Müəllif: İlqar VƏLİZADƏ
Türkiyə-Yunanıstan münasibətlərinin normallaşdırılması prosesi geri dönüşü olmayan inkişaf fazasına qədəm qoyub. İki ölkə liderlərinin qarşılıqlı səfərləri belə düşünməyə əsas verir. 2023-cü ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana baş çəkərək münasibətlərin normallaşdırılması prosesinə start vermişdisə, daha sonra Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Türkiyəyə səfəri ilə proses daha da inkşaf edib.
Yaxınlaşma arxitekturası
Mitsotakisi normallaşma prosesinin həmmemarı saymaq olar. Ümumilikdə isə bu proses Şərqi Aralıq dənizi regionunda yeni təhlükəsizlik düzəninin formalaşması ilə nəticələnə bilər. O, tərəflərin əsas regional məsələlərlə bağlı maraqlarının qorunub saxlanması fonunda münaqişə, gərinlik səviyyəsinin aşağı salınmasını nəzərdə tutur. Söhbət dəniz hövzəsinin bölünməsi prinsipi, sahilyanı qaz yataqları və s. kimi məsələlərdən gedir. Afina ilə Ankara açıq münaqişəyə getmək tərəfdarı deyillər. Çünki bu, onların milli maraqlarına zidd olmaqla yanaşı, qarşıdurmanın beynəlmiləlləşməsinə yol aça bilər. Hər iki lideri ən çox narahat edən məqam da məhz budur.
Çətin geosiyasi şəraitdə ikitərəfli münasibətlərin normallaşdırılması zərurətini Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun kifayət qədər arqumentli ifadə edib. «Biz elə bir dövrdə yaşayırıq ki, güclü, sabit və çiçəklənən regional oyunçular effektiv hərəkət etməlidir. Biz Türkiyə və Yunanıstan kimi regional oyunçuların öz problemlərini qarşılıqlı anlaşma və milli maraqlar əsasında çözməli olduğu dövrdə yaşayırıq. Bu işə üçüncü tərəflərin rəhbərlik etməsinə, kimlərinsə himayəsinə, təzyiqinə yer yoxdur. Məhz bu üzdən Türkiyə ilə Yunanıstanın irəli sürdükləri əməkdaşlıq təşəbbüsü bu gün dünənkindən daha əhəmiyyətli, daha qiymətlidir», - deyə o, bildirib.
Ankara ilə Afina onların sərhədinin «geosiyasi parçalanma» xətti olmasını, özlərinin isə nüfuz savaşı aparan xarici güclərin forpostu olmalarını istəmirlər.
Yunanıstan hökumətinin başçısı Mitsotakis Ərdoğan ilə danışıqlardan sonra bildirib ki, Afina ilə Ankara arasındakı qarşılıqlı anlaşmanın səviyyəsi iki ölkənin münasibətlərində yeni reallığın yaradılmasına imkan verir. Baş nazir Ərdoğanla bu görüşünün 10 ayda dördüncü görüş olduğunu xatırladıb: «Bu, sübut edir ki, iki qonşu bu səviyyəli qarşılıqlı anlaşmaya istisna hal kimi deyil, məhsuldar norma kimi yanaşa bilər. Mövqelərimizdəki məlum müxtəliflik buna mane olmur. Bu normal münasibət həm də… bu günün ən yaxşı reallığını formalaşdırır».
Qarşılıqlı maraqlar əsasında
Qeyd olunmalıdır ki, Yunanıstan lideri Avropanın ən praqmatik, uğurlu və nüfuzlu siyasətçilərindəndir. Onu xarici siyasətdə müstəqilliyi və praqmatizmi, əsasən öz maraqlarına əsaslanması ilə fərqləndirirlər. Bundan başqa, Mitsotakis Yunanıstanın nüfuzlu siyasi sülaləsinin təmsilçisidir. Baş nazirin atası Konstantinos Mitsotakis 1990-cı illərdə Yunanıstan hökumətinə başçılıq edib, babası Kiriakos Mitsotakis isə görkəmli siyasətçi olub. Hazırkı baş nazirin qohumu Elefterios Venizelos Yunanıstanda azadlıq hərəkatının məşhur lideri olmaqla yanaşı, 12 il hökumətə başçılıq edib. Bacısı Dora Bakoyannis isə xarici işlər naziri və mədəniyyət naziri postlarını tutub. O, tarixə Afinanın ilk qadın meri kimi də düşüb. Daha sonra Bakoyannisin övladı, baş nazirin bacısı oğlu Kostas da Afina meri olub.
Mitsotakis Türkiyə Prezidenti ilə görüş ərəfəsində əlamətdar bəyanat səsləndirib. «Yunanıstan-Türkiyə münasibətlərində inkişaf var. Lakin gərginlik ocaqları da hər zaman qalacaq. Türkiyə iddialarından imtina etmir, Yunanıstan da geri çəkilmir. Lakin problemlərə baxmayaraq, biz əməkdaşlıq edə bilərik. Yaxşı iqlim hər kəsə fayda gətirir. 1974-cü ildən bu yana uzun müddətdir ki, qaydalara riayət olunur. Məsələn, adalarımızda əvvəllər qeyri-leqallar olurdusa, indi leqal turistlər var. Sənətsiz miqrantlarla məşğul olmaqdansa, Türkiyədən viza ilə gələn leqal turistləri salamlayırıq. Bütün problemlərin bir anda həlli mümkün deyil. Lakin hər an barmağı tətikdə saxlamaqdansa, danışmaq yaxşıdır», - deyə baş nazir qeyd edib.
Bununla yanaşı, Mitsotakis İstanbuldakı tarixi Xora kilsəsinin məscidə çevrilməsini tənqid edib, Türkiyədə yunan diasporunun kiçilməsindən şikayətlənib. Bənzər narazılıqlar Ankarada da var. Buna baxmayaraq, Ərdoğan bildirib ki, «Türkiyə ilə Yunanıstan arasında həlli mümkün olmayan problem yoxdur». 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,1 milyard dolları ötüb. Tərəflər bu göstəricini 10 milyard dollara çatdırmağı hədəfləyirlər.
Hesab olunur ki, Ankara ilə Afina iqtisadiyyat, ticarət, turizm, səhiyyə, ətraf mühitin mühafizəsi, mədəniyyət kimi sahələrdə əməkdaşlıq potensialına malikdirlər. Yalnız 2024-cü ilin ilk rübündə Türkiyəyə 168 mindən artıq yunanıstanlı turist baş çəkib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 28,38% çoxdur. Turizm sahəsində birgə layihələr hər iki ölkənin turizm sektoruna dinamika qazandıra bilər, çünki həm Türkiyə, həm də Yunanıstan beynəlxalq turizm istiqaməti olaraq məşhurdur.
Onlar həm də enerji resurslarının tədarükündə vacib tranzit rolu oynayırlar. Yalnız onu qeyd etmək kifayətdir ki, «Cənub Qaz Dəhlizi» təbii qaz nəqli sistemi bu iki ölkənin ərazisindən keçir. Üstəlik, onlar Xəzər-Qafqaz regionundan Misirə elektrik enerjisinin nəqlində də əsas tranzit ölkələrdəndir. Gələcəkdə isə Yunanıstanla Türkiyə Zəxər regionundan İtaliyaya hidrogen və «yaşıl» enerji tədarükündə tranzit ölkələrə çevrilə bilərlər.
Enerji perspektivləri
Bu iki ölkəni yaxınlaşdıran layihələr sırasında elektrik enerjisi sahəsi vacib yer tutur. Onların arasında ikinci elektrik xəttinə böyük əhəmiyyət verilir. Plana görə yüksək gərginlikli ikinci elektrik enerjisi xətti Nea-Santa ilə Babaəskini (Türkiyənin Avropa hissəsi) birləşdirməlidir.
Tərəflər Türkiyədən Yunanıstana 280 kilometrlik boru xətti ilə təbii qaz nəqlini artırmaq üçün qaz nəqli infrastrukturunun nəql gücünü artırmağı da planlaşdırırlar. «DEPA Emporias» onun vasitəsilə Türkiyənin «Botas» şirkətindən qaz alır. Yunanıstan və Türkiyənin qaz sistemlərinin birləşmə nöqtəsinin ixrac gücü ildə 1,7 milyard kubmetrədək artıb ki, bu da «Botas»dan Yunanıstana hazırkı ixrac həcmini üstələyir.
Həm fiziki, həm də fyuçers bazarında ümumi məhsulların yaradılması ilə enerji birjaları arasında əməkdaşlıq, hətta Şərqi Aralıq dənizi regionunda enerji birjasının yaradılması da mümkündür.
Bütün bunlarla yanaşı, Kipr məsələsinə, Fələstin probleminə yanaşmada tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Mitsotakisin HƏMAS-ı terrorçu təşkilat adlandırmasına cavab olaraq, Ərdoğan fərqli düşündüyünü deyib. «Əksinə, HƏMAS 1947-ci ildən itirilmiş torpaqları uğrunda mübarizə aparan müqavimət təşkilatıdır. O, işğaldan sonra da öz torpaqlarını müdafiə etməklə məşğuldur», - deyə Türkiyə Prezidenti birgə mətbuat konfransında bildirib.
Ankaranın Avropa perspektivi
Tərəflər Türkiyənin Avropa İttifaqına inteqrasiyası məsələsindən də danışıb. Mitsotakis bildirib ki, «Yunanıstan bütün çətinliklərə baxmayaraq, Türkiyənin Avropa qaydalarını qəbul edəcəyi təqdirdə onun Aİ-yə qəbulunu dəstəkləyir». Lakin Türkiyə xüsusilə indiki şəraitdə, çətin ki, yaxın gələcəkdə Aİ üzvü olsun. Hər halda, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq də Ankaraya səfəri zamanı Türkiyənin Aİ-yə qəbulunu xülya adlandırıb. O deyib ki, «Türkiyə uzun illərdir istər sözdə, istərsə də əməldə Aİ-dən uzaqlaşır». Bununla yanaşı, nazir Türkiyənin Aİ-nin tamhüquqlu üzvünə çevrilməsi məsələsindənsə, Ankara ilə Brüssel arasında «praqmatik əməkdaşlığa əsaslanan real qonşuluq konsepsiyası»na baxılmasını təklif edib.
Əlbəttə, Ankaranın Aİ üzvü olması Afinaya müəyyən üstünlüklər qazandırar. Bu halda Yunanıstan hər şeydən əvvəl ikitərəfli münasibətlərə aid əsas məsələlərdə birliyin əksər üzvlərinin dəstəyinə arxalana biləcək, bu isə Türkiyənin iddialarını əhəmiyyətli dərəcədə azaldacaq. Bunu Ankara da yaxşı anlayır ki, nəticədə, öhdəliklərə əməl etməməsi səbəbilə əl-qolunu bağlatmağa tələsmir. Söhbət ilk növbədə, Şimali Kiprin müstəqilliyinin tanınması qərarından imtinadan gedir.
Hər bir halda, həm Ankara, həm də Afina anlayır ki, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar ümumi oyunun elementindən, Avropa birliyi siyasətinə sadiqlik nümayişindən başqa bir şey deyil. Ankara ilə Brüsselə üzvlüklə bağlı danışıqlar hər şeydən əvvəl ona görə lazımdır ki, Türkiyə onun vasitəsilə ticarət və investisiya sahəsində imtiyazları qoruyub saxlamağa, müasir texnologiyalar əldə etməyə çalışır, Aİ isə miqrasiya siyasəti, Avropanın təhlükəsizliyinin təmini kimi mövzularda Ankaraya müəyyən təzyiq imkanı qazanır.
MƏSLƏHƏT GÖR: