14 Noyabr 2024

Cümə axşamı, 19:41

POZULMUŞ RAUND

Azərbaycan və Ermənistan liderlərinin baş tutmayan London görüşü haqda

Müəllif:

01.08.2024

Ekspertlər Azərbaycan-Ermənistan sərhədində gərginliyin yenidən artdığına diqqət çəkirlər. Kifayət qədər uzun sürən sakitlikdən sonra iyulda Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini növbəti dəfə atəşə tutub. Bu, Kəlbəcər istiqamətində baş verib. Üstəlik, ermənilər bu dəfə ağır silahlardan istifadə ediblər. Bir neçə gün sonra isə bu dəfə Tovuzda – 4 il əvvəl döyüşlərin baş verdiyi bölgədə Ermənistan havaya kəşfiyyat aparatı qaldıraraq, informasiya toplamağa çalışıb. Dron zərərsizləşdirilib, Azərbaycan Müdafiə Nazirliyi isə xüsusi bəyanatla çıxış edib: «Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən «Avropa Sülh Fondu» adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir».

Nazirlik bəyan edib ki, «bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək və regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək».

Sərt bəyanat və xəbərdarlıqlar əvvəllər də səsləndirilib. Lakin bu dəfə ekspertlər diqqəti sərhəddəki gərginliyin ali səviyyədə danışıqların növbəti raundunun pozulması ilə eyni vaxta təsadüf etdiyinə çəkirlər.

 

Baş tutmayan görüşün miqyaslı fəsadları

Xatırladaq ki, iyulun 18-də London yaxınlığındakı Oksfordşir şəhərində Avropa Siyasi İcmasının sammiti keçirilib. Sammitə ev sahibliyini Avropa İttifaqını tərk etmək presedenti yaratmış ölkənin etməsi sanki taleyin ironiyasıdır. Amma hər bir halda, artıq Praqa və Qranadada sınaqdan keçirilmiş bu yeni format ilk baxışdan çox şey vəd edir: bu sammitlərə yalnız Aİ üzvü olan dövlətlərin başçıları qatılmır. Onun işində vacib beynəlxalq təşkilatların rəhbərləri, Aİ-yə qoşulmaq niyyətində olmayan, lakin Avropa ilə fəal əməkdaşlıq edən ölkələrin liderləri və s. də iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu foruma son dərəcə dolğun proqramla qatılmışdı. O, sammit çərçivəsində Avropa liderləri ilə 12 ikitərəfli və çoxtərəfli görüş keçirib. Dövlət başçısının görüşdüyü şəxslər arasında NATO-nun baş katibi Yens Stoltenberq, Macarıstanın baş naziri Viktor Orban, Finlandiya Prezidenti Aleksandr Stubb, Almaniya kansleri Olaf Şolts və digərləri var.

Ekspertlər əmindirlər ki, Azərbaycan Avropa ölkələri üçün, ilk növbədə, onların enerji təhlükəsizliyinin təmini məsələsində vacib tərəfdaş olaraq qalır. «Enerji keçidi», atmosferə çirkli tullantıların buraxılmasının azaldılması, mədən yanacağından imtinanın vacibliyi haqda deyilənlərə baxmayaraq, yaxın zamanlarda Avropanın Azərbaycan neft və qazına tələbatı yalnız artacaq. Bu gün Azərbaycan qazı nəqlinin artırılması, Rusiya karbohidrogenlərinin tranziti ilə bağlı Kiyevlə müqavilənin müddətinin bitməsindən sonra Azərbaycandan Ukraynaya da qaz ixracının mümkünlüyü haqda danışılanlar da təsadüf deyil.

Qeyd edilməlidir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Britaniya hökumətinin başçısı Kir Starmer arasında görüş də planlaşdırılmışdı. Lakin o, Ermənistan tərəfinə görə baş tutmayıb.

London səfərindən bir neçə gün sonra Şuşada II Qlobal Media Forumunun iştirakçıları qarşısındakı çıxışında İlham Əliyev Paşinyanın «diplomatik manevr»inə münasibət bildirib. Almaniya kansleri Olaf Şoltsun 4 ay əvvəl Münhendə analoji görüşü təşkil etdiyini xatırladan dövlət başçısı deyib: «Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi?»

 

«Danışıqlar tələsi»

Bəlkə danışıqların üstünü açsaq, Ermənistan baş nazirinin demarşının səbəbləri aydınlaşar. İlham Əliyev Şuşa Qlobal Forumundakı çıxışında bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətninin 80-90%-i artıq razılaşdırılıb. Bununla yanaşı, o, Ermənistanın hələ də inadkarlıq göstərdiyi məqamları açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Ermənistan «Dağlıq Qarabağ» terminologiyasını sənəddən götürməyə razı olub və beləliklə, normallaşma prosesində irəliləyiş baş verib. Lakin həlli vacib iki məsələ hələ də qalmaqdadır: «Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir». Daha sonra dövlət başçısı Ermənistan Konstitusiyasında dəyişikliyin vacib olduğunu deyib. «Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası «Dağlıq Qarabağ»ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil», - deyə İlham Əliyev qeyd edib. Prezident bildirib ki, Konstitusiya istənilən sülh müqaviləsindən yuxarıda durur, «ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq».

Öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etmiş Azərbaycan indi sadəcə, qələbəsini kağız üzərində möhkəmləndirməyə çalışmır. Sərhədlərin tanınmasından tutmuş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinədək, bütün «hüquqi qovluq» hələ doxsanıncı illərin əvvəllərindən yığılıb. Bakı indi münaqişə səhifəsini çevirmək, «saatlı diplomatik mina»ya çevrilməyəcək sülh müqaviləsi imzalamaq istəyir. O, ATƏT-in Minsk qrupunun buraxılmasında da bu məntiqlə israr edir. Bu qrup «Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi»nin həllinə nail olunması üçün yaradılmışdı. Lakin 25 illik fəaliyyəti dövründə o, heç nəyə nail ola bilmədi. Bu gün belə qrupun mövcudluğuna sadəcə, ehtiyac qalmayıb.

Bəs İrəvan niyə ondan belə bərk yapışır? 44 günlük müharibədən sonra Qarabağın bir hissəsində hələ Rusiya sülhməramlılarının olduğu vaxt Ermənistan müharibəyədək ortada olmuş təkliflər paketinə qayıdılacağına ciddi-ciddi ümid edirdi. İrəvan Azərbaycanın lap əvvəldən rədd etdiyi «Kazan sənədi»nin «diriləcəyinə» də bel bağlayırdı. Bu gün isə Minsk qrupunu qoruyub saxlamaq cəhdi dolayısı ilə də olsa, çox informativ əlamətdir. Belə çıxır ki, Ermənistan revanş niyyətindən əl çəkməyib, münaqişəni, demək həm də xarici oyunçularla siyasi sövdələşmə mexanizmlərini bundan sonra da «işlək vəziyyət»də saxlamağa çalışır.

Bu, Nikol Paşinyanı kifayət qədər çətin vəziyyətdə qoyur.

 

Geri çəkilmək olmaz imtina etmək

Bakı ilə İrəvan arasında danışıqlar 30 ildir davam edir və Ermənistan bunun 25 ilini müzakirələri hərbi qələbə qazanmış tərəf kimi aparıb. Üstəlik, həmin dövrdə vasitəçilər rəsmi Bakını «reallıqlarla barışmağın» vacibliyinə inandırmağa çalışır, Ermənistana miqyaslı güzəştlər tələb edirdilər. İrəvana isə Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün heç bir təzyiq göstərilmirdi. Belə bir vəziyyətdə Ermənistanda əmin idilər ki, Azərbaycan tərəfi danışıqlarda çox inadkarlıq edərsə, onlar üçün «uğuru təkrarlamaq» və haranısa işğal etmək heç bir çətinlik yaratmayacaq. Serj Sarqsyan bu təhdidi hətta Avropa Şurasının tribunasından belə, səsləndirmiş, Nikol Paşinyan isə «yeni ərazilər uğrunda yeni müharibə»dən danışmağa başlamışdı. Nəticə hər kəsə məlumdur.

Bu gün Ermənistan danışıqları tam fərqli tonda aparmaq məcburiyyətindədir. İndi işğal olunmuş Azərbaycan əraziləri adlı al-ver predmeti yoxdur. Qarabağın statusu məsələsi də məlum səbəblərdən ortadan qalxıb. Azərbaycanın Ermənistan qarşısındakı hərbi üstünlüyündən isə danışmağa belə, dəyməz. İrəvan belə şəraitdə danışıqlara sadəcə, hazır deyil. Reallıq budur. Amma İrəvan hələ də revanş planından əl çəkmir. Azərbaycanla danışıqlarda o, ortaya hər zaman öz düşüncəsinə görə revanşı asanlaşdıracaq formullar atmağa çalışır. Əvvəlcə Qarabağ erməniləri üçün «beynəlxalq təhlükəsizlik zəmanəti» tələb olunurdusa, sonra onların Qarabağa qayıdacaqları təqdirdə «təhlükəsizlik zəmanəti»ndən danışılmağa başlanıldı. İndi isə ermənilər ATƏT-in Minsk qrupundan və ölkə konstitusiyasında Qarabağla bağlı «anşluss»dan yapışıblar.

Nəzəri baxımdan İrəvan ümid edə bilərdi ki, Rusiya, ABŞ və ya Avropa İttifaqı kimi vasitəçi və moderatorlar Azərbaycanı Ermənistana sərf edən məzmunda sülh müqaviləsi imzalamağa məcbur edəcək. Lakin o, yanılıb. Odur ki, Paşinyanın Oksfordşirdən diplomatik qələbə ilə qayıtmaq şansı yox idi və baş nazir bu səbəbdən də, sadəcə olaraq görüşdən qaçmaq qərarına gəlib.

Amma danışıqlardan qaçmaqla reallıqlardan gizlənmək mümkün deyil. Nə siyasi, nə də hərbi reallıqlardan.



MƏSLƏHƏT GÖR:

68