Müəllif: Samir VƏLİYEV
Avropa Parlamentinə (AP) iyunun 6-9-da keçirilən seçkidə sensasiya baş verməyib. Səsvermə nəticəsində 720 yerlik AP-də ilk yeri 184 mandatla Avropa Xalq Partiyası (AXP) (xristian demokratlar) tutub. İkinci yer Slsialistlərin və Demokratların Proqressiv Alyansına (sosial-demokratlar) qismət olub – 139 mandat. Üçüncü yeri 80 nəfərlə «Avropanı yeniləyərək» fraksiyasında birləşmiş liberal partiyalar koalisiyası tutub. Daha sonra mühafizəkar sağçı «Avropa mühafizəkarları və islahatçıları» (ECR, 73 yer), radikal sağçı «Eynilik və demokratiya» (ID Party, 58) gəlirlər. «Yaşıllar» 52 mandatla yalnız 6-cı ola bilib.
Müşahidəçilər əmindirlər ki, «Avropanın siyasi barometrinin çarğı sağa əyilib». Avropa Parlamentinə seçkilər tarixində ilk dəfədir ki, «avroskeptiklər» Avropa İttifaqında miqyasına görə ikinci siyasi gücə çevrilib.
Yeri gəlmişkən, bu, həm də Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra AP-yə keçirilən ilk seçki idi. Odur ki, «avroskeptiklər»in populyarlığı daha artıq narahatlıq yaradıb.
Seçki dövrünün əsas mbvzuları isə iqtisadiyyatın bərpası, Ukraynaya yardım, miqrasiya siyasəti, enerji keçidi məsələləri olub. Əsas müzakirə mövzusu isə əlbəttə ki, Avropa İttifaqının gələcəyidir. Odur ki, Avropanın aparıcı siyasətçiləri gələcəklə bağlı baxışlarını ortaya qoymaq üçün seçki kampaniyasına daha fəal qoşulmuşdular.
Arzular imkanlarla üst-üstə düşmədikdə
Fransa Prezidenti Emmanuel Makron daha güclü, daha inteqrasiya olunmuş, yüksək səviyyəli strateji muxtariyyətə malik Avropa İttifaqının yaradılmasını təklif edir. Lakin seçicilərin əksəriyyəti ərzaq və elektrik enerjisinə ödəniş problemləri fonunda beynəlmiləlçilikdən, yaxud daha güclü Avropadan danışmağa o qədər həvəsli görünmürlər. Onlar atmosferə buraxılan çirkli qazların həcminin azaldılması ilə bağlı hədəflərə tələsik nail olmağı da lazım bilmirlər, çünki bunun iqtisadi problemlərin həllinə mənfi təsir göstərəcəyini düşünürlər. Seçicilərin əksəriyyəti Aİ-nin miqrasiya siyasətindən də narazıdır. Bu da bəzi insanları millətçi, populsit çağırışlara meyilləndirir.
Avropa Komissiyasının sədri vəzifəsinə təkrar seçilməyi hədəfləyən Ursula fon der Lyayenin son həftələr daha çox tənqidə məruz qalması da təsadüf deyil. Nüfuzlu sağ-mərkəzçi AXP öz qurultayında onun namizədliyini dəstəkləsə də, guman olunur ki, fon der Lyayenin mövqeyinin zəifləməsi onun təkrar AK rəhbəri seçilməsi şansını azaldacaq.
İtaliyanın baş naziri Corca Meloni isə daha böyük iddialardadır. O, ümumiyyətlə, Aİ-nin siyasi sisteminin yenidən formalaşdırılmasını vacib sayır. Söhbət onun rəhbərlik etdiyi «İtaliyanın qardaşları» partiyasının Marin Le Penin Milli Birlik, Viktor Orbanın Fides, Yaroslav Kaçinskinin Haqq və Ədalət Partiyası və digər siyasi qüvvələrlə birləşərək nəhəng sağ-mərkəzçi fraksiya yaratmasından gedir. Bunun üçün ona Avropa Parlamentində sosial-demokratlar, liberallar və xristian-demokratlardan ibarət mövcud mərkəzçi koalisiyanı dağıtmaq, sonuncuları isə öz tərəfinə çəkmək lazımdır.
Baş nazirin dedikləri məhz bu plandan xəbər verir: «Biz həlledici seçim ərəfəsindəyik. Çünki Avropada seçki ilk dəfə olaraq qeyri-təbii və qeyri-məhsuldar çoxluğa son qoya bilər. Biz bir olmalı, ayaqlarımızı yerə möhkəm basmalıyıq. Gəlin üfiqə baxaq».
Lakin Ursula fon der Lyayen isə Corca Meloni arasında mümkün razılaşma bu planı poza bilər. Avropa Komissiyası sədrinin bir müddət əvvəl verdiyi mesajlar belə razılaşmanın mümkünlüyünü göstərir. Avropa İttifaqının gələcəyinə dair debatlar zamanı o, İtaliya baş nazirinin gələcək tərəfdaşlıq üçün vacib olan üç meyara cavab verdiyini söyləyib – Aİ tərəfdarıdır, Rusiya ilə müharibədə Ukraynanı dəstəkləyir və qanunun aliliyinə önəm verir. Fon der Lyayen deyib ki, bu üzdən də o, Avropa Parlamentinə iyunda keçiriləcək seçkidən sonra Meloninin «İtaliyanın qardaşları» partiyasından olan deputatlarla işləməyə hazırdır. Bu mesajı Meloni dəq əti rədd etməyib. Hər halda, çoxları düşünür ki, bu birlik Meloni və müttəfiqlərinə Aİ-nin həyata keçirəcəyi siyasətə təsir etmək üçün daha ciddi rıçaqlar verəcək, faktiki olaraq, prinsipial qərarların qəbulunda onu fon der Lyayenin tərəfdaşına çevirəcək. Bir sözlə, İtaliya baş nazirinin «Gəlin, üfiqə baxaq» çağırışına aid edilə biləcək məsələlər bunlardır.
Üfiqdə isə Aİ üçün tezliklə həlli vacib olan kifayət qədər problem görünür. Siyasi bölünmə fonunda onları çözmək o qədər də asan olmayacaq.
Makronun bəxtsizliyi
Fransanın Milli Birlik Partiyasının lideri Marin Le Pen də iki millətçi-mühafizəkar və ultrasağçı fraksiyanın birliyinə ümid edir. Bu, Aİ-nin yaşıl enerjiyə keçiddən tutmuş, Ukraynanın dəstəklənməsinədək bir çox əsas layihə və proqramının qəbulunu ləngidə və ya əngəlləyə bilər. Fransada keçirilən seçkidə Milli Birliyin qələbə qazanması hökumətin və şəxsən dövlət başçısının nüfuzunu son dərəcə ciddi zərbə olub. Söhbət özünü Aİ-nin siyasi lideri kimi təqdim edən ölkədən gedir.
Fransa Prezidenti Almaniyaya səfəri zamanı Drezdendeki çıxışında almaniyalı gənclərə müraciət edib: «Gəln oyanaq! Avropa sadəcə, insanların ümumi qaydaları razılaşdırdıqları məkan yox, dəyərlərin, mədəniyyətin, fərdi və siyasi azadlıqların dayağığdır! Avropalıları ümumi dəyərlər birləşdirir. Odur ki, Avropa hədəf yox, kompasdır». Bəs Makronun çağırışına onun öz ölkəsində qulaq asan azdırsa, o, Almaniya gəncliyindən nə gözləyir?
Xatırladaq ki, Avropa Parlamentinə səsvermədə Milli Birlik 31,8% səs yığıb. Prezidentin «Renessans» partiyasına cəmi 15,2% seçici səs verib. «Exit-poll»ların Marin Le Penin ultrasağçı partiyasının qalib gəldiyini elan etməsindən sonra Makron parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqda qərar verib.
Makronun paramentin buraxılması və 30 iyun-7 iyul tarixlərinə yeni seçki elan olunması qərarı Lepençilərin seçki siyahısına başçılıq etmiş Jordan Bardellanın bununla bağlı çağırışından sonra verilib. Demək, bundan sonra Fransanın siyasətini Makron və partiyası deyil, Milli Birlik müəyyənləşdirir. Marin Le Pen özü isə partiyasının Fransanı idarə etməyə hazır olduğunu bildirib.
Ümumiyyətlə, Makronun bəxti ikiqat gətirməyib. Bir yandan, o, evində darmadağın olunub, digər tərəfdən, Avropadakı əsas rəqiblərindən olan İtaliyanın baş naziri Corca Meloni mövqelərini daha da gücləndirib.
“İtaliya qardaşları»ndan örnək
Seçki göstərib ki, avropalı seçiciləri vahid Avropa tərəfdarı olsalar da, onu hazırkı aparıcı siyasətçilər kimi görmürlər. Avropa Xalq Partiyası qələbəni daha çox ona görə qazanıb ki, onun namizədləri sağçı və ya qatı sağçı partiyaların ritorikasından daha açıq şəkildə istifadə edib. Avropa Komissiyası sədrinin Avropanın ən qatı sağçılarından olan «İtaliyanın qardaşları» partiyası ilə əməkdaşlığa hazır olması isə Avropanın siyasi elitasında radikal mövqeləi siyasi təşkilatlarla kompromisin olduğunu göstərir.
Söhbət həm də enerji keçidi məsələsində kompromisdən gedir. Daha sağçı Avroparlament Aİ-nin iddialı iqlim siyasətinin reallaşdırılmasını çətinləşdirəcək. Amma eyni zamanda, bu günədək qəbul olunmuş qərarların əksəriyyəti yəqin ki, dəyişməz qalacaq. Qarşıdakı beş il üçün Aİ-nin enerji sahəsindəki qərarları ittifaqın qanunvericilik bazaına məsul olan AK-dən asılı olacaq. Seçkinin nəticələri isə göstərir ki, yeni, daha radikal qərarların qəbulu ciddi əngəllərlə üzləşə, bu isə Aİ-nin 2040-cı il üçün nəzərdə tutulmuş iqlim strategiyasının həyata keçməsinə mane ola bilər. Söhbət atmosferə zəhərli qazların buraxılmasının 90% azaldılmasını nəzərdə tutan strategiyadan gedir.
Aİ-nin miqrasiya siyasəti ətrafında da diskussiyalar qızışa bilər. Yeni Avropa Parlamentdəki anti-miqrasiya əhvalı qeyri-leqal miqrantlara qarşı məhdudlaşdırmanın sərtləşəcəyini düşünməyə əsas verir. Afrika və Yaxın Şərqdən Avropaya miqrasiya pik nöqtəsinə 2015-ci ildə çatıb və o vaxtdan təxminən 10 il keçir. Xatırladaq ki, məhz 2015-ci il «miqrasiya böhranı»nın başlama ili adlandırılır. Ötən dövrdə qeyd olunan regionlardan Aİ-yə milyondan artıq insan üz tutub. Rəqəmlər hələ də yüksək olaraq qalır. 2023-cü ildə Aralıq dənizi ilə Avropa sahillərinə çatmış miqrantların sayı 275 min olub (2022-ci ildə 180 min). Aİ və onun bəzi üzvləri bu axına nəzarət etmək üçün qapapı qapılar siyasəti həyata keçirib. Onların xarici sərhədlərə və anti-miqşrasiya siyasətinə daha sərt nəzarəti ilə Avropa «qala»ya çevrilib. 2014-cü ildən 2022-ci ilədək Aİ-nin xarici sərhədlərində sərhəd çəpərinin ümumi uzunluğu 315 kilometrdən 2048 kilometrə çatıb. Bununla yanaşı, vəziyyətə nəzarət edilməsi üçün tez-tez Silahlı qüvvələrdən də istifadə olunur.
Avropa Parlament bu yaxınlarda miqrasiya və sığınacaq verilməsi haqqında yeni pakt qəbul edib. O, üz tanınması texnologiyasından istifadəni və biometrik məlumatların toplanılmasını nəzərdə tutur. Miqrantların üz görüntüsü və barələrindəki məlumatlar 10 ilədək qorunub saxlanıla bilər və polisin bütün Aİ ərazisində həmin məlumatlar bazasına çıxışı olacaq. Yeni şəraitdə bu siyasətin daha da sərtləşəcəyi istisna deyil.
Seçkiyə bir neçə gün qalmış Avropanın miqrasiya siyasətinin əsas tənqidçisi olan Corca Meloni Tiranaya səfər edərək, albaniyalı həmkarı Edi Rama ilə yeni miqrasiya razılaşmasını müzakirə edib. O, Albaniyada miqrantların qəbulu mərkəzinin yaradılmasını nəzərdə tutur. Tərəflər 2023-cü ilin noyabrında 5 illik razılaşma imzalayıb. Razılaşmaya əsasən Albaniya 3 minədək miqranta sığınacaq vermək öhdəliyi götürüb. Sığınacaq müraciətlərinə baxılması təxminən 1 ay çəkir. Bildirilir ki, Albaniyaya sığınacaq almaq üçün ildə 36 minədək miqrant müraciət edə bilər. Avropa Komissiyasının bəyənəcəyi təqdirdə bu modeli digər ölkələrin də qəbul edəcəyi deyilir.
Nəhayət, yeni AP-də Ukraynanın dəstəklənməsinin vacibliyinə skeptik yanaşanlar da kifayət qədər çoxdur. Onlar hesab edirlər ki, ilk yerdə daxili siyasi məsələlər durmalı, Ukraynaya iqtisadi və hərbi-texniki dəstək mövzusu isə sonra gəlməlidir. Belə düşünənlərin qeyd olunan istiqamətdə qərarların qəbuluna təsir göstərəcək dayanıqlı çoxluq formalaşdırı bilib-bilməyəcəyi, yaxud son illərin siyasətinin dəyişib-dəyişməyəcəyini Avropa Komissiyası rəhbərliyinə seçkinin nəticəsi göstərəcək. Bu isə ən tezi 2024-cü ilin noyabrında baş verəcək.
MƏSLƏHƏT GÖR: