Müəllif: İlqar VƏLİZADƏ
Astanada Qazaxıstanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri rəhbərlərinin növbəti görüşü keçirilib. ŞƏT mövcud olduğu iyirmi ildən artıq dövrdə nadir halda bu qədər diqqət çəkib. Bu qurum hər zaman əsasən diskussiya meydançası kimi qəbul olunub, ona Rusiya ilə Çinin nüfuz dairələrini böldükləri, iqtisadi məsələlərin müzakirəsi ilə kifayətlənən formal regional struktur kimi yanaşılıb. Lakin bu dəfə sammitə xüsusi maraq var idi. Çünki burada Qərbin geosiyasi rəqibləri, hətta düşmənləri sayılan güclər bir araya gəlmişdi: Rusiya, Çin və İran.
Genişlənən struktur
Qeyd olunmalıdır ki, «ŞƏT ailəsi»nin son ildə getdikcə böyüməsi onun ilkin mandatının dəyişməsinə səbəb olub. Bir vaxtlar bu qurumda diqqət əsasən Rusiya ilə Çin və Mərkəzi Asiyanın postsovet ölkələri arasında sərhədlərin təhlükəsizliyinin, etibarlılığının təmininə, onlar arasında etibar mexanizmlərinin inkişafına yönəldilirdi. Pakistan və Hindistanın (2017), həmçinin İran və Belarusun (2023, 2024) ŞƏT-ə qoşulması ilə onun fəaliyyət sahəsi də böyüyüb. İndi burada Cənubi Asiya, Orta Şərq və qismən də Şərqi Avropanın problemləri müzakirə olunur. Bununla yanaşı, üzv dövlətlər Mərkəzi Asiyanı ŞƏT-in özəyi sayırlar. Bu, təşkilatın rəsmi diskursunda aydın görünür və onun artımını Qərbi Asiya istiqamətində balanslaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
Qeyd olunmalıdır ki, Belarusun ŞƏT-in tamhüquqlu üzvünə çevrilməsi formal olaraq, təşkilatın qapılarını digər Avropa ölkələrinin də üzünə açır. Minsk bu quruma rəsmən qoşulmuş ilk Avropa ölkəsidir. Bu gün Avropada ŞƏT-ə qoşulmaq niyyətində olan başqa dövlətə rast gəlinməsə də, bu variantın birmənalı istisna olunduğunu söyləmək olmaz. Belarusa gəlincə, Avropa İttifaqının Minskə sanksiyalar tətbiq etməsindən sonra (2022) ŞƏT onun üçün yeganə postsovet mahiyyətli olmayan çoxtərəfli struktura çevrilib. İndi Belarus iqtisadiyyatının güclənməsini, siyasi və iqtisadi əlaqələrinin şaxələndirilməsini məhz ŞƏT vasitəsilə gerçəkləşdirməyə çalışır.
Digər yandan ŞƏT-in genişlənməsi ilə Moskva, müəyyən mənada isə Pekin beynəlxalq aləmdən heç zaman təcrid olunmayacaqlarını nümayiş etdirirlər. Məlum olduğu kimi, Rusiya Qərbin sərt sanksiyaları ilə üz-üzədirsə, Çinin Avropa və ABŞ ilə münasibətlərində gərginlik azalmır.
ŞƏT Çinin maraq dairəsi kimi
Analitiklər, adətən, bir məqamı diqqətdən qaçırırlar: Pekinin ŞƏT-ə marağı ondan irəli gəlir ki, o, bu qurumu öz xarici siyasi prioritetlərinə fokuslanmış ilk çoxtərəfli əməkdaşlıq platforması sayır, hətta bu prioritetlərin icrasında ŞƏT-i vacib alət kimi görür. Təşkilatın fəaliyyətə başladığı ilk illərdə onun inkişafında ən vacib rolu Rusiya oynayırdısa, zamanla Çinin təşkilatdakı nüfuzu əhəmiyyətli dərəcədə artıb. Çin davamlı olaraq gücünü və iddialarını artırmaqla, paralel şəkildə nüfuzunu da yüksəldir, Rusiya isə əksinə, nüfuzunu itirməklə mövqelərini Pekinə qurban verir.
ŞƏT Çinin üstünlük verdiyi diplomatiya – ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli platformaya çevrilib. Qazaxıstanla yalnız ötən illərdə deyil, bu yaxınlarda baş tutmuş səfər zamanı da imzalanmış çoxsaylı razılaşmalar da bunun göstəricisidir. Bunu Astananın BRHÇC-yə qoşulmaq istəyinin Pekin tərəfindən dəstəklənməsi də təsdiqləyir. Məlum olduğu kimi, Çin bu təşkilatda da lider rolundadır.
Hər bir halda, ŞƏT-in gündəliyi Moskva-Pekin münasibətlərinin təsiri altında formalaşır. Çin sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putin arasında sammit çərçivəsində baş tutan görüşə marağın həddindən artıq çox olması da bundan irəli gəlirdi. Liderlər görüşdə əsasən təhlükəsizlik məsələlərini, daha dəqiq desək, ŞƏT-in bazasında yeni panavrasiya təhlükəsizlik sisteminin yaradılmasını müzakirə ediblər. Rusiya Prezidenti «Köhnəlmiş, yalnız ayrı-ayrı ölkələrə üstünlük verən Avropa mərkəzli və Avro-Atlantik təhlükəsizlik modelinin Avrasiyada vahid təhlükəsizlik və inkişaf, yeni əməkdaşlıq sistemi ilə əvəzlənməsi» haqda tezisini bir daha dilə gətirib.
Si Cinpin isə bildirib ki, «ŞƏT üzvləri həmrəyliyi gücləndirməli, real müdaxilə və parçalama təhdidləri qarşısında xarici müdaxiləyə birlikdə müqavimət göstərməlidirlər».
Yeni təhlükəsizlik sistemi yolunda
Yeni təhlükəsizlik sistemi haqda sammitə sədrlik edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də danışıb. Dövlət başçısı bildirib ki, «real müdaxilə və parçalama təhdidləri qarşısında Şanxay Əməkdaşlıq Təşkilatı adlı böyük ailə bir olmalı, xarici müdaxilələrə birlikdə qarşı çıxmalı, ölkələrimizin, taleyini, regionda sülh və inkişafı öz əllərində saxlamalıdır».
Bununla yanaşı, Qazaxıstan Prezidenti «böyük ŞƏT ailəsi»nə Azərbaycan, Türkiyə və Qətər liderlərini, həmçinin BƏƏ rəhbərliyinin nümayəndəsini də dəvət etmişdi. Qeyd olunan ölkələrin hər biri ŞƏT üzvləri ilə kifayət qədər sıx əməkdaşlıq edir.
Yeri gəlmişkən, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin sammit çərçivəsində keçirdikləri görüş müxtəlif ölkələrin mətbuatı tərəfindən ən çox işıqlandırılan hadisələrdən olub ki, bu da tamamilə anlaşılandır. Hər halda, Türkiyə lideri «NATO-ya dost olmayan ölkələr»in toplantısına qatılmış yeganə Alyans təmsilçisi idi. Bununla yanaşı, hər kəs yaxşı bilir ki, Ərdoğan müstəqil siyasətçi kimi, yalnız öz ölkəsinin maraqlarından çıxış edir. Odur ki, onun Rusiya-Türkiyə münasibətləri haqda danışdıqları, Qərbin sanksiyalarına rəğmən, Rusiya ilə ticarət dövriyyəsi həcmini 100 milyard dollara çatdırmaq niyyəti, Ukrayna böhranını yalnız sülh, danışıqlar yolu ilə həll etmək əzmi Ərdoğanın öz ölkəsinin maraqlarını üzv olduğu hərbi-siyasi blokun maraqlarına qurban verməyən lider kimi, nüfuzunu daha da artırıb.
Azərbaycan marağı
Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər və aparılan danışıqlar da xüsusi maraq doğurub. Söhbət Əliyevin xüsusilə Türkiyə və Rusiya prezidentləri, həmçinin Pakistanın baş naziri ilə görüşlərindən gedir.
Ən maraqlı görüş isə yəqin ki, Çin sədri Si Cinpinlə görüş idi. Onun sonunda «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə» qəbul olunub. Bu sənəd iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır.
Bəyannamənin mətnindən məlum olur ki, tərəflər ərazi bütövlüyü və suverenliyin qorunması məsələsində üzərlərinə bir-birini dəstəkləmək öhdəliyi götürür. Üstəlik, bu dəstək qeyd-şərtsiz olmalı, onların digər ölkələrlə münasibətindən asılı olmamalıdır.
Sənədin xüsusiyyəti ondadır ki, orada böyük hissə iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunub. Orada əməkdaşlığın həyata keçiriləcəyi konkret istiqamətlər də göstərilib.
Azərbaycan Prezidentinin Astana səfərinin proqramında Qazaxıstanın dövlət başçısı Tokayev ilə görüş ayrıca bənd kimi yer almışdı. Bu, ikitərəfli əməkdaşlıqla bağlı dialoqun davamı idi.
Rusiya Prezidenti ilə görüşdə tərəflər enerji sahəsində əməkdaşlıq məsələsi üzərində xüsusi dayanıb. Sənaye kooperasiyası, nəqliyyat, gəmiqayırma, əczaçılıq sahəsi də diqqət mərkəzində olub, Rusiyanın ayrı-ayrı avtomobil şirkətlərinin Azərbaycanda istehsalla məşğul olması imkanlarından da danışılıb.
Hər iki tərəf bu sahələrdə kooperasiyalarda maraqlıdır. Rusiya bununla öz məhsullarını sanksiyalardan çəkinmədən Azərbaycanda istehsal etmək və üçüncü ölkələrin bazarlarına çıxarmaq imkanı qazanır, Azərbaycan üçün isə bu, iqtisadiyyatının qeyri-neft sektorunu inkişaf etdirmək imkanıdır.
Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Pakistanın baş naziri Şahbaz Şərifin görüşü isə üçtərəfli əməkdaşlığın güclənməsinin yalnız üç ölkə xalqının çiçəklənməsinə deyil, regional və qlobal sülhün, sabitliyin möhkəmlənməsinə də töhfə verəcəyini təsdiqləyib. Belə görüşlərin növbə ilə Türkiyə, Azərbaycan və Pakistanda keçirilməsi qərara alınıb.
Bir sıra aparıcı ölkələrin, xüsusilə Qərb ölkələrinin ekspert və siyasətçiləri ŞƏT-ə tənqidi yanaşsa da, onu Qərbin siyasi antipodu kimi təqdim etsə də, sammit göstərib ki, bu təşkilat ABŞ, NATO və ya Avropa İttifaqına qarşı olan bloka çevrilməyə çalışmır. Qapıları əməkdaşlıq üçün açıq qoymaq, lakin bu zaman öz təhlükəsizliyini unutmamaq daha effektivdir. Müasir şəraitdə bu, daha effektiv, eyni zamanda daha səmərəli və daha təhlükəsizdir.
MƏSLƏHƏT GÖR: