Müəllif: NURANİ
Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında aprelin 5-də Brüsseldə keçirilmiş görüş tamamilə haqlı olaraq, «qalmaqallı görüş» adlandırıla bilər. İstər «birləşmiş Avropa»nın paytaxtında, istər bu görüşün təşkilində izi aşkar görünən Parisdə, istərsə də İrəvanda bu sammitə böyük ümidlər bəslənirdi. Azərbaycan isə Aİ ilə ABŞ-nin birtərəfli yanaşmasına münasibətini, yumşaq desək, gizlətmirdi. Bəs əslində nə baş verir?
Azərbaycanın «qırmızı xətt»i
Bakı Brüssel görüşündən narazılığını lap əvvəldən ifadə edib. Onun bu mövqeyini isə nə Brüssel, nə də Vaşinqton cavabsız qoya bilərdi. Hər halda, Birləşmiş Ştatların dövlət katibi görüş ərəfəsində Prezident İlham Əliyevə zəng edərək, onu sammitin kiməsə qarşı yönəlmədiyinə inandırmağa çalışıb. Amma o, istəyinə nail ola bilməyib. Üstəlik, Blinken söhət zamanı «insan hüquqları» mövzusuna da toxunub. Cavabında İlham Əliyev ona Assancın məhkəmə prosesini xatırladıb və bildirib ki, insan hüquqları mövzusu dövlətlərin daxili işlərinə müdaxilə üçün əsas ola bilməz.
Daha sonra Azərbaycan Prezidenti ilə Ursula fon der Lyayen əlaqə saxlayıb. Bu dəfə də qarşı tərəf Brüssel görüşünün hər hansı dövlətə qarşı olmadığını bildirib. Azərbaycan Prezidenti isə ABŞ və Aİ ilə «telefon diplomatiyası»nın nəticələrini Türkiyənin sabiq xarici işlər naziri, hazırda bu ölkənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Cavuşoğlu ilə görüşündə açıqlayıb: «Son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik».
Qeyd olunmalıdır ki, Azərbaycan açıq birtərəfli, balanslaşdırılmamış xarakter daşıyan bu görüşün ləğvini tələb edirdi. Lakin Vaşinqtonla Brüssel bunu nəzərə almayıb. Bununla yanaşı, onlar müzakirələr zamanı Azərbaycanı incik salmamaq üçün maksimum ehtiyatlı davranıblar. Görüşdə «Təhlükəsizlik paktı»nın imzalanması haqda heç də danışılmayıb. Halbuki Azərbaycan mənbələrinin məlumatına görə, Brüsseldə belə bir sənədin imzalanmasına hazırlıq görülübmüş. Amma görüş iştirakçıları mətbuata açıqlamalarında da müdafiə və təhlükəsizlik mövzusuna toxunmamağa çalışıblar.
Bununla yanaşı, ABŞ Ermənistanın «inkişafı üçün» 65 milyon dollar, Aİ isə qarşıdakı 4 ildə 270 milyon avro vəd edib. Bəs onlar sammitin Azərbaycan istiqamətində mümkün mənfi fəsadlarını minimuma endirə biliblərmi? Bakıda hesab edirlər ki, Ermənistanla birtərəfli görüş təxribatçı fəallığın davam etdirilməsi üçün kart-blanş rolu oynaya bilər. Söhbət, ilk növbədə, şərti sərhəddən gedir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb? Bəs Ermənistandakı revanşist əhval?!
Aİ ilə ABŞ-nin Nikol Paşinyanın Rusiya trekində nümayiş etdirdiyi inciklikdən ilhamlandıqlarına şübhə yoxdur. Bir vaxtlar Kremlin forpostu olmuş ölkəni Rusiya düşərgəsindən çəkib çıxarmaq perspektivi Vaşinqtonla Brüsselə çox cəlbedici gəlir. Amma görünür onlar bir sadə həqiqəti unudurlar: bir yerdə qazanan digər yerdə itirər. Və ya özlərinin bütün dünyanın əvəzinə qərar vermək hüququnda olduqlarına əmindirlər.
Yeni reallıqlarda köhnə maraqlar
Hər halda, Brüssel görüşündən sonra Aİ ilə ABŞ Azərbaycan istiqamətində «vəziyyəti xilas etmək» məcburiyyətindədirlər. Azərbaycan «Avropanın qəbul otağı»nda mərhəmət gözləyən, daim «vəziyyəti gərginləşdirməmək» taktikası ilə hərəkət edən dövlətlərdən deyil. Bakının öz qanuni maraqları var və o, davamlı olaraq, məhz bu maraqlardan çıxış edir. Avropa strukturlarına yaxın mənbələr hələ Ukrayna müharibəsindən əvvəl etiraf edirdilər ki, Azərbaycan «Şərq Tərəfdaşlığı» proqramının iştirakçıları arasında xüsusi yerə malikdir. Bu proqramın əksər iştirakçılarına Avropa, yəni Avropanın ayıracağı kreditlər lazımdırsa, Bakının buna ehtiyacı yoxdur. «Krımnaş»dan («Krım bizimdir») Ukrayna müharibəsinin başlamasından sonra Avropa Azərbaycanın enerji daşıyıcılarına ciddi ehtiyac duyur.
Enerji dəhlizləri isə Azərbaycanın əhəmiyyətini daha da artırıb. Bu mənada, yalnız Avropaya «yaşıl hidrogen» ixracı planını xatırlamaq kifayətdir. Mərkəzi Asiyaya yol məhz Azərbaycandan keçir. Rusiyada hələ XX əsrin əvvəllərində «Zakaspiye» adlandırılan region üçün bazarlara çıxış üçün, kommersiya əlaqələrinin qurulması üçün yeganə yol məhz trans-Xəzər marşrutudur. ABŞ ilə Avropa Azərbaycanda layihələrin icrası, mövqe qazanılması üçün onilliklərlə çalışıb. Belə bir vəziyyətdə onlar çətin ki, bir anda hər şeyin üzərindən xətt çəkmək istəsinlər. Odur ki, yaxın zamanlarda, yəqin ki, Qərb diplomatları Azərbaycanla körpü qurmaq, ən azı Brüssel yanlışının fəsadlarının minimuma endirmək üçün yeni cəhdlərə başlayacaqlar. Avropa İttifaqı Şurasının Siyasət və təhlüksizlik komitəsinin sədri Delfin Pronkun və bir sıra üzv dövlətlərin qurumdakı daimi nümayəndələrinin Bakı səfəri, yəqin ki, bu qəbildən olan yalnız ilk cəhddir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev «X» sosial şəbəkəsindəki səhifəsində yazıb: «Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi direktorun müavini Delfin Pronka təşəkkür edirəm». Güman ki, Brüssel istiqamətində «daşları toplamaq» vaxtı çatır.
İrəvan üçün artıq bunun özü pis xəbərdir. Amma onun üçün yeganə pis xəbər bu deyil.
İrəvan-Brüssel: ümidlər və məyusluq
Ermənistanın ictimai rəyində də maraqlı dəyişikliklər müşahidə olunur. Brüssel görüşü ərəfəsində orada eyforiya hiss edilirdi. Hər halda, ABŞ və Aİ-nin belə yüksək rütbəli simaları Ermənistanın baş naziri ilə görüşəcəkdilər. Halbuki bir vaxtlar o, sammitlərdə hər hansı bəhanə ilə dünya gücləri təmsilçilərinin əlini sıxmağa, sonradan bunu görüş kimi təqdim etməyə çalışırdı. Bəs İrəvan Brüssel danışıqlarından istəyini ala bildimi?
Vəd olunan yardımların məbləği Ermənistanın proqnozlaşdırdığından az olub. Yazılı təhlükəsizlik zəmanətindən isə söhbət belə, getməyib. İndi Paşinyanın rəqibləri, ilk növbədə, rusiyapərəst düşərgədən olanlar Brüssel sammitinin nəticələrini açıq-aşkar tənqid edir. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan isə çox maraqlı rəqəmlərdən danışır: «…Eşitdim ki, Paşinyan guya Brüsseldə uğun qazanıb. 2024-cü ildə biz Avropa İttifaqından 67,5 milyon avro (270/4), ABŞ-dən isə 65 milyon və «Artsax» erməniləri üçün 7 milyon dollar alacağıq. 2024-cü ildə Rusiyadan gələcək məbləğ 14 milyard dollar (5 milyard dollar köçürmə, 8 milyard dollar ixracdan, 1 milyard dollar isə yanacaq subsidiyalarından) gələcək. Yəni Qərbin verəcəyi Rusiyadan gələcək məbləğin 1%-dir».
Rusiya isə baş verənlərdən narazılığını gizlətmir. Brüssel görüşünə mənfi münasibət həm Rusiya Xarici İşlər Nazirliyi, həm də ölkə başçısının mətbuat katibi Dmitri Peskovun dilindən Kremldən gəlib. İrəvanın istər iqtisadi, istərsə də hərbi cəhətdən Rusiyadan asılılığını nəzərə alsaq, o, Moskvanın bu narazılığını qulaqardına vurmamalıdır.
Həqiqət anı yaxınlaşır?
Hələlik Rusiya Ermənistanın ünvanına şifahi xəbərdarlıqlar səsləndirməklə kifayətlənir. Yəni Moskva əsl təzyiq mərhələsinə keçməyib. Doğrudur, Ermənistan da hələ geri dönüşü olmayan addımlar atmamağa çalışır. Hər halda, o, Moskva ilə heç bir razılaşmanı ləğv etmir, etibarsız adlandırmır. Onun Rusiya və İranla sərhədlərini hələ də rusiyalı sərhədçilər qoruyur. Bircə Quru Qoşunları və Hərbi Hava Qüvvələri qrupları da ləğv edilməyib. Nikol Paşinyan Rusiyanın Ermənistan iqtisadiyyatı və infrastrukturundakı mövqeyini laxlatmaq üçün də heç bir addım atmır. Məlum olduğu kimi, Ermənistanın dəmir yolları, qaz kəmərləri, mobil rabitə şəbəkələri və s. Rusiyanın mülkiyyətindədir…
Bəli, Fransa Ermənistana 30-dək iş adamının səfərini vəd edir. Lakin belə görüşlər indiyədək dəfələrlə keçirilsə də, bu kiçik, yoxsul, sıxışdırılmış ölkəyə investisiya yatırmaq istəyində olanlar tapılmır və çətin ki, tapılsın. Paşinyan nə qədər zəif və təcrübəsiz siyasətçi olsa da, onun komandasında nə qədər «sorosçu» kadr yer alsa da, bir məqamı anlamamaq mümkün deyil: Ermənistan üçün «rus ayısı» ilə kəllələşməmək daha yaxşı olar. Qərb pafoslu vədlərinə rəğmən, Ermənistana həqiqi yardım göstərməyə, onu dolandırmağa hazır deyil.
ABŞ ilə Aİ müttəfiqlərini istənilən an tərəddüd etmədən atırlar. Bunun ən bariz nümunəsi Gürcüstanla Ukraynadır. Gürcüstanlı ekspertlər Ermənistanın baş nazirinə öz ölkələrinin təcrübəsini xatırladır və onu Qərbin zəmanətlərinə inanmamağa çağırırlar.
Görünən odur ki, Ermənistan isteblişmentinin erməni əsilli rusiyalı politoloq Gevorq Mirzayanın hələ 44 günlük müharibədən əvvəl səsləndirdiyi xəbərdarlığı xatırlamasının vaxtıdır. O zaman politoloq demişdi ki, «Ermənistan Rusiyadan uzaqlaşarsa, bu, Moskva üçün kritik problem yox, xoşagəlməzlik, İrəvan üçün isə son olacaq».
Bu vəziyyətdə son rəsmi xəbərlər tam fərqli çalar alır. Ermənistan baş nazirinin komandası onun Aİİ-nin sammitinə qatılacağını istisna etmir. Moskvada isə Paşinyanın tezliklə Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyinə dair xəbərlər dolaşır.
Həmin görüşdə Brüssel razılaşmasının üzərindən xətt çəkilməsi mümkündür…
MƏSLƏHƏT GÖR: