23 Noyabr 2024

Şənbə, 19:23

MÜHAFİZƏKARLAR ARASINDA GƏRGİNLİK

Prezident seçkisi ərəfəsində İrandakı vəziyyət və parçalanma haqda

Müəllif:

15.06.2024

İyunun 28-də İran 9-cu prezidentini seçəcək. İran İslam Respublikasının mövcudluğu dövründə on dördüncü növbədənkənar prezident seçkiləri öncəsi müşahidə olunan hazırlıq tempi və ajiotajın səviyyəsi dərin təəssürat yaradır. Hazırkı seçki kampaniyası həm tez başlaması, həm də baş verənlərin dinamizmi ilə əvvəlkilərdən açıq şəkildə fərqlənir. Bunun bir neçə səbəbi var.

Birincisi, doqquzuncu prezident ölkənin birinci şəxsi, yəni inqilab lideri və İranın ali lideri postuna seçkilərin təşkilinə cavabdeh ola bilər. Bu isə çox mühüm amildir. Çünki hazırkı dini lider Ayətullah Əli Xameneinin yaşı və səhhəti İranda yeni dini lider seçkiləri və mümkün namizədlər barədə müzakirələrin artmasına səbəb olub. Yeni dini lider seçkiləri və ali hakimiyyətin ötürülməsi prosesini isə həmin vaxt prezident postunda oturan şəxs həyata keçirəcək. Bu mənada keçid dövrü prezident postunda kimin olacağı çox mühüm amildir.

Digər tərəfdən bundan əvvəlki, yəni İranda yeganə dini lider seçkiləri (inqilab rəhbəri Ayətullah Ruhullah Xomeyni qurucu lider olduğu üçün bu vəzifəyə seçilməyib - “R+”) 1989-cu ildə keçirilib və o zaman prezident olan Ayətullah Əli Xamenei prezident postundan dini liderliyə keçib. Bu səbəbdən də “keçid dövrü” prezidenti İran siyasəti üçün xüsusi rola malikdir.

Əlbəttə ki, oxşar müzakirələr 2021-ci ildə prezident seçilən mərhum İbrahim Rəisi haqqında da deyilirdi. Hətta Rəisi dini liderin potensial varisləri siyahısında idi. Ancaq helikopter qəzası bu vəziyyətin dəyişməsinə səbəb olub. Nəticədə indiki prezidentlik yarışı çox sayda gözlənilməz hadisələrin baş verə biləcəyi kifayət qədər qeyri-adi prosesə çevrilib. Görünən odur ki, hakimiyyət daxilindəki qruplar arasında rəqabət daha da kəskinləşib.

 

Namizədlərin “süzgəcdən keçirilməsi”

Maraqlıdır ki, prezidentliyə namizədlər arasında mübarizə hələ onların qeydə alınmasından əvvəl başlayıb. İran konstitusiyası və qanunlarına, eləcə də müəyyən edilmiş növbədənkənar seçki təqviminə əsasən, Daxili İşlər Nazirliyi yanında müvafiq komissiyaya ərizələrin verilməsi müddəti mayın 30-dan iyunun 3-dək müəyyən edilib. İyunun 12-dək isə DİN və daha sonra “Konstitusiyanın Mühafizə Şurası” və ya “Keşikçilər Şurası” adlı 12 nəfərlik (6 din xadimi və 6 hüquqşünas) qurum tərəfindən namizədliyə iddialıların sənədləri yoxlanılıb uyğun şəxsləri qeydə almalıdır.

İki həftəlik seçki kampaniyasından sonra (12-27 iyun) prezident seçkiləri iyunun 28-də keçiriləcək. Lakin qeyd edildiyi kimi, hazırkı seçki kampaniyası gözləniləndən tez başlayıb.

Məlum olduğu kimi, namizəd olmaq üçün 170-dən çox insan müraciət etsə də, DİN-in müvafiq komissiyası onlardan meyarları uyğun gələn 80 nəfərin sənədlərini qəbul edib. Maraqlıdır ki, bundan əvvəlki seçkilərdə 592 nəfər prezidentliyə namizəd olmaq üçün müraciət etmişdi. Hətta daha əvvəl 1500 insanın müraciət etdiyi seçkilər də olub. Əlbəttə, ən yaxşı halda adətən bir neçə müraciət edən müvafiq qurumların “süzgəcindən keçir”. 

 

Qeydiyyatdan keçməmiş namizədlərin çəkişməsi

Mümkün namizədlər arasında “kompromat müharibəsi” artıq iyunun əvvəlində, yəni iyunun 10-da onlar haqqında yekun qərar qəbul edilməmişdən əvvəl başlayıb. Maraqlıdır ki, bu dəfə qarşıdurma “ənənəvi” siyasətçilər və daha əvvəl seçkilərdə iştirak etmiş şəxslər arasında deyil, nisbətən yeni sayılacaq iki nəfər arasında başlayıb və belə görünür ki, onların arxasında ciddi qüvvələr dayanır.

İranın Ali Rəhbərinin Aparatının nüfuzlu və sirli siması, Seyid Vəhid ləqəbli Vahid Haqqaniyan və hazırkı yollar və şəhərsalma naziri Mehrdad Pazarpaş arasında gərginlik hər iki şəxs namizədliyini irəli sürdükdən dərhal sonra başlayıb.

Belə ki, öncə prezidentliyə namizədliyini irəli sürən Vahid Haqqaniyandan bəhs edən videoçarx yayılıb. Görüntülərdə Haqqaniyanın dini liderin ofisinin əməkdaşı kimi gördüyü işlər və ali dövlət rəhbərliyinə yaxınlığına işarə olunmasına cavab “Sepah”a yaxınlığı ilə tanınan “Tasnim” Xəbər Agentliyindən gəlib. Agentlikdə dərc olunan məqalədə ali dini liderin seçkilərdə heç bir namizədi dəstəkləmədiyi vurğulanır və bu şəkildə dini liderin adından istifadə tənqid olunurdu.

Bu məqalə dərc edildikdən dərhal sonra Haqqaniyan cavab verib: “Onlar arzuladıqları namizədin uğursuzluğa düçar olacağından qorxurlar”. Eyni zamanda medianın siyasi qrupların əlində alət olduğuna işarə edərək prezident seçiləcəyi təqdirdə KİV sahəsində islahatlar aparacağını bildirib. Bundan başqa, Haqqaniyan “Tasnim”in “Sepah”ın nəzarətində olmasına eyham vuraraq bəzi media orqanlarının dövlət xəzinəsi və hərbi büdcədən maliyyələşməsinə işarə edib. Başqa sözlə, Haqqaniyan ona qarşı dərc olunan məqalədə dolayı yolla “Sepah”ı ittiham edib.

Ancaq mövzu bununla da bitməyib. Bir gün sonra Mehrdad Pazarpaşa məxsus olduğu iddia edilən “Vətəni-Emruz” qəzeti prezidentliyə namizədlərlə bağlı geniş təhlil hazırlayıb və burada şanslı namizədlər arasında V.Haqqaniyana yer verməyib.

Buna cavab olaraq, İran siyasi isteblişmentinin islahatçı qanadına yaxınlığı ilə tanınan “Khabaronline” saytı Mehrdad Pazarpaşa həsr olunmuş geniş tənqidi məqalə dərc edib. “Əhmədinejadın gözünün nuru” adlı məqalədə onun hakimiyyət pillələrində sürətlə irəliləməsi, “fundamentalist-eksremistlər” cəbhəsindən olması vurğulanır. Yazıda iddia olunur ki, Pazarpaş Şərif Universitetində təhsil aldığı dövrdə “Bəsic” dərnəklərinə qoşulub və aktiv mühafizəkar cinahda yer alıb. Eyni zamanda atası Mahmud Əhmədinejadla yaxın olduğu üçün Tehran meri işləyən Əhmədinejadın müşavirləri sırasına daxil olub. Daha sonra isə Mədəniyyət Mərkəzinə direktor təyin edilib.

Sonrakı illərdə isə Pazarpaş gənc olmasına baxmayaraq, ölkənin ən böyük avtomobil zavodlarından biri olan “Saipa”da idarəedici direktor vəzifəsində çalışıb. Bir müddət sonra isə Milli Gənclər Təşkilatı rəhbərliyinə gətirilib və iddialara görə, bu zaman “Vətəni-Emruz” adlı mühafizəkar qəzeti təsis edib.

Məqalədə iddia olunub ki, Mahmud Əhmədinejad hökumətinin ikinci dövründə bir müddət müşavir vəzifəsində çalışdıqdan sonra Pazarpaşla yolları ayrılır və 2012-2016-cı illərdə parlamentin deputatı olur. Bundan sonra isə hazırkı parlament spikeri və prezidentliyə namizəd, keçmiş “Sepah” generalı Məhəmməd Baqir Qalibafın da dəstəyi ilə Pazarpaş Hesablama Məhkəməsinin sədri (2020-2022-ci illər) təyin olunur. İbrahim Rəisinin komandasına əvvəl daxil olmasa da yollar və şəhərsalma naziri Rüstəm Qasıminin ölümündən sonra Pazarpaş Rəisi komandasına daxil olur və yollar və şəhərsalma naziri təyin edilir.

İndi isə Pazarpaş keçmiş rəisləri və himayəçiləri olan Mahmud Əhmədinejad, həm Qalibaf, həm də mühafizəkar Səid Cəlili ilə birlikdə prezidentliyə namizəd olub.

Qarşılıqlı ittihamlarla dolu yazılardan belə görünür ki, Pazarpaş mühafizəkar qanadda əhəmiyyətli gücə sahib olan “Sepah” tərəfindən dəstəklənir. Maraqlı məqam odur ki, “İnqilab Keşikçiləri” prezidentliyə iddiasını ortaya qoymuş keçmiş “Sepah” generalları və veteranları olan Səid Cəlili, Əli Laricani, Məhəmməd Baqir Qalibaf və eləcə də general Vahid Haqqaniyan və digərlərini deyil 43 yaşlı gənc kadrı irəli verib.

Pazarpaşın gənc olması, daha əvvəl seçkilərdə iştirak etməməsi, haqqında ciddi korrupsiya və siyasi ittihamların olmaması və nəhayət, gəncliyi, ona təsir imkanlarının olması görünür ki, “İnqilab Keşikçiləri” üçün əsas meyarlar olub.

Pazarpaşla, əslində isə “İnqilab Keşikçiləri” ilə seçki kampaniyası başlamamışdan əvvəl toqquşan Vahid Haqqaniyan özü də maraqlıdır ki, “Sepah”dan gəlir. 62 yaşlı Seyid Vahid Haqqaniyan İran-İraq müharibəsində iştirak edib, ağır yaralanıb. Daha sonra “İnqilab Keşikçiləri” ordusunda müxtəlif vəzifələr tutub, o cümlədən “Sarallah” patrullarının komandiri - generalı olub.

Sonrakı dövrdə isə Haqqaniyan ali dini liderin dəftərxanasında “xüsusi işlər” üzrə müavin postunu tutub, dini liderin ən yaxınında yer alıb. Həmçinin bir sıra mühüm dövlət layihələrinin icrasına nəzarət edib. 2018-ci ildə ABŞ-nin sanksiyalar siyahısına daxil edilib. Bu dövrdən sonra “kölgəyə” çəkilib, ictimaiyyət arasında görünməyib. Onun prezident seçkilərində iştirak qərarı İranda gözlənilməz olub. O, müraciəti zamanı jurnalistlərə bildirib ki, seçkilərdə iştirakı “öz qərarıdır”. Lakin seçki yarışına qatılması ilə bağlı videoçarxda onun dini liderə yaxınlığı ön plana çəkilib və bu səbəbdən də rəqibləri ona məhz bu istiqamətdən zərbələr vurublar.

Vahid Haqqaniyanın başqa bir fərqləndirici xüsusiyyəti onun dini liderin oğlu, Qərb mediasında son zamanlar daha çox haqqında bəhs olunan Müctəba Xamenei ilə yaxınlığıdır. Maraqlıdır ki, Müctəba Xameneiyə yaxın olan daha bir kadr, “Sepah”ın kəşfiyyat xidmətinin rəisi Hüseyn Taeb 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

Hər iki şəxsin ortaq tərəfi “Sepah”da daha əvvəl yüksək vəzifə tutmaları, Müctəba Xameneiyə yaxın olmaları və son bir neçə ildə “vurulmalarıdır”. Belə görünür ki, “Sepah” daxilində Müctəbanın ciddi rəqibləri var. Bu səbəbdən də ona yaxın hesab olunan kadrlar “vurulur”, hətta prezidentliyə namizədliyinə qarşı cəbhə açılır.

Digər tərəfdən  bu münaqişə qarşıdakı dövrdə İranda ən yüksək dövlət postu uğrunda mübarizənin güclənməsinin xəbərçisi sayıla bilər.

 

Digər şanslılar

İran mediası iyunun 28-də keçiriləcək seçkilərində şanslı namizədlər kimi Pazarpaş və Haqqaniyanla yanaşı parlamentin spikeri, keçmiş general və Tehran meri Məhəmməd Baqir Qalibaf, parlamentin keçmiş spikeri, xarici işlər naziri və “Sepah” generalı olmuş Əli Laricani, islahatçı prezidentlər dövründə vitse-prezident və nazir postları tutmuş İshaq Cahangiri, mühafizəkar siyasətçi, nüvə danışıqlarına rəhbərlik edən və Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, Tehranın mühafizəkar xətt tərəfdarı meri Əlirza Zəkani, Mərkəzi Bankın keçmiş sədri islahat qanadına aid Əbdül Nasir Hemməti, keçmiş vitse-prezident və müxtəlif nazirliklərə rəhbərlik etmiş Məhəmməd Şəriətmədari, keçmiş daxili işlər naziri və dövlət nəzarət xidmətinin keçmiş rəisi, Mübariz Ruhanilər Cəmiyyətinin baş katibi Mustafa Purməhəmmədi, parlamentin keçmiş vitse-spikeri Əli Nikzad, eləcə də keçmiş vitse-spiker Məsud Pezeşkiyan kimi şəxsləri qəbul edirdilər.

Lakin iyunun 9-da namizədlərin yekun siyahısı açıqlanıb və məlum olub ki, ali hakimiyyət namizəd siyahısında ciddi düzəliş edib. Cəmisi 6 namizəd - Mustafa Purməhəmmədi, Məsud Pezeşkiyan, Əmirhüseyn Qazizadə, Əlireza Zakani, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - qeydə alınıb.

Güman ki, Haqqaniyan və Pazarpaş “kompromat savaşı” aparmaqla dini liderin “əxlaqlı siyasət” çağırışına əməl etmədikləri üçün cəzalandırılıblar. Bu həm də bundan sonrakı dövrdə mühafizəkar cinah daxilində rəqabətin güclənəcəyini göstərir.

 

Yekun

İran Konstitusiyasının 115-ci maddəsində qeyd olunur ki, prezident İran əsilli, ölkə vətəndaşı olan, idarəetməni bacaran, yaxşı iş təcrübəsi, etibarlı, təqvalı və imanlı şəxs olmalı, İslam Respublikasının əsasları və ölkənin rəsmi dininə etiqad edən şəxs olmalıdır.

Prezident seçkilərində iştirak etmək üçün vətəndaşın imza toplamasına və ya siyasi qrupun dəstəyinə ehtiyacı yoxdur. Qeyd olunan meyarları 12 nəfərlik üzvü olan “Konstitusiyanın Mühafizəçiləri Şurası” araşdırıb qərar verir. Namizədin ən azı 40, ən çoxu 75 yaşı ola bilər. Magistr təhsili və ya müvafiq dini təhsili olması şərtdir. Bütün bu meyarlara cavab verən şəxs seçkilərə buraxılır. Qeyd edək ki, “Konstitusiyanın Mühafizəçiləri Şurasının” din xadimlərindən ibarət 6 üzvünü dini lider, hüquqşünaslardan ibarət 6 üzvünü isə məhkəmə hakimiyyəti təyin edir.

Yalnız bundan sonra namizəd ümumxalq səsverməsinə çıxarılır və daha çox səs qazanan şəxs İran prezidenti olur. Əlbəttə, prezident seçkilərində İrandakı hərbi, dini və siyasi elitaların böyük rolu var. Son illərdə görünür ki, mühafizəkar cinah daxilində ciddi parçalanmalar var. Bu dairələrin nümayəndələri arasında ilk seçkiqabağı münaqişənin yaranması prezidentlik yarışında konkret olaraq mühafizəkarlar düşərgəsində vəziyyətin gərginliyindən xəbər verir. İndiki şəraitdə isə Səid Cəlilinin şansı bir qədər yüksək ola bilər.



MƏSLƏHƏT GÖR:

67