Müəllif: Ağasəf NƏCƏFOV
Son iki il Azərbaycanın mikromaliyyə sektorunun inkişafı və bank olmayan kredit təşkilatlarının (BOKT) gəlirliliyinin artması üçün çox uğurlu olub. Azərbaycan Mərkəzi Bankının (AMB) əsas vəzifəsi yerli mikromaliyyə bazarını keyfiyyətcə yeni inkişaf səviyyəsinə çıxarmaq, maliyyə alətlərini şaxələndirmək, kiçik və mikro biznes subyektlərinin ehtiyaclarını daha tam əhatə etmək üçün məhsul çeşidini genişləndirməkdir. Bu məqsədlə AMB mikrokreditləşdirmə sektorunun prudensial tənzimləmə normalarının yenilənməsi üzrə işlər aparır və bununla bağlı rəqəmsallaşma proseslərini sürətləndirir. Bu məsələlərin müzakirəsinə həsr olunmuş “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” konfransı bu yaxınlarda Bakıda keçirilib.
Staqnasiyadan yüksəlişə
Mikromaliyyələşmə klassik bank kreditinin çevik formasıdır ki, bu da ilkin kapital və kredit tarixçəsi olmadan, qeydiyyata alınmış girov olmadan biznesi maneəsiz başlamağa imkan verir. Mahiyyətcə, bunlar qısa müddətə verilən kiçik kreditlərdir. Onları bank kreditindən daha asan əldə etmək olar, lakin belə kreditlər üzrə faizlər adətən xeyli yüksək olur. Kommersiya banklarının irəli sürdüyü şərtlər, xüsusilə girov təminatı üzrə, sahibkarlar üçün çox vaxt ağır olur. Bundan başqa, kiçik həcmli maliyyə əməliyyatları banklar üçün hər zaman cəlbedici olmur. Dünya təcrübəsi göstərir ki, mikromaliyyə strukturları əsasən bank xidmətlərinin həmişə əlçatan olmadığı regionlarda təmsil olunur. Bununla yanaşı, klassik BOKT-lardan başqa Asiya, Afrika, Cənubi Amerika, həmçinin postsovet məkanında oxşar sxemlər üzrə kredit və kənd təsərrüfatı istehlak kooperativləri, mənzil yığım kooperativləri, lombardlar və s. fəaliyyət göstərir.
Sadalananların hər biri Azərbaycan üçün də aktualdır, burada likvidliyin artıq olmasına baxmayaraq, bank sektoru sahibkarların əsas donoruna çevrilə bilməyib. Buna etibarlı girov təminatı olmadan kredit kapitalına çıxışın çətinliyi, nisbətən yüksək faizlər, həmçinin bankların fikrincə, xüsusilə aqrar sahədə mikrobiznesin kreditləşdirilməsinin əhəmiyyətli riskləri mane olur. 1990-cı illərin sonundan 2014-cü ilin enerji böhranına qədər mikromaliyyə sektoru, xüsusilə Azərbaycanın regionlarında geniş bazar tələbatı ilə dəstəklənərək çox uğurla inkişaf edib.
Lakin 2015-ci ilin devalvasiyası, daha sonra ödənişlə bağlı böhran və iflaslar silsiləsi maliyyə bazarının bütün seqmentlərinə toxunaraq BOKT-ların fəaliyyətinə çox ciddi ziyan vurub. Mikromaliyyə strukturlarının əksəriyyətinin xarici donorlarla əlaqəli olmasını nəzərə alsaq, bu sektorda dollarlaşma səviyyəsi çox yüksək idi. Nəticədə ölkədə mikrokreditlərə tələbat dəfələrlə azalıb, kredit portfeli və borcalanların sayı da dəfələrlə aşağı düşüb. BOKT-ların sayı son 10 ildə 150-dən təxminən 50-yə qədər düşüb. Koronavirus pandemiyası dövründə mikrobiznes subyektlərinin - ticarət və xidmət strukturlarının, ictimai iaşə obyektlərinin məcburi şəkildə fəaliyyət göstərməməsi də mikrokredit sektoruna mənf təsir göstərib.
Son bir neçə ildə isə əlverişli konyunktur fonunda ölkənin mikromaliyyə bazarı itirilmiş mövqeləri sürətlə bərpa edir. Ötən il ölkədə fəaliyyət göstərən 54 BOKT artan kredit portfeli üzrə faiz gəlirlərinin artması, həmçinin kiçik kredit təşkilatlarının əməliyyat səmərəliliyinin artması hesabına rentabelliyin 3 qat artımını təmin edib. Bu müsbət trendlər cari ildə də davam edib. Mikrokreditlərin həcmi 33% artıb və 2024-cü il oktyabrın 1-nə BOKT-ların portfeli 630 milyon manat qiymətləndirilib. Keçən üç rübdə mikrokredit təşkilatlarının xalis mənfəəti 149,2 milyon manat təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
“Hesab edirik ki, növbəti ilin sonuna qədər BOKT-ların aktivlərində 2 dəfə artım olacaq və 1 milyard manatı ötəcək. Sektor aktivlərini artırmaqla yanaşı filial şəbəkəsini də genişləndirməkdədir. BOKT filiallarının sayı 302-yə çatıb. BOKT-larda çalışan işçilərin sayı 3,5 minə çatıb, onların müştərilərinin sayı isə 700 mini keçməkdədir”, - deyə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov konfransda bildirib.
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası”na əsasən, AMB Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikrokreditləşdirmə sahəsini hiss olunacaq dərəcədə genişləndirmək, o cümlədən kiçik biznes subyektləri və fərdi sahibkarların kredit kapitalına çıxışını daha geniş əhatə etmək məqsədi qoyub.
Bu sahənin rəqabət qabiliyyətini artırmaq üçün yeni mikromaliyyələşdirmə modeli yaratmaq, qabaqcıl beynəlxalq təcrübəni tətbiq etmək, səmərəli hüquqi və tənzimləyici mexanizmlər hazırlamaq, kredit kapitalına çıxışı asanlaşdırmaq və s. planlaşdırılır.
“Mərkəzi Bank BOKT-larda kredit risklərinin idarə edilməsi üzrə yeni qaydalar hazırlayıb və əsas prioritetlərdən biri mikromaliyyə təşkilatlarının institusional potensialının gücləndirilməsidir. Bu məqsədlə prudensial tənzimləmə qaydaları yenilənib, korporativ idarəetmə və xarici audit tələbləri gücləndirilir, BOKT-larda autsorsinq üzrə normalar təkmilləşdirilir”, - AMB-nin Baş direktoru Toğrul Əliyev konfrans zamanı bildirib.
Onun sözlərinə görə, artıq AMFA və bazar iştirakçıları ilə müzakirə edilmiş normativ-hüquqi sənədlər yaxın vaxtlarda qəbul ediləcək.
Yeni təşəbbüslər
Digər məsələlərlə yanaşı, mikromaliyyə təşkilatlarında inklüzivliyi dəstəkləmək və risklərin idarə edilməsini təkmilləşdirmək üçün maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması üzrə yeni təşəbbüslər həyata keçiriləcək.
Bu, BOKT-larda hesab açmadan pul köçürmələri və valyuta mübadiləsi həyata keçirməyə imkan verəcək. Üstəlik, mikrokreditləşdirmə sektorunda onlayn kreditləşmənin tənzimlənməsi üçün şərtlər və mexanizmlər hazırlanıb.
Bundan başqa, “OpenBanking” platformasının tətbiqi və fintex həllərinin istifadəsi daxil olmaqla alternativ pul-kredit alətlərinin istifadəsinin genişləndirilməsi planlaşdırılır. Bank olmayan kredit təşkilatlarının müxtəlif ödəniş sistemlərinə və elektron platformalara çıxışı onların fəaliyyətinə çox müsbət təsir göstərəcək və müştərilər üçün əməliyyatları sadələşdirəcək. Mikromaliyyə sektoru üçün informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə də yeni tələblər hazırlanıb. AMB-nin strategiyasında rəqəmsal maliyyə təşəbbüsləri üzrə xüsusi fəaliyyət planı nəzərdə tutulub. Buraya xüsusi tənzimləmə, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik təşəbbüsləri daxildir.
“İnnovasiyalar və mikromaliyyə sektorunun rəqəmsallaşması maliyyə xidmətlərinin keyfiyyətinin, miqyasının və səmərəliliyinin artırılmasına yardım göstərir və müştərilərlə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır”, - AMFA İdarə Heyətinin sədri Cəlal Əliyev forum zamanı qeyd edib.
Onun sözlərinə görə, internet və mobil rabitənin kütləvi istifadəsi alternativ kanallar vasitəsilə maliyyə xidmətlərinin göstərilməsi üçün yeni imkanlar açıb. Geniş auditoriyaya malik olan sosial şəbəkələr kreditlərə birbaşa çıxış əldə etməyə imkan verən platformalar təklif edir.
Beləliklə, mikromaliyyə sektorunda innovasiyaların tətbiqi və rəqəmsallaşma maliyyə xidmətlərinin keyfiyyətinin, miqyasının və səmərəliliyinin artırılmasına kömək edir və bu proseslər AMFA tərəfindən hərtərəfli dəstəklənir. AMB və AMFA daha bir mühüm vəzifəni BOKT-ların əsasən milli valyutada aşağı faizli likvidliyə olan ehtiyaclarının ödənilməsində görür. Bu, kiçik və mikrobiznes subyektləri tərəfindən borc resurslarına artan bazar tələbatının davamlı təmin edilməsi üçün ən vacib şərtdir. Keçmişdə mikrokreditləşdirmə təşkilatları üçün maliyyələşmənin böyük hissəsi xaricdən daxil olurdu. Lakin son illərdə AMB-nin siyasəti maliyyə bazarının dedollarizasiyasına yönəlib və müvafiq olaraq xarici donor dəstəyinin həcmi nisbətən azalıb. Təəssüf ki, banklar və ya BOKT-lar üçün manat likvidliyinin dəyərinin azaldılması siyasəti bir sıra problemlərlə mürəkkəbləşib. Bu, ilk növbədə, Azərbaycanda pay investisiya fondları, pensiya fondları, ipoteka yığım fondları kimi maliyyə alətlərinin, həmçinin aşağı faizli və “uzunmüddətli” pul vəsaitlərinin akkumulyasiyasını təmin edə bilən qiymətli kağızlar bazarında müvafiq mexanizmlərin olmaması ilə bağlıdır.
“Azərbaycanda mikromaliyyələşmə xidmətləri xərc aparan proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər”, - KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov konfrans zamanı vurğulayıb.
Onun sözlərinə görə, lakin sahibkarlıq subyektləri ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərlə və aşağı faizli kreditlərə ehtiyac duyurlar: “Buna görə də dövlətin bu sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməlidir”.
O vurğulayıb ki, banklar və bank olmayan kredit təşkilatları kreditləri kiçik və orta biznes üçün, o cümlədən regionlarda daha əlçatan etməlidirlər. O.Məmmədov bildirib ki, KOBİA Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə birlikdə sahibkarların kiçik məbləğli güzəştli kreditlərə çıxışını təmin etmək üçün yeni mexanizm işə salıb: “Bu mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib. Bunlardan 3 milyon manatlıq 514 bildiriş məhz bu ilin 9 ayında təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək”.
Konfransda iştirak edən SİF İdarə Heyətinin sədri Osman Xəliyev də mikrokreditləşdirmə seqmentinə gələcək dəstəyin genişləndirilməsinə hazır olduqlarını bildirib.
O deyib ki, növbəti illərdə sahibkarlıq subyektlərinə güzəştli kreditlərin daha səmərəli və operativ şəkildə verilməsi planlaşdırılır. Bununla əlaqədar mikromaliyyə təşkilatları daxil olmaqla müvafiq kredit təşkilatları ilə əməkdaşlığı dərinləşdirmək zəruridir.
MƏSLƏHƏT GÖR: