23 Noyabr 2024

Şənbə, 21:05

BİRMƏNALI MESAJ

Bakı Parisin demarşlarına cavabını konkretləşdirir

Müəllif:

01.05.2024

Bəzən susmaqla danışmaqdan çox söz demək mümkündür. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası kimi çoxdan gözlənilən prosesə israrla susaraq heç bir münasibət bildirməyən Fransa Xarici İşlər Nazirliyinin vəziyyəti bu cürdür. Ekspertlər bu susqunluğu Parisin Cənubi Qafqazda sülhün bərqərar edilməsində maraqlı olmadığının açıq ifadəsi sayırlar. Fransa diplomatiyasına münaqişədə ermənipərəst oyunlar oynamaq daha cəlbedici gəlir.

Bununla yanaşı, Fransa XİN-in dayanıqlı və uzunmüddətli sülh üçün son dərəcə vacib olan hadisəyə reaksiya verməməsi Parislə Bakı arasında növbəti diplomatik böhranla üst-üstə düşüb.

 

Səfirlər geri çağırılırsa…

2024-cü il aprelin 16-da Paris Azərbaycandakı səfiri Ann Buyonu «məsləhətləşmək üçün» geri çağırıb. Fransa XİN-in bəyanatında deyilir ki, «Fransa Azərbaycandakı səfirini son aylarda bu ölkə tərəfindən ölkələrimiz arasındakı münasibətlərə zərər verən birtərəfli əməllərin müzakirəsi üçün geri çağırmaq qərarına gəlib». Söhbətin konkret hansı əməldən getdiyini Paris açıqlamır. Əvəzində, bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron artıq səfirlə görüşüb, «Azərbaycanın əməllərindən təəssüfünü bildirib» və Bakının «niyyətini açıqlamasını» istəyib.

Ardından Azərbaycan XİN-in mətbuat xidməti yerli medianın sorğusuna cavabında məsələyə belə münasibət bildirib: «Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb». Nazirlik xatırladıb ki, Fransa son 3,5 ildəki addımları ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması səylərini sual altına qoyub, vəziyyəti gərginləşdirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib: «Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olub». «Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik», - deyə o, qeyd edib. Nazirlik rəsmisi Azərbaycan səfirliyinin binasına hücumu, Xurşidbanu Natəvanın abidəsinə qarşı edilmiş vandallığı da xatırladıb. Yəni iki ölkə arasında münasibətlərə zərbə vuran birtərəfli addımları Bakı deyil, məhz Paris atıb.

Rəsmi mənbələr və müstəqil ekspertlər Fransa ilə Azərbaycan arasında münasibətlərin son dövrlərədək tamamilə konstruktiv məcrada inkişaf etdiyini xatırladırlar. İndi Fransanın Azərbaycanda səfirliyini açmış ikinci ölkə (Türkiyədən sonra) olduğuna inanmaq çətindir. O, bu məsələdə həmin dövrdə Bakıda yalnız konsulluğu olan İranı belə, qabaqlamışdı. Fransanın neft şirkətləri Azərbaycanda müqavilələr imzalayır, Paris mülki aeroportlar üçün radiolokasiya avandanlıqlarını tədarük edir, Azərbaycan peykləri səmaya Fransa kosmodromundan buraxılırdı…

Bütün bunların fonunda tərəflər arasında münasibətlərin sürətlə pisləşməyə başlaması Emmanuel Makronla assosiasiya olunur. Bu, Parisin Yerevanla oynaqlaşmaq qərarına gəlməsində sonra başlayıb. Əvvəllər Fransanın icraedici hakimiyyətinin hansısa parlament təşəbbüsü və ya şəhər merləri səviyyəsində aksiyalardan uzaq durmaq şansı var idisə, «Arsaxın müstəqilliyini» tanımaqla bağlı növbəti qətnaməyə hakim partiya üzvlərinin də səs verməsi ilə Paris bu imkanı da itirib. Əlbəttə, deputatlar öz fikirlərini söyləmək hüququna malikdirlər, amma fransız intizamı deyilən bir anlayış da var. İstər keçmiş (Katrin Kolonna), istərsə də hazırkı xarici işlər nazirinin (Stefan Sejurne) bəyanatlarından da «uzaq durmaq» alınmayacaq. Parislə Yerevanın hərbi əməkdaşlığı da Azərbaycanda anlaşılan hiddət yaradır. Üstəlik, Fransa müdafiə nazirinin Ermənistana göndərmək, oraya radarlar, zirehli nəqliyyat vasitələri tədarükünə başlamaq üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını gözləməyi də lazım bilməyib. Fransa Ermənistandakı səfiri Olivye Dekatininin də etiraf etdiyi kimi, ümumi tabunu qırıb və KTMT üzvü olan dövlətə silah tədarükünə başlayıb.

Bütün bunlara baxmayaraq, səfirini geri çağıran Azərbaycan yox, Fransadır!?

 

Rəsmi versiya axtarışı

Bir neçə ay əvvəl Azərbaycanda Fransanın kəşfiyyat şəbəkəsi ifşa olunub, səfirliyin iki əməkdaşı, yəni «diplomatiya çətiri» altında fəaliyyət göstərən kəşfiyyatçılar persona non-qrata qismində ölkələrinə qayıtmalı olub, Fransanın bir vətəndaşı isə həbs edilib və hazırda hakim qarşısına çıxarılacağı anı gözləyir. Səfirin geri çağırılması casus qalmaqalına cavabdırsa, o, çox gecikib.

Bakını tərk etmək ərəfəsində səfir Buyon azərbaycanlı jurnalistlərdən də “küsmüşdü”. Amma onun geri çağırılması, çətin ki, Azərbaycan mediasının yazdıqları ilə bağlı olsun.

Ola bilsin ki, Fransanı hiddətləndirən Yeni Kaledoniya nümayəndələrinin Bakıya səfəri, «Fransanın dənizin o tayındakı ərazisi»nin təmsilçilərinin Milli Məclisdə çıxışları və s. olub. Bəli, Azərbaycan Qoşulmama Hərəkatının nüfuzlu liderlərindən biri olaraq, Yeni Kaledoniyanın köklü sakinləri olan kanakların anti-müstəmləkə hərəkatına dəstək verir. Lakin bu halda Paris Azərbaycandakı səfirini geri çağırmaqdansa, Azərbaycanın Fransadakı diplomatik nümayəndəliyinin başçısını XİN-ə dəvət edərək, narazılığını ifadə edə bilərdi. İstənilən halda, Fransa XİN-i kommunikasiya bacarıqları üzərində çalışmalıdır. Böyük siyasətdə və diplomatiyada tapmaca oyunu oynamaq nəzakətsizlikdir. Bütün bunlarla yanaşı, Fransa XİN-i səfirin geri çağırılmasını necəsə izah etməli, məsələni konkretləşdirməli idi. Əvəzində, aprelin 30-da KİV-də «Ann Buyonun Azərbaycana qayıdaraq, diplomatik fəaliyyətini davam etdirdiyi» haqda məlumat yayılıb.

 

Bakı konkretliyə keçir?

Bakı isə ölkədə fəaliyyət göstərən Fransız Liseyinin bağlandığını bəyan edib. Rəsmi versiyaya görə, şagird çatışmazlığı yaşanır və bu, onun maliyyələşməsinə mənfi təsir göstərir. Başqa sözlə, təhsil ocağının fəaliyyətini davam etdirməsi üçün maliyyə yoxdur. Lakin çoxları hesab edir ki, bu, sadəcə, Bakının cavab addımlarından biridir. Bakıda Parisin səfiri geri çağırmasını şərh edənlərin əksəriyyəti Azərbaycan tərəfinin mütləq cavab addımları atmalı olduğunu bildirirdi. Məsələn, söhbət ölkədə Fransa şirkətlərinin fəaliyyətinə son qoyulmasından gedə bilər. Hələlik belə qurumlardan olan «Total»ın biznes maraqlarına toxunulmur. Lakin Fransız Liseyinin qapadılması, şübhəsiz ki, bu istiqamətdə ilk addımdır. Bakıda bildirirlər ki, Fransa ilə Azərbaycan arasında münasibətlər «dondurulub». Amma birgə layihənin dayandırılması ilk dəfə yaşanır.

«Ehtiyatlı olun. Qapılar bağlanır» silsiləsində növbəti addımların atılıb-atılmayacağını söyləmək çətindir. Bakıda birincisi, Parislə münasibətlərin çox konstruktiv olduğu dövrləri yaxşı xatırlayırlar. Üstəlik, Fransanın milli maraqları onun Ermənistana deyil, məhz Azərbaycana meyillənməsini tələb edir. Belə olan təqdirdə Parisin sabah Ermənistanı «qucaqlamaq»dan vaz keçərək, Azərbaycanla yeni körpülər yaratmağa çalışacağı istisna deyil. Odur ki, ən yaxşısı «son körpü»nü yandırmamaqdır.

Amma bütün bunlar gələcəyə aid məsələlərdir. Hələlik ikitərəfli münasibətlər getdikcə məhdudlaşır və əslində, artıq yox olmuş sayıla bilər. Bu isə Bakıdan çox Parisin düşünməli olduğu məsələdir.

 

Məsələnin kökü

Düşünmək olar ki, Makronun Cənubi Qafqaz strategiyası regionda yeni, güclü, iddiialı oyunçunun, yəni BMT TŞ-nin daimi üzvü olan nüvə dövlətinin – Fransanın peyda olmasını nəzərdə tuturdu… Reallıqda isə bu strategiya ümidsizlik manevrini xatırladır. Dəfələrlə qeyd edildiyi kimi, bir-birinin ardınca siyasi uğursuzluqlara düçar olur. Onun Afrikadakı keçmiş müstəmləkələrindəki nüfuzu yox olur, Liviyada öz oyununu oynamaq cəhdi böyük iflasla nəticələnir, Sakit okeanda Qərb dövlətləri alyansından sıxışdırılıb çıxarılır… Belə bir vəziyyətdə Makron və komandası üçün Cənubi Qafqaza «yollanmaq» əyləncəli gəzinti kimi görünürmüş. O, Putinin, Ərdoğanın və digərlərinin «burnundan vuraraq», bu həssas regionda güclənmək, «Avropa ordusu» ideyası olmasa da, ən azı Aİ çərçivəsində hərbi proqramları gücləndirmək istəyirdi. NATO-da Fransa nəinki ikinci, hətta üçüncü roldadır. O, ABŞ-ın liderliyini qəbul etmək, nüfuzunu Böyük Britaniya ilə bölmək məcburiyyətindədir. Avropa İttifaqında isə o, heç də yeganə nüvə dövləti deyil. Bütün bunların fonunda Parisin İrəvana hərbi dəstəyilə bağlı Azərbaycanın öz mövqeyinin ola biləcəyi fransızların ağlına belə, gəlmirmiş.

İndi görünən odur ki, «hesabladılar – kövrəldilər» mərhələsi çatıb. Birincisi, Bakı Parisin ermənipərəstliyi qarşısında susmadı. İkincisi, Bakının cavab addımları daha sərt, daha effektiv və Paris üçün onun gözlədiyindən daha ağrılı oldu. Əgər Azərbaycan əvvəllər ona xarici arenada, əsasən Yeni Kaledoniyada cavab verir, ölkə ərazisindəki Fransa layihələrinə isə toxunmurdusa, Fransız Liseyinin bağlanması vəziyyəti kökündən dəyişib. Bakı Parisə birmənalı mesaj göndərir – anti-Azərbaycan siyasətinin əvəzi ödənilməli olacaq!

Seçim Parisindir.



MƏSLƏHƏT GÖR:

75