Müəllif: Leyla ZEYNAL
Dənizdəki neft platformaları mükəmməl mühəndis həlləridir. Milyardlarla dollar sərmayə ilə bu nəhəng strukturlar bir neçə il ərzində inşa edilir və tamamlandıqdan sonra onlar əlçatan olmayan yerlərdə neft və təbii qazın çıxarılmasına imkan verir.
Aprel ayında Azərbaycanın neft-qaz sektorunda məhz belə əlamətdar hadisə baş verib: BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda quraşdırılmış yeni platformadan neft hasilatına başlayıb.
Böyük Britaniya neft nəhənginin qeyd etdiyi kimi, yeni platforma həm şirkət, həm də onun hüdudlarından kənarda mühüm əhəmiyyət kəsb edir, çünki o, regiona və Avropaya həyati əhəmiyyətli enerji resurslarının tədarükünü təmin etmək, həmçinin BP-nin dəyərini artırmaq səylərinin bir hissəsidir.
İlk neft
Ümumiyyətlə, dənizdə karbohidrogen hasilatı hər zaman çox bahalı, vaxt aparan və riskli proses olub. Belə fəaliyyətlər həm əhəmiyyətli maliyyə resurslarına sahib olan, həm də bu cür layihələrin həyata keçirilməsində müvafiq təcrübəyə malik olan, həqiqətən, böyük şirkətlər tərəfindən həyata keçirilə bilər. Dəniz platformaları olmasaydı, neftin orta qiyməti güman ki, əhəmiyyətli dərəcədə yüksək olardı. Qlobal neft hasilatının təxminən üçdə biri və təbii qazın dörddə biri məhz bu platformaların payına düşür.
Aprelin 16-da BP AÇG yataqlar blokunda quraşdırılmış yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlandığını elan edib. “ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır və dünyanın enerji ehtiyaclarını ödəmək səylərimizin bir hissəsidir”, - BP-nin açıqlamasında bildirilib.
2019-cu il aprelin 19-da AÇG yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları ACE üzrə 6 milyard dollar dəyərində yekun investisiya qərarı imzalayıblar. Bunun təqribən 3,2 milyard dolları tikinti, qalanı isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləridir.
ACE-dən ilk neft 2023-cü ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. BP 2024-cü ildə bu platformadan daha iki hasilat quyusunu qazaraq istismara verməyi planlaşdırır. Nəticədə, platformadan çıxarılan gündəlik neft miqdarının artacağı və 2024-cü ilin sonuna kimi 24 min barelə çatacağı gözlənilir.
ACE layihəsi AÇG blokunun işlənib hazırlanmasında xüsusi ümidlərin bağlandığı növbəti mərhələdir. Son illər təbii səbəblərdən hasilatda nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. AÇG yataqlarında ehtiyatların tükənməsi ona gətirib çıxarıb ki, 2023-cü ildə burada illik müqayisədə 2 milyon ton az neft hasil edilib. Hazırda genişlənmə perspektivləri yoxdur və buna görə də BP və SOCAR-ın bütün səyləri hazırkı həcmin saxlanmasına yönəlib.
“ACE Azərbaycanda neft hasilatını artıracaq və köhnə yataqdan maksimum istifadə etməyə kömək edəcək. Bu, həm BP-yə, həm də Azərbaycana mövcud yataqlardan və aktivlərdən daha çox gəlir əldə etmək imkanı verəcək”, - layihənin britaniyalı operatorunun məlumatında qeyd edilib.
Buna görə də yeni platformanın istifadəyə verilməsinə həm Britaniya şirkəti, həm də Azərbaycan hökuməti belə diqqət yetirir.
ACE layihəsi ilə 48 quyunun qazılması nəzərdə tutulur. Bu işləri “Turan Drilling Company” həyata keçirəcək. Bu platformadan gündəlik maksimum 100 min barel neft və 350 min kubfut səmt qazının hasil ediləcəyi gözlənilir. Platformanın bütün istismar müddəti ərzində təxminən 300 milyon barel neft hasil ediləcək.
Bu arada, aprel ayında BP fəaliyyətdə olan “Dərinsulu Günəşli” platformasının istismara verilməsinin 16-cı ildönümünü qeyd edib. Bu platformadan 2008-ci il aprelin 22-dən bu günə qədər təxminən 638 milyon barel neft və 18,2 milyard kubmetr səmt qazı hasil edilib. 2023-cü ilin sonuna bu platformadan çıxarılan neftin orta gündəlik miqdarı 67,3 min barel olub.
Ümumilikdə, 2023-cü ildə AÇG-dən təxminən 133 milyon barel və ya orta hesabla 363 min barel hasil edilib.
Qalıq yanacaqlardan imtina etmədən
Azərbaycan üçün bütün bu işlər böyük əhəmiyyət kəsb edir, çünki bu, daha bir neçə il AÇG-də və bütövlükdə ölkədə hasilatı sabit səviyyədə saxlamağa imkan verəcək (əlbəttə ki, azalma olacaq, lakin o qədər də ağrılı hiss olunmayacaq). Azərbaycan paralel olaraq “yaşıl enerji” layihələrini inkişaf etdirəcək. Üstəlik, dünyanın aparıcı şirkətləri və ölkələri qalıq yanacaqlardan imtinaya diqqət yetirməsinə baxmayaraq, neftə tələbat uzun müddət ərzində qalacaq. Bununla bağlı gözləntilər həddən artıq yüksəkdir və buna nail olmaq üçün onilliklər lazım olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda çıxışında qeyd edib.
Dövlət başçısı əmindir ki, dünyanın uzun müddət qalıq yanacaqlara ehtiyacı olacaq və buna görə də “təmiz enerji”nin xeyrinə neft-qaz layihələrindən tamamilə imtina etməyə heç bir əsas yoxdur. Onların paralel inkişafına səyləri yönəltmək daha düzgün olardı.
“Yaşıl enerji və qazıntı yanacağının birləşməsi ilə bağlı hesab edirəm ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq”, -Azərbaycan dövlət başçısı qeyd edib.
Prezident xatırladıb ki, beynəlxalq şirkətlərlə neft əməkdaşlığı 30 il əvvəl, Azərbaycanın xarici neft şirkətlərini Xəzər dənizinə (AÇG blokunun birgə işlənməsi üçün) dəvət edən ilk ölkə olması ilə başlayıb.
“Biz qazıntı yanacağından istifadəni dayandırmayacağıq, biz bunu etməyəcəyik. Lakin, eyni zamanda diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik”, - İlham Əliyev vurğulayıb.
O, bununla neft və qaz layihələrinin həyata keçirilməsinin heç bir şəkildə “yaşıl təşəbbüslər”in reallaşdırılmasına və bərpa olunan enerji mənbələrinin inkişafına mane olmadığını göstərib.
Fırtınadan sonrakı sakitlik
Cari əlverişli neft qiymətləri ACE platformasının işə düşməsi ilə bağlı xərclərin daha tez qaytarılmasına kömək edən amildir. Azərbaycan hökuməti üçün bu, həm də ölkəyə valyuta axını və tədiyyə balansının yüksək profisiti ilə əlaqədar valyuta bazarında sabitliyin qorunması üçün vacibdir. Bundan başqa, AÇG-dən sabit ixrac layihənin səhmdarlarına dövlət büdcəsinə vergi ödənişlərini bir qədər artırmağa kömək edəcək. Bu da öz növbəsində fiskal profisitin saxlanılmasına yardım göstərəcək.
Neftin qiymətinin yüksək olmasına baxmayaraq, karbohidrogen bazarında vəziyyətin sabit olduğunu söyləyə bilmərik. Bu ilin aprel ayı Yaxın Şərqdə münaqişənin genişlənməsi təhlükəsinin qiymət artımına necə təsir edə biləcəyinin bariz nümunəsi olub. İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan və Tehranın cavabından sonra neft qiymətləri 2023-cü ilin oktyabrından bəri ilk dəfə 1 barel üçün 92 dollara qədər artıb. Bunun səbəbi Yaxın Şərq münaqişəsinin genişlənməsi risklərinin, yeni silahlı toqquşmalarla bağlı narahatlıqların artmasıdır. Üstəlik, dünyada neftə olan tələbatın üçdə birini ödəyən Yaxın Şərq regionundan tədarüklə bağlı fasilələr də bu enerji resursunun qiymətlərinin artmasına səbəb olub.
Bundan başqa, “OPEC+” da bu məsələdə rol oynayıb. Belə ki, aprelin 2-də gözlənilmədəm alyansın 8 ölkəsi may ayından ilin sonuna kimi neft hasilatının azaldılacağını elan edib. Bu istiqamətdə liderlər Səudiyyə Ərəbistanı (gündəlik 500 min barel), İraq (gündəlik 211 min barel) və BƏƏ (gündəlik 144 min barel) olacaq. Güdəlik 500 min barel həcmində ixtisar qərarını ilin sonuna qədər Rusiyanı nəzərə alsaq, “OPEC+” ölkələrində ümumi azalma sutkada 1,65 milyon barel təşkil edəcək. Bu, qlobal neft istehlakının təxminən 1,7%-ni təşkil edir. Kotirovkaların artması tədarükün azalması ilə bağlı narahatlıqlara və dünyada yanacağa tələbatın artması ilə bağlı gözləntilərə səbəb olub. Bununla yanaşı, aprelin əvvəlində “OPEC+” üzvləri əvvəllər təsdiq edilmiş kvotaları dəyişməyib və bəzi ölkələrdən qəbul edilmiş standartlara daha ciddi riayət etməyi tələb ediblər. Hazırda “Brent” markalı neftin 1 bareli 89,5 dollara, “WTI” markalı neftin 1 bareli isə 83,85 dollara düşüb.
Analitiklər qiymətlərin aşağı düşməsinin İran və İsrail arasında birbaşa münaqişə risklərinin azalması ilə bağlı olduğu qənaətindədirlər.
Lakin bununla bağlı risklər hələ də yüksək səviyyədədir və güman ki, bir müddət neftin qiymətləri 1 barel üçün 85-95 dollar diapazonunda qalacaq.
“Təbii ki, neft bazarlarında hələ də geosiyasi narahatlıqlar var, çünki “WTI” markalı neftin qiyməti 80 dolları ötüb”, - “Sevens Report Research”in həmredaktoru Tayler Riçi bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdəki gərgin vəziyyət olmasaydı, neft qiymətləri ən yaxşı halda 1 barel üçün 70-75 dollar aralığında olardı, çünki son vaxtlar benzinə tələbat azalır və “OPEC+” bir müddətdir ki, istehsal siyasətində dəyişiklik etmir.
Digər tərəfdən bəzi analitiklər yanacağa tələbatın pik həddə çatdığı yay mövsümü yaxınlaşdıqca qiymətlərin tezliklə artacağını gözləyirlər. “Neft qiymətlərinin 1 barel üçün 100 dolları keçməsi ehtimalı olduqca yüksəkdir”, - “Carlyle Group”un enerji bazarları strategiyasının rəhbəri Ceff Karri vurğulayıb.
“Fitch” reytinq agentliyi 2024-cü ildə neftin orta qiymətini 75 dollar səviyyəsində proqnozlaşdırır. Analitiklərin fikrincə, bazarda təklif məhdud olarsa, onun orta qiyməti 120 dollara qədər arta bilər.
“Treyderlər, nəhayət, bazar əsaslarına diqqət yetirə bilirlər, geosiyasi risk mükafatı bir qədər azalıb. Ehtiyatların azalması neftə tələbatın hələ də olduğuna işarədir”, - Sinqapurda fəaliyyət göstərən “Saxo Capital Markets”in analitiki Çaru Çanana qeyd edib.
Bu arada, ABŞ Senatı İranın karbohidrogen sektoruna qarşı yeni sanksiyaları təsdiqləyib. Sanksiyalar paketi, xüsusilə ABŞ məhdudiyyətlərini pozaraq İran neftinin nəqli və ya emalı ilə məşğul olan dəniz limanlarına, gəmilərə və neft emalı zavodlarına qarşı tədbirləri əhatə edir. Bundan başqa, bununla ikinci dərəcəli sanksiyaları da genişləndirib.
Üstəlik, bu sanksiyalar Çin maliyyə institutları ilə İran bankları arasında neft və neft məhsullarının alınması üçün istifadə edilən bütün əməliyyatları əhatə edir. Bu, müstəqil Çin neft emalı zavodlarının İran məhsullarını almasını çətinləşdirəcək.
Bundan əlavə, ABŞ hakimiyyəti Venesuelaya qarşı sanksiyaları, o cümlədən karbohidrogenlərin ixracı ilə bağlı sanksiyaları genişləndirmək qərarına gəlib. Əslində, Ağ Ev, sadəcə olaraq, prezident seçkiləri üçün kompromis kimi təqdim edilən ötən ilin oktyabr ayındakı sanksiyaların yüngülləşdirilməsini özündə ehtiva edən razılaşmanı uzatmayıb. Sanksiyaların yumşaldılması fonunda Venesuela ilə işləməyə başlayan ölkə və şirkətlərə fəaliyyətlərini məhdudlaşdırmaq üçün 45 gün vaxt verilir.
İran və Venesuelanın müəyyən dərəcədə sanksiyalar altında həyata uyğunlaşdığını nəzərə alsaq, belə məhdudiyyətlərin onlara ciddi təsir göstərməsi ehtimalının az olduğunu söyləyə bilərik. Amma bunu neft bazarı haqqında demək olmaz. Yəni onun üçün bu məhdudiyyətlər nəticəsiz ötüşməyəcək. Bu, tələbatın və müvafiq olaraq qiymətlərin artmasına təsir göstərə bilər. Yaxın Şərqdə gərginliyin davam etdiyi bir şəraitdə qiymətlərin ciddi şəkildə aşağı düşəcəyini, hətta onların yaxın gələcəkdə 1 barel üçün 60-65 dollar diapazonunda olacağını, yəni istehsalçılar və istehlakçılar üçün rahat səviyyəyə qayıdacağını gözləməyə dəyməz. İndi əsas sual “OPEC+”un bundan sonrakı fəaliyyətinə dair iyun ayında hansı qərarı verəcəyi ilə bağlıdır...
MƏSLƏHƏT GÖR: