Müəllif: Natiq NAZİMOĞLU
Avstriya Azadlıq Partiyasının (AAP) ümumxalq səsverməsində əldə etdiyi zəfər İkinci Dünya müharibəsindən sonra bu ölkədə ultrasağçıların ilk nəhəng qələbəsidir. Bu qələbə həm də ümumavropa əhəmiyyəti daşıyır. Yəni o, «Köhnə dünya» ölkələrində ultrasağçı siyasi qüvvələrin güclənməsi tendensiyası ilə də bağlıdır. Söhbət davamlı olaraq millətçi və ksenofob mövqedən çıxış edən qüvvələrdən gedir.
Kikl meydandadır
Gerbert Kiklin başçılıq etdiyi AAP seçkidə 29,2, hakim mühafizəkar Avstriya Xalq Partiyası (AXP) isə 26,5% səs qazanıb (ikinci yer). Sonrakı yeri beş il əvvəlki seçkidə olduğu kimi, 21% səslə sosial-demokratlar tutub.
Beləliklə, Avstriya parlamentindəki 183 yerin 58-i ultrasağçılara, 52-si mühafizəkarlara, 41-i sosial-demokratlara qismət olub. Doğrudur, AAP qanunverici orqanda mütləq çoxluğa sahib çıxmadığı üçün hökuməti təkbaşına formalaşdıra bilməyəcək. Lakin seçkinin nəticəsi ultrasağçıların şəksiz uğurudur. İndi onlar Avstriyanın əsas partiyalarından birinə çevriliblər.
Ultrasağçılar Avstriyanın siyasi həyatında onilliklərdir yer alırlar. AAP yarandığı 1956-cı ildən mühafizəkarlarla üç hökumət koalisiyasında təmsil olunub – 1983-1986, 2000-2006 və 2017-2019-cu illərdə. Lakin onların proseslərə real təsiri əsasən yerli hakimiyyət orqanları ilə məhdudlaşıb. Federal miqyasda ultrasağçılar uzağı aparıcı qüvvənin kiçik qardaşı rolunda olublar. İndi isə qazanılmış qələbə AAP-ni hökumətə rəhbərlik etməyə iddialı gücə çevirib.
Kikl partiyasının «yeni mərhələnin qapısını açdığını» əbəs yerə bəyan etmir. O, ilk növbədə, partiyasının əsas hədəfinə çatmaq niyyətini nəzərdə tutur – AAP miqrantlar üçün əlçatmaz «Avstriya qalası» yaratmaq niyyətindədir. Ultrasağçıların seçki kampaniyası zamanı əsas xarici siyasi vədləri isə Ukraynanın Avropa İttifaqına yolunun bağlanması, Rusiya ilə münasibətlərdə milli maraqlardan çıxış edilməsi olub. Yəni Rusiyadan qaz idxalı prioritet olmalı, Vyana qərbin Moskvaya sanksiyaların tətbiqi qərarına yenidən baxmalıdır.
Bəs AAP bu vədlərini yerinə yetirmək üçün lazımi hakimiyyətə yiyələnə biləcəkmi?
Avstriyanın praktik olaraq bütün digər siyasi qüvvələri – yalnız AXP və sosial-demokratlar yox, həm də seçkilərin autsayderləri olan «yaşıllar» və liberallar – ultrasağçılarla koalisiyaya getmək ehtimalını rədd edirlər. Halbuki Kikl AAP-nin hökumətdə «istənilən partiya ilə» birgə yer almağa hazır olduğunu deyir, «hər tərəfə əl uzatdıqlarını» bildirir.
Lakin ultrasağçıların rəqibləri apriori özlərini AAP ilə bir cəbhədə görmürlər. Onlar bunu təşkilatların arasında fundamental ideoloji ziddiyyətlərlə əsaslandırırlar. Bu siyasi qüvvələr Kiklin xalq kansleri (Volkskanzler) olmaq vədini də bəyənmir, onu Hitlerin nasist Almaniyasındakı quruluşu ilə müqayisə edirlər.
Məsələn, AXP lideri, hazırkı kansler Karl Nexammer seçkidən əvvəl də, sonra da bildirib ki, onların AAP ilə işləmək niyyətləri yoxdur. «Kikl ilə dövlət qurmaq olmaz», - deyə kansler qeyd edib.
İndi sual başqadır: bəs AAP-nin rəqibləri onun iştirakı olmadan koalision hökumət qura biləcəklərmi? Nəzərə alsaq ki, bunun üçün mühafizəkarlar, sosial-demokratlar və ən axzı daha bir kiçik partiya, məsələn, «yaşıllar» səylərini birləşdirməlidir, məsələ qəlizdir. Bu qüvvələr ultrasağçıların hakimiyyətə gəlişini əngəlləmək üçün bir araya gəlməyi bacaracaqlarmı? Hər halda, bunun üçün kifayət qədər ciddi olan fikir ayrılıqlarını kənara qoymaq, üçpartiyalı koalisiya yaratmaq lazımdır.
Amma Avstriyanın ənənəvi nüfuzlu siyasi gücləri üçün çoxpartiyalı hökumətin formalaşması halında belə, AAP problemi bitməyəcək. Çünki 58 deputata malik bu siyasi partiya müxalifətdə də Vyananın siyasətində ciddi amilə çevriləcək. O, arxasında ciddi elektorat dəstəyini hiss etdiyindən, qərarların qəbuluna bu və ya digər formada təsir göstərə biləcək. Çünki Avstriya ultrasağçılarının uğurunun əsas amili onların şüarlarının çoxsaylı sıravi vətəndaşın istəyi və tələbi ilə üst-üstə düşməsidir. Bu, ildk növbədə miqrant probleminə aiddir. Yeri gəlmişkən, Avstriyanın Nexammerin başçılıq etdiyi hazırkı hökuməti artmaqda olan miqrasiya probleminə münasibətdə xüsusi liberallıq nümayiş etdirmir və Aİ-ni davamlı olaraq sərhədləri bağlamağa çağırırdı. Amma onun bu mövqeyi belə, Avstriya əhalisinin çoxunu qane etmirdi – xalq miqrasiya ilə daha sərt mübarizə istəyir. İndi seçkidə qələbə qazanmış AAP hökumətin başına keçəcəksə, Vyananın anti-miqrasiya siyasətinin sərtləşəcəyinə şübhə yoxdur. Kikl özü açıq deyir ki, o, remiqrasiyaya nail olmaq üçün əlindən gələni edəcək. Söhbət Avstriyada leqal yaşayanlar da daxil olmaqla, əcnəbilərin bir hissəsinin ölkədən çıxarılmasından gedir.
Vyananın xarici siyasətində dəyişikliklər gözlənilir. Guman ki, yeni hökumət NATO-ya qoşulmayan və belə niyyəti olmayan Avstriyanın bu mövqeyini daha da möhkəmləndirəcək. Hələ 1955-ci ildə qəbul olunmuş və ölkənin tam neytrallığını nəzərdə tutan qanun deyir ki, Avstriya hərbi birliklərə qoşulmur və hərbi münaqişələrdə iştirak etmir. Bu isə ultrasağçıların xarici siyasi baxışları ilə tam üst-üstə düşür.
Təxminən 70 il əvvəl, ABŞ-nin başçılıq etdiyi Qərb ilə SSRİ-nin rəhbərliyi altındakı Şərq arasında gedən «soyuq müharibə»nin kəskin vaxtında AAP Avstriyanın neytrallığının əleyhinə səs verərək, onun NATO-da yer almasını, kommunizmlə mübarizəyə qoşulmasını dəstəkləmişdi. Lakin zaman dəyişib və bu gün partiya Avstriyanın müstəqilliyinin təminatı kimi, neytrallığa üstünlük verir. Vyananın Qərbin qlobalist strategiyasının bir hissəsinə çevrilməsini istəməyən Kikl Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğvini, xüsusilə neft-qaz sahəsində sanksiyalardan imtinanı vacib sayır. O, Ukraynaya hərbi dəstəyin dayandırılmalı olduğunu da deyir.
Bütün bunları nəzərə alsaq, Avstriyada ultrasağçıların hakimiyyətə yiyələnmək perspektivi Avropa bürokratiyasını qətiyyən sevindirmir. Çünki bu, qitənin başqa ölkələrində də sağçı radikalların uğur qazanması, sonda isə Aİ-nin mövcudluğuna təhlükənin yaranması ehtimalını ortaya çıxarır.
Aİ əvəzinə «Avropa xalqları alyansı»?
Son illər ultrasağçılar Aİ-yə daxil olan bir çox ölkədə uğur əldə ediblər. İtaliya, Niderland, Çexiya, Xorvatiya, Finlandiya kimi ölkələrdə onlar koalision hökumətlərdə yer alırlar. Macarıstanda isə Viktor Orbanın rəhbərlik etdiyi, sağçı radikallara yaxın «Fides» partiyası hakimiyyətdədir. Avropa Parlamentinə iyunda keçirilmiş seçkidə Fransanın Marin Le Penin «Milli birlik» partiyasının qazandığı uğur bu ölkədə də ultrasağçı qüvvələrin gücləndiyini göstərir.
«Almaniya üçün alternativ» (AüA) partiyasının nüfuzunu artırması da diqqət çəkir. Avroseçkilərdə bu partiya rekord sayılacaq 15,9% səs yığıb, bu yaxınlarda keçirilmiş yerli seçkidə isə özünü ölkənin şərqinin ən güclü siyasi təşkilatı kimi göstərə bilib. Bu, nasistlərin hakimiyyəti dövründən bu yana yerli seçkidə ultrasağçıların ilk belə uğurudur.
İndi isə Avstriyada Kiklin partiyasının yüksəlişi Avropada radikal əhvalın getdikcə artdığının göstəricisidir. Ultrasağçıların hakimiyyətə gəlməsinə müqavimət göstərən qüvvələr bəzən buna «geniş koalisiya» yaratmaqla nail olurlar. Mühafizəkarlar və liberallar, sosial-demokratlar və «yaşıllar», solçular, sağçılar və mərkəzçilər millətçilərin hakimiyyəti ələ ala bilməməsi üçün bir sıra ölkələrdə səylərini birləşdiriblər. Amma bu birliklərdə də problemlər yaranır: iştirakçılar arasında ideoloji fərqlərin həddindən artıq olması onların yaratdıqları hökumətlərin dayanıqlılığı üçün maneəyə çevrilir. Bu isə yenə də elektoratın ənənəvi sistem partiyalarına inamsızlığının artmasından uğurla istifadə edən ultrasağçıların işinə yarayır.
Avstriyada ultrasağçılara qarşı geniş koalisiyanın yaranıb-yaranmayacağından asılı olmayaraq, aydındır ki, birincilərin güclənməsi yalnız Avstriyadaxili deyil, ümumavropa tendensiyasına çevrilir. Bu isə Aİ-də dərin böhranın olduğunu göstərir. Belə ki, yaranmış vəziyyət birləşmiş Avropa layihəsinin özünün gələcəyini sual altına qoyur. Bu layihə millətlərüstü strukturların və Avropa bürokratiyasının maraqlarında Avropa dövlətlərinin rolunun azaldılmasını nəzərdə tuturdu, ifrat sağçılar isə bunun tam tərsini istəyirlər.
Aİ-nin dayanıqlığını içəridən oyan amillərdən biri isə ultrasağçıların Avropa strukturlarının özünün fəaliyyətinə təsirini göstərən birliyidir. Məsələn, Avropa Parlamentinə iyunda keçirilmiş seçkinin nəticələrinə əsasən orada «Avropa uğrunda vətənpərfərlər» fraksiyası yaradılıb. Bu işdə əsas rollardan birini isə məhz Kiklin partiyası oynayıb. Bu gün «Avropa uğrunda vətənpərvərlər» fraksiyasında ultrasağçı deputatlar, o cümlədən Macarıstanın «Fides», Fransanın «Milli birlik» və İtaliyanın «Şimal liqası» partiyasının üzvləri yer alır.
Yeri gəlmişkən, İtaliyanın Pontida şəhərində Avropanın radikal sağçı liderlərinin özünəməxsus toplantısı da keçirilib. Onlar buraya İtaliya baş nazirinin müavini, sabiq daxili işlər naziri, «Liqa»nın lideri Matto Salvinini dəstəkləmək üçün yığışıblar. Qeyd edək ki, Salvinini 2019-cu ildə miqrantların Lampeduza adasına yerləşməsinə əngəl yaratdığı üçün 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Görüş iştirakçıları arasında Avstriyada son seçkini qazanmış Azadlıq Partiyasının təmsilçisi Marlen Svazek də olub. Pontida toplantısının ən vacib qonağı isə əlbəttə ki, Macarıstanın baş naziri Orban idi. «Biz Macarıstanda Salvinini qəhrəman sayırıq. Çünki o, sərhədləri bağlayaraq, italiyalıları qoruyub», - deyə Orban qeyd edib. Baş nazir Avropa İttifaqının miqrasiya ilə mübarizədə ciddi addımlar atmayacağı təqdirdə, qeyri-leqal miqrantları avtobuslara dolduraraq Brüsselə göndərəcəklərini deyib. Aİ rəhbərliyinin Budapeştə təzyiqləri artırdığını, hətta onları təcridlə hədələdiklərini xatırladan Orban bildirib ki, Macarıstan Avropa İttifaqını tərk etməli deyil, Brüssel «işğal olunmalı, bürokratlardan alınaraq Avropa xalqına qaytarılmalıdır».
«Avropa xalqına qaytarılmağın» nə demək olduğunu isə Salvini özü izah edib. O, bildirib ki, Aİ başçıları «bu gün Pontidada doğulan müqəddəs Avropa xalqları alyansının qarşısını ala bilməyəcəklər». Bununla, Salvini əslində, ultrasağçı hərəkatın getdikcə güclənməsinin Aİ layihəsi üçün hansı təhdidləri yaratdığını təsdiqləmiş olub.
MƏSLƏHƏT GÖR: