Müəllif: Samir VƏLİYEV
Yaxın Şərqdə sülh perspektivlərindən istər regionda, istərsə də onda kənarda çox danışılır. Lakin bu danışıqlar gedikcə daha çox səhrada ilğımı xatırladır. Ona yaxınlaşdıqca, əslində mövcud olmadığını görürsən. İranın İsrailə bu yaxınlardakı hücumunun vəziyyəti dəyişdiyini istər iki ölkənin özlərində, istərsə də onlardan kənarda hər kəs etiraf edir. Məsələn, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Bageri deyib: «İranın İsrailə məxsus həyati əhəmiyyətli bazalara qarşı atdığı cəza addımından sonra regionda vəziyyət dəyişib». Bununla yanaşı, o, bu hücumun «regional və beynəlxalq arenada strateji nəticələr verdiyini» də söyləyib. Müşahidəçilər haqlı olaraq bildirirlər ki, İran tərəfinin sözügedən addımının piar tərəfi real nəticələrdən daha güclüdür. Hər halda, İsrail, həqiqətən, ciddi zərbə alsaydı, onun cavabı özünü bu qədər gözlətməzdi.
«Hizbullah» ön cinahda
Eyni zamanda son zamanlar iranpərəst «Hizbullah» təşkilatı İsrailin dərinliklərinə – 10-30 kilometr – hücumlarını artırıb. Aprelin 22-də o, Sfat şəhəri yaxınlığındakı hərbi bazaya hücum edib. İsrail mənbələri hesab edirlər ki, şəhər və qəsəbələrdə həm hərbi, həm də mülki hədəflərə hücumlar təşkil edən «Hizbullah»ın məqsədi hava həyəcanını aktivləşdirmək, Təl-Əvivi miqyaslı hücuma cavab addımlarına təhrik etməkdir. Hərbi obyektləri hədəf seçən qruplaşma bununla qarşısına qoyduğu məqsədlərə çatmaq gücündə olduğunu nümayiş etdirməyə çalışır, eyni zamanda, İsrail ordusunun resurslarını azaltmaq məqsədi güdür.
Qeyd olunmalıdır ki, İsrailin «Hizbullah»ın Livan və Suriyadakı obyektlərini fəal şəkildə vurmasına baxmayaraq, qruplaşma yəhudi dövləti üçün əvvəlkitək, ciddi təhlükə olaraq qalır. Yaxın Şərq İnstitutu mütəxəssislərinin məlumatına görə, «Hibullah»ın arsenalının əsas hissəsi siyasi və hərbi rəhbərliyin əyləşdiyi əsas qərargahın yerləşdiyi Livanda yox, Suriyadadır. Məlumata görə, təşkilatın zirehli texnikası əsasə «T-54/T-55» və «T-72» kimi köhnə Sovet İttifaqı tanklarından ibarətdir. Bununla yanaşı, «Hizbullah» 13-dən artıq HHM sisteminə də malikdir. Onun balansında müxtəlif mənzilli 150 minədək raketin olduğu deyilir. Onlardan 65 mininin 200 kilometr, 5 mininin isə 200 kilometrdən uzaq məsafəni vura bildiyi bildirilir. Bu, təbii ki, İsrailin təhlükəsizliyi üçün ciddi problemdir.
İsrail ordusunun bu yaxınlarda ölkənin şimalında keçirdiyi hərbi təlimdə məqsəd bəlkə də ölkənin Livan və Suriyadan gələn istənilən təhdidin qarşısını almaq gücündə olduğunun nümayişi idi. Təlimdə ölkənin ən iri ehtiyat diviziyası, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, hətta polis və xilasetmə xidməti iştirak edib.
Təxirə salınmış müharibə
Güc nümayişi təbii ki, onun mütləq tətbiq olunacağı anlamına gəlmir. Hər halda, Amerika tərəfi İsraili hələ də Rəfahda hərbi əməliyyata başlamağa tələsməməyə çağırır. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib ki, «Vaşinqton Rifahda miqyaslı hərbi əməliyyatın mülki əhali üçün təhlükə olacağına əmindir».
Mətbuata hələ əməliyyat planının anonsu verilməmiş çıxmış bir xəbərdə deyilirdi ki, İsrail İrana miqyaslı cavab zərbəsi endirmək fikrindən ABŞ və digər müttəfiqlərinin təzyiqi ilə əl çəkib. Bildirilir ki, İsrail liderləri əvvəlcə İran ərazisində bir neçə hərbi oybekti bombardman etməyi planlaşdırıblarmış. Lakin bu, daha ciddi cavab addımlarına yol aça, nəticədə, bütünlükdə Yaxın Şərq miqyaslı regional münaqişə ocağına çevrilə bilərdi. Bu ssenari nəinki yerli, hətta kənar oyunçular üçün də arzuolunmazdır. Çünki bu vəziyyətdə dünyanın qlobal müharibəyə doğru gedəcəyi riskini hər kəs anlayır.
Bununla yanaşı, Tehran dilemma qarşısındadır. Bir tərəfdən İsrailə ciddi zərbələr endirmək qərarından imtina çətindir. Çünki bu, radikal qruplaşmaların gözündə Tehranın nüfuzunu aşağı salır və onun regionda hökmranlıq etməklə bağlı uzunmüddətli planlarının əleyhinə işləyir. Son 30 ildə İran bütün Yaxın Şərq boyu marionet silahlı qruplaşmalar yaradıb. Söhbət Livanda «Hizbullah»dan tutmuş, Yəməndəki husilərədək, HƏMAS-dan tutmuş, Fələstindəki «İslam cihadı» qruplaşmasınadək bir çoxlarından gedir. Bu qüvvələr uzun illər ərzində Tehranın regiona təsirində əsas alətlər olublar. İndi İranın qəti addımlardan çəkinməsi bu qruplaşmalar tərəfindən zəiflik kimi qiymətləndirilə bilər.
Dijər yandan, ciddi dəstəyə malik İsraillə müharibə İranın özü üçün ağır hərbi-siyasi fəsadlar verə bilər. Xüsusilə hazırkı sosial-iqtisadi problemlər fonunda İran ictimaiyyəti bu planı çətin dəstəkləsin. Bu gün iranlıların bir çoxu ölkənin Yaxın Şərqdə nüfuzunu artırmaq üçün regional proksi-qruplara vəsait xərcləməsini tənqid edir. Onlar ABŞ-ın ciddi sanksiyaları qarşısında zorla duruş gətirən ölkənin hazırkı iqtisadi problemlərinin əsas səbəblərindən biri kimi, məhz bunu və pis idarəçiliyi görürlər.
Bununla yanaşı, İran İsrail-HƏMAS müharibəsinə cəlb olunacağından ehtiyatlansa da, yəhudi dövlətinə təzyiqi artırmaq üçün proksi qruplarına maksimum dəstək göstərməyə məcburdur.
Blef və şantaj yolu
İranın bir neçə qüdrətli düşməni var. Belə bir vəziyyətdə o, Qərbin sanksiyaları səbəbi ilə ağır vəziyyətdə olan iqtisadiyyatına rəğmən, nüvə proqramını davam etdirir ki, ondan düşmənləri çəkindirmək amili kimi istifadə etsin. Tehran nüvə proqramından ABŞ ilə sövdələşmə predmeti kimi də istifadə edir. Vaşinqton isə xüsusi səbəb olmadan Tehranı qızışdırmamağa çalışır, birbaşa qarşıdurmadan qaçmaq üçün onunla təmaslara belə, gedir.
İran özü də ABŞ ilə münasibətlərdə gərginliyin azaldılmasında maraqlıdır. O, məhz bu məqsədlə nüvə silahı hazırlanmasına imkan verəcək həddə yaxın səviyyədə zənginləşdirilmiş uran ehtiyatını azaltmağa razılaşıb. BMT-nin hesabatında bildirilir ki, İran 60 faizədək zənginləşdirilmiş uranın istehsal tempini azaldıb.
Məlum olduğu kimi, 20 faizdən çox zənginləşdirilmiş uran yüksək dərəcədə zənginləşdirilmiş sayılır və silah kimi istifadəyə yarayır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun nüvə müdafiəsi və təhlükəsizliyi bölüyünün komandanı general Əhməd Haktalab aprelin 18-də verdiyi açıqlamada bildirib ki, İsrailin İranın nüvə obyektlərinə təhdidləri davam etdirəcəyi təqdirdə Tehran öz doktrinasına yenidən baxa bilər. Aydındır ki, İran üçün «nüvə şantajı» düşmənlərini çəkindirmək üçün əsas siyasi vasitələrdən biri olaraq qalır.
Lakin görünən odur ki, İran yalnız şantajla kifayətlənmək fikrində deyil. «Hədəflərə nail olmaq üçün bütün vasitələr yaxşıdır» formulundan istifadə edən Tehran Suriyanın cənubundakı mənzil-qərargahlarından hərbçilərini təxliyə etməyə başlayıb. Bu haqda ərəb mətbuatı məlumat yayıb. Güman olunur ki, onlar «Hizbullah» yaraqlıları və İraqdakı iranpərəst qruplaşmalarla əvəzlənəcək.
Bununla yanaşı, Tehranın öz sıralarındakı «satqınlar»ı aşkarlamaq üçün belə məlumatlar yaydığını düşünənlər də var.
Səudiyyə Ərəbistanının «Al Arabiya» telekanalı aprelin 25-də iranlı zabitlərin Suriyanın şərqində onlara loyal olan silahlı qruplaşmaların nümayəndələri ilə görüşdükləri xəbərini yayıb. Guya onlar sıralarındakı casus və agentlər haqda məlumat verəcək şəxslərə pul mükafatı vəd ediblər. Xəbərin doğru olub-olmadığını müəyyənləşdirmək çətindir.
Qəzzada dəyişiklik olmasa da, ümid var
Qəzza sektorunun cənubunda gərginlik o həddə çatıb ki, Fələstində siyasi proseslərin əsas iştirakçıları olan FƏTH ilə HƏMAS muxtariyyətin gələcəyi ilə bağlı razılaşmaya getmək zərurəti ilə üz-üzədirlər. Onların Çində görüşərək barışıq üçün danışıqlar apardıqlarına dair məlumat dialoq prosesinin praktik müstəviyə keçdiyini düşünməyə əsas verir.
Tərəflər Çinə daha perspektivli moderator kimi yanaşır. Bu, HƏMAS təmsilçilərinin müharibə başladıqdan sonra Pekinə ilk səfəridir.
Bununla yanaşı, Ər-Riyadda Səudiyyə Ərəbistanı, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, həmçinin BƏƏ prezidentinin məsləhətçisi və Fələstinin Azadlığı Təşkilatının İcraiyyə Komitəsinin baş katibinin iştirakı ilə Qəzza sektorundakı vəziyyətə dair məsləhətləşmələr keçirilib. Onlar münaqişənin həlli yollarını, 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin yaradılması, həmçinin münaqişə zonasında barışıq perspektivlərini müzakirə ediblər. Fars körfəzi monarxiyalarının Fələstinin gələcəyinə dair bütün həlledici qərarların Çində qəbul olunmasını, əlbəttə ki, istəmirlər.
Bununla paralel olaraq, Misir İsraillə HƏMAS arasında münaqişənin həllinə vasitəçilik etmək səylərini nəzərəçarpacaq dərəcədə artırıb. Bir sıra media orqanı İsrailin təhlükəsizlik qüvvələri və siyasi isteblişmentinin böyük hissəsinin Qahirənin atəşkəs təklifini dəstəklədiyini belə, yazır. Məlumata görə, razılaşmanın «cəmi bir neçə gün içərisində» əldə olunmasına yalnız İsrailin baş naziri Binyamin Netanyahunun tərəddüdü mane olur.
Bildirilir ki, razılaşma HƏMAS-ın ilkin mərhələdə müharibənin tam dayandırılmasını tələb etməməsini, 20-dən 40-dək girovu azad etməsini nəzərdə tutur. Bununla yanaşı, İsrail HƏMAS-a azad olunacaq hər əlavə girova görə 1 gün atəşkəs vəd edir. Təl-Əvivdə düşünürlər ki, SAXAL-ın Rəfahha əməliyyatlara başlayacağı təqdirdə girovların azad olunması şansı sıfra düşə bilər. Bu, onları narahat edir. İsrailin güc strukturları bunun girovların geri qaytarılması üçün «son şans» olduğunu düşünürlər.
MƏSLƏHƏT GÖR: