Müəllif: NURANİ
Azərbaycanda ikiqat bayramdır. Ölkə mayın 28-də Müstəqillik Gününü qeyd edib, bu ərəfədə isə Qazax rayonunun Ermənistanın işğalı altındakı 4 kəndi üzərində nəzarət bərpa olunub. Dövlət Sərhəd Xidməti Baş Qərargahının Baş Sərhəd Mühafizəsi İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri üzərində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldıldığı haqda məruzə edib.
Politoloqlar bildirirlər ki, Bakı bununla böyük və ən əsası, qansız qələbəyə nail olub. Prezident İlham Əliyev Şuşada hələ mayın 10-da etdiyi çıxışı zamanı demişdi: «Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir».
Bəli, bu dəfə hər şey hərbi toqquşma olmadan baş verib. Qazax rayonuna məxsus kəndlərin geri qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin nəticəsidir.
İrəvan üçün çətin seçim
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarına nəzarətin Azərbaycana qaytarılması ümumilikdə 20 gün çəkmişdi. Üstəlik, o zaman söhbət üç kənddən yox, üç rayondan gedirdi. Qazaxın 4 kəndinin geri qaytarılması üçün isə məlum səbəblərdən vaxt lazım idi. Eyni zamanda, bunun İrəvan üçün heç də asan qərar olmadığına şübhə yox idi. Baş nazir Nikol Paşinyan qeyd olunan yaşayış məntəqələrinin sakinləri ilə keçirdiyi çoxsaylı görüşlərdə əsasən bir sadə həqiqəti onlara anlatmağa çalışırdı – bu kəndlər qanuni olaraq, Azərbaycana məxsusdur. Demək, onların geri qaytarılmayacağı təqdirdə müharibə qaçılmaz olacaq. Müharibədə isə artıq Ermənistanın heç bir şansı olmayacaq. «Hərbi heç-heçə» şansı belə. Döyüş meydanında aldığı iki darmadağından sonra İrəvan heç nəyə ümid edə bilməz. Onun hazırkı himayədarları isə çətin ki, tarixin gedişatını dəyişə biləcək gücdədirlər.
Nikol Paşinyan xalqına mayın 24-də ünvanladığı müraciətdə inqilabi sayılacaq tezis səsləndirərək, əslində, «tarixi Ermənistan» haqqında xəyallara «əl uzadıb». İndiyədək «dənizdən-dənizə böyük Ermənistan» arzusuna heç bir erməni lider «dil uzatmamışdı». Bu mənada yalnız Levon ter-Petrosyan 1997-ci ildə özünün məşhur «Hərb, yoxsa sülh? Düşünmək vaxtıdır» məqaləsində ehtiyatla toxunmağa çalışmışdı. O zaman Levon Akopoviç həmvətənlərinə başa çalmağa çalışmışdı ki, Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyi bir şəraitdə erməni lobbisinin də səylərinə rəğmən, Bakı neft müqavilələri imzalamağı və onları icra etməyi bacarıb. Belə bir vəziyyətdə qarşıda qüvvələr nisbəti heç bir halda Ermənistanın xeyrinə olmayacaq və demək, razılığa gedilməlidir. «Bu gün Ermənistan və Qarabağın ən güclü vaxtıdır. Lakin münaqişə həll olunmazsa, sabah onlar qat-qat zəifləyəcəklər. Bu gün imtina etdiklərimizi sabah xahiş etməli olacağıq, lakin tariximizdə dəfələrlə yaşandığı kimi, əldə edə bilməyəcəyik», - deyə Ter-Petrosyan bildirmişdi. Lakin onu eşidən, daha dəqiq desək, eşitmək istəyən olmadı.
Xatırladaq ki, Nikol Paşinyan Levon Ter-Petrosyanın «komanda»sından çıxıb. İndi həmin səs-küylü məqalə ilə baş nazirin bu gün yürütdüyü siyasət arasında əlaqə qursaq, hökumət başçısının addımları məntiqli görünür. Unutmayaq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə, Xocalıda, Malıbəylidə, Quşçularda, Ballıqayada, həmçinin bu gün Azərbaycanın nəzarətinə qaytarılmış Bağanis Ayrımda qətliamlar törətdiyi vaxtda Ermənistana məhz Levon Ter-Petrosyan rəhbərlik edirdi. «Sülh göyərçini» adına «yaxşı» namizəddir.
Xatırlayırsınızsa, Paşinyan da hakimiyyətə gələr-gəlməz, Azərbaycanla kompromis axtarışına, sülh danışıqlarını irəli aparmağa tələsmirdi. Onun hələ işğal altında olan Şuşada separatçılar üçün «parlament» tikmək, Araik Arutunyanın «inauqurasiya» mərasimini Şuşada keçirmək qərarları, Cıdır düzündə sərxoş halda rəqs etməyi yaddaşlardadır. Bakı ilə İrəvan arasında danışıqlar şansına son nöqtəni isə məhz Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə!» bəyanatı qoymuşdu. Hətta 44 günlük Vətən müharibəsindəki darmadağından sonra belə, Paşinyan bütün razılaşmalara rəğmən, Qarabağda 15 minlik silahlı qüvvə saxlayırdı.
İstənilən halda, iki darmadağından və silsilə sərhəd insidentlərindən sonra Paşinyan istəsə də, istəməsə də, hərbi güc balansını nəzərə almaq məcburiyyətindədir. Beynəlxalq hüquq və sərhədlərin tanınması kimi «xırda məsələlər»i də həmçinin. Bəli, Ermənistan 25 ildən artıq sərhədlərin toxunulmazlığı prinsipini də, BMT TŞ-nin qətnamələrini də, beynəlxalq hüququ da böyük lovğalıqla ayaqlayıb. Lakin məlum olub ki, belə oyunları müəyyən vaxtadək oynamaq olur – dəqiq desək, «Dəmir yumruğun» zərbəsinədək. Azərbaycan Prezidenti isə bu yumruğun hər zaman yerində olduğunu xatırladır.
Bakı ordu büdcəsinin, müdafiə xərclərinin, güc strukturları üçün vəsaitin artırıldığını bəyan edib. Bu, çətin ki, Ermənistan analitiklərinin diqqətini çəkməsin. Eyni zamanda Azərbaycan öz hərbi sənaye kompleksini də əminliklə inkişaf etdirir, bu işdə istər NATO üzvü olan Sloveniya, istərsə də Belarus kimi dövlətlə əməkdaşlıq edilir. İsrail və Türkiyə kimi ənənəvi tərəfdaşlar da öz yerində. Beləliklə, bu, Ermənistanın manevrlər edəcəyi vəziyyət deyil.
Bununla yanaşı, Qarabağda 2023-cü ilin payızında keçirilmiş antiterror əməliyyatından sonra İrəvanı onun üçün rahat olacaq kompromis variant təklif edən də yoxdur. İndi ermənilər reallıqla barışmaq məcburiyyətindədirlər. Əks təqdirdə müharibə və növbəti darmadağın qaçılmazdır. Odur ki, İrəvan istəsə də, istəməsə də qonşularına ərazi iddialarından əl çəkməli, revanş haqda düşünməməlidir. Artıq Azərbaycanla sərhədin beynəlxalq hüquqa və Bakının tələblərinə uyğun demarkasiya və delimitasiyasını həyata keçirmək vaxtıdır.
Revanşistlər baş qaldırır
İrəvan sona qədər sağlam düşünə biləcəkmi? Axı nə qədər paradoksal səslənsə də, Ermənistanda ictimai rəy Qarabağ, Türkiyənin Şərqi Anadolu və s. iddialarından imtina sənədinə imza atmaqdansa, növbəti hərbi məğlubiyyəti qəbul etməyə üstünlük verir. Hazırkı baş nazir Konstitusiyanı dəyişməli, oradan Qarabağ, Şərqi Anadolu və s. haqda fikirləri çıxarmalıdır. İrəvanda davam edən etirazlar fonunda Paşinyan bu yolu sonadək getməyə hazırdırmı? Ölkədə mayın 9-dan bu yana mitinqlər səngimir. Baş keşiş Baqrat Srbazanın liderliyi altında növbəti kütləvi etiraz aksiyasından sonra saxlanılanların sayı 200 nəfəri ötüb. Onların arasında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var. Ata Xaçaturovu Paşinyan artıq bir dəfə məsuliyyətə cəlb etməyə çalışıb. Bu, 1 mart 2008-ci ildə İrəvan küçələrində nümayişçilərin güllələnməsi nəticəsində 10 nəfərin həlak olması ilə bağlı idi. Həmin hadisə zamanı Y.Xaçaturov İrəvan qarnizonuna başçılıq edirdi.
Bəs indi oğul Xaçaturovun mitinqdə iştirakı Ermənistanın ordu sıralarındakı əhvalın «marker»i sayıla bilərmi? Bəli, polisi nəzarətə götürə bilib və «qırmızı beretlilər» İrəvan küçələrində mitinqçiləri «canla-başla» kötəkləyirlər. Amma ordu başqa məsələdir. Baş nazirin generallarla münasibəti əvvəllər də yaxşı olmayıb, indi də pisdir.
«Qarabağ bombası»
İndi Qarabağ şəhərlərinin keçmiş «mer»lərinin həbsi, onların evlərində axtarışların aparılması da gündəmdədir. Mayın 23-də vaxtilə Əsgəranın «mer»i olmuş Ayk Şamiryanın mənzilində axtarış aparılıb və o, saxlanılıb. Şamiryanın vəkili deyir ki, sabiq «mer» hadisədən əvvəl Baqrat Srbazanla görüşübmüş. Daha sonra Ağdərənin («Mardakert») keçmiş «mer»i Mişa Gürcyan saxlanılıb. Xankəndinin sabiq «mer»i Davit Sarqsyanın evində də axtarış aparılıb. Həbs həngaməsi keçmiş xuntanın üzvlərinin keşiş Srbazanla görüşündən sonra başlayıb. Maraqlıdır ki, həmin görüşə sonuncu «Artsax prezidenti», xuntanın özünü buraxdığına dair sənədə imza atmış Samvel Şahramanyan dəvət olunmayıb. Yəqin ki, bunu ona bağışlamırlar.
Qeyd edilməlidir ki, «qarabağlılar» Paşinyan üçün ordu və kilsədən heç də daha az təhlükə deyil. Ermənistana qaçmış separatçılar arasında kifayət qədər «səhra komandiri» də var, peşəkar terrorçular da. Onların Paşinyana nifrəti isə tükənməzdir.
Bütün baş verənlər fonunda xarici oyunçulardan da sürprizlər gələ bilər. Məsələn, Moskva Paşinyana və komandasına münasibətdə diplomatik nəzakət belə, göstərmir. Fransa da qeyri-müəyyən oyun oynayır. Nikol Paşinyanın səs-küylü Paris səfəri zamanı Emmanuel Makron baş naziri Fransa daşnaklarının rəhbəri Murad Papazyanın Ermənistana girişinə qoyulmuş qadağanın ləğvinə demək olar ki, məcbur edib. Halbuki Ermənistanda «Daşnaksutyun» partiyası hazırkı hakimiyyətin qatı müxalifidir. Belə bir vəziyyətdə ölkəyə gəlişinə məhdudiyyətin ləğv olunduğu Papazyan İrəvana yollanıb, nümayişçilərə dəstək verib və… Fransanın Ermənistandakı səfiri Olivye Dekatini tərəfindən qəbul edilib. Ekspertlər «Papazyan işi»ni Parislə İrəvan arasında ilk ciddi çat kimi qiymətləndirir. Bu, Fransadan ən xoşagəlməz gedişləri gözləməyin mümkün olduğunu bir daha göstərir.
Amma Paşinyanın da öz kozırları var. Onun siyasi uzunömürlülüyünün xeyrinə olan ilk məqam müxalifət sıralarında parlaq, xarizmatik liderin olmamasıdır. «Qarabağ klanı»nın keçmiş liderləri Robert Koçaryan, Serj Sarqsyan və s. «Paşinyana müxalifətin lideri» statusundan əl çəkmək istəmirlər ki, bu da baş nazirin yalnız xeyrinə işləyir. Ermənistan vətəndaşlarının əksəriyyəti Koçaryan və Sarqsyan dövrünün kriminal diktaturasının geri qayıtmasını istəmir və bunu «revanşizm sousu» ilə də qəbul etməyəcək.
Göründüyü kimi, Ermənistanda vəziyyət hələ çox sürprizlər vəd edir.
MƏSLƏHƏT GÖR: