18 Yanvar 2025

Şənbə, 23:45

ŞAHZADƏLƏRİN MƏKANINDA GƏZİNTİ

Böyükada İstanbulun səs-küyündən qaçmaq üçün mükəmməl məkandır

Müəllif:

15.07.2024

İstanbul bir çox görməli yerləri, dinamik ab-havası, bənzərsiz minarələri, dar döngələri və zəngin tarixi ilə hər il milyonlarla turisti özünə cəlb edir. Azərbaycandan çoxlu ziyarətçi şəhərin səs-küyündən cəmi 35 kilometr məsafədə yerləşən xəzinə - Şahzadə adaları haqqında bilsə də, heç də hər kəs oranı ziyarət etməyə tələsmir. Amma elələri də var ki, İstanbulda olarkən bu doqquz adadan ibarət arxipelağa qısa səyahət etməyi özlərinə borc bilirlər. İlk növbədə, bu, Böyükadadır. Bura tarix, sülh və təbii gözəllik atmosferinə qərq olmaq üçün unikal imkandır.

 

Tarixə ekskursiya

Şahzadə adaları Mərmərə dənizində doqquz kiçik adadan ibarətdir. Onların sakinlərinin ümumi sayı təxminən 20 min nəfər olsa da, yay mövsümündə arxipelağın əhalisi təxminən yarım milyon nəfərə qədər artır. Bura Bizans şahzadələrinin “sevimli” istirahət yeri idi. Buna görə bu adalar məhz belə adlandırılıb. Daha doğrusu, adalar Bizans imperiyası dövründə cəza almış zadəganların, o cümlədən şahzadələrin sürgün yeri olub. Adalar həm türklərin özləri, həm də çoxsaylı turistlər arasında çox məşhurdur. Bizans dövründə Böyükada “Meqalo” (böyük), adanın yunanca adı isə “Prinkipo” (şahzadə) adlanırdı.

Qədim dövrlərdə adalar çoxsaylı monastırlardan ibarət dini mərkəz idi. Bu monastırların bəziləri imperatorun yay iqamətgahı kimi istifadə olunurdu. Ola bilsin ki, məhz buna görə onları çox vaxt “Papaz adalar”ı (keşiş adaları) adlandırırdılar.

Bəli, Böyükada Şahzadə adaları arasında ən böyüyüdür. Turistlərin marağına səbəb olan yerlərdən biri də Lev Trotskinin evidir. 1929-cu ildən məşhur inqilabçı və siyasətçi həyatının bir neçə ilini məhz burada sürgündə keçirib.

Böyükadada bu günə qədər mükəmməl şəkildə qorunub-saxlanılmış Osmanlı dövrünə adi villa və malikanələri də tapa bilərsiniz. İnsan adanın dar küçələri ilə gəzərkən keçmişdə buranın sakinlərinin necə yaşadıqlarını təsəvvür edərək qədim İstanbulun həyat tərzinin ab-havasına qərq olur.

 

Mənzərəli dalğalarla

İstanbuldan Böyükadaya bərələrlə (vapurlar) çatmaq olar ki, bu da şəhərin səs-küyündən qısa fasilə üçün də olsa, qaçmağı asanlaşdırır. Vapur təkcə rahat nəqliyyat vasitəsi deyil, həm də Mərmərə dənizindən keçməklə səyahətdən həzz almaq, İstanbulun və ətraf adaların mənzərələrinə heyranlıqla baxmaq üçün çox gözəl yoldur. Bərələr isə ikimərtəbəli, geniş və rahatdır: içəridə, zallarda, açıq havada, bərənin bortu boyunca yerlər var. Fotoaparatınızı özünüzlə götürsəniz, çox gözəl fotolar çəkə bilərsiniz.

Vapurlar İstanbulun bir neçə dəniz limanından - Eminönü, Kabataş və Kadıköydən yola düşür. Cədvəllər və biletlərin qiymətləri ilin vaxtından asılıdır. Lakin reyslər, adətən, səhər saatlarında başlayır və hər 30-60 dəqiqədən bir axşama qədər işləyir. Böyükadaya səyahət marşrutdan və Bosfor boğazındakı sıxlıqdan asılı olaraq 1-1,5 saat çəkir.

Bərə biletlərini gediş nöqtələrində (kiçik növbələrlə) və ya əvvəlcədən internet və sifariş proqramları vasitəsilə əldə etmək olar. Hazırda bir tərəfə biletin qiyməti 80 lirədir (təxminən 4,2 manat və ya 2,3 avro).

Çay (30 lirə) və ya bəzi sərinləşdirici içkilər içmək istəyirsinizsə, ofisiantlarla əlaqə saxlaya bilərsiniz. Səyahət zamanı yerli tacirlər kiçik ev əşyalarının satıldığı şoular təşkil edirlər və bu da bir çox sərnişinin xoşuna gəlir. Onlar adətən ucuz (20 lirə) plastik sitrus şirəçəkənlər və ya tərəvəz kəsənlər (100 lirə) satırlar.

Bərələr yolüstü Heybeli adada dayanır və 5-10 dəqiqədən sonra Böyükadaya çatırlar.

Yeri gəlmişkən, Böyükadaya təkcə turistlər yollanmır. Adalarda yaşayan sərnişinlər var. Onlar hər gün İstanbula işə gedir və axşam qayıdırlar.

 

Mərmərə dənizinə açılan mənzərə ilə

Böyükadaya çatdıqdan dərhal sonra bir neçə yerli çimərlikdə tətil təklif edən turizm sahəsinin nümayəndələri ilə əhatə oluna bilərsiniz. Ada təmiz çimərlikləri və Mərmərə dənizinin heyrətamiz mənzərələri ilə məşhurdur. Böyükada sahil boyu gəzmək və ya qumlu çimərliklərdə vaxt keçirmək olar. Bura sakitlikdən və təbiətin gözəlliyindən həzz almaq istəyənlər üçün ideal məkandır.

Amma şərtləri əvvəlcədən razılaşdırmaq lazımdır - buradakı rəsmi çimərliklərin əksəriyyəti evli cütlüklər və ya qadın qrupları üçün nəzərdə tutulub. Turizm sahəsinin nümayəndələri, adətən, onlara yaxınlaşır.

Burada qiymətlər münasibdir - adambaşına 10 avrodan 20 avroya qədər. Qiymətə həm çimərliyə qayıqla aparılmaq, həm də soyunub-geyinmə otaqlarından, duş kabinələrindən, çimərliyin özündə çətirli şezlonqlardan istifadə daxildir. Sadəcə olaraq İstanbula yola düşən bərələrin cədvəli ilə sinxronlaşdırılan körpüyə qayıtmaq üçün vaxt təyin etməlisiniz.

Böyükadada ən rahat çimərliklər Mərmərə dənizinin sahilində yerləşən Nakibey və Yörük Alinin qumlu çimərlikləridir. Sonuncuda, kafe və restoranlardan əlavə, yaxınlıqda bir hotel də var.

Adada yerli gənclər üçün nəzərdə tutulan bir neçə sakit, pulsuz, lakin qayalıq çimərliklər də var. Burada günəş şezlonqları və çətirləri icarəyə götürə, duşdan istifadə edə bilərsiniz. Əgər estakadadan sahil bulvarına (məşhur su pərisi heykəlinin yanında) tərəf getsəniz, burada da günəş vannası qəbul edənləri və üzgüçüləri görə bilərsiniz. Doğrudur, bulvarda paltardəyişmə otaqlarına, tualet və xüsusən də duş kabinələrinə rast gəlməyəcəksiniz.

 

Faytonda, yoxsa velosipeddə?

Çimərliyə getmək istəmirsinizsə, sadəcə gəzə bilərsiniz. Şahzadə adalarının əsas özəlliyi ondan ibarətdir ki, burada praktiki olaraq avtomobil yoxdur və əsas nəqliyyat vasitəsi faytonlar və velosipedlərdir. Bu səbəbdən də hər il milyonlarla turist buraya gəlir. Bu, avtomobillərin hələ icad edilmədiyi tarixə bir növ ekskursiyadır.

Adada bir çox velosiped icarəsi nöqtələri var - bir saatlıq icarə (2024-cü ilin iyul ayına görə) 100 lirəyə başa gəlir. Bir çox avropalılar bu nəqliyyat növünə üstünlük verirlər - bu, ucuz, rahat nəqliyyat vasitəsi olmaqla, eyni zamanda sağlam həyat tərzini qoruyur. Yaşlı turistlər gəzməyi və tez-tez ekzotik faytonlara minməyi sevirlər. Faytonlar yerli koloritin ayrılmaz hissəsidir. Ada ətrafında xüsusi ekskursiyalar hazırlanıb: beş kilometrlik kiçik tur və on iki kilometrlik böyük tur.

Velosiped sürməyi və yürüşü sevənlər üçün Büyükada ideal məkandır. Bu, dar küçələri və mənzərəli cığırları araşdırmağa imkan verir və yerli əhalinin həyatına bənzərsiz baxış təqdim edir.

Sahəsi 5,36 kvadratkilometr olan adanın əhalisi təxminən 9 min nəfərdir. Faytonda bir saat ərzində bütün adanı gəzə bilərsiniz. Onu piyada keçmək üçün nə qədər vaxt lazım olduğunu özünüz hesablayın. Hər şey hərəkətinizin sürətindən asılı olacaq. Bir çox turist üçün piyada gəzinti daha zövqlüdür. Böyükadanın, Mərmərə dənizinin və qonşu adaların heyrətamiz mənzərələri üçün daim təpələrə və şam ağaclarının olduğu dağlara qalxmağa hazır olun.

Böyükadada doqquz yunan pravoslav kilsəsi, həmçinin erməni və latın kilsəsi və sinaqoq yerləşir. Onların arasında ən məşhurlarındn biri tarixi orta əsrlərə uzanan Müqəddəs Georgi monastırıdır. Monastırlardan birinin yaxınlığında qədim reseptlərə əsasən rahiblərin hazırladığı şərabları sınaya biləcəyiniz kafe var.

Adanın görməli yerləri arasında Sultan II Əbdülhəmidin inşa etdirdiyi Həmidi məscidi də var.

 

Kulinariya ləzzətləri və ya kalmar dolmasının qiyməti nə qədərdir?

Böyükadada həmçinin yerli ləzzətlərdən və unikal yeməklərdən dadmaq üçün çox sayda restoran və kafe var. Təzə tutulan balıqdan yeməklərin təklif edildiyi balıq restoranları burada xüsusilə məşhurdur.

Körfəzdəki kafedə adalarda məşhur olan çapaq (cipura) və xanı (levrek) balığı 360 lirəyə başa gələcək. Stavrida (istavrit) 340 lirəyə, qızılbalıq isə 600 lirəyədir. Mövsümdən asılı olaraq kefal (tekir), skorpen (iskorpit şiş), mavi balıq (lüfer), palamut (palamut), paltus (kalkan) və digər delikatesləri dadmaq olar. Bundan əlavə, sizə balıq dolması (8 lirə) və balıq küftəsi ilə yanaşı, kalmar dolması (550 lirə), krevet zapekankası (350 lirə), qrildə kalmar (350 lirə), xanıdan kotlet (360 lirə) təklif olunacaq. Yəni siz burada qızardılmış, buxarda bişmiş, doldurulmuş, marinadlanmış, qrildə hazırlanmış, şorba, salat və s. formasında balıqların bütün çeşidini tapa bilərsiniz. Bura qurmanlar və dəniz məhsulları həvəskarları üçün cənnətdir.

Adada dəniz yeməkləri ilə yanaşı, ətli küftə (340 lirə), toyuq kababı (280 lirə), müxtəlif kabablar (700 lirə) və s. kimi ənənəvi yeməkləri də sifariş edə bilərsiniz.

Yerli ləzzət olan “ıspanaklı keki” dadmaq fürsətini qaçırmayın. Bu, adanın simvoluna çevrilmiş bir növ şirin ispanaqlı pastadır. Burada eyni dərəcədə məşhur olan “balıq-ekmək” 150-170 lirə, bir stəkan türk çayı isə 30 lirədir.

 

Dayanmaq üçün yer axtarırıq

Turistlər çox vaxt Böyükadadakı sülh və həyat atmosferini o qədər bəyənirlər ki, bəziləri heç olmasa bir gecəni burada qalmağa qərar verir.

Prinsipcə, adada bununla bağlı müxtəlif variantlar var. Söhbət sadə qonaq evlərindən tutmuş əla şəraiti olan daha dəbdəbəli hotellərdən gedir. Əgər əvvəllər turistlər hotel tapmaqda çətinlik çəkirdilərsə, son illərdə bu asanlaşıb: bir sıra yeni hotellər və mənzillər var. Hotel məsələsi arxipelaq üçün aktual problem olsa da, Böyükadada ən yaxşı şərait yaradılıb. Ən çox hotel məhz bu adadadır. Üstəlik, bunlar ümumiyyətlə yeni tikililər deyil, hotelə çevrilmiş böyük villalar və evlərdir. Mehmanxanaların dekorasiyası ənənəvi, yəni Avropa keyfiyyətində təmirsiz, klassik üslubdadır. Buna görə də təmirli villalarda yaşamaq xüsusi zövqdür. Amma ilk baxışdan göründüyü qədər ucuz deyil. İki nəfərlik otağın qiyməti 55 avrodan (100-110 manat) başlayır. Ancaq bu qiymətlərlə əvvəlcədən rezervasiya etməlisiniz, çünki mövsüm ərzində ucuz gecələmək asan deyil.

Bu gün Böyükada üçün rezervasiya sistemlərində müxtəlif kateqoriyalardan onlarla hotel tapa bilərsiniz. Ən məşhur və elitlərdən biri gümüş günbəzləri və pəncərələrindəki qırmızı pərdələri bərədən görünən “Splendid Palace”dır. Sadə iki nəfərlik otaqda səhər yeməyi ilə bir gecə qalmaq təxminən 200 avroya başa gəlir.

Nəzərə alın ki, Böyükadada yaşayış üçün qiymətlər çox fərqli ola bilər - onlar mövsümdən və rahatlıq səviyyəsindən asılıdır. Adətən yayda və bayramlarda qiymətlər daha yüksək olur.

Böyükadaya səyahət şəhərin səs-küyündən qaçmaq və təbii gözəllik ab-havasına qərq olmaq üçün əla fürsətdir. Bir günlük gəlməyinizdən və ya bir neçə günlük qalmağınızdan asılı olmayaraq, ada çoxlu təəssüratlara və unudulmaz anlara zəmanət verir. Səyahətinizi unudulmaz etmək üçün tarixə qərq olun, təbiətdən həzz alın və Böyükadanın orijinal atmosferini yaşayın.



MƏSLƏHƏT GÖR:

80