Müəllif: Samir VƏLİYEV
Son zamanlar Vaşinqton İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması üçün vasitəçilik səylərini nəzərəçarpacaq dərəcədə artırıb. Bunu bir neçə məqamla izah etmək olar. İlk növbədə, ABŞ Yaxın Şərqdə davam edən müharibə və onun miqyasının artması təhlükəsinin olduğu şəraitdə regionun aparıcı ərəb dövlətlərinin İsraillə savaşa cəlb olunması riskini önləmək istəyir. Çünki bu, nəinki müharibənin xarakterini kökündən dəyişər, həm də bütünlükdə Yaxın Şərq siyasətində ciddi dəyişikliklərə yol aça bilər.
Bununla əlaqədar olaraq, Vaşinqton Səudiyyə Ərəbistanı ilə «Yaxın Şərqin müdafiəsi haqqında» razılaşma hazırlayıb. Razılaşma Ər-Riyada İsrail dövlətini tanıması müqabilində Birləşmiş Ştatlardan müasir silahlar almaq imkanı yaradır. Səudiyyəlilərə «F-35» qırıcıları, müasir hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər təklif olunur. Bununla yanaşı, Ər-Riyad ölkənin daha həssas şəbəkələrinə Çin texnologiyalarının tətbiqinin və Çin investisiyasının qarşısını almalıdır. Əvəzində, ABŞ Səudiyyə Ərəbistanı iqtisadiyyatına, o cümlədən onların milli layihələrinə, süni intellekt və kvant hesablamalarına investisiya yatırımlarını artırmalıdır. Bundan başqa, Birləşmiş Ştatlar Ər-Riyadın mülki nüvə proqramının reallaşdırılmasına yardım etmək öhdəliyi də götürür.
Razılaşmaya İsraillə HƏMAS arasında müharibəyə son qoyulmasının əsas amili kimi baxılır. Hər kəs anlayır ki, bu savaşın uzanması nəinki bütün Yaxın Şərqdə gərginliyi daha da artıracaq, həm də kütləvi etirazların geniş yayıldığı Qərbdə siyasi vəziyyəti daha da qarışdıracaq.
Hədəf müharibəni dayandırmaqdır
Odur ki, Vaşinqton prosesi sürətləndirmək, danışıqlarda ciddi irəliləyişə nail olmaq qərarına gəlib. Bu məqsədlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivan mayın 19-da İsraildə bu ölkənin müdafiə naziri Qalant ilə danışıqlar aparıb.
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, danışıqlarda Ər-Riyadın əsas təmsilçisi olan Məhəmməd bin Salmanın tələblərindən biri Qəzzada əməliyyatların dayandırılmasıdır. Bu isə ABŞ administrasiyasının istəyi ilə üst-üstə düşür. Məsələ ondadır ki, Qəzza sektorunda davam etməkdə olan müharibə Amerika prezidenti Co Bayden üçün əsas başağrısına çevrilib və onun ikinci müddətə dövlət başçısı seçilməsi yolunda əngəl belə, ola bilər. Son ictimai rəy sorğuları göstərir ki, hazırkı administrasiyanın İsrailə dəstək siyasətini bəyənənlərin sayı rekord həddə azalıb. Demokratlar Partiyasının daxilində və onu dəstəkləyən elektorat arasında Netanyahu kabinetinin qeyd-şərtsiz dəstəklənməsinə etirazlar durmadan artır. Hətta İsrailə təzyiq cəhdləri belə, mənfi reaksiya yaradır, çünki əksəriyyəti onu zəif, effektsiz hesab edir.
Vaşinqton İsrailin baş nazirinin Rəfahda aparılan hərbi əməliyyatlar və regionda postmüharibə dövrü ilə bağlı planlarını dəyişməsini tələb edir. Ağ Evin son danışıqlardan sonra yaydığı bəyanatda bildirilir ki, «cənab Sallivan İsrailin hərbi əməliyyatlarını HƏMAS-ın tam məğlubiyyəti, bütün girovların azad edilməsi və Qəzzanın daha yaxşı gələcəyinə imkan verəcək siyasi strategiya ilə əlaqələndirməsinin vacibliyini təsdiqləyib». Başqa sözlə, Vaşinqton istəyir ki, müharibədən sonra Qəzzada münaqişənin tam həllində həm Fələstin Muxtariyyəti, həm də ərəb dövlətləri rəhbərliyinin iştirakına imkan verəcək müəyyən inklüzivlik təmin olunsun. Söhbət, ilk növbədə, Misir, İordaniya və əlbəttə ki, Səudiyyə Ərəbistanından gedir.
Maraqlıdır ki, Sallivan İsrailin hərbi kabinetinin üzvləri Beni Hants və Qadi Ayzenkot, həmçinin İsrail müxalifətinin lideri Yair Lapid ilə də görüşüb. Lapidin sözlərinə görə, görüşdə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması məsələsi də müzakirə olunub.
Netanyahunu kim «tutacaq»?
İsrail Prezidenti İshak Hersoq yüksək rütbəli amerikalı qonaqla görüşünü şərh edərkən bildirib ki, onlara Səudiyyə Ərəbistanı ilə razılaşmanın imzalanması imkanları təqdim edilib. Dövlət başçısının sözlərinə görə, bu, «İranın şər imperiyası» üzərində qələbə üçün dönüş anı ola bilər. İsrailin baş naziri Binyamin Netanyahu isə hesab edir ki, İsrail ordusunun Rəfahda apardığı hərbi əməliyyat müzakirə mövzusu olmamalıdır, çünki o, Fələstin anklavında aparılan əməliyyatlar baxımından həlledici məsələdir. Daha əvvəl isə Netanyahu Rəfah məsələsində ABŞ ilə aralarında fikir ayrılıqlarının olduğunu etiraf etmiş, bununla yanaşı, İsrailin «gələcəyini təmin etməsi üçün» bu səylərin vacibliyini bildirmişdi.
Beynəlxalq birliyin böyük bir hissəsində son dərəcə mənfi fikir yaradan da məhz Netanyahunun bu inadkarlığıdır. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan mayın 20-də Binyamin Netanyahunun, həmçinin İsrailin müdafiə nazirinin və HƏMAS qruplaşmasının 3 liderinin həbsinə order verilməsini istəyib. Onun sözlərinə görə, qeyd olunan şəxslər HƏMAS-ın İsrailə hücumu və yəhudi dövlətinin Qəzza sektorunda həyata keçirdiyi cavab əməliyyatları zamanı hərbi cinayətlərdə iştirak ediblər.
Netanyahu isə bunu «mənfi presedent» kimi qiymətləndirərək bildirib ki, baş verənlər «demokratiyaların terrorçu təşkilatlardan və işğalçılardan özünümüdafiə hüququnu pozur». Yeri gəlmişkən, ABŞ Prezidenti Co Bayden bu məsələdə İsrailin baş nazirini dəstəkləyib. Ağ Ev sahibi deyib ki, İsraillə HƏMAS-ı müqayisə etmək olmaz və Vaşinqton yəhudi dövlətinin Qəzza zolağındakı əməllərini soyqırımı saymır.
Qəzzada humanitar böhranın dərinləşməsi fonunda inadkar Netanyahunun dəstəklənməsi Demokratlar Partiyası daxilində fələstinpərəst qruplar arasında ziddiyyəti dərinləşdirə bilər. Bu, seçki ərəfəsində Baydenin reytinqinə də mənfi təsir göstərir və Vaşinqtonun vasitəçi statusunu heç də gücləndirmir. Onun rəqibi, eks-prezidenti Donald Tramp isə vəziyyətdən yararlanmağa çalışır, regionda qan tökülməsinin qarşısının ən qısa vaxtda alınmasının yolunu bildiyini deyir.
Parçalanma və danışıqlar
Netanyahunun siyasətinin dünyada sərt tənqid olunması fonunda koalision hərbi kabinet daxilində də narazılıqlar artır. Onun nüfuzlu üzvlərindən olan sabiq müdafiə naziri Beni Hants bildirib ki, baş nazirin savaşdan sonrakı dövr üçün Qəzzada fəaliyyət planını ortaya qoymayacağı təqdirdə o, vəzifəsindən istefa verəcək. Üstəlik, Hants bunun üçün Netanyahuya iyunun 8-dək vaxt verib. O hesab edir ki, plan özündə bir neçə hədəfi əks etdirməlidir: girovların azad olunması, HƏMAS hökumətinin devrilməsi, Qəzza sektorunun delimitasiyası, oraya nəzarət, həmçinin ABŞ, Aİ və ərəb dövlətləri ilə birlikdə mülki administrasiyanın yaradılması.
«Siz fanatların yolunu gedərək bütün xalqı uçuruma aparacaqsınızsa, biz hökuməti tərk etmək məcburiyyətində qalacağıq», - deyə Hants bildirib: «Netanyahu 10 il əvvəl doğru davranardı. Bəs bu gün o, düzgün addım atmağa, vətənpərvərlik etməyə hazırdırmı?»
Hants ilə müəyyən mənada hazırkı müdafiə naziri Yoav Qalant da razıdır. O, xalqa televiziya ilə etdiyi müraciətdə bildirib ki, Qəzza sektoru ilə bağlı dəqiq planın olmaması faktiki olaraq, müharibədən sonra İsraili 2 milyondan artıq əhalisi olan anklavın idarəçiliyini öz üzərinə götürməyə məcbur edəcək. Hər iki siyasətçi hesab edir ki, Qəzza üzərində hərbi nəzarət İsrailin təhlükəsizliyilə bağlı riskləri artıracaq.
Hantsın planında diqqətçəkən məqam onun inklüzivliyi, ərəb qonşuların da maraqlarını nəzərə almasıdır. Bu isə İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin qaydaya düşməsi üçün şərt ola bilər. Eyni zamanda bu, ABŞ-nin hazırkı maraqlarına da uyğundur. Ola bilsin ki, yəhudi dövlətinin sabiq müdafiə naziri hazırkı kabinetin dağılacağı təqdirdə ABŞ tərəfindən dəstəklənəcəyinə ümid edir. Hər halda, kabinetdə ziddiyyətlər durmadan artır. Üstəlik, Netanyahu hərbi cinayətkar da elan oluna bilər. İsrailin bəzi nüfuzlu siyasi qüvvələrinin bunu istədiyi sirr deyil. Bu isə baş nazirin dəyişməsini qaçılmaz edəcək.
Səudiyyə Ərəbistanına gəlincə, burada da hər şey göründüyü qədər rahat deyil. Bu ölkədə bir-biri ilə mübarizə aparan partiyalar yoxdur və siyasi qərarlar bir mərkəzdə qəbul olunur. Amma bu halda belə, Məhəmməd bin Salman son dərəcə ehtiyatlı davranmalıdır ki, ictimaiyyəti narazı salmasın.
Ər-Riyad «hə» desə də, şərt qoyur
Ceyk Sallivan İsrailə səfərdən əvvəl Səudiyyə Ərəbistanına baş çəkərək vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, yekun mərhələdə olan müdafiə razılaşması planı, həmçinin İsrail-HƏMAS müharibəsi müzakirə edilib. Bəzi ekspertlərin iddiasına görə, müzakirə olunmuş mövzular arasında ölkədə mümkün hakimiyyət dəyişikliyi və yaxın perspektivdə şahzadənin tacqoyma mərasiminin keçirilməsi də olub.
Bu fikirlərin yaranmasına səbəb kral Əl Səudun səhhətinin ağırlaşmasıdır. Elə Sallivanın səfərinin səhəri gün kral Ciddədə xəstəxanaya yerləşdirilib. Səbəb yüksək hərarət və oynaqlardakı ağrılar olub. Müayinə nəticəsində kralın sətəlcəm olduğu müəyyənləşib.
İndi hər kəs yaxşı anlayır ki, ABŞ ilə müdafiə razılaşması ilə bağlı yekun qərarı Məhəmməd bin Salman qəbul edəcək. Bununla yanaşı, çoxları əmindir ki, o, bu addımı regionda və ölkədəki vəziyyəti nəzərə almaqla atacaq. Vəliəhd şahzadə kral olarsa, o, yeni vəliəhdi müəyyənləşdirməlidir, bu isə çətin prosedurdur. Odur ki, yeni vəliəhd baş verənlərə fərqli yanaşan şəxs də ola bilər.
Hər iki halda şahzadə Məhəmməd prosesi sürətləndirməlidir. Bu, həm də sənədin kral tərəfindən imzalanmış formal razılaşmaya çevrilməsi üçün vacibdir. Hər halda, region ictimaiyyətinin, xüsusilə də Səudiyyə Ərəbistanı əhalisinin simpatiyasının fələstinlilərə tərəf olduğu şəraitdə bu, o qədər də populyar razılaşma sayılmayacaq.
«The New York Times» yazır ki, şahzadə Məhəmməd Fələstin münaqişəsinin həllilə bağlı bəzi şərtlər irəli sürüb, sənədin imzalanmasından əvvəl İsrailin bu şərtləri yerinə yetirməli olduğunu bildirib: İsrail qoşunları Qəzzadan çıxarılmalı, İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisi dayandırılmalı, Fələstin dövlətinin yaradılması ilə bağlı 5 illik plan qəbul olunmalıdır (Fələstin administrasiyası ölkənin rəhbər orqanı olması üçün islahatlar apararsa).
Netanyahu hökumətinin bu şərtləri qəbul edəcəyini gözləmək sadəlöhvlük olardı. Amma Ər-Riyadın öz «qırmızı xətt»ini keçərək razılaşmanı hərbi əməliyyatların davam etdiyi, yaxud Təl-Əvivin Qəzzaya hərbi-siyasi nəzarəti tam ələ keçirdiyi şəraitdə imzalayacağını düşünmək isə daha böyük sadəlöhvlükdür.
Mayın 22-də Norveç, İspaniya və İrlandiya Fələstini tanıyıb və digər ölkələri də eyni addımı atmağa çağırıblar. Bu, İsrailin hiddətinə səbəb olub. Bu da normallaşma…
MƏSLƏHƏT GÖR: