19 Dekabr 2024

Cümə axşamı, 21:49

RƏİSİDƏN SONRAKI İRAN

İran İslam Respublikasının prezidentliyinə namizədlər kimlərdir?

Müəllif:

01.06.2024

İranın 8-ci Prezidenti İbrahim Rəisi mayın 19-da Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşağının açılış mərasimindən ölkəsinə geri qayıdarkən helikopter qəzasında həlak olub. Helikopter Şərqi Azərbaycan əyalətində, Vərzəğan və Culfa şəhərləri arasındakı Dizmar meşəsində dağlıq ərazidə qəzaya uğrayıb.

Xilasedicilər prezidentin və onu müşayiət edənlərin cəsədlərini 18 saat sonra aşkar ediblər. Qəza ilə bağlı ilk və sonrakı günlərdə bir sıra sui-qəsd nəzəriyyələri ortaya atılsa da, rəsmi Tehran bu ehtimalları rədd edib. İran ordusu Baş Qərargahının hadisədən bir neçə gün sonra hazırladığı hesabatda qeyd olunub ki, prezidentin içərisində olduğu helikopter müəyyən olunmuş istiqamət üzrə hərəkət edib və hərəkət trayektoriyasından kənara çıxmayıb. Qəzadan 90 saniyə əvvəl prezidentin helikopteri digər iki helikopterlə əlaqə qurub. Qəzaya uğrayan helikopterin göyərtəsində güllə və ya partlayış izlərinə rast gəlinməyib. Helikopter yerə düşdükdən sonra alovlanıb. Onun qalıqları yerli axtarış qrupları tərəfindən növbəti gün səhər saat 5 radələrində dronlardan istifadə olunaraq aşkar edilib. Hesabatda bildirilib ki, uçuş qülləsi və heyət arasında danışıqlarda hər hansı şübhəli vəziyyət qeydə alınmayıb.

İstintaq müəyyən edib ki, terror aktından danışmağa əsas yoxdur. Ancaq başqa bir məqam üzə çıxıb. Bu, İranın prezident helikopterinin çox köhnə olması, onun texniki göstəricilərinin aşağı olması, dövlət başçısı üçün təhlükəsizlik tədbirlərinin kifayət qədər olmaması ilə bağlıdır.

 

Yeni prezident kim olacaq?

İbrahim Rəisinin ölümü ilə əlaqədar İranda növbədənkənar prezident seçkiləri elan edilib. Ölkə konstitusiyasına əsasən, prezident öldükdən və ya hansısa səbəbdən vəzifəsini icra edə bilmədikdə İranda 50 gün ərzində seçkilər keçirilməlidir. Bu müddətdə isə ölkəni vitse-prezident idarə edir.

Seçkilərə qədər prezidentin səlahiyyətlərini vitse-prezident Məhəmməd Möhbər icra edəcək.

Növbədənkənar prezident seçkiləri isə iyunun 28-ə təyin edilib. İran qanunlarına uyğun olaraq, prezident səlahiyyətlərini icra edən vitse-prezident həm də parlamentin spikeri və Ali Məhkəmənin sədrinin də daxil olduğu seçkilərin idarə edilməsi komitəsinin üzvüdür.

Seçki təqviminə əsasən, namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və 5 gün davam edəcək. Sonrakı günlərdə isə “Keşikçilər Şurası” namizədliyi irəli sürülmüş şəxslərin sənədlərini araşdıracaq və uyğun şəxslərin namizədliyini qeydə alacaq. İyunun 11-də isə namizədlərin yekun siyahısı elan olunacaq və bundan sonra 15 günlük seçki kampaniyası başlanılacaq.

 

Prezident olmaq istəyənlərin sayı çoxdur

Əvvəlcə ondan başlayaq ki, prezident seçkilərinə həm ölkə daxilində, həm də xaricində ciddi diqqət yetirilir. Səbəblərdən biri ölkənin hazırkı ali rəhbərinin yaşı və səhhəti ilə bağlıdır. Məsələ burasındadır ki, geniş yayılmış fikrə görə, İran Prezidenti dini lider vəzifəsinə seçilməyə ən yaxın namizəddir. İran qanunlarında bununla bağlı bir məqam olmasa da, hazırkı dini liderin 1989-cu ildə prezident postunda olarkən dini lider postuna gətirilib. Ancaq qanunlar və ya siyasi şərtlər bununla bağlı nəsə demir, dolayısı ilə bunun bir əsası yoxdur. Lakin ümumi qənaət budur və bu səbəbdən də prezident seçkilərinə həm də potensial dini lider seçkisi kimi yanaşma müşahidə olunur. O cümlədən, namizədliyə iddialılar arasında din xadimləri də var.

Namizədlər hələ müəyyənləşməsə də, siyasi gündəmdə çoxlu sayda iddiaçıların adları sadalanmaqdadır. Ancaq əlbəttə ki, onlar bu və ya digər dərəcədə artıq namizəd sayıla bilərlər. Seçkidə kimlərin iştirak edəcəyinə isə 12 nəfərdən ibarət “Keşikçilər Şurası” qərar verəcək. Şura üzvlərinin 6 nəfərini dini lider, digər 6 nəfərini isə Ali Məhkəmə təyin edir. Bu da həm də o deməkdir ki, növbəti prezidentin mühafizəkar qanaddan olma ehtimalı yüksəkdir. Ancaq bu da bir ehtimaldır, çünki ölkədə konsensus yaratmaq üçün birləşdirici fiqur da gətirilə bilər.

Şura hazırda iddiaçıların müraciətlərinə baxmaqla məşğuldur. Gəlin müzakirə olunan bəzi adlara nəzər salaq.

68 yaşlı vitse-prezident və hazırda prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbər prezidentliyə iddiasını açıqlamayıb. Ancaq onun bəzi jestləri belə bir iddiadan xəbər verir. Məsələn, Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə M.Möhbər İranın qonşularla münasibətlərinin əvvəlki qaydada davam edəcəyini söyləyib. Ölkəni cəmisi 40 gün idarə edəcək şəxsin gələcək siyasi kursla bağlı əmin danışması onun prezidentliyə iddiası kimi yozulub.

M.Möhbər ali liderə sədaqəti, yaxınlığı ilə tanınır və mərhum Prezident Rəisi kimi itaətkar məmurdur. O, uzun illər ərzində ölkənin iqtisadi qüdrətinin əsas sütunlarından olan “İmamın Fərmanlarının İcrası” Fonduna (“Setad”) rəhbərlik edib, böyük həcmdə dövlət vəsaitinin icrasına nəzarət edib. Ancaq daha çox kölgədə olmağı sevən M.Möhbərin seçilməsi üçün ali dini liderin və ya mühafizəkar elitanın dəstəyi lazımdır.

Prezidentliyə digər namizəd isə parlamentin hazırkı sədri Məhəmməd Baqir Qalibafdır. O, 1961-ci ildə Məşhəd bölgəsində, Türkmənistanla sərhədə yaxın Torqabe şəhərində anadan olub. O, İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xidmət edib, təşkilatın Hərbi Hava Qüvvələrinin komandanı olub, istefada olan generaldır. 2000-ci ildən ictimai-siyasi proseslərə qatılıb. 2000-2005-ci illərdə İran polisinin rəisi, 2005-2017-ci illərdə Tehranın meri postunu tutub. 2020-ci ildən isə İslami Şurası Məclisinin (parlament) spikeridir.

Qalibaf mühafizəkar və eyni zamanda SEPAH-a yaxınlığı ilə tanınan insandır. O, bir neçə dəfə prezident seçkilərində iştirak etsə də, uğur qazana bilməyib. İ.Rəisinin ölümündən dərhal sonra onun adı prezidentliyə iddialılar arasında hallanır. Amma təbii ki, bu məsələdə son söz sahibi Qalibafın mənsub olduğu siyasi düşərgə olacaq.

Bu məqamda qeyd edək ki, İran qanunlarına görə, hazırkı şəraitdə hər iki namizəd - Qalibaf və Möhbər Keçid Dövründə Seçkilərin Təşkili Şurasının üzvü olduqları üçün prezidentliyə seçilə bilməzlər. Onlar yalnız oranı tərk etdikdən sonra öz namizədliklərini irəli sürə biləcəklər.

Daha bir potensial namizəd, əslən İranın Mazandaran əyalətinin Amol rayonunun Larican kəndindən olan Əli Laricani 1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. Atası dövrünün nüfuzlu din alimi olub. Laricani kiçik yaşlarında dini təhsil alıb,  universitetdə isə Qərb fəlsəfəsi üzrə ixtisaslaşıb. SEPAH-da xidmət edib, istefada olan briqada generalıdır. O, həmçinin müxtəlif dövlət postlarında çalışıb, o cümlədən xarici işlər naziri, parlament spikeri və ali dini liderin təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifələrini tutub. Onun qardaşı Sadiq Laricani isə Ali Məhkəməyə rəhbərlik edib, hazırda Siyasi Məqsədəuyğunluğun Müəyyən Edilməsi Şurasının sədridir. Əgər ölkənin dini elitası “yaşıl işıq” yandırarsa, əsas namizədlərdən biri Əli Laricani ola bilər.

Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlili mühafizəkar qanadın nüfuzlu simalarındandır. 1965-ci ildə Məşhəd şəhərində anadan olan Cəlili siyasi elmlər üzrə təhsil alıb, Məhəmməd Peyğəmbərin xarici siyasəti adlı doktorluq dissertasiyasını müdafiə edib. İran-İraq müharibəsində iştirak edib, bir ayağını itirib. Daha sonra o, universitetdə dərs deyib, paralel olaraq İran Xarici İşlər Nazirliyində və dini liderin administrasiyasında çalışıb. Hazırda Siyasi Məqsədəuyğunluğun Müəyyən Edilməsi Şurasının üzvüdür. Qalibaf kimi o da bir neçə dəfə prezidentliyə namizədliyini irəli sürmüşdü. Rəisinin ölümündən sonra onun adı yenidən prezidentliyə mümkün namizədlər arasında hallanıb.

Keçmiş Prezident Mahmud Əhmədinejadın adı potensial namizədlər sırasında çəkilsə də, bu sadəcə onun tərəfdarlarının ortaya atdığı iddiadır. Son seçkilərdə ona olan münasibət göstərir ki, sabiq dövlət başçısının ictimai etimadı qazanması çətin olacaq. 

 

“Kənardan olan” namizədlər

İki nəfərin adı da namizədlər sırasında hallansa da, sonradan hər iki şəxs açıqlama yayaraq namizəd olmayacaqlarını bildiriblər. Ancaq maraqlı detal odur ki, hər iki şəxs Qumda yaşayır və din xadimidir. Ən əsası isə onların adı dini lideri – vəliyyi-fəqih postuna namizədlər siyahısında keçir. Bu iki şəxsin daha bir özəlliyi isə bu günə qədər dövlət postları tutmamaları, müəyyən mənada “kənardan olan” namizədlərə, daha dəqiqi, dini elitanın nümayəndələrinə çevrilmələridir.

Onlardan birincisi Ayətullah Əlirza Ərafidir. Yəzd vilayətindən olan, 1959-cu il təvəllüdlü Ərafi din elmləri üzrə ali elmi dərəcəyə malik fəqihdir (İslam hüquqçusu). Beynəlxalq əl-Mustafa İslam Universiteti şəbəkəsinin rəhbəri, Qum Elmi Hövzəsinin və Beynəlxalq İslam Elmləri Mərkəzinin rəhbəri, 2019-cu ildən isə İslam Respublikasında qanunlara rəy verən, eləcə də seçkilərdə namizədləri təsdiqləyən “Keşikçilər Şurası”nın üzvü təyin olunub. Ayətullah Ərafi, eyni zamanda Ekspertlər Şurası (Xubreqan) üzvüdür.

İkinci “kənardan olan” namizəd yenə Qumda yaşayan din xadimi Ayətullah Seyid Məhəmməd Mehdi Mirbaqiridir. 2015-ci ildən Ekspertlər Şurasının üzvü olan Ayətullah Mirbaqiri 1962-ci ildə Qum şəhərində anadan olub. Dini xadim, İslam Elmləri Mədəniyyət İnstitutunun rəhbəri və Ekspertlər Şurasının üzvüdür. O, həm də fiqhdən xaric dərsi deyir.

Hər iki şəxs, yəni Ayətullah Ərafi və Mirbaqirinin adı daha əvvəl İslam Respublikasının ali dövlət vəzifəsi olan vəliyyi-fəqih, yəni dövlətin birinci şəxsi postuna namizədlər arasında hallanıb.

Ancaq məlum olduğu kimi hər iki şəxs artıq təkzib bəyanatı veriblər. Bu addımı iki səbəblə izah etmək olar. Dini elitaya daxil olan bu şəxslər seçkilərə yalnız ali rəhbərliyin dəstəyini alacaqları halda gedə bilərlər. İkincisi, bu, həm də ali rəhbərliyə icazə çağırışı ola bilər.

 

Bundan sonra nə olacaq?

Dini lider Ayətullah Əli Xamenei mayın 19-da SEPAH nümayəndələri ilə görüşdə İbrahim Rəisinin qəzaya uğraması barədə danışarkən hər kəsi əmin edib ki, narahatlıq və iğtişaşlar üçün heç bir əsas yoxdur, çünki dövlət əvvəlki kimi fəaliyyətini davam etdirəcək.

İranda hazırkı siyasi sistemə əsasən, prezident dövlətin ikinci şəxsi hesab olunur, dövlətin birinci şəxsi isə ali dini lider və ya inqilab rəhbəridir. Dövlətin siyasi kursunu da dini lider müəyyən edir. Bu mənada İbrahim Rəisinin ölümü İranda siyasi sistem daxilində və xarici siyasətdə hər hansı dəyişikliyə səbəb olmayacaq.

Lakin Rəisinin ölümündən dərhal sonra onun postu uğrunda iddiaçıların ortaya çıxması və bu mövzunun xüsusi müzakirəyə çıxarılması onu göstərir ki, ölkənin gələcək rəhbərliyi, xüsusilə də növbəti dini liderin kimliyi mövzusu İran siyasi elitasının əsas mövzusudur. Sadəcə prezidentin deyil, həm də bu çətin dövrdə ölkənin idarəçiliyini öz üzərinə götürəcək liderin seçilməsi bu vəzifəni İranın mühafizəkar dini elitasının nümayəndələri arasından olan şəxsin tutması ehtimalını artırır.

Məşhəddə İbrahim Rəisinin dəfn mərasimindəki izdiham İranın hazırkı hakimiyyətinin tərəfdarlarının gücünə və qüvvələrini tez bir zamanda səfərbər edə bilməsinə işarə edir. Əli Xamenei dəfn mərasimindən sonra verdiyi açıqlamada bunu xüsusilə qeyd edib.



MƏSLƏHƏT GÖR:

88