizliklə bağlı çox işlər görülüb. Amma bank sektoru ilə müqayisədə digər sahələrdə də daha çox işlər aparılmalıdır”.

Onun fikrincə, Azərbaycanda gözlənilməz hadisələrdən müdafiə mexanizmi kimi sığortanın potensialından istifadə aşağı səviyyədədir.

Deputat hesab edir ki, texnogen hadisələrdən doğan xərclərin əsas yükü dövlət büdcəsi hesabına qarşılanır: “Ölkədə dövlət əmlakı demək olar ki, sığortalanmır. Ümumiyyətlə dövlət büdcəsindən itkilərin ödənməsi arzuolunan deyil. Bu, büdcə planının pozulması deməkdir. Sığorta, həmçinin istehsalın davamlılığını təmin edən alətdir. Sığortanı makroiqtisadi proseslərə təsiri baxımından strateji sektor da adlandırırlar. İstehsalın davamlılığının pozulması təklifi pozur, inflyasiya yaranır”.

 

Ümumi artım üçün

Bu problemlərə baxmayaraq, sığorta sektoru hələ də ölkənin maliyyə bazarının yaxşı inkişaf edən seqmentlərindən biridir və bankçılıqdan sonra əhəmiyyətinə görə ikinci mövqedə möhkəm dayanır. T.Kazımov bildirib ki, Azərbaycanda son 3 ildə sığorta sektorunun aktivləri 34,2% artıb: “O cümlədən, sektorun balans kapitalı 7,7% artıb. Bundan başqa, son 3 ildə ölkədə sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26,3% artaraq 587 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 1% keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2%-ə çatdırmaq mümkündür”.

T.Mirkişilinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin ümumi daxili məhsulda payı 8-12% təşkil edir. O hesab edir ki, ÜDM-in artımı və ev təsərrüfatlarının gəlirlərinin yüksəlməsi sığorta məhsullarına tələbatda da özünü göstərir.

Xatırladaq ki, Maliyyə Sektorunun İnkişafı Strategiyasında 2027-ci ilədək həyat sığortasına aid olmayan könüllü sığorta növləri üzrə sığortaçıların sığorta haqlarının həcminin 630 milyon manata çatacağı, yəni 2023-cü ilin göstəricisindən (350 milyon manat) təxminən iki dəfə çox olacağı qeyd edilib. Tənzimləyicinin hesablamalarına görə, 2027-ci ilə qədər həyat sığortası üzrə sığorta haqları (həyatın yığım sığortası istisna olmaqla) 280 milyon manata (2023-cü il - 124 milyon manat) çata bilər. Yəni sığorta haqlarının artımı 2,3 dəfə ola bilər.

Mərkəzi Bank hesab edir ki, 2027-ci ilə qədər sığorta bazarının nüfuzu Azərbaycanın qeyri-neft ÜDM-in 2,15%-nə çatacaq (2023-cü ilin sonunda - 1,85%).

Bundan əlavə, Mərkəzi Bank 3 il ərzində sığorta sektorunun aktivlərinin iki dəfə artacağını proqnozlaşdırır. Belə ki, hazırda sığortaçıların aktivlərinin həcmi 1,9 milyard manatdır. 2027-ci ilə qədər bu rəqəm 3,7 milyard manatı keçə bilər.

Ən son məlumatlara əsaslanaraq söyləyə bilərik ki, bu hədəflərə çatmaq mümkündür. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 239,7 milyon manat təşkil edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur. Eyni zamanda, sığorta hadisələri ilə bağlı kompensasiyalara 97,4 milyon manat vəsait yönəldilib. Bu isə 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 38,2% çoxdur.

Beləliklə, yeni rəqəmsal məhsulların və texnoloji innovasiyaların tətbiqi, şübhəsiz ki, sığortanı maliyyə sektorunda daha əlçatan alətə çevirərək, şirkətlərin böyüməsi və onların ÜDM-dəki payının artması üçün yeni imkanlar açacaq.



MƏSLƏHƏT GÖR:

81