19 Dekabr 2024

Cümə axşamı, 22:29

İKİ GÜNLÜK SÖHBƏT

Vladimir Putin ilə Si Cinpin Çində nəyi razılaşdırıblar?

Müəllif:

01.06.2024

Si Cinpin ilə Vladimir Putinin hörgülü kreslolarda əyləşərək və ya Pekindəki hökumət kompleksinin söyüdlüyündə dolaşarkən əslində nələri müzakirə etdikləri, əlbəttə ki, sirdir. KİV və politoloqlara qalan yalnız ictimaiyyətə açıqlanmış məsələlərə şərh verməkdir.

 

Açıqlanan nəticələr

İctimaiyyətə yalnız o deyilib ki, tərəflər «ikitərəfli münasibətlərə və qlobal təhlükəsizlik sisteminə aid bir çox məsələ»ni müzakirə edib, «hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığı dərinləşdirmək haqda razılığa gəlib». Onlar enerji, kosmos və silahlanma sahəsində daha sıx əməkdaşlıq etmək niyyətlərini açıqlayıb, kənd təsərrüfatı, yüksək texnologiyalar, infrastruktur, tikinti, nəqliyyat və digər sahələr də diqqətdən kənarda qalmayıb.

Vurğulanıb ki, Çinlə Rusiyanın «təhlükəsizlik məsələlərinə baxışı oxşardır», onlar «soyuq müharibə» mentalitetinə, qruplaşma siyasətinə, bloklararası qarşıdurmaya, dünyanın ideoloji əsaslarla və siyasi sistemlərə bölünməsinə, həmçinin ölkələrin bir-birinin daxili işlərinə qarışmasına qarşıdırlar». Pekinlə Moskva hazırkı geosiyasi konteksti nəzərə alaraq, Avrasiya məkanında dayanıqlı təhlükəsizlik sisteminin yaradılması təklifi ilə çıxış edib, bunun bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanmasının vacibliyini bildiriblər.

Səfər nəticəsində Rusiya və Çin liderləri 11 sənəd imzalayıblar. Birgə yekun bəyanatda deyilir ki, «beynəxlaq burulğan şəraitində Rusiya-Çin münasibətləri dünyadakı sürətli dəyişikliklər sınağını uğurla keçir, dayanıqlılıq, sabitlik nümayiş etdirir, tarixin ən yaxşı dönəmini yaşayır».

Vladimir Putinin Çinə ikigünlük dövlət səfəri (diplomatik protokola görə ən yüksək səfər) Rusiya liderinin yeni prezidentliyi dönəmində ilk xarici səfəri olub. Bununla yanaşı, bu, onun hakimiyyəti dövründə Çinə etdiyi sayca 20-ci səfəridir. Yeri gəlmişkən, Si Cinpin də ötən ilin martında təkrarən Çin sədri seçildikdən sonra ilk dövlət səfərini Moskvaya etmişdi.

Putin Pekinə geniş nümayəndə heyəti ilə yollanıb. Səfər zamanı onu yenilənmiş hökumətin, demək olar ki, bütün üzvləri, eyni zamanda qubernatorlar və böyük iş adamları müşayiət edib.

Rusiya və Çin mətbuatı Pekin-Moskva münasibətlərini «nəhəng fövqəldövlətlər və qonşu ölkələr arasında tərəfdaşlığın inkişaf nümunəsi», «beynəlxalq arenada sabitliyin hərəkətverici qüvvəsi» kimi xarakterizə edir. Mətbuat onların birlikdə yer aldıqları regional ittifaqları böyük həvəslə sadalayır, birgə hədəflərdən bəhs edir.

 

Əsas məsələ haqda təfsilatı ilə

Bəs liderlər təkbətək görüşdə nədən danışıblar? Güman ki, əsas məsələdən. Onların münasibətlərində bu günün əsas məsələsi isə Rusiyadan nəhəng həcmdə neft alan Çinin sanksiyalar altında qalmış Moskva üçün əsl xilaskar olmasıdır. Bu gün Çin şirkətləri avtomobil, smartfon, məişət texnikası daxil, Rusiyada bir çox mal defisitini aradan qaldırır. Nəticədə, 2023-cü ildə onlar arasında ticarət dövriyyəsinin həcmi rekord həddə – 240 milyard dollara çatıb. Odur ki, Moskva ilə Pekin arasında iqtisadi və hərbi əlaqələr Qərbin təzyiqlərinə rəğmən, əslində, bəlkə də onun sayəsində artdığını deyən Putin çox haqlıdır. Amma Moskvanın təqdimatından asılı olmayaraq, təzyiqin nəticələri heç də yalnız müsbət olmur. Üstəlik, Qərb Pekini sıravi rusiyalıları smartfonlarla təmin etməklə yanaşı, «Putinin hərbi maşını»nı ikili təyinatlı mallarla təmin etməkdə də günahlandırır. Müvafiq olaraq, ABŞ ilə Aİ buna görə Çin banklarını cəza tədbirləri ilə hədələyir.

Yeri gəlmişkən, təhdidlərin artıq Rusiya ilə Çin arasında ticarət dövriyyəsini azaltdığı deyilir. Söhbət «ikili təyinatlı mal və avadanlıqlar»dan gedən zaman Çinin nəhəng bankları kənara çəkilir, bu iş ikinci və üçüncü dərəcəli kiçik bankların öhdəsində qalır. Eyni zamanda Moskva ilə Pekin rubl və yuan ilə hesablaşmaların həcminin artırılması arzusundan çox danışıblar. Lakin problem ondadır ki, maliyyə əməkdaşlığı mexanizmi hələ kifayət qədər işlək deyil və bu, effektiv ödəniş və köçürmə kanallarına da aiddir.

Aydındır ki, Qərbdə Putinin Çin səfərini diqqətlə izləyiblər. Mətbuatda yer almış bir çox məqalədə bu iki ölkə ABŞ ilə mübarizədə qibtə yaradan davamlılığa malik «avtoritar duet» adlandırılıb. Bir başqaları yazır ki, Moskva ilə Pekin özlərini Amerikanın müdaxiləsindən kənar «yeni dünya düzəninin memarları» sayırlar.

Bununla yanaşı, müşahidəçilər, yəqin ki, Putinin rəmzlərə sevgisindən, eyni zamanda bütünlükdə Çin mədəniyyətinin simvollara nə qədər bağlı olduğundan, səfər çərçivəsində görüşlərin necə, harada, hansı şəraitdə, hətta hansı interyerdə keçirildiyinə xüsusi diqqət yetiriblər. Məsələn, «birliyi nümayiş etdirmək üçün qırmızı xalı», «hərbi karaul», «artilleriyadan salamlama atəşi», eyni zamanda «axşam Putini yola salan zaman Si Cinpinin onu birinci qucaqlaması – Çin liderinin simpatiyasını göstərən nadir jest» kimi məqamlara diqqət çəkilib.

 

Vahid mövqedən

Qərb üçün Çinlə Rusiya, həqiqətən, dost, bir-biri üçün vacib olan ölkələrdir. Bəs əslində Moskva ilə Pekin arasında nə baş verir? Onlar formal olaraq, bir-birinin qarşısında öhdəlik daşıyan hərbi müttəfiqlər olmasalar da, Çin və Rusiya Hərbi Dəniz və Hərbi Hava qüvvələri birgə hərbi təlimlər keçirir. Belə təlimlər Alyaska və Tayvan yaxınlığında da təşkil olunub. İndi isə görünən odur ki, Çini Rusiyanın real döyüş meydanında Aİ və ABŞ silahlarına qarşı hərbi əməliyyatlar təcrübəsi də maraqlandırır.

Putin ilə Cinpin qlobal təhlükəsizlik sisteminin başında ABŞ-nin durduğu alyanslar tərəfindən müəyyənləşməsindən narazılıqlarını ifadə ediblər. Bu səbəbdən Moskva və Pekin «hərbi sahədə inamı və əməkdaşlığı dərinləşdirmək», «birgə təlimlər və hərbi hazırlığın miqyasını artırmaq», «mütəmadi birgə dəniz və hava patrulu aparmaq» niyyətlərini dilə gətiriblər. Bununla yanaşı, tərəflər «çağırış və təhdidlərə birgə reaksiya potensialı və səviyyəsini davamlı olaraq artırmaq» haqda razılığa gəliblər.

«Biz Vaşinqtonun ölkələrimizə qarşı destruktiv və düşmən kursunun qarşısını almaq üçün əməkdaşlığı genişləndirmək, koordinasiyanı gücləndirmək niyyətindəyik», - deyə iki liderin birgə bəyanatında bildirilir. Bu sözlərin təsdiqi olaraq, Putin səfərinin ikinci günü ölkənin şimal-şərqindəki Xarbin şəhərində Xarbin Texnologiya İnstitutuna baş çəkib. Bu institut raket texnikası və kosmik texnologiyalar sahəsində araşdırmaları ilə məşhurdur. Məlum olduğu kimi, Rusiyadan gəlmiş nümayəndə heyətinin tərkibində ölkənin müdafiə sahəsilə bağlı çox sayda məmur, həmçinin yeni müdafiə naziri Andrey Belousov da olub. Maraqlıdır ki, Xarbin Texnologiya İnstitutu bu yaxınlarda Sankt-Peterburq Dövlət Universiteti ilə (Putin məhz bu ali məktəbi bitirib) birgə kampus açıb. Onu da xatırladaq ki, Xarbin İnstitutu ABŞ-nin Amerika texnologiyalarına çıxışını qadağan etdiyi qurumların siyahısındadır. Vaşinqton bu institutla müdafiə sahəsində mübadilələri də qadağan edib. Səbəb onun Çin Xalq-Azadlıq Ordusu ilə əlaqələrinin olmasıdır.

Putin səfər zamanı bildirib ki, Rusiya-Çin tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Amma Qərb Moskva ilə Pekinin belə bəyanatlarına inanmır. Üstəlik, Vaşinqton Çini «beynəlxalq düzənə ən ciddi uzunmüddətli təhdid» saydığını, Rusiyanı isə «birbaşa və aşkar təhlükə» hesab etdiyini gizlətmir. Bütün bunlarla yanaşı, Çinin ABŞ-yə münasibəti bütün administrasiyaların dövründə eynidir. Rusiya ilə öz növbəsində, NATO-nu təhdid sayır, Çin isə ABŞ və onun Asiyadan olan müttəfiqlərini – Yaponiya, Cənubi Koreya, Filippin, Avstraliya.

Əlbəttə ki, Vladimir Putinin Çin səfərilə bağlı Qərb KİV-də gedən fikirlər Rusiya və Çin mətbuatındakılardan fərqlənib. Qərb mətbuatı ümumilikdə bir fikri müdafiə edir: Pekin Qərb liderlərinin ondan ixracı ilə Rusiyanın hərbi səylərinə dəstək verməyəcəyinə zəmanət istədiklərini etiraf etməsə də, Kreml istəyinə nail olmayıb. Onun silah tədarükü və Ukrayna müharibəsi ilə bağlı başqa dəstəklər istəyi rədd edilib. Lakin səfərdən cəmi bir həftə sonra Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps Çinin ünvanına ittihamlar səsləndirərək bildirib ki, Amerika və Britaniya kəşfiyyatının yeni məlumatları Çindən Rusiyaya «letal yardımın başlandığını və ya başlanmaq üzrə olduğunu göstərir». Şepps deyib ki, Pekinlə Moskva indi «daha dərin münqasibətlər qurub» və Çindən Rusiyaya silah axınının mövcudluğu «bu gün ifşa edilməli olan yeni kəşfiyyat məlumatıdır». Aydındır ki, bu mövzu qarşıdakı günlərdə daha da genişlənəcək.

Bununla yanaşı, Qərb KİV-də məmnuniyyətlə bildirilir ki, Putinlə Cinpinin görüşünün yekununda hər hansı qarşılıqlı investisiya layihəsi və ya məsələn, Rusiyadan Çinə təbii qaz nəql edəcək «Sibir gücü-2» qaz kəmərinin inşası kimi nəhəng layihə elan olunmayıb. Əvəzində, liderlər ümumi şəkildə «miqyaslı enerji layihələrinin reallaşdırılmasında əməkdaşlıq» vədi veriblər. Bu mövzu, güman ki, hələ inkişaf mərhələsindədir. Yəqin ki, onunla bağlı daha konkret fikirlərə tezliklə rast gəlinəcək.

 

Bayağı nəticə

Bütün bunlardan hansı qənaətə gəlmək olar? Hələlik yalnız bir və tamamilə bayağı nəticədən danışa bilərik. Beynəlxalq siyasətdə müttəfiqlər yox, yalnız milli maraqlar var. Moskva ilə Pekin məhz bu prinsipə əsaslanmaq qərarına gəliblərsə, onların sonda nəyə nail olacaqları çox maraqlıdır. Bu gün Rusiyanın Çinə niyə ciddi ehtiyac duyduğu tamamilə aydındır. Bəs Rusiya Çinə nə üçün lazımdır? Ucuz xammal və satış bazarı kimi aydın səbəbləri kənara qoyaq. Düşünmək olar ki, Rusiya ilə yaxşı münasibətlər Çinə şimalda sakit «arxa cəbhə»ni təmin edir və «çiyin-çiyinə dayanaraq, bir-birinin maraqlarını həyata keçirmək» imkanı verir. Üstəlik, onların ucsuz-bucaqsız ümumi sərhədi var. Çinlə müttəfiqlik Rusiyanı, əlbəttə ki, gücləndirir. Qərbin zəiflətdiyi Rusiya da Çinə güc verir, onun postsovet məkana daxil olmasını asanlaşdırır. Bu, xüsusilə Mərkəzi Asiyada hiss olunur.

Moskva-Pekin ittifaqının mənfi tərəfi ondadır ki, Rusiya Qərb tərəfindən təcrid olunubsa, Çin əksinə, istər Amerika, istərsə də Avropanın ən nəhəng ticarət tərəfdaşıdır. Si Cinpin Putinlə tərəfdaş münasibətlərini qorumaq üçün əlindən gələni etsə də, bu zaman Qərbin «qırmızı xətt»inə keçməməyə çalışır. Bu mənada, sual başqadır: bəs bu «qırmızı xətt»i Qərb özü keçərsə?

ABŞ ilə Çin arasında ticarət savaşının yeni mərhələsinin ən qızğın çağında Pekin üçün müttəfiqlər çox vacibdir. ABŞ Çində istehsal olunan elektromobillərə 100 faizlik rüsum tətbiq edir. Çin istehsalı olan günəş panelləri, liman kranları, tibb ləvazimatları, yarımötürücülər, polad və alümin, litium batareyalar da Vaşinqtonun bu siyahısına daxildir. Amerikalılar bu yolla subsidiyalaşdırılan ucuz Çin mallarının ölkəyə axınının qarşısını almağa, eyni zamanda ölkənin «yaşıl» texnologiyalar sektorunun inkişafına zəmin yaratmağa çalışır.

Aİ də Çini eyni addımları atacağı ilə hədələyir. Bu savaşın gizli məqsədi isə yarımötürücülərin istehsalında liderlikdir. Bu, gələcək üçün ölkələrin iqtisadi təhlükəsizliyinin əsası hesab olunur. Çinin yüksək texnologiyalar sahəsindəki nəhənglərinin inkişaf etməkdə olan ölkələr üçün cəlbediciliyinin azalması Qərb üçün çox vacibdir. Söhbət xüsusilə 5G texnologiyasının tətbiqindən gedir. Buna nail olmaq istəyənlərin «bu, sizin milli təhlükəsizliyinizi pozacaq» arqumenti isə işə yaramır – indi çoxları Çinə ABŞ-dən çox etibar edir. Bu, «liberal düşərgə»dən olan tərəfdaşlarla bağlı da belədir. Nümunə çoxdur. Odur ki, Qərbin rəqabət qabiliyyətli alternativ təklif etməsi çox vacibdir. Buna isə vaxt lazımdır. Bir sözlə, vaxt udmaq lazımdır. Amma necə? Əsas sual budur.

Bu gün dünyada birincisi, yeni tranzit axınları, ikincisi, yüksək texnologiyaların kimin əlində olması və üçüncüsü, bu yeni texnologiyaların istehsalı üçün tələb olunan resurslar uğrunda mübarizə gedir. Yeni dünyada qüvvələr nisbəti məhz bu mübarizə ilə formalaşır. Çin də öz sözünü demək istəyir və bunun üçün onun gücü kifayət qədərdir. Belə bir vəziyyətdə Moskvanın onun yanında olması Pekinin imkanlarını xeyli artırır. Vladimir Putinin Çin səfərinin qısa məğzi məhz budur. Qalan məsələləri proqnozlaşdırmaq çox çətindir.



MƏSLƏHƏT GÖR:

87