4 Dekabr 2024

Çərşənbə, 23:00

YUBİLEY HƏDİYYƏSİ

30-cu Bakı Enerji Həftəsinin sürprizi Macarıstanın “MVM Group” şirkəti tərəfindən “Şahdəniz” yatağında 5%-lik payın alınmasına dair razılaşma olub

Müəllif:

15.06.2024

Bu yaxınlarda Bakı Enerji Həftəsinin (“Baku Energy Week”) otuzuncu ildönümü qeyd edilib. Gözlənildiyi kimi tədbirə çoxsaylı qonaqlar qatılıb. Bu il B2B formatında görüşlər və gözlənilməz sazişlərin imzalanması yenilik olub.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər bir daha təsdiq edib ki, qazıntı yanacaqlara hələ uzun illər tələbat olacaq və neft və qaza böyük maraq var. Ən əsası isə investorlar Azərbaycanın neft-qaz sektoruna təkcə diqqət göstərmir, onların bu sahə ilə bağlı çox böyük maraqları var.

 

Macarların at ilə gedişi

“Baku Energy Week”in əsas hadisələrindən biri Macarıstanın “MVM Group” şirkəti tərəfindən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5%-lik payın alınmasına dair sazişin imzalanması olub. Macarıstan tərəfinin Azərbaycan qazını almaq istəyində əzmkarlığını və buna nail olmaq qabiliyyətini təqdir etmək lazımdır. Ötən il “MVM Group” ilə SOCAR arasında 100 milyon kubmetr qazın alınmasına dair müqavilə imzalandıqdan sonra tərəflərin bəyanatlarından daha böyük həcmlər üçün müqavilənin bağlanacağı görünürdü. Lakin macarların “Şahdəniz”ə səhmdar olacağını ekspertlər gözləmirdi.

Hazırda “Şahdəniz” yatağının hasilat gücü gündəlik təxminən 79,5 milyon kubmetr və ya ildə təxminən 29 milyard kubmetr təşkil edir. Hasilat yatağın işlənməsinin “Alpha” (“Mərhələ-1”) və “Bravo” (“Mərhələ-2”) platformalarından həyata keçirilir. Böyük karbohidrogen ehtiyatları 20 ilə yaxındır ki, etibarlı və sabit hasilatı təmin edib. Ümumilikdə, kəşf edildiyi vaxtdan bəri burada 218 milyard kubmetrdən çox təbii qaz və 371 milyon barel kondensat hasil olunub.

Buradan hasil edilən təbii qaz uzunmüddətli alqı-satqı və nəqletmə müqavilələri əsasında Cənub Qaz Dəhlizi sistemi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropadakı istehlakçılara tədarük edilir.

Son vaxtlara qədər “Şahdəniz” yatağının işlənməsi üzrə müqavilədə tərəflərin pay iştirakı belə idi: BP (29,99% - texniki operator), LUKoil (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC (21,02%). Eyni zamanda xarici iştirakçıların tərkibi dəyişib - 2015-ci ildə Norveçin “Equinor” şirkəti layihəni tərk edib və onu Malayziyanın “Petronas” şirkəti əvəz edib. Son payın satışından sonra layihədə xarici sərmayəçilərin tərkibində dəyişiklik prosesi 2024-cü ilin sonuna qədər tamamlanacaq.

Macarıstanın “MVM Group” Bakı Enerji Həftəsində iki müqavilə imzalayıb: “Cənub Qaz Dəhlizi” QSC ilə “Şahdəniz”in işlənməsi layihəsində 5%-lik və “Azerbaijan Gas Supply Company Limited” ilə (AGSC) “South Caucasus Pipeline Company” şirkətində 4%-lik payın alınmasına dair. Qeyd edək ki, “South Caucasus Pipeline Company” Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) istismarına cavabdehdir. Sövdələşmənin 2024-cü ilin üçüncü rübündə bağlanacağı gözlənilir.

Beləliklə, “Cənub Qaz Dəhlizi”nin “Şahdəniz” layihəsindəki payı 21,02%-dən 16,02%-ə, AGSC-nin CQBK-dakı payı 21,02%-dən 17,02%-ə enib.

 

Zəmanətli şaxələndirmə

Rusiya qazının idxalından ciddi şəkildə asılı olan Macarıstan üçün bu saziş strateji addımdır. Bu ölkənin xarici işlər və xarici ticarət naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında sevincini gizlətməyib və vurğulayıb ki, bu saziş Macarıstanın enerji təhlükəsizliyində yeni mərhələ olacaq və ölkəyə qlobal enerji bazarında daha yüksək səviyyəyə çatmağa kömək edəcək.

O xatırladıb ki, “Şahdəniz”dən hasil edilən qazın böyük hissəsi Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur: “Praktikada qaza olan tələbatımızın əhəmiyyətli hissəsini ödəmək üçün resurslara sahib olacağıq. Macarıstan enerji bazarlarında ciddi dalğalanmalardan və qeyri-müəyyənlikdən daha çox qorunacaq”.

Macarıstanın energetika naziri Çaba Lantos da əmindir ki, “Şahdəniz” layihəsində payın alınması ölkənin böyük həcmdə təbii qaza çıxışını təmin edəcək. Əməliyyat 100% Macarıstan dövlətinə məxsus şirkət tərəfindən həyata keçirilsə də, MVM payı əldə etmək üçün öz resurslarından istifadə etdiyi üçün bu, dövlət büdcəsi üçün əlavə yükə səbəb olmayacaq.

“MVM Group”un baş direktoru Karoli Matray Bakı Enerji Forumunda çıxışı zamanı bildirib ki, “Şahdəniz” üzrə saziş şirkət üçün ən böyük sövdələşmə olub və Azərbaycan qaz layihəsində payın alınması Macarıstana qaz tədarükünü şaxələndirərək, bir mənbədən asılılığın azaldılması istiqamətində mühüm elementdir. O qeyd edib ki, SOCAR 100 milyon kubmetr “mavi yanacağ”ın alınması üzrə müqaviləyə əlavə olaraq ötən il Macarıstanın anbarlarına 50 milyon kubmetr qaz tədarük edib.

Bir sözlə, bu sövdələşmə Rusiya qazından asılılığını azaltmaq istiqamətində (bütün Avropa kimi) səy göstərən Macarıstan üçün son dərəcə vacibdir. Doğrudur, Budapeşt bunu özünəməxsus şəkildə edir. Yəni o, Rusiyadan qaz tədarükündən imtina etmir, əksinə bunu alternativ mənbələrlə həyata keçirir. Azərbaycandan sonra Rusiyaya yola düşən P.Siyarto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycanla yeni qaz sazişinə münasibət bildirərkən qeyd edib ki, Budapeşt Rusiya qazından tamamilə imtina etmək niyyətində deyil: “Biz diversifikasiyadan danışarkən bir mənbəni digəri ilə əvəz etməyi nəzərdə tutmuruq. Söhbət daha çox enerji təchizatçısının olmasından gedir. Buna görə də biz heç vaxt etibarlı tərəfdaşlıqdan imtina etmirik. Nə qədər çox mənbəniz varsa, əlbəttə ki, bir o qədər də təhlükəsizliyinizi təmin edirsiniz”.

Bu arada, “Kommersant” nəşrinin məlumatına görə, 5%-lik payın alınması Budapeştin Azərbaycandan hər il 1,5 milyard kubmetrdən çox “mavi yanacaq” tədarük etməsinə yardım göstərəcək. Müqayisə üçün (həcmləri nəzərə alsaq, bu, tam uyğun olmasa da) qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti ilə mövcud müqaviləyə əsasən, Macarıstan hər il 4,5 milyard kubmetr qaz alır. Müqavilə 2021-ci ildə imzalanıb və 2036-cı ilə qədər qüvvədədir.

Yeni sövdələşmə Macarıstanı zəmanətli qaz mənbəyi ilə təmin edib və onu müxtəlif fors-major vəziyyətlərdən sığortalayıb. Söhbət Rusiyadan qazın nəqlinin dayandırılması və ya Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinin gecikdirilməsi və digər gözlənilməz hallardan gedir.

Bakı isə Budapeştlə enerji sahəsində əlaqələri daha da genişləndirəcək, ölkənin neft-qaz sektorunda Macarıstanın investisiyalarının həcmi, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsi artacaq. Bunlar yalnız iqtisadi faydalardır. Macarıstanın MOL şirkətinin Azərbaycanın neft sektoruna investisiyaları artıq 2 milyard dolları ötüb.

 

Potensial iştirakçı

“Şahdəniz” yatağı ətrafında intriqa bununla bitmir. Asiyadan başqa bir oyunçunun layihəyə daxil olması ilə bağlı sual açıq qalır. Bu halda söhbət ümumiyyətlə Çindən yox, qardaş Özbəkistandan, daha doğrusu, “Özbəkneftqaz”dan gedir.

Özbəkistanın sərmayə, sənaye və ticarət naziri Laziz Kudratov may ayında Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumun kuluarında deyib ki, “Özbəkneftqaz” “Şahdəniz” layihəsində iştirakda maraqlıdır, SOCAR-la danışıqlar aparılır və yaxın aylarda Özbəkistan şirkətinin bu layihədə iştirakı haqqında müqavilə imzalamaq mümkün olacaq.

“Biz SOCAR-ın Özbəkistanda neft və təbii qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar aparırıq. Eynilə, “Özbəkneftqaz”ın qaz hasilatı layihələrində iştirakı məsələsi hazırda müzakirə olunur və bu danışıqlar yekun mərhələdədir”, - o qeyd edib.

L.Kadratov vurğulayıb ki, pay məsələsi hələ də müzakirə olunur və danışıqlar predmetidir: “Ümid edirik ki, bu, tezliklə baş verəcək”.

“Layihə mürəkkəbdir, hüquqi ekspertiza tələb edir və bu prosesə xarici məsləhətçilər də cəlb olunur. Amma biz perspektivlərlə bağlı nikbinik”, - nazir əlavə edib.

Avqust ayına qədər gözləmək qalır və o zaman tərəflərin konsensusa gəlib-gəlmədiyi və layihədə daha bir əsas oyunçunun yer alıb-almayacağı məlum olacaq. Amma bu istiqamətdə sövdələşmənin baş tutacağı ilə bağlı ciddi nikbinlik var. “Özbəkneftqaz”ı “Şahdəniz”ə buraxmaqla SOCAR eyni cavaba arxalana, yəni Özbəkistandakı iri neft layihələrinə çıxış əldə edə bilər. Bu, şirkətin 2035-ci ilə qədər korporativ strategiyasının bir hissəsi olaraq hədəf aldığı məsələdir. Söhbət xarici ölkələrdə “upsteam” layihələrdə iştirakdan gedir.

 

 

Tranzit müqavilələri

Söhbət “mavi yanacaq”dan getdiyi üçün “Baku Energy Week”in daha bir əlamətdar hadisəsini - SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın tədarükü və tranziti sahəsində beş sazişin imzalanmasını nəzərdən qaçıra bilmərik. Bu mərasimdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak ediblər.

Bu sənədlər bu il mayın 14-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi”ndən irəli gəlir. Bu müqavilələr sayəsində Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya və Naxçıvana, Türkmənistan qazı isə Azərbaycan və İran vasitəsilə Türkiyə bazarına çıxacaq.

Üstəlik, AGSC və BOTAŞ Azərbaycan qazının Türkiyəyə tədarükü ilə bağlı bu il başa çatacaq müqaviləni 2030-cu ilin sonuna qədər uzadıb.

Azərbaycan qazının Türkiyə vasitəsilə Naxçıvana çatdırılmasına gəlincə, bu il bizi daha bir əlamətdar hadisə gözləyir. Türkiyə hakimiyyəti gələn ilin qışında Naxçıvandakı soydaşlarımızı istiliklə təmin etmək üçün bu ilin sonunadək İğdır-Naxçıvan qaz kəmərini istifadəyə veriləcəyini vəd edir. A.Bayraktar qeyd edib ki, gücü gündəlik 2 milyon kubmetr olan qaz kəmərinin tikintisi üzrə işlər intensiv şəkildə davam edir: “Ümid edək ki, bu kəməri vaxtından əvvəl başa çatdıracağıq. Bu qış Türkiyədən, İğdırdan keçməklə Naxçıvana qaz tədarük olunacaq”.

 

Tərəfdaşlar axtarışında

Bakı Enerji Həftəsi maraqlı hadisələr və açıqlamalarla zəngin olub. Sloveniyanın ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen çıxışı üzərində dayanmaq istərdim. Onun mahiyyəti ondan ibarət idi ki, Sloveniya Rusiya qazından asılıdır və tədarüklərini şaxələndirmək üçün etibarlı tərəfdaşlar axtarır. Əlbəttə ki, Azərbaycan da belə tərəfdaşlardan hesab olunur.

“Azərbaycan təkcə Avropa İttifaqının deyil, Sloveniyanın da mühüm tərəfdaşıdır. Aİ-də istehlak edilən təbii qazın 1%-i Sloveniyanın payına düşür. Rusiya qazından asılıyıq, lakin yeni reallıqda məqsədimiz yeni tərəfdaşlar tapmaq və qaz təchizatı mənbələrini şaxələndirməkdir. Sloveniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyir”, - deyən T.Sersen uğurlu əməkdaşlığın ölkəsinin enerji təhlükəsizliyini gücləndirəcəyinə əminliyini ifadə edib.

O, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik etməsini alqışlayıb, bu konfransda Bakını dəstəkləyəcəyini və onun nəticələrinə töhfə verəcəyini vəd edib.

Yeri gəlmişkən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya nəqlinin həcmini ildə 20 milyard kubmetrə çatdırmaq planlarını nəzərə alsaq, Sloveniyanın Azərbaycanla qaz sahəsində tərəfdaşlıq qurmaq üçün imkanlarının olduğunu söyləyə bilərik.

Beləliklə, Bakı ilə Aİ ölkələri arasında qaz tədarükü və enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlığın kifayət qədər nümunələri var. Keçid dövründə yanacaq kimi qazın parlaq gələcəyinin proqnozlaşdırıldığını nəzərə alsaq, Azərbaycanın tərəfdaşlar siyahısına yeni ölkələrin əlavə ediləcəyini söyləmək olar. Lakin Macarıstan təcrübəsinin təkrarlanması çətin ki mümkün olsun.



MƏSLƏHƏT GÖR:

67