Müəllif: Kənan RÖVŞƏNOĞLU
HƏMAS yaraqlılarının İsrailin təhlükəsizlik səddini yararaq onun ərazisinə daxil olmasından və bununla Yaxın Şərqdə yeni müharibənin başlamasından düz bir il keçir.
HƏMAS-ın hücumu yəhudi dövlətinə indiyə qədər üzləşdiyi ən sarsıdıcı zərbə hesab olunur. Bu günə qədər hərbi əməliyyatların acınacaqlı statistikası belədir: 1200 israilli ölüb, 250 nəfər yaralanıb və Qəzza zolağı və İordan çayının Qərb sahilində 42 mindən çox fələstinli ölüb və 100 min nəfər yaralanıb. Müharibə isə davam edir.
Oktyabrın 1-də isə İsrail ordusu Livana hücum edib, nəticədə, 2000-dən çox insan ölüb, minlərlə insan yaralanıb. Livanla qarşıdurma əslində ötən il oktyabrın 8-də “Hizbullah” və HƏMAS-ın Livan qolunun silahlıları ilə sərhəddə artilleriya və raket atəşləri ilə başlasa da, bu ilin sentyabrında aktiv mərhələyə qədəm qoyub.
Sentyabrın 17-də Livanda “Hizbullah” üzvlərinin peycer cihazları, növbəti gün isə simsiz rabitə qurğuları partladılıb. Nəticədə, 37 nəfər ölüb, 4 min nəfərə yaxın insan isə yaralanıb. Bundan sonra İsrail aviasiyası sentyabrın 27-də Livanın paytaxtı Beyrutu bombalamağa başlayıb. Əməliyyat Təl-Əviv üçün uğurlu sayıla bilər. “Hizbullah” lideri Həsən Nəsrullahın, eləcə də qrupun bir neçə yüksək səviyyəli komandiri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Abbas Nilforuşanın yerləşdiyi bunkerə endirilən bombalı zərbələr hədəfə çatıb. Onların hamısı öldürülüb. İsrail ordusu daha sonra şimal-şərqdən və şimaldan Livan ərazilərinə hücum edib.
Bundan başqa, Livan-İsrail sərhədində “Hizbullah” yaraqlıları ilə İsrail hərbçiləri arasında ilk toqquşmalar qeydə alınıb. Təl-Əviv artıq bəyan edib ki, Livanda “məhdud” quru əməliyyatı “Hizbullah”ı Litani çayından uzaqlaşdırmaq və öz şimal sərhədlərində bufer zonası yaratmaq məqsədi güdür. Lakin döyüşlərin ilk günlərinin nəticələrinə və “Hizbullah” qüvvələrinin güclü müqavimətinə görə İsrailinin buna nail olmasının çox çətin olacağını söyləyə bilərik.
Yeni Yaxın Şərq?
İsrail ordusunun Qəzza zolağı və İordan çayının Qərb sahilindəki əməliyyatları, Təl-Əvivin Tehranla münasibətlərindəki gərginliyi, Yəmən, Suriya və Livan ərazilərinə zərbələr daxil olmaqla, Yaxın Şərqdəki münaqişələri Baş nazir Binyamin Netanyahu tərəfindən elan edilmiş “Yeni Yaxın Şərq” planının həyata keçirilməsi adlandırmaq olar.
HƏMAS-ın keçmiş sədri Xalid Maşalın daha əvvəl bildirdiyi kimi, 2023-cü ilin oktyabrında İsrailə hücum konkret məqsəd daşıyırdı – “İsraili sıfır mövqeyinə qaytarmaq”. Başqa sözlə, ABŞ-nin təşəbbüsü ilə başladılan ərəb-İsrail barışığı prosesini pozmaq. Əks halda, məsələn, Hindistan, Yaxın Şərq və Avropa arasında IMEC ticarət dəhlizi layihəsi işə salınardı. İsrail və Səudiyyə Ərəbistanı daxil olmaqla ərəb dövlətləri arasında barışıq prosesində əhəmiyyətli irəliləyiş əldə edilərdi. Bu gün Qəzzada davam edən müharibə fonunda barışıqdan danışmaq mümkün deyil. Bu prosesin önündə gedən Səudiyyə Ərəbistanı artıq müharibənin sonuna qədər bu istiqamətdə hər hansı cəhdin nəticəsiz olduğunu bəyan edib.
Belə xoşagəlməz vəziyyətə düşən İsrail hökuməti, görünür, Yaxın Şərqin mövcud hərbi-siyasi xəritəsini yenidən cızmaq qərarına gələrək daha riskli bir yola əl atıb. İsrailin Livan, Qəzza zolağı və İordan çayının qərb sahilində apardığı döyüşləri, eləcə də İranla münasibətlərdə növbəti gərginlik mərhələsini məhz belə şərh etmək olar. Başqa sözlə, Netanyahunun HƏMAS-ın uğurlu hücumu ona çoxdankı planlarını həyata keçirmək şansı verdi.
İsrail baş nazirinin BMT Baş Assambleyasında çıxışı zamanı iki xəritə nümayiş etdirməsi bu açıqlamaya sübutdur. Onlardan birində İsraillə barışıq prosesinə qoşulan Misir, Sudan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və Bəhreynin daxil olduğu Yaxın Şərq ərazisinin bir hissəsi “xeyir-dualılar” yazısı ilə yaşıl rəngdə göstərilib. İkinci xəritədə isə İsrailin hazırda müharibə apardığı İran, Suriya, İraq, Yəmən və Livanın indiki əraziləri “lənətlənmişlər” yazısı ilə qara rəngdə göstərilib. Güman ki, Netanyahu “lənətlənmişlər”lə müharibəni qazanmaq və İsrailin istədiyi Yaxın Şərq xəritəsini hazırlamaq üçün konkret işlər görür.
İsrail üçün Yaxın Şərqdəki “lənətlənmiş” ölkələr siyahısına İran başçılıq edir. Təl-Əvivin keçən il İranı və onun regiondakı əsas silahlı müttəfiqi “Hizbullah”ı münaqişəyə cəlb etmək cəhdlərini məhz bu izah edə bilər. İranın Dəməşqdəki səfirliyinin bombalanması və Tehranda HƏMAS lideri İsmayıl Haniyəyə sui-qəsd cəhdi də eyni məqsədə xidmət edirdi.
Lakin Tehran İsraillə birbaşa qarşıdurmadan yan keçmək üçün kifayət qədər təmkin nümayiş etdirib. Doğrudur, o, səfirliyin hücumuna və Haniyənin öldürülməsinə (daha sonra Həsən Nəsrullah və Abbas Nilforuşanın öldürülməsinə) İsrail ərazisinə bir sıra zərbələrlə cavab verib. Amma bunlar hələ genişmiqyaslı müharibəyə səbəb olmayıb.
İstənilən halda Netanyahu hökumətinin yekun planı İranı və onun proksi-qüvvələrini regionda zərərsizləşdirmək və müəyyən mənada yeni bir hərbi-siyasi konfiqurasiyaya nail olmaqdır.
Ciddi risklər
Əlbəttə ki, Tehran İsrail hökumətinin regionun genişmiqyaslı yenidən qurulması planlarından xəbərdardır. Bu da İsrailin hücumlarından sonra İran hakimiyyətinin passiv münasibətini izah edir. O, İsrailə qarşı böyük müharibədə tək qalmaq riskini yaxşı anlayır - ən azı çoxlu sayda regional rəqiblər və düşmənlərə görə.
Tehranın son bir ildə əsas taktiki gedişi Təl-Əvivi, xüsusən də Netanyahu hökumətini zəiflədən müharibəyə sövq etmək olub. Bir tərəfdən əgər uğurlu olarsa, beynəlxalq ictimaiyyət İsraili Qəzza və Livanda İnsan Haqları Konvensiyasını və müharibə qaydalarını pozan hərəkətlərinə görə qınayaraq, ona təzyiqləri artıracaq. Digər tərəfdən davam edən partizan müharibəsi İsrail ordusunu tükəndirəcək və ona böyük itkilər verəcəkdi. Həqiqətən də, ötən ilin sonunda İsrail ordusu Qəzza zolağının bütün ərazisinə nəzarəti bərqərar etmək üçün HƏMAS-ın partizan gücünə qalib gələ bilməyib.
Bundan əlavə, iranlıların planlaşdırdığı kimi, İraqdakı husilər, “Hizbullah” və şiə qrupları HƏMAS-a qoşulacaqlar ki, bununla da, vaxtaşırı İsrail əraziləri atəşə tutularaq onun hərbi gücü və infrastrukturu zəiflədiləcək.
İran ikinci raket hücumunu oktyabrın 1-də (birincisi aprelin 3-də) həyata keçirib. İrandan İsrailə eyni vaxtda 181 raket atılıb ki, onlardan bəziləri “Fəttah-1” hipersəs raketləri olub. Bir çox raket ABŞ-nin İraq və Aralıq dənizində gəmilərində yerləşdirilən hava hücumundan müdafiə sistemləri, bəziləri isə İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Lakin onlardan bəziləri İsrail ərazisinə düşüb. Bu hadisə İsrail üçün ciddi xəbərdarlıq sayılır.
Nəhayət, bu tədbirlər nəticəsində ABŞ və Avropa İttifaqının müharibəni dayandırması üçün İsrailə təzyiq göstərəcəyi gözlənilirdi. Ümumilikdə, belə də oldu. Qəzzadakı uğursuzluqlar, eləcə də artan beynəlxalq təzyiqlər və müharibənin davam etdirilməsi ilə bağlı narahatlıqlardan sonra Netanyahu hökuməti avqustda İordan çayının qərb sahilində, sentyabrda isə Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Başqa sözlə, Qəzza və Livandakı sarsıdıcı müharibənin əsas zərbəsi məhz İsrailin üzərinə düşür və bu səbəbdən də o, “lənətlənmişlər”lə son döyüşə can atır.
Lakin İranın soyuqqanlı siyasəti, Fələstin və Livanda uğurlu silahlı müqaviməti Netanyahunun planlarını poza bilər. Üstəlik, Kamala Harrisin ABŞ-də keçirilən prezident seçkilərində mümkün qələbəsi də müharibəni bitirmək üçün ona təzyiqlərin artmasına səbəb ola bilər. Hər şey hər bir tərəfin siyasi addımlarından asılı olacaq.
Müqəddəs yer boş qalmayacaq
Qeyd edək ki, İranın Yaxın Şərqin siyasi arenasından nəzəri olaraq uzaqlaşdırılması belə, region üçün uzun müddətdir ki, gözlənilən sülhü vəd etmir. İsrail-Fələstin münaqişəsinin əsaslı həlli olmadan burada davamlı sülhə nail olmaq mümkün deyil. Tarixi kontekstdə İran və onun qüvvələrinin hərəkətləri yalnız son qırx ili əhatə edir. Bu müddətin yalnız yarısını qarşıdurmanın aktiv fazası tutur. Fələstin məsələsinin yaşı yüzillik həddi çoxdan keçib. Bu dövrdə və hətta İran İslam Respublikası və onun dəstəklədiyi “müqavimət cəbhəsi” dünyanın siyasi xəritəsində görünməzdən əvvəl, bölgədə zaman-zaman silahlı qarşıdurmalar baş verirdi. Yəni münaqişənin növbəti mərhələsində İranın yerini tutmağa hazır başqa dövlətlərin meydana çıxması tamamilə mümkündür. Türkiyənin bu istiqamətdəki fəaliyyəti hazırda diqqəti cəlb edir. Rəsmi Ankara Tehrana təzyiqlərin artması fonunda arenaya girməyə çalışır.
Maraqlıdır ki, İsrail Baş nazirinin BMT toplantısında göstərdiyi yaşıl-qara xəritələrdə Türkiyə yox idi. Baxmayaraq ki, bu yaxınlarda Türkiyə parlamentinin növbəti iclasının açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan bildirmişdi: “İndi Dəclə ilə Fərat arasındakı doğma torpaqlarımıza tamah salacaqlar. Bu barədə açıq danışırlar, xəritələrin qabağında fotolar çəkdirirlər”.
Aydındır ki, bu bəyanatın məqsədi Türkiyə ictimaiyyətinin diqqətini ölkənin yeni regional siyasətinə cəlb etmək idi. Bu gün Türkiyə İranın boşalda biləcəyi ərazilərə nəzarət etmək iddiasında olan regionun əsas dövlətidir. Şübhəsiz ki, onlardan ən əsasları Fələstin və Livandır. Bu isə o deməkdir ki, region uğrunda mübarizə hələ uzun illər davam edəcək.
MƏSLƏHƏT GÖR: