19 Dekabr 2024

Cümə axşamı, 11:15

MOSKVA-İRƏVAN-PARİS

Paşinyan Qərblə «flört»ü dayandırır?

Müəllif:

15.10.2024

MDB-nin Moskvada keçirilən sammiti Cənubi Qafqazda ilk baxışdan «fotolar tarixçəsi» ilə yadda qala bilər. Ermənistanda Kreml «protokolçuları»nın yaydığı bir fotoya görə Rusiyadan əməlli-başlı inciyiblər. Söhbət baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında təqsirkar məktəbli kimi, başını aşağı sallayıb məyus-məyus dayandığı fotodan gedir. Daha sonra onun Azərbaycanın dövlət bayrağı qarşısında da eyni formada dayandığını göstərən daha bir foto yayılıb. Ermənistanda əmindirlər ki, Kremlin mətbuat xidməti baş naziri bilərəkdən alçaltmağa çalışıb!

Daha bir fotoda isə Paşinyan Moskvadakı hotellərdən birinin nömrəsində pəncərənin qarşısında əynində şort, ayağında şap-şapla əks olunub. Hər halda, bu fotonu Kreml yaymayıb. Onun hoteli tərk etdiyi anın sosial şəbəkələrdə yayılmış fotosunu da o cümlədən – baş nazir cərgəyə düzülmüş hotel personalı ilə bir-bir əl sıxaraq görüşməklə guya xalqa yaxınlığını, demokratlığını nümayiş etdirir.

Zarafatı kənara qoysaq, əksər ekspertlər MDB ölkələri liderlərinin Moskva görüşünü Moskva ilə İrəvan arasında kifayət qədər dramatik olan münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirir. Xüsusən də ona görə ki, baş nazir buraya demək olar ki, Fransadan gəlmişdi. Oraya Paşinyan Frankofoniya sammitinə qatılmaq üçün yollanmışdı.

 

Fransa ümidləri və məyusluq

İlk baxışdan, Parislə İrəvan arasında «bal ayı» davam edir. Amma bu, məhz ilk baxışda belə görünür. Əslində, Ermənistanda Parisdən məyusluq getdikcə artır. Bəli, Fransa Ermənistana silah verir, amma söhbət heç də müasir silahlardan getmir. Bəzi erməni ekspertlər bu silahların Fransada istifadədən çıxarıldığını deyir. Məsələn, «Bastion» zirehli maşınları məhz belələrindəndir. Onlar yarım əsr əvvəl istehsal olunub və mütəxəssislər bu maşınların ordudan çox polis üçün olduğuna diqqət çəkir. Ermənistanın Fransadan almağa hazırlaşdığı CAESAR özüyeriyən haubitsaları isə bir qədər yeni olsa da, onların Ukrayna müharibəsində istifadəsi heç də uğurlu alınmayıb. Ukrayna Silahlı Qüvvələrinin zabit və əsgərləri bu «müasir» qurğunun həddindən artıq iri və «şıltaq» olduğunu deyirlər. Adi palçıq belə, onun işinə mane olur.

İrəvanda onlara Rusiyanın hansı şərtlərlə nə qədər silah-sursat tədarük etdiyini yaxşı xatırlayırlar. Amma Ukrayna müharibəsinin başlaması ilə bu «hədiyyə»lər də azalıb. Buna baxmayaraq, ekspertlər Rusiya və Fransanın hərbi yardımını müqayisə etməyə bilmirlər ki, burada da nisbət heç də Parisin xeyrinə deyil. Bundan başqa, Rusiya ilə Ermənistan arasında hərbi yardım haqqında iki müqavilə var: biri KTMT çərçivəsində, digəri ikitərəfli. Amma İrəvan onlara əsaslanaraq İkinci Qarabağ müharibəsinə Rusiyanı cəlb edə bilməyib – nə 2020, nə də 2023-cü ildə. Hər halda, hər iki əməliyyat Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində gedirdi.

Amma Rusiyanın Gümrüdə məhz bu müqavilələr əsasında fəaliyyət göstərən hərbi bazası Türkiyə istiqamətini tam «bağlayır» və bu, İrəvana öz resurslarına qənaət etmək imkanı verir. Ona silah-sursat isə daxili qiymətlərlə tədarük olunur. Mətbuatın məlumatına görə bu yaxınlarda Ermənistan Rusiyadan böyük həcmdə «Smerç» reaktiv yaylım atəşi sistemləri alıb. Fransa ilə isə bu sahədə hər hansı müqavilə nəinki yoxdur, onun imzalanması haqda müzakirələr belə, aparılmır. Bu, mümkün də deyil. Çünki müttəfiqləri «himayə etmək» zərurəti yarandıqda Fransa heç zaman gözlənilən siyasi iradəni və əzmi nümayiş etdirmir. Afrikanın keçmiş Fransa müstəmləkəsi olan ölkələrində Parisin nüfuzu domino effekti ilə dağılır. Yaxın Şərqdə isə fəal diplomatik rol oynamaq səyləri iflasla nəticələnir. Sakit okeandakı «böyük oyun»? Oradan Parisi, ümumiyyətlə, sıxışdırıb çıxarıblar.

Ermənistan ABŞ və müttəfiqlərinin Əfqanıstandan qaçışından da acı dərs çıxarmaya bilməz. Paşinyan və komandasındakı «sorosçular», çətin ki, Əşrəf Qəninin rolunu oynamaq istəsinlər. Vaşinqton və Parisdən olan yeni dostların İrəvanı Rusiyanın qəzəbindən qoruyacaqlarına da hər hansı zəmanət yoxdur. Moskva isə ermənilərin son əməllərindən çox qıcıqlandığını artıq heç gizlətmir də.

 

«Sərt xəbərdarlıq», yoxsa «qara işarə»?

Hələ sentyabrın ikinci yarısında Ermənistan Fransanın ovaxtkı xarici işlər naziri Stefan Sejurneni böyük təmtəraqla qarşılayırdı. O zaman nazir İrəvanda Moskvanın ünvanına bir sıra sərt bəyanatlar da səsləndirmiş, ona cavab Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova vermiş, deyilənləri «səfehlik» kimi qiymətləndirmişdi. Bununla yanaşı, XİN rəsmisi bildirmişdi ki, «müttəfiqlərimizin, dostlarımızın, qardaşlarımızın, tərəfdaş və qonşularımızın buna reaksiya verməməsi təəccüblüdür. Mən Ermənistanın siyasi rəhbərliyini, rəsmilərini və ictimaiyyət nümayəndələrini nəzərdə tuturam».

Paşinyan Kremli qıcıqlandırmaq üçün Smolensk meydançasında da əlindən gələni etsə də, son zamanlaradək Moskva Ermənistan rəhbərliyinin ünvanına birbaşa fikirlər işlətməkdən çəkinir, belə sərt bəyanatlar əsasən mətbuat, «Telegram» kanalları və s. vasitəsilə səsləndirilirdi. Rəsmi şəxslər isə ikitərəfli münasibətlərdə hər şeyin qaydasında olduğunu, ortaya çıxan suallara cavabların tapıldığı və s. bildirirdilər. Belə bir vəziyyətdə Zaxarovanın bəyanatı ciddi dəyişiklik sayıla bilər. Görünən odur ki, Moskva Ermənistan baş nazirinin «çox qızışdığı» qənaətinə gəlib.

İrəvanın Qərb dövlətləri ilə «flört»ilə bağlı daha bir sərt bəyanatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bornikov səsləndirib. O, Avropa İttifaqının müşahidə missiyası, Qərbin vasitəçilik səylərini və s. də hədəfə alıb. Rəsmi İrəvan Bornikova cavab verməyib, amma onun sözlərini, yəqin ki, yaxşı eşidib. Moskva ən azı «sərt xəbərdarlıq» səsləndirib, ən çoxu isə bu, «qara xəbərdarlıq» sayıla bilər. Hər halda, Ermənistanın baş naziri xarici siyasi oyunları ilə Moskvanı əməlli-başlı bezdirib. Halbuki Rusiyanın Ermənistanda vəziyyəti «nəzarətə almaq» üçün kifayət qədər imkanı var. Bu, Paşinyan və komandasına ucuz başa gəlməyəcək.

 

Ermənistan «geri verir»?

Hələ Bornikovun səs-küylü bəyanatı və Paşinyanın MDB sammitinə yollanmasından əvvəl İrəvanın Moskva ilə körpüləri bərpa etməyə çalışdığını göstərən əlamətlər görünməkdə idi. Məsələn, Ermənistanın Rusiyaya yeni təyin olunmuş səfiri Qurgen Arsenyan Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinlə görüşündə demişdi: «Mən bu qarışıq dövrdə səylə çalışmaq, Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq, onu bizi məmnun edəcək səviyyəyə çatdırmaq üçün gəlmişəm».

Prinsipcə, Federasiya Şurasının profil komitəsi sədrinin səfirlə görüşündə, həmçinin diplomatın «Ermənistan-Rusiya münasibətlərini sahmana salmaq» niyyətində qeyri-adi nəsə yoxdur. Bunu diplomatik nəzakətin elementi kimi də qiymətləndirmək olar. Amma Qriqori Karasin kifayət qədər maraqlı fiqurdur. O, indiki vəzifəsinə keçməzdən əvvəl xarici işlər nazirinin müavini olub və görünən o idi ki, XİN-də həm də Cənubi Qafqazla bağlı məsələləri kurasiya edirdi. Güman ki, Karasin hazırda da bu işlə məşğuldur. Xatırladaq ki, Rusiyanın Xankəndidə konsulluq açmaq niyyəti ilə bağlı rezonans doğurmuş planını da məhz Karasin bəyan etmişdi.

Arsenyanla Karasin arasındakı görüşlə praktik olaraq eyni vaxtda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan maraqlı fikir səsləndirib. O, Varşavada keçirilən təhlükəsizlik forumunda deyib: «İndi bir çox erməni Ermənistanın Aİ-yə üzvlüyü haqda daha yüksəkdən danışmağa başlayıb. Onlar Avropaya can atır, lakin Aİ-nin bu səylərə reaksiyasından narahat olurlar».

Ararat Mirzoyan, yəqin ki, bunun üçün əvvəlcə Aİİ-ni tərk etməli olduqlarını yaxşı bilir. Hər halda, İrəvan Avropa İttifaqından ona qucaq açmasını yalnız bundan sonra gözləyə bilər. Belə bir vəziyyətdə bu, daha çox ictimai rəyin Qərbdən Rusiyaya tərəf meyilləndirilməsi cəhdinə bənzəyir: «Biz Avropanın qapısını döydük, amma qapını üzümüzə açan olmadı».

Bu arada Aİİ-nin Hökumətlərarası Şurasının toplantısı da İrəvanda keçirilib. Toplantıda Rusiya ermənilərlə yaxın etnik köklərə malik olan Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İndi Ermənistan Moskva ilə körpüləri bərpa etmək istəyirsə, incə məsələləri məhz onunla müzakirə etmək daha məntiqlidir. Xüsusilə iqtisadi sahədə.

Nəhayət, MDB sammiti. İrəvan ötən təcrübələrdən fərqli olaraq, bu dəfə tədbiri boykot etməyi və ya orada daha aşağı səviyyədə yer almağı məsləhət bilməyib. Sammit ərəfəsində isə Nikol Paşinyan Vladimir Putini ad günü münasibətilə təbrik də edib.

Doğrudur, Ermənistan paytaxtında hələ də qərbpərəst bəyanatlar səsləndirilir. Amma indi bu bəyanatlarda əvvəlki əzm, qətiyyət hiss olunmur. Ermənilər NATO nümayəndələrini də qəbul edir. Amma bu səfərlər Zaxarova və Bornikovun bəyanatlarından əvvəl planlaşdırılmış səfərlərdir.

Ermənistan Rusiyadan çox asılıdır. Rusiya bu ölkəyə neft və qazı daxili qiymətlərlə satır, Ermənistanın, demək olar, bütün infrastrukturuna nəzarət edir və s. İrəvan bu iqtisadi reallıqları nəzərə almaya bilməz.

Nəzəri baxımdan Ermənistanın Qərbdəki yeni dostlarının köməyi ilə öz iqtisadiyyatı və infrastrukturunu tədricən Rusiyanın nəzarətindən çıxarmağa çalışacağını, ölkəni daha dayanıqlı hala gətirərək, qərbpərəst siyasəti yalnız bundan sonra davam etdirəcəyini gözləmək olar. Praktik baxımdan isə bu ehtimal yüksək görünmür. Nikol Paşinyan Qərblə «flört»ü tam dayandırmasa da, ən azı Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması istiqamətində addımlar atır. Bəs, görəsən, o, bu gərginliyə son qoymaq üçün nə qədər uzağa getməli olacaq?



MƏSLƏHƏT GÖR:

55