26 Dekabr 2024

Cümə axşamı, 20:49

RİSKLƏR NƏZARƏT ALTINDA

Maliyyə sektorunun sabitliyi Azərbaycan iqtisadiyyatına xarici və daxili amillərin mənfi təsirini tez bir zamanda aradan qaldırmağa imkan verir

Müəllif:

15.10.2024

Azərbaycanın maliyyə sektorunun sabitliyi son illər ərzində Mərkəzi Bankın (AMB) sərt siyasəti sayəsində davamlı qalır. O, bazar iştirakçıları üçün kifayət qədər aydın prudensial normativlər müəyyən edib və mümkün risklərin ətraflı monitorinqini həyata keçirir. Belə ki, bu ilin birinci yarısında 18 yoxlama aparılıb və 47 nəzarət tədbiri həyata keçirilib. Aşkar edilmiş pozuntular nəticəsində ümumilikdə 135,6 min manat məbləğində sanksiyalar tətbiq edilib və 37 subyektə qarşı lisenziyaların ləğvinə qədər ciddi tədbirlər görülüb.

Maliyyə sektorunun ümumi vəziyyəti AMB-nin 2024-cü ilin I yarısı üzrə Hesabatında ətraflı əks olunub.

 

Əsas - banklar

Geosiyasi gərginliyin davam etməsi, Avropa və ABŞ-də faiz dərəcələrinin aşağı düşəcəyi ilə bağlı gözləntilər, mal və xammal qiymətlərində qlobal artımın yavaşlaması qlobal makroiqtisadi mühitin formalaşmasına təsir edən əsas amillərdir. Tələbatın zəifləməsi şəraitində inflyasiya risklərinin güclənməsi müşahidə olunur və bu da sabitlik məsələlərinə əlavə diqqət tələb edir. “Bu xarici çağırışlar fonunda Azərbaycanda daxili makroiqtisadi vəziyyət müsbət tendensiyalar nümayiş etdirir. Ölkə iqtisadiyyatı qeyri-neft sektoru hesabına artmağa davam edir, milli valyutanın real effektiv məzənnəsi isə sabit qalır. Əhalinin məşğulluğunun və gəlirlərinin artması da maliyyə dayanıqlılığının möhkəmlənməsinə kömək edir. Xarici ticarətin müsbət saldosu və strateji valyuta ehtiyatlarının artması əlavə davamlılıq ehtiyatı yaradır”, - AMB-nin baş direktoru Şahin Mahmudzadə qurumun “2024-cü ilin I yarısı üzrə maliyyə sabitliyi Hesabatı”nın təqdimatında bildirib.

O vurğulayıb ki, 2024-cü ilin birinci yarısında Azərbaycanın maliyyə sektorunun sabitliyi bir qədər artıb və bank sektoru isə ölkənin bütün maliyyə sektorunun 94,6%-ni tutaraq dominant rolunu davam etdirib. Üstəlik, bu sabitlik bizdə aşağı və orta konsentrasiya səviyyələri ilə xarakterizə olunur. Beynəlxalq təcrübədə istifadə olunan Herfindal-Hirşman indeksinə görə, 2024-cü ilin I yarısında bankların kredit portfeli üzrə konsentrasiya səviyyəsi 1196 (aşağı səviyyə), depozit portfeli üzrə 1604 (orta), aktivlər üzrə 1484 (aşağı) təşkil edib.

Bununla yanaşı, AMB yanvar-iyun aylarında kredit portfeli üzrə ilk 3-lükdə olan bankların bazar payının artdığını qeyd edib. Xüsusilə onların payı 1,4 faiz bəndi artaraq 53,8%-ə çatıb (2023-cü ildə 4 faiz bəndi artım).

Bank sektorunun valyuta mövqeyi də prudensial normativlər çərçivəsindədir: bankların açıq uzun valyuta mövqeyi 202 milyon manat, onun nisbəti isə 3,5% təşkil edib. Qeyd edək ki, “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na əsasən, məcmu açıq valyuta mövqeyinin bankın məcmu kapitalına nisbəti üzrə maksimum limit 20% (sərbəst dönərli valyuta üzrə) təşkil edir. AMB qeyd edib ki, dedollarizasiya prosesinin sabitləşməsi müşahidə olunur: 6 ay ərzində sektorun kredit portfelinin dollarlaşması 0,8 faiz bəndi azalaraq 18%-ə (tarixi minimum), depozit portfelinin dollarlaşması isə 0,3 faiz bəndi artaraq 38,7%-ə çatıb.

Ş.Mahmudzadə əlavə edib ki, Azərbaycanda əməliyyatların daha təhlükəsiz və şəffaf şəraitdə yerinə yetirilməsi və risklərin azaldılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi davam edir, banklarla əlaqəli şəxslərlə əməliyyatların aparılması qaydaları yenilənib. Bundan başqa, istehlak kreditləri üçün həyat sığortası şərtlərinin genişləndirilməsi, həmçinin kreditlərin verilməsi ilə bağlı risklərin nəzarətinin gücləndirilməsi daxil olmaqla kredit risklərinin idarə edilməsi qaydasına dəyişikliklər edilib. Üçüncü vacib addım isə bank və bank olmayan kredit təşkilatlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərin qəbul edilməsi olub. “Yeniliklər məlumatların qorunmasını gücləndirməli və kibertəhlükəsizlik təhdidlərini minimuma endirməlidir. Davamlı maliyyələşdirmə prinsiplərinin tətbiqi ilə bağlı sənəd təsdiq edilib. Bu, davamlı inkişaf strategiyalarının bankların korporativ idarəetməsinə inteqrasiyasına, uçot və hesabatlılıqda şəffaflığın artırılmasına, həmçinin risklərin səmərəli şəkildə idarə edilməsinə yönəlib”, - AMB-nin baş direktoru vurğulayıb.

 

Sığorta - aktivlərin və mənfəətin artımı

Azərbaycanın maliyyə sektorunun digər əhəmiyyətli oyunçuları olan sığortaçılara gəlincə, Mərkəzi Bankın hesabatına əsasən, birinci yarımildə sığorta şirkətlərinin investisiya fəaliyyətində müsbət dinamika müşahidə olunub: investisiyalar ötən illə müqayisədə 6% (94 milyon manat) artaraq 1,6 milyard manata çatıb. Hesabata görə, investisiyaların artımı əsasən dövlət qiymətli kağızları (100 milyon manat) hesabına baş verib. Eyni zamanda bu sektor 58 milyon manat gəlir əldə edib və bu da ümumi həcmin 8%-ni təşkil edir.

Ümumilikdə, bu ilin birinci yarısında Azərbaycanın sığorta sektorunun aktivləri 5% və ya 93 milyon manat artaraq 1,9 milyard manata çatıb. Aktivlərin 49%-ni dövlət qiymətli kağızları, 21%-ni bank vəsaitləri, 8%-ni qeyri-dövlət qiymətli kağızları, 7%-ni debitor borcları, 15%-ni isə digər aktivlər təşkil edir.

Bazardakı problemlərə gəlincə, son vaxtlar bəzi sığorta şirkətlərinin avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası bazarından çıxması tendensiyası müşahidə olunur. Belə ki, əvvəllər “Azsığorta” ASC, “İpək Yolu Sığorta”, “A-Qrup Sığorta” və “Bakı Sığorta”nın könüllü müraciəti əsasında onların lisenziyalarının fəaliyyəti icbari avtomobil sığortasına verilmiş icazələrin ləğvi yolu ilə məhdudlaşdırılıb. Bəs bu, ümumiyyətlə sektor üçün mənfi haldırmı?

Ş.Mahmudzadənin qeyd etdiyi kimi, Mərkəzi Bank üçün bu bazarı hansı sığorta şirkətinin tərk etməsinin fərqi yoxdur: “İcbari avtosığorta üzrə xidmət göstərən şirkət həmin müştəriyə kasko sığortası da satmağı bacarmalıdır. Yəni sığortaçı maliyyə dayanıqlılığını icbari avtosığorta hesabına əldə etməməlidir, bir az könüllü sığorta bazarında da aktiv olmalıdır. Sığorta şirkətinin hansısa seqmentdən çıxması kommersiya marağı ilə bağlı məsələdir. Yəni şirkət hesab edirsə ki, bu sığorta növü zərərlidir, həmin seqmentdə qalmaq sərf eləmir, onda həmin bazardan çıxır və bu, normal tendensiyadır”.

Bundan əlavə, Mərkəzi Bankın nümayəndəsi qeyd edib ki, Azərbaycanda kasko sığortasının inkişafı birbaşa avtomobillərin yaşı ilə bağlıdır. “Bizdə maşınların orta ömrü çoxdur. Nəticədə, kasko sığortası haqqı artıq və onu satmaq çətinləşir. AMB üzərinə düşəni edir. Bazarda inkişaf meyilləri görünür. Yaxın 3 ildə bu bazarda inkişafı proqnozlaşdırırıq”, - deyə Ş.Mahmudzadə bildirib.

Bununla belə, bu vəziyyətlə əlaqədar olaraq Mərkəzi Bank 2024-cü ilin yekunlarına görə icbari avtomobil sığortası üzrə zərər (ödənişlərin yığımlara nisbəti) gözləyir. “Hazırda sığorta sektorunda ən yüksək zərərlilik icbari avtomobil sığortasında müşahidə olunur, bu ilin yekunlarına görə bu, təxminən 80% təşkil edəcək. Bu, məqbul səviyyədir və dünya göstəricilərinə uyğundur”, - Mərkəzi Bankın baş direktoru bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank, həmçinin bu gün aşağı zərərlilik səviyyəsinin müşahidə olunduğu daşınmaz əmlakın icbari sığortası bazarının inkişafı üzərində işlər aparır.

AMB-nin hesabatında qeyd edilib ki, 2024-cü ilin birinci yarısında icbari avtomobil sığortası üzrə zərərlilik 71%, daşınmaz əmlakın icbari sığortası üzrə isə 7% təşkil edib.

Buna baxmayaraq, Azərbaycanın sığorta sektorunun xalis mənfəəti 98 milyon manat təşkil edib ki, bu da 16 milyon manat və ya 20% çoxdur. Həyat sığortası şirkətlərinin mənfəəti 5 milyon manat azalaraq 41 milyon manata düşüb, non-life üzrə isə əksinə, artıb. Azərbaycanda yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin gəliri isə 12 milyon manat artaraq 15 milyon manat təşkil edib.

İnvestisiya şirkətlərinin də işləri kifayət qədər yaxşıdır. Tədqiq olunan dövrdə onların aktivləri 89% artaraq 228 milyon manata çatıb. Hesabata görə, sektorun öhdəlikləri 40% artaraq 180 milyon manata, balans kapitalı isə 4% artaraq 48 milyon manata çatıb. “İnvestisiya şirkətlərinin aktivlərinin və öhdəliklərinin artmasını şərtləndirən əsas amil birbaşa/əks REPO əməliyyatlarının həcminin artması olub. 2024-cü ilin birinci yarısında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə REPO bazarında əməliyyatlar iki dəfədən çox artıb” - hesabatda qeyd edilib.

Beləliklə, maliyyə sektorunun əsas seqmentlərinin sabitliyi göz qabağındadır və bu da bazarda ümumi vəziyyətin risklərin idarə edilməsi səviyyəsində saxlanılmasının qarantıdır. Bu isə öz növbəsində iqtisadiyyata mümkün qlobal mənfi təsirlərin qarşısını almağa imkan verir.


MƏSLƏHƏT GÖR:

61