19 Dekabr 2024

Cümə axşamı, 14:59

XOŞBƏXTLİYƏ QƏRQ OLMAQ

Adilə ƏLİYEVA: “Musiqi ifa edəndə zövq, gözəllik hissi önəmlidir və bu, hər zaman insanın üstünlüyü olub və olmaqdadır”

Müəllif:

01.11.2024

Onun peşəkar taleyi dörd yaşında böyük Niyazinin qarşısında fortepianoda ifa etdiyi zaman müəyyən olunmuşdu. Balaca qız Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olur və illər sonra Moskvaya köçərək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirir.

Onun peşəkar fəaliyyətində Fransaya köçmək qərarı mühüm addım olur. Pianoçu, Azərbaycanın Əməkdar artisti, Fransadakı Azərbaycan diasporunun görkəmli nümayəndəsi, professor Adilə Əliyeva müxtəlif sahələrdə bir çox tanınmış xadimlərlə əməkdaşlıq qura bilib. Zəngin həyat təcrübəsi, ünsiyyətcilliyi, misilsiz istedadı ona populyarlıq və tanınmışlıq qazandırıb. Təsadüfi deyil ki, Fransa Elmlər və İncəsənət Akademiyasının kansleri Marsel Landovski Adilə Əliyevanı bu əsrin ən yaxşı ifaçılarından biri adlandırıb.

2001-ci ildə o, Fransanın Ali Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik etməyə başlayır. Onun konsertləri 50-dən çox ölkədə keçirilib, məşhur studiyalarda 30-dan çox kompakt disk yazılıb.

O, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və digər Azərbaycan bəstəkarlarının əsərlərini virtuoz ifasında tamaşaçılara təqdim edib.

Adilə Əliyevanın dünya musiqi aləmi qarşısındakı xidmətləri diqqətdən kənarda qalmayıb. O, “Raxmaninovun konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb, “Beynəlxalq VILLA-LOBOS” və “Zaqafqaziya” müsabiqələrinin laureatıdır. Adilə Əliyeva 2022-ci ildə isə Fransa Prezidentinin fərmanı ilə bu ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeninə layiq görülüb.

- Adilə xanım, jurnalistlərlə ünsiyyətə münasibətiniz necədir?

- Əgər müsahibə alan peşəkardırsa və işə hörmətlə yanaşırsa, mən bundan böyük zövq alıram. Xüsusilə qeyri-standart, nəzakətli və intellektual suallar xoşuma gəlir. Bu, söhbətə xüsusi ton verir və belə şəraitdə müsahibə daha xoş ab-havada keçir. Ümumiyyətlə, peşəkarlar fəaliyyət sahəsindən asılı olmayaraq, bir-birlərini yarım sözdən başa düşürlər. Həyatda, işdə və sənətdə uğur qazanmaq yalnız peşəkar olmaqla mümkündür. Xüsusilə də insanlarla münasibətlərdə.

Müsahibə peşəmizin vacib tərkib hissələrindən biridir və zamanla bu, adi hala çevrilir. Məsələn, Rostropoviç televiziyada müsahibədən sonra asanlıqla qatara minib başqa şəhərə gedə bilərdi. Müəyyən zirvələrə çatmış insanlar medianın dəyərini və əhəmiyyətini bilirlər və bu istiqamətdə düzgün münasibətlər qurmağa çalışırlar.

- Yaradıcı insanların bir qədər kaprizli olduğu düşünülür. Bu stereotipi sizə aid etmək olarmı?

- Düşünürəm ki, bu, yaradıcılıq yolunun ilk mərhələlərində, yəni insanın özünü axtardığı zaman olur. O, müxtəlif rolları sınayır, nə istədiyini tam başa düşmür. Mən bu mərhələni keçmişəm və hesab edirəm ki, yaradıcı inkişafımda çox şanslı olmuşam. Müxtəlif ölkələrdə məşhur dirijorlar və musiqiçilərlə, təşkilatlarla və təhsil müəssisələri ilə işləyərək böyük təcrübə qazanmışam. Amma çox vaxt kaprizi yorğunluqla qarışdırırlar. Xüsusilə konsertdən əvvəl. Axı, həmin an xüsusilə diqqəti cəmləməyə çalışıram. Çünki səhnə və 2000 nəfərlik auditoriya məni gözləyir. Bu, konsertdən sonrakı dövrə də aiddir. Ümumiyyətlə, konsert böyük məsuliyyətdir.

- Böyük tədbirlərdən əvvəl həyəcan və yorğunluqla mübarizə aparmağa kömək edən rituallarınız var?

- Bu, peşəmizin bir hissəsidir. Səhnəyə çıxmazdan əvvəl, xüsusilə mürəkkəb əsərlər ifa edəndə diqqətli olmaq vacibdir. İfaçı tamaşaçılarla bölüşə biləcəyi müsbət emosiyalarla dolu olmalıdır. Ona görə də səhnəyə çıxmazdan əvvəl hər şeydən uzaqlaşmaq, sakitlikdə olmaq və yalnız qarşıdakı çıxış haqqında düşünmək istəyirsən. Həmçinin çıxışdan əvvəl ifa edəcəyin musuqi aləti ilə “dostlaşmaq”, əlaqə qurmaq, onun imkanlarını hiss etmək vacibdir. Bu insanlarla olduğu kimidir: hər alətə xüsusi yanaşma ilə münasibət göstərmək lazımdır. Zalın işıqlandırılmasına, akustikasının özünəməxsusluğuna da öyrəşmək lazımdır. Buna görə də məşqlərimə çox ciddi yanaşıram. Konsertdən sonra yorğunluq öz-özünə keçir, gərginlik aradan qalxır. Tamaşaçılara xüsusi bir şey çatdırdığına görə görülən işlə bağlı məmnunluq hissi yaranır.

- Hər zaman maraqlı olub ki, pianoçu hər hansı əsəri ifa edən zaman niyə gözlərini yumur? Həmin an nə düşünürsünüz?

- (Gülümsəyir) Mənə heç vaxt belə sual verməyiblər. İfa zamanı, xüsusilə romantik musiqi ifa edərkən, həqiqətən, fərqli aləmə yollanıram. Musiqi məni xəyal və röyalar dünyasına aparır. İfa zamanı bütün maneələr və sərhədlər silinir. Bu, gündəlik problemləri unutmağa və gözəlliyə diqqət yetirməyə kömək edir. Bu vəziyyət hər zaman ilham və enerji verir. İfa edərkən musiqiyə tamamilə qərq oluram. Bu, mənə dinləyicilərə ifa olunan əsərin bütün gözəlliyini və dərinliyini çatdırmaq imkanı verir.

- Siz həm xarici, həm də yerli bəstəkarlarla işləyirsiniz. Onların sırasında həm müasir, həm də klassik musiqi müəllifləri var. Onlarla əməkdaşlığı necə qurursunuz?

- Bəli, mənə bir çox bəstəkarlarla işləmək qismət olub. Adətən, əsərlərini göndərib, məndən ifa etməyi xahiş edirlər. Əlbəttə, bəzən çatdıra bilmirəm, çünki belə sorğular çoxdur, amma bəstəkarın “övladı”nı sənə etibar etməsi hər zaman xoşdur. Hər bəstəkarın öz gözləntiləri var. Bəziləri səni istiqamətləndirir, əsərin mənasını açır, digərləri isə əksinə öz əsərlərini yeni şəkildə eşitmək istəyir. Onlar ifaçıya tam etibar edir və ondan musiqilərinə təzə baxış gözləyirlər. Bu, bəstəkarla dinləyici arasında vasitəçi olduğun çox maraqlı bir prosesdir.

Fransa Elmlər və İncəsənət Akademiyasının kansleri Marsel Landovski, Pittsburq Simfonik Orkestrinin “İlin bəstəkarı” seçilmiş Rodion Şedrin və bir çox başqaları daxil olmaqla, bir çox bəstəkarla əməkdaşlıq etmək şansım olub. Bütün gənc ifaçılara bəstəkarlarla əməkdaşlıq etməyi, onların müxtəlif janrlarda əsərlərini ifa etməyi məsləhət görürəm. Bu, onların yaradıcılığına müsbət təsir göstərəcək.

-  ...Qara Qarayev, Arif Məlikov. Bu adları ehtiram hissi duymadan çəkmək mümkün deyil. Bu görüşlərdən hansı anlar yadınızda qalıb?

- Qara Qarayev və Arif Məlikovla onların yaradıcılığı sayəsində tanış oldum və bu, yaddaşımda silinməz iz buraxıb. Qara Qarayev əsl dahi idi, onun əsərləri təkcə mənə deyil, bütün dünyada bir çox musiqiçiyə ilham verirdi. Arif Məlikova gəlincə, onun musiqi əsərləri bu gün də repertuarımda xüsusi yer tutur. Hər iki bəstəkar mənim fəaliyyətimə yüksək qiymət vermiş və zaman keçdikcə əməkdaşlığımız xoş yaradıcı dostluğa çevrilmişdi.

Bundan başqa, mənə Oqtay Rəcəbov, Tofiq Quliyevlə işləmək qismət olub. Yadımdadır, İsveçrədə Tofiq Quliyevin “Variyasiyalar”ını yazdım, sonra Böyük Britaniyada kompakt disk buraxdım. Tofiq Quliyev görülən işə heyranlığını bildirmək üçün mənə zəng edəndə çox təəccübləndim. İnsan peşəkarlardan yüksək qiymət alanda ikiqat xoşbəxt olur. Heyranlıq dolu rəylərdən biri amerikalı musiqi tənqidçisi Donald Vrunun rəyi idi, o, mənə bildirmişdi: “Siz bizim dövrün mükəmməlliyisiniz”.

- Bəs Vaqif Mustafazadə ilə tanışlığınız necə olub?

- Bu, xüsusi bir tanışlıq idi. Biz qonşu idik və bir dəfə hər ikimizi hökumət konsertlərindən birində iştiraka dəvət etdilər. O, mənə caz üslubunda konsertlərinin ilk ifaçısı olmağı təklif etdi. O zaman həyatımda çətin bir dövr idi və məhz onun musiqisi mənim üçün təskinlik oldu. Konsertdən sonra görüşdük və bu tanışlıq uzun dostluq və əməkdaşlığa çevrildi. Vaqif Mustafazadə dahi musiqiçi idi və mən bu gün də onun əsərlərini, o cümlədən mənə həsr etdiyi “Adilə üçün üç prelüdiyanı” ifa edirəm.

- Həyatınızda hansı anı dönüş nöqtəsi hesab edirsiniz?

- Düşünürəm ki, belə anlar bir neçə dəfə olub. Bu, həm böyük insanlarla görüşlər, həm başqa ölkələrə köçmək, həm də vacib konsertlərdir. Bütün bunlar həyatımı dəyişib, yeni imkanlar yaradıb və güc verib. Həmişə gözləyirəm ki, qarşıda məni daha bir dönüş nöqtəsi gözləyir ki, o da xoşbəxtlik və ilham gətirəcək. Axı, xoşbəxtlik bizi dəstəkləyən, enerji və güc verən, irəli getməyə kömək edən nəsnədir.

- Adilə xanım, siz kifayət qədər aktiv insansınız. Son bir ildə hansı əhəmiyyətli layihələri həyata keçirmisiniz?

- Biz Adilə Əliyeva adına XIX Beynəlxalq Müsabiqə keçirdik. Bu il o, onlayn formatda keçirilib, çünki bəzi ölkələr karantin böhranından sonra hələ də bərpa olunmağa çalışır. Amma gələn il müsabiqəni ənənəvi formatda keçirməyi ümid edirik və artıq bir çox ifaçı iştirak etmək istəyini bildirib. Fransada yeni sponsorlarımız var. Müsabiqə dünyanın müxtəlif guşələrindən daha çox istedadlı musiqiçini cəlb edir. Hər il yeni ölkələrdən, məsələn, Latın Amerikası və hətta Yeni Zelandiyadan iştirakçılar meydana çıxır. Görürük ki, insanlar təkcə öz ustalıqlarını göstərmək deyil, həm də şəxsən iştirak etmək, atmosferi hiss etmək istəyirlər. Azərbaycandan olan musiqiçilər böyük maraq göstərirlər. Xüsusilə 19 yaşında Mariinski Teatrının solisti olmuş Timur Abdiqiyevin istedadını qeyd etmək istəyirəm. O, bizim illik müsabiqəmizdə iştirak edib və birinci yeri tutub. İndi o, Fransada yaşayır və gələcək karyerasını qurur.

- Bəs bu müsabiqənin digərlərindən üstünlüyü nədir?

- Birincisi, yenilənmiş və diqqətlə düşünülmüş proqram. İkincisi, müsabiqə Fransa və İsveçrədə, final mərhələsi isə BMT-də keçirilir. Əlbəttə ki, beynəlxalq musiqi elitası və musiqi biznesinin liderləri olan münsiflər heyətini qeyd etmək lazımdır. Onların arasında BBC radiosunun baş prodüseri David Bayers, Fransa Senatının vitse-prezidenti Loik Erve, Fransa parlamentinin deputatı Vircini Jubi-Müller, senator Sirill Pelva və başqaları var.

Bizim tərəfdaşımız olmaqla bizə layiqli dəstək verən Heydər Əliyev Fonduna, eləcə də Fransanın “Total Energies” şirkətinə dərin təşəkkür etmək istəyirəm.

Fəaliyyətimə layiqli qiymət verdiyinə, “Dostluq” ordeni və “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif olunduğuma görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm.

- Müsabiqə iştirakçılarını necə qiymətləndirirsiniz? Qalibi seçərkən nəyə diqqət yetirirsiniz?

- Şəxsən mənim üçün ən əsası musiqiçinin özünü musiqi vasitəsilə ifadə etmək qabiliyyətidir. Əlbəttə ki, texnika vacibdir, lakin emosional tərəf, onun hazırlığı və əsərə münasibəti də az əhəmiyyətli deyil. Biz həmişə bu amilləri kompleks şəkildə qiymətləndiririk. Bəzən bu, münsiflər heyəti arasında müzakirələrə səbəb olur. Amma biz həmişə vahid rəyə gəlməyə çalışırıq. Başa düşürük ki, qarşımızda hələ uzun yol qət etməli olan gənc istedadlar var.

- Siz müəllimsiniz. Süni intellektin inkişafına və onun yaradıcılıq və təhsildəki roluna münasibətiniz necədir?

- Televiziyanın meydana gəlməsi ilə hamı qorxurdu ki, insanlar konsertlərə, kinoteatrlara getməyi dayandıracaqlar, amma bu baş vermədi. İndi isə insanlar qorxurlar ki, robotlar və texnoloji maşınlar insanı əvəz edəcək. Buna inanmıram. Süni intellekt rutin tapşırıqların həllində, məsələn, məktub yazmaqda və ya mətni tərcümə etməkdə kömək edə biləcək maraqlı bir vasitədir. Lakin bütün imkanlarına baxmayaraq, o, musiqidə insan amilini heç vaxt əvəz edə bilməz. Maşın əsəri texniki baxımdan mükəmməl ifa edə bilər, lakin musiqiçinin ifaya qoyduğu emosiya və hissləri çatdıra bilməz. Musiqi ifa edəndə zövq, gözəllik hissi önəmlidir və bu, hər zaman insanın üstünlüyü olub və olaraq qalır.

- Son bir ildə hansı yeni bacarıqlar əldə etmisiniz? Sizi xüsusilə nə ilhamlandırır?

- Mən həmişə yeni bir şey öyrənməyə çalışıram. Dilləri öyrənməyə davam edirəm, yeni texnologiyalarla maraqlanıram, amma məni ən çox insanlarla ünsiyyət ilhamlandırır. Bu, əsl zənginlikdir. Mən maraqlı insanlarla ünsiyyət qurmaq, fikir və təcrübə mübadiləsi aparmaq imkanını çox yüksək qiymətləndirirəm. Bu, mənə həm musiqiçi, həm də şəxsiyyət kimi inkişaf etməyə yardım göstərir. Ünsiyyət mənim üçün zənginləşmədir. Təkcə mənəvi deyil, həm də intellektual baxımdan. Biz nəsə əldə etmək və vermək üçün ünsiyyət qururuq. Mən həmişə kifayət qədər sosial insan olmuşam, lakin həyatımın böyük hissəsini öz dairəmdə, maraqlarımı və musiqiyə olan ehtirası bölüşənlərlə keçirmişəm. Bu, yaradıcılıqla real həyat arasında harmoniya tapmağa imkan verirdi. İndi isə mən müxtəlif fəaliyyət sahələrindən olan insanlarla ünsiyyət dairəmi genişləndirməyə çalışıram. Bu, mənim üçün asan və sadədir.

- Faktiki olaraq siz dünya vətəndaşısınız. Üç ölkədə - Fransa, İsveçrə və Azərbaycanda yaşayırsınız. İnsanlarla ünsiyyətdə fərqlər varmı?

- Prinsipcə, ünsiyyət səviyyəsində böyük fərqlər yoxdur. Fərq mədəni ənənələrdə ola bilər, lakin səmimiyyət, inam və bir-birinə hörmət ölkədən asılı deyil. Məsələn, çoxları deyir ki, Qərbdə insanlar soyuqdur, amma bu, heç də belə deyil. Onlar insanı tanıyan kimi qayğıkeş və diqqətli olurlar. Fransızlar, isveçrəlilər - onların hamısı dəstək olmağı və dostluq etməyi bacarırlar. Qardaşım İsveçrədə xəstə olanda ona göstərilən yardım xüsusilə yadımda qalıb. Mən buna görə həmişə minnətdar olacağam. Mən, həqiqətən, bunu hiss edirəm: Azərbaycan mənim doğulduğum vətəndir, Fransa isə ikinci vətənim olan ölkədir.

- Son hadisələr fonunda belə bir sual yaranır: Azərbaycan və Fransa arasında pisləşən siyasi münasibətlərin özünüzdə və yaradıcılığınızda hər hansı əks-sədasını hiss etdinizmi? Bu barədə nə düşünürsünüz? Fransız mədəniyyət xadimləri sizə Qarabağ mövzusunda tez-tez suallar verirlərmi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fransız cəmiyyətinin miflərini dağıtmaq üçün nə edirsiniz?

- Xoşbəxtlikdən, Fransada sağlam düşüncəli və ləyaqətli insanlar - siyasətçilər, mədəniyyət və incəsənət xadimləri arasında, xoş bir mühitdə yaşayıram. Onlar vəziyyəti adekvat qiymətləndirirlər. Əlbəttə, Fransa və Avropa mediasında, demək olar ki, düzgün məlumat olmadığı üçün mən dəfələrlə bütün suallara əsaslandırılmış cavab verməli oluram. Məsələn, aparıcı İsveçrə qəzeti “Tribune de Genève” və digər yerli media, internet nəşrləri Azərbaycanın öz ərazilərinə və BMT qətnamələrinə uyğun hüquqlarına dair qanuni tələbləri haqqında məqalələrimi dəfələrlə dərc edib. Erməni tərəfi buna mətbuatda dərhal reaksiya verib: “Beynəlxalq nüfuzunuzu Azərbaycan lazerləri üçün istifadə etməyin!” (Azərbaycanın ilk lazer silahı “Fireforce” nəzərdə tutulur - müəl.) BMT-nin sülh səfiri kimi mən həmişə Azərbaycanın, onun Ali Baş Komandanı, çox hörmətli Prezident İlham Əliyevin və qəhrəman xalqımızın sülhsevərliyini və hüquqlarının qanuniliyini təsdiq edirəm. Bundan əlavə, mən Cənubi Azərbaycan Məsələləri üzrə Fransa Assosiasiyasının sədr müaviniyəm. Siyasətdəki çətinliklərə baxmayaraq, dostlarım - senatorlar, parlamentarilər həqiqi məlumatı böyük maraqla qəbul edirlər. Çox inanmaq istəyirəm ki, sağlam düşüncə və xoş məram qalib gələcək. Ümid edirəm ki, uzun müddətdir ki, gözlənilən sülh bərqərar olacaq. O cümlədən babam daxil olmaqla gözəl insanların canından keçdiyi, uzun müddət əzablar görmüş Qarabağ torpağında.

- Maraqlı söhbət üçün təşəkkür edirəm və qoy həyatınızda müsbət dönüş anları daha çox olsun!

- Yaradıcı insanlara və mənim daxili dünyama marağınıza görə təşəkkür edirəm. Platonun söylədiyi kimi, musiqi - Kainata ruh, ağıla qanad, təxəyyülə uçuş, həyata və yerdə qalan hər şeyə füsunkarlıq və şənlik verən mənəvi qanundur. Təşəkkür edirəm!



MƏSLƏHƏT GÖR:

36