Müəllif: NURANİ
Ən uzun yol ilk addımdan başlayır. Bakı ilə İrəvan arasında sülh prosesində sanki ilk addım artıq atılıb. 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri sanki sülh yolundakı əsas maneə olan ərazi məsələsini aradan qaldırıb. Azərbaycan işğal altındakı torpaqlarını azad, ərazi bütövlüyünü bərpa edib. Bununla da erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı danışıqlar prosesinə ehtiyac qalmayıb.
44 günlük savaş bitər-bitməz, Ermənistan Ağdam və Kəlbəcər rayonlarından, həmçinin Laçın rayonunun bir hissəsindən qoşunlarını çıxarmağa razılaşıb. Antiterror əməliyyatından sonra isə qanunsuz xuntanın başçısı Samvel Şahramayan separatçı rejimin özünü buraxması haqda qərara imza atıb. Daha sonra Praqada aparılan danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata bəyannaməsi əsasında tanıdığına dair sənədi imzalayıb. Bu yaxınlarda isə Bakı ilə İrəvan Qazax rayonunun 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılmasına dair də razılığa gəlib.
Lakin belə bir vəziyyətdə sülh prosesi yenidən ləngiməyə başlayıb və onun tezliklə həll olunacağını göstərən əlamətlər yoxdur. Söhbət Ermənistan Konstitusiyasına edilməli olan dəyişikliklərdən gedir.
İlham Əliyevin «konstitusiya ultimatumu»
Bu problemin, həqiqətən də, mövcud olduğunu Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib. Dövlət başçısı bildirib ki, «bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik».
İlham Əliyev Ermənistan ictimaiyyətində revanşist əhvalın hökm sürdüyünü də xatırladıb, bildirib ki, «onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir».
Söhbətin nədən getdiyini yada salaq. Ermənistan Konstitusiyasının preambulasında ölkənin 1990-cı il avqustun 23-də qəbul edilmiş müstəqillik bəyannaməsinə istinad olunur. Orada isə Ermənistan SSRİ Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarındakı «miatsum»dan, yəni «Ermənistanın Qarabağla birləşməsindən» bəhs edilir. Aydındır ki, Ermənistanın Azərbaycan ərazisini Bakının razılığı olmadan özünə birləşdirməsinin hüquqi əsası nə o zaman olub, nə də indi var. Lakin hüquqi baxımdan bu norma hələ də qüvvədədir.
Bəli, müstəqillik bəyannaməsində belə «hüquqi bomba» olan Ermənistan 21 dekabr 1991-ci ildə sənədi imzalayaraq, mövcud sərhədlərin tanınması və ona hörmət edilməsi öhdəliyini də üzərinə götürüb. Lakin sənədin ratifikasiyası zamanı Ermənistan Ali Soveti ona 10 düzəliş edib – orada da Azərbaycanın Qarabağ bölgəsinə iddia yer alır, Qarabağın guya MDB-yə «müstəqil dövlət» kimi üzv olması ideyasından danışılır.
Təbii ki, bu düzəlişlərin heç bir hüquqi gücü yox idi və ola da bilməzdi. Hər halda, artıq 1992-ci il fevralın sonu, martın əvvəlində Azərbaycanla Ermənistan BMT-yə qəbul olunan zaman tanınan sərhədlər özündə ermənilərin «düzəlişlər»ini və Qarabağa iddiasını əks etdirmirdi. Bundan başqa, 1993-cü ilin yazında BMT TŞ Qarabağla bağlı 4 qətnamə də qəbul edib.
Buna baxmayaraq, Ermənistanda bütün bu təxribatçı «norma» və formullar hələ də hüquqi qüvvəsini qoruyub saxlayır. Sülh müqaviləsinə münasibətdə bu, son dərəcə təhlükəli ola bilər.
Konstitusiya sülhə qarşı
Ekspertlər, o cümlədən azərbaycanlı ekspertlər deyirlər ki, diplomatların razılaşdıracağı və dəqiqləşdirəcəyi sülh müqaviləsi mətin Ermənistan Konstitusiya Məhkəməsindən də keçməli və daha sonra parlament tərəfindən ratifikasiya olunmalıdır. Məhz bu mərhələdə o, «Ermənistan Konstitusiyasına zidd» sənəd kimi qiymətləndirilə bilər.
Ekspertlər bu mənada, 2010-cu ildə Ermənistanla Türkiyə arasında imzalanmış Sürix protokollarını xatırladırlar. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan o zaman Ermənistanın regionda formalaşmış sərhədləri tanıyacağı, mübahisəli tarixi məsələlərin araşdırılması üçün Türkiyə ilə birgə komissiyanın yaradılana kimi öhdəliklərin yer aldığı sənədi imzalasa da, Ermənistan Konstitusiya Məhkəməsi ortaya fərqli mövqe qoymuşdu. Məhkəmə belə qənaətə gəlmişdi ki, İrəvan bu sənədləri imzalasa da, Şərqi Anadolunun 6 vilayətinə yenə də iddia edə, mifik «erməni soyqırımı» haqda tezislərin irəli sürülməsini davam etdirə bilər.
Odur ki, ola bilsin ki, Konstitusiya Məhkəməsi sülh müqaviləsinin ratifikasiyasına imkan verəcək, lakin eyni zamanda müəyyən edəcək ki, həmin sənədə atılmış imzalar Ermənistanın «Qarabağ ermənilərinin müqəddəratını təyin etməsi, onların təhlükəsizliyinə beynəlxalq zəmanət verilməsi tələbinə mane olmur».
Paşinyanın Sovet İttifaqı dövrünün sərhədlərinin tanınmasına dair Praqa razılaşmasına atdığı imza da etibarlı zəmanət sayıla bilməz. Hər halda, İrəvan 1991-ci ildə Alma-Ata bəyannaməsini imzalayan zaman da Qarabağa iddiasını davam etdirirdi və sonradan o, bu münaqişəni tammiqyaslı müharibəyə çevirmiş, əsl soyqırımı törətmiş, Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi… Ermənistan Ali Sovetinin Alma-Ata bəyannaməsinə etdiyi 10 «düzəliş» də qalmaqdadır.
Bu müddətdə Ermənistan saysız-hesabsız təxribatçı qanun, qanunsuz akt, xidməti təlimat və s. qəbul edib, həmin sənədlərdə də Azərbaycan ərazilərinə iddialar yer alır.
Belə vəziyyətdə Azərbaycanın narahatlığı anlaşılandır. Nə qədər ki Ermənistan Konstitusiyasında belə təhlükəli formul yer alır, İrəvanla imzalanacaq heç bir sənəd tamhüquqlu sülh müqaviləsi olmayacaq. İrəvan istənilən an öz konstitusiyasına istinad edərək, ondan boyun qaçıra bilər. Odur ki, Bakının konstitusiya islahatları məsələsində İrəvanı «sıxmaq» əzmi nümayiş etdirməsi təəccüblü deyil.
Qorxu və Baqramyan, 26-ya ümid
Ermənistanda bir müddət sanki konstitusiya islahatlarından danışırdılar. Lakin sonradan mövzu qapadıldı. Bunun da izahı var.
Diplomatların da dediyi kimi, köhnə münaqişələrin həlli zamanı proses əvvəlcə sanki sürətlə və uğurla gedir. Diplomatlar, ali səviyyəli liderlər görüşür, hər kəs simasında təbəssümlə protokollara imza atır, dayanıqlı, uzunmüddətli sülhə nail olunması istiqamətində işlərin aparılacağı vədləri verilir, bəzən son dərəcə gözəl jestlər də edilir. Lakin sonra kardinal, geri dönüşü olmayacaq qərarların verilməsi mərhələsi çatır və bu mərhələdə çox vaxt sanki sülhün fitili sönür. Paşinyan üçün müharibədə uduzmaq və buna görə bütün günahı ayrı-ayrı komandir və zabitin, Türkiyənin Azərbaycana yardımının, «Suriya yaraqlıları»nın, 366-cı alayın siyasi texnologiyasını təkrarlamayan Rusiyanın mifik «satqınlığ»ının üzərinə yıxmaq daha asan idi, nəinki «miatsum» ideyasının üzərindən xətt çəkəcək sənədi imzalamaq. Çünki bu, artıq geri dönüşü olmayacaq addımdır və onun məsuliyyətidir.
Əlbəttə, güman etmək olar ki, Paşinyan xalqın qəzəbinə gələ biləcəyindən ehtiyatlanır. Onu da nəzərə almaq lazımdır ki, konstitusiyaya dəyişiklik referendum vasitəsilə olur və demək, yaxşı təbliğat da lazımdır. Paşinyan isə artıq bir dəfə etiraz dalğası ilə qarşılaşıb – 2020-ci ilin noyabrı kapitulyasiyasından sonra. Son olaraq isə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından sonra keşiş Baqrat Qalstyanın rəhbərliyi ilə yeni etiraz dalğası başlayıb. Belə bir vəziyyətdə baş nazir yəqin ki, xalqı yenidən qəzəbləndirmək istəmir və danışıqları sanki başına tapança dayanmış halda aparır. Üstəlik, Azərbaycanın deyil, erməni revanşistlərin tapançası.
Ermənistanda revanşist cəbhənin liderləri kimi devrilmiş Qarabağ klanının rəhbərləri, sabiq prezidentlər Robert Koçaryanla Serj Sarqsyan çıxış etsələr də, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hazırkı hakimiyyətində də bu ideyanın olduğunu bildirib. Üstəlik, Paşinyanın tərcümeyi-halında revanşa bir uğursuz cəhd olub: o, Qarabağda Ermənistan Silahlı Qüvvələrinin 15 minlik canlı qüvvəsini, yüzlərlə tankı, zirehli texnikanı, artilleriya qurğusunu boş yerə, yaxud onları çıxarmaq üçün lazımi infrastruktur olmadığı üçün saxlamırdı. Ermənistan hakimiyyəti daxilində revanşist qrupun olduğunu İrəvanın qlobal silah bazarında tez-tez fəallıq göstərərək, hücum silahları, məsələn, «Sezar» haubitsaları alması da təsdiqləyir.
Politoloqların fikrincə, Ermənistan Konstitusiyasına dəyişiklik İrəvan üçün həm də siyasi lakmus kağızıdır. Əgər orada, həqiqətən, sülhə kökləniblərsə, Ermənistan öz konstitusiyasını ərazi iddialarından təmizləyəcək. Yox, bunun əksi baş verəcəksə, demək, İrəvan sülh istəmir və Paşinyanın komandası revanş üçün «hüquqi zəmin»i qoruyub saxlamağa çalışır.
İrəvanın ümidlərinin əksinə olaraq, Azərbaycan seytnotda deyil və Ermənistanla sülh müqaviləsini mütləq şəkildə 2024-cü ilin noyabrınadək imzalamaq üçün siyasi güzəştlərə getmək fikrindən uzaqdır. Bu isə həm də o anlama gəlir ki, Ermənistan konstitusiyasını dəyişməlidir. İstəsə də, istəməsə də.
MƏSLƏHƏT GÖR: