19 Dekabr 2024

Cümə axşamı, 10:57

NƏTICƏLİ UĞURSUZLUQ

Almaniya 2025-ci il parlament seçkisi gözləntisində

Müəllif:

15.09.2024

Saksoniya və Tyuringiyada keçirilən seçkilər Almaniyanın «İşıqfor» adlanan hakim koalisiyası üçün iflasla nəticələnib. Yeri gəlmişkən, koalisiyaya bu ad orada birləşmiş partiyaların rənglərinə görə verilib: sosial-demokratlar (qırmızı), liberallar (sarı) və «yaşıllar».

Seçkinin qalibi iki qeyri-sistem partiyası olub. Biri «ultrasağçı», «millətçi», «avroskeptik», «ksenofob», hətta «faşist təşkilatı» hesab olunan «Almaniya üçün alternativ» (AüA), digəri bu ilin yanvarında yaradılmış Sara Vaqenknextin İttifaqı. Onun üzvlərini də daha çox «radikallar», hətta «bugünkü kommunistlər» adlandırırlar.

AüA Tyuringiyana qalib gəlib (32,8% səslə), Saksoniyada isə XDİ-dən (mühafizəkar Xristian-Demokrat İttifaqı) cüzi fərqlə geri qalıb (müvafiq olaraq, 31,9%-ə 30,6%). Sara Vaqenknextin İttifaqı isə hər iki torpaqda üçüncü olub (Saksoniyada 11,8, Tyuringiyada 15,8%). Sol Partiya (Almaniya Vahid Sosialist Partiyasının varisi) təxminən 13% səs yığıb.

Kansler Olaf Şoltsun Sosial-Demokrat Partiyasına gəlincə, o, seçkilərdə sözün əsl mənasında darmadağın olub: Tyuringiyada cəmi 6, Saksoniyada isə 7%-dən bir qədər artıq. «Yaşıllar» isə Tyuringiyada cəmi 3% səs qazanmaqla baryeri keçə bilməyib, Saksoniyada isə buna 5,1% ilə nail olublar.

 

Kim kimin yanındadır?

Sentyabrda Brandenburqda da seçki olacaq. Bütün hesablamalara görə, yuxarıda adı çəkilən iki torpaqda qeydə alınmış nəticələrin bənzəri burada da təkrarlanacaq. Müşahidəçilər hesab edir ki, bu, faktiki olaraq bir il sonra keçirilməli olan parlament seçkisi kampaniyasının başlanğıcı hesab edilə bilər. Demək, qanunverici orqana seçki kifayət qədər maraqlı alınacaq.

Amma vəziyyət elə indi də maraqlıdır. Məsələ ondadır ki, seçkilərin nəticələrinə görə heç bir partiya regional hökuməti təkbaşına formalaşdırmağa kifayət edəcək qədər səs yığa bilməyib. Aydındır ki, bu vəziyyətdə razılığa gedilməsi zəruri olan əsas qüvvə XDİ, sövdələşməyə cəlb edilməli olan qüvvə isə Sara Vaqenknextin İttifaqıdır. Amma sövdələşmə üçün digər partiyaların da şansı pis deyil. Sadəcə məsələ ondadır ki, bu siyasi qüvvələrdən ibarət birlik nə qədər dayanıqlı, nə qədər işləmə qabiliyyətinə malik olacaq? Hər kəsin uzaq qaçmağa çalışacağı əsas siyasi qüvvə isə yəqin ki, AüA-dır. Məlum olduğu kimi, o, siyasi partiyaların heç biri onunla yaxınlaşmaq istəmir. Bununla yanaşı, hər kəs anlayır ki, koalisiyanın necə formalaşdırılacağından, bundan sonra nələrin baş verəcəyindən asılı olmayaraq, «Alternativ»in nüfuzu getdikcə daha da artacaq. AüA o qədər səs qazanıb ki, hökumətdə təmsil olunmadan belə, Landtaqda «bloklayıcı qüvvə» rolunu oynaya biləcək.

Partiya sədri Alis Vaydel bildirib ki, onun təşkilatı torpaq seçkisində ilk dəfə birincilik qazanıb və bu, AüA üçün tarixi uğurdur. Şoltsun «İşıqfor koalisiyası»nın məğlubiyyətini isə Vaydel kansler üçün «rekviyem» adlandırıb. İndi müşahidəçilər AüA-nın ritorikasındakı sərtliyi bir qədər azaldacağını istisna etmirlər. Onların fikrincə, partiya koalisiyaya qoşulmaq və getdikcə hakimiyyətə doğru irəliləmək üçün bu yolu seçə bilər. Partiya liderləri üçün bu ağır və taleyüklü seçim olacaq.

Yəqin ki, indiki halda ən yaxşı mövqeyə sahib olan Sara Vaqenknextdir. O, seçkiləri qələbə ilə başa vurmasa da, elə qalib kimidir, çünki bu gün ona hamının ehtiyacı var. Sara Vaqenknextin partiyası özünü lap başdan məhz AüA-ya alternativ kimi göstərib. Bu, partiyanın işinə yarayıb, hökumət üçün isə ikiqat zərbə olub. Belə ki, ona həm AüA-nın qələbəsini istəməyənlər, həm də hazırkı federal hökumətdən narazı olanlar səs verib.

Bununla yanaşı, Sara Vaqenknextin baxışları «köhnə, gözəl Avropa» üçün həqiqətən radikal səslənir – zənginlər üçün veriglərin artırılması, konsernlərin milliləşdirilməsi, dövlətin tənzimləyici rolunun artırılması, iqlimin qorunması məsələsinə skeptik yanaşma, qaçqınların qəbuluna məhdudiyyət. Beynəlxalq siyasətdə isə Vaqenknext transatlantizmi tənqid edir. Bu, daha çox «qiyam»a bənzəsə də, fakt faktlığında qalır.

 

Seçkinin vacibliyi haqda

Almaniyada torpaq seçkilərinin nə demək olduğunu və niyə vacib sayıldığını yada salaq. Almaniyanın 16 federal torpağı («landlar») qanunvericilik, büdcənin bölüşdürülməsi və s. məsələlərdə müəyyən müstəqilliyə malikdir. Torpaqlarda keçirilən seçkilər regional hökumətləri müəyyənləşdirir və müxtəlif günlərdə keçirilir. Hər torpağın, əlbəttə ki, öz əhəmiyyəti var. Lakin Saksoniya ilə Tyuringiyaya hər zaman xüsusi diqqət olub. Saksoniya (Almaniyanın ən şərq torpağı) və Tyuringiya ölkənin şərqində, yəni keçmiş Almaniya Demokratik Respublikasında iqtisadi cəhətdən ən inkişaf etmiş torpaqlar sayılır (avtomobil istehsalı, kimya sənayesi, optik məmulatlar istehsal edən zavodlar, yarımfabrikat sənayesi mərkəzləri, turizm və inkişaf etmiş infrastruktur). Eyni zamanda hesab olunur ki, onlar əvvəlkitək ölkənin digər bölgələrindən fərqli mentalitetə malikdirlər və Almaniyanın birləşməsindən illər keçsə də, bu, dəyişmir. Məhz bu mentalitetə görə qatı sağçı və qatı solçu baxışlar burada hər zaman daha cəlbedici görünüb.

Əlbəttə, ölkənin şərqində AüA və Sara Vaqenknextin İttifaqının populyarlığı Berlini çox narahat edir. Şolts AüA-nın hakimiyyət orqanlarına buraxılmaması tələbi ilə çıxış da edib. O bildirib ki, «demokratik partiyalar sağçı ekstremistlərin yer almadığı sabit hökumət qurmalıdır». Şolts tərəfdarlarından kimsə son seçkilərin nəticələrini «Almaniya demokratiyası üçün faciə» də adlandırıb. Ən sərt fikirlərdən biri isə «Der Spiegel» həftəliyində yer alıb: «Almaniyada 1945-ci ildən sonra ilk dəfədir ki, sağçı ekstremistlər qələbə qazanır». Məqalə müəllifinin fikrincə, «bu, hakim partiyanın deyil, liberal demokratiyanın böhranıdır».

İndi Şolts öz siyasi taleyi haqda ciddi düşünməlidir. «İşıqfor»un regionlarda son dərəcə zəif nəticə göstərməsi o deməkdir ki, seçicilər hökumətdən narazıdır. İndi bəzi ekspertlər kanslerin istefaya gedə biləcəyini də istisna etmir. «Deutschlandtrend» tərəfindən keçirilmiş sorğu göstərib ki, ölkədə seçicilərin 80%-dən çoxu «İşıqfor koalisiyası»nın fəaliyyətini mənfi qiymətləndirir. Bu, onun hakimiyyətə gəldiyi 2021-ci ildən bu yana göstərdiyi ən zəif nəticədir.

Elektoratını, demək olar ki, tam itirmiş «yaşıllar»ın vəziyyəti də pisdir. Onlar hakimiyyətdən ümumiyyətlə uzaq düşə bilərlər.

 

Demokratiyanın düşmənləri və Putinin dostları

Saksoniya və Tyuringiyada keçirilmiş seçkilərin nəticələri Almaniya daxili siyasəti üçün (xüsusilə ölkənin şərqində) Ukrayna müharibəsi, Rusiya ilə münasibətlər («rus kartı») kimi məsələlərin də çox vacib olduğunu bir daha təsdiqləyib. Bununla yanaşı, qeyri-leqal miqrasiya və bunun fonunda artan cinayətkarlığa da xüsusi diqqət çəkilir. Hər kəsə məlumdur ki, AüA və Sara Vaqenknextin İttifaqı Ukraynaya silah tədarükünün dayandırılmasının tərəfdarıdır. Odur ki, bu qüvvələr, xüsusilə də AüA rusiyapərəstlikdə günahlandırılır. Bundestaqın «Yaşıllar partiyası»ndan olan vitse-prezidenti Katrin Qerinq-Ekkardt deyib ki, bu gün ölkədə «demokratiyanın düşmənləri və Putinin dostları» qalib gəlir. Qeyri-leqal miqrasiyaya gəlincə, bu, yalnız Almaniyanın problemi deyil. Əksər ekspertlər deyir ki, bu, Avropa hökumətlərinin uzun illər bu istiqamətdə düşünülməmiş siyasətinin nəticəsidir.

Maraqlıdır ki, Avropanın müxtəlif ölkələrində radikal qüvvələrin uğuru hələ ki, onların real hakimiyyətə yiyələnmələrilə müşayiət olunmur. Bu mənada, yəqin ki, ən yaxşı nümunə Fransadır. Amma bu vəziyyət istənilən halda səslərinin nəticəyə təsir göstərməməsindən qıcıqlanan elektoratı daha da radikallaşdırır. Üstəlik, onlar görürlər ki, səs verdikləri qüvvələr hökumət tərəfindən «radikallar», «neonasistlər» adlandırılır, demək, bu, həmin qüvvələrin elektoratına da aiddir… Nəticədə, narazılar daha da artır ki, bu da təbii olaraq siyasi böhran riskini çoxaldır.

Bununla yanaşı, qatı sağçı və qatı solçuların bu gün, həqiqətən də, seçicilərin əksəriyyətinin mövqeyini ifadə etdiklərini söyləmək olmaz. Əlbəttə, almanların ənənəvi partiyalara inamı azalır. Məsələn, elə Tyuringiya Almaniyanın birləşməsindən sonra uzun illər idi XDİ üçün etibarlı forpost idi. Amma proses hələ də kritik xarakter almayıb və hər şey dəyişə bilər.

«Deutschlandtrend» tərəfindən keçirilən sorğu göstərib ki, Bundestaqa seçki ən yaxın günlərdə keçirilərsə, xristian partiyalarının XDİ/XSİ bloku 33%, AüA 7%, Sara Vaqenknextin İttifaqı 8%, Sol Partiya 3% səs toplayardı. Yerdə qalan bütün partiyalara ümumi dəstək 9%-dir. Nəticə çıxarmaq üçün ən yaxşı vasitə isə məhz rəqəmlərdir.



MƏSLƏHƏT GÖR:

61