30 Yanvar 2025

Cümə axşamı, 18:51

«ƏRƏB BAHARI»NIN İFLASI

Yaxın Şərqdə regional və qlobal siyasət dəyişir

Müəllif:

01.11.2024

Yaxın Şərqdəki vəziyyət onilliklərdir ki, beynəlxalq birliyin diqqət mərkəzindədir. Son illər isə bu bölgəyə xüsusi maraq onun sərhədlərində yaşanan çətin metamorfozalardan irəli gəlir. Müşahidəçilərin fikrincə, bu, qərbdə Aralıq dənizindən şərqdə Hind okeanına, şimalda Qara və Xəzər dənizlərindən cənubda Ədən körfəzinədək uzanan bu nəhəng regionun simasını tanınmaz hala düşəcək qədər dəyişə bilər.

 

Hər şey Tunisdən başlayır

Tunisdə keçirilmiş prezident seçkisi hazırkı dövlət başçısı, 66 yaşlı Kais Səidin vəzifəsini qoruyub saxlaması ilə nəticələnib. Tərəfdarları Səidi Tunisi hörümçək torundan, qeyri-sabitlikdən çıxarmağı bacarmış lider sayırsa, tənqidçilər prezidenti əsl avtokrat, Ben Əlinin yolunu davam etdirən siyasətçi kimi qiymətləndirirlər. Sonuncuların əsas arqumentlərindən biri dövlət başçısının əsas rəqibinin həbsxanada olması, onun özünün isə rəqiblərinə qarşı son dərəcə sərt davranmasıdır.

Seçicilər seçkiyə xüsusi maraq göstərməyib. Çünki onu formallıq sayırlar. Tunis Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlər bunu bir daha təsdiqləyir. Hər halda, səsverməyə seçicilərin cəmi 28,8%-i, yəni 9,7 milyonluq əhalinin yalnız 2,8 milyonu qatılıb. Onların 90,69%-i səsini məhz Səidə verib.

Məsələnin maraqlı tərəfi ondadır ki, 2010-cu ildə sonradan bütün ərəb dünyasını bürüyən təlatümlər məhz bu ölkədən başlamışdı. Bəli, sonradan tarixə «ərəb baharı» kimi düşmüş etirazlar dalğası qonşu ölkələrə məhz Tunisdən yayılmışdı. Məlum olduğu kimi, həmin proseslərə əsas kənar dəstək Qərb ölkələrindən, xüsusilə ABŞ-dən verilirdi.

2017-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Con Brennan ABŞ Prezidenti Barak Obama və komandasının «ərəb baharı»nın nəticələrini düz hesablamadıqlarını açıqlamış, əsas yanlışlığı belə ifadə etmişdi: «Vaşinqton ötən illər ərzində regiondakı bütün tərəfdaş və müttəfiqlərini itirdi». Etiraz dalğası ilə «Böyük Yaxın Şərq» adlı siyasi xəritəni yenidən planlayacağını düşünən Ağ Ev region ölkələrinin yeni hökumətlərinin onlara münasibətdə əvvəlkilərdən daha loyal olacaqlarını düşünürdülər. Amma hər şey əksinə oldu.

Tunis və Misirdə hakimiyyətə əvvəlki elitanın təmsilçiləri gəldilər. Liviya və Yəməndə rejim dəyişikliyi faktiki olaraq, bu dövlətlərin süqutu, bitmək bilməyən vətəndaş müharibələri ilə nəticələndi ki, bu savaşlar hələ də davam edir. Suriyada rejim mövcudluğunu qoruyub saxlasa da, bu ölkədə də illərdir vətəndaş müharibəsinə son qoymaq olmur, üstəlik, ölkə parçalanmış vəziyyətdədir.

 

Əsas doğru nəticə çıxarmaqdır

Fars monarxiyalarında bu qənaətə gəliblər ki, Birləşmiş Ştatlar heç də ən etibarlı tərəfdaş deyil və böhran anlarında ona arxalanmaq olmaz. Vaşinqton regionda nüfuzunu artırmaq üçün «köhnə dostlar»ı asanlıqla «yenilər»ə dəyişə bilir.

Hələ 2003-cü il avqustun 7-də, İraq müharibəsinin aktiv fazasının başa çatmasından bir neçə ay sonra o zaman Corc Buş administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi olan Kondoliza Rays «Vaşinqton post» qəzetindəki «Yaxın Şərqin transformasiyası» başlıqlı məqaləsində ABŞ-nin Yaxın Şərqin gələcəyi ilə bağlı baxışlarını belə ifadə etmişdi: «İkinci Dünya müharibəsinin başa çatmasından az sonra ABŞ iztirablardan çıxmış, dağıntılara məruz qalmış, döyüşlərdə yüz minlərlə amerikalı əsgər də daxil olmaqla, böyük qurbanlar vermiş Avropanın uzunmüddətli transformasiyası vəzifəsini öz üzərinə götürdü. Bizim siyasətçilərimiz elə bir Avropa qurmaq işinə girişdilər ki, orada yeni müharibələrə yer olmasın. Biz və Avropanın insanları demokratiya və çiçəklənməni seçdik, birlikdə uğur qazandıq. Bu gün isə ABŞ, onun dostları və müttəfiqləri dünyanın digər hissəsinin – Yaxın Şərqin uzunmüddətli transformasiyası öhədliyin öz üzərinə götürməlidirlər. 22 dövləti, 300 milyondan artıq insanı özündə birləşdirən bu regionun ÜDM-i 40 milyon əhalisi olan İspaniyanın ÜDM-dən daha azdır. Ərəb ziyalıların siyasi və iqtisadi azadlıq defisiti dediyi məhz budur. Köməksizlik hissi nifrət ideologiyası üçün münbit şərait yaradır, bu isə insanları universitet təhsili almaqdan, karyera və ailə qurmaqdan imtinaya, özünü partladaraq mümkün qədər çox günahsız insanın həyatına son qoymağa sövq edir».

«Böyük Yaxın Şərq» ifadəsi də siyasi gündəliyə təxminən həmin vaxtda daxil olub. O, ABŞ-nin yeni geosiyasi doktrinasının coğrafi hüdudlarını əks etdirirdi.

Xarici fasilitator rolunu ABŞ-nin oynadığı qlobal eksperimentin kulminasiya nöqtəsi məhz «ərəb baharı» oldu. Bəli, həmin hadisələr zamanı Vaşinqton bir çox hallarda sadəcə, regionda gedən dəyişiklikləri müşahidə etməklə kifayətlənmir, bu proseslərə fəal müdaxilələr də edirdi (onun Liviya və Suriyadakı vətəndaş müharibələrində fəal hərbi iştirakını xatırlayaq).

 

Uğursuz eksperiment

«Ərəb baharı»nın iflasa uğraması nəticəsində bir sıra ölkələrdə Vaşinqtona dost olmayan rejimlər formalaşdı və bu, Yaxın Şərqdə Birləşmiş Ştatlar üçün prinsipial olaraq yeni vəziyyət yaratdı. İndi onun ənənəvi tərəfdaşları da dəyişməkdə olan şəraitə nəzər salaraq davranmalı idilər. Vaşinqtonun onları yarana biləcək daxili siyasi böhranla baş-başa qoya, yaxud daha da pisi, özü bu böhrana rəvac verə biləcəyinin yaratdığı narahatlıq ABŞ-nin müttəfiqlərini daha etibarlı xarici tərəfdaş axtarmağa vadar edir. Son illər Çinin Yaxın Şərqdə nüfuzunu görünməmiş həddə artırması Birləşmiş Ştatlar üçün məhz bu üzdən əsl başağrısına çevrilib. Pekin Amerika diplomatiyasının yol verdiyi yanlışlıqlardan nəticələr çıxararaq addımlayır, regional moderator rolunda Vaşinqtonu əvəzləyə biləcəyini göstərmək üçün bütün uyğun imkanlardan istifadə edir. Üstəlik, o, bu gücünü Vaşinqtonun təsir gücünün olmadığı sahələrdə də ortaya qoyur. Bu mənada, Pekinin İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına göstərdiyi köməyi xatırlatmaq kifayət edər.

ABŞ-nin regiondakı son miqyaslı diplomatik uğuru «İbrahim razılaşması»dır və o, Donald Trampın prezidentliyi dövrünə təsadüf edib. Razılaşma İsrailin Yaxın Şərq siyasətinə inteqrasiyasını nəzərdə tutur ki, buna regionun tarixində dönüş nöqtəsi kimi baxılırdı.

Bunun ardınca, artıq Co Baydenin administrasiyası dövründə – 2022-ci ilin iyulunda Hind-İbrahim alyansı da yaradılıb. O, Hindistan, İsrail, BƏƏ və ABŞ-ni özündə birləşdirir. Strateqlər hesab edirlər ki, bu alyansın yaradılması zamanı onun sonradan Misir və Səudiyyə Ərəbistanı hesabına daha da genişləndirilməsi, bununla da «Qərbi Asiyada sülh və təhlükəsizliyi dəstəkləyəcək əlverişli qüvvələr balansı»nın yaradılması nəzərdə tutulub.

Bu formatda əlaqələrin inkişafını stimullaşdırmaq üçün 2023-cü ilin sentyabrında «G20» sammiti çərçivəsində Bayden «Hindistan-Yaxın-Şərq-Avropa» iqtisadi dəhlizi layihəsini də təqdim edib. Onun məqsədi Hindistandan BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Avropaya dəmir yolları və dəniz marşrutlarının inteqrasiyası idi.

 

İsrail regionu yenidən qurur

Lakin HƏMAS-la İsrail arasında 2023-cü il oktiyabrın 7-də başlamış müharibə bu planların həyata keçirilməsinə mane olub. Sonradan burada geosiyasi landşaftın kəskin dəyişməsinə də yeni şəraitdə regional siyasətin yenidən formalaşdırılması prosesinin davamı kimi baxmaq olar.

HƏMAS-İsrail müharibəsi region ölkələrinin nüfuz dairəsini yenidən biçmə bacarıqları üçün də sınağa çevrilib. Məlum olub ki, onlar İsraillə qarşıdurmada fəal iştiraka hazır deyillər. Hadisələrin bu cür inkişafına İran da hazır deyilmiş. Tehran və onun proksi-güclərinin yəhudi dövləti ilə açıq qarşıdurmaya cəlb olunmasına yalnız İsrailin özünün gərginliyi artırması yol açıb. Bu qarşıdurmada ABŞ Təl-Əvivi dəstəkləmək istəməsə də, Yaxın Şərqdəki son etibarlı tərəfdaşını itirmək istəməməsi onu buna vadar edir.

Belə təəssürat yaranır ki, artıq Yaxın Şərqin yenidən formalaşdırılması prosesinin təşəbbüskarı ABŞ-dir. Bilavasitə təşəbbüskar isə regionda HƏMAS-sız, «Hizbullah»sız, yəqin ki, həm də İranın təhdidi olmadan daha rahat yaşamaq istəyən İsraildir. Burada söhbət, güman ki, İranın dövlət olaraq tam məhvindən deyil, İsrailə təhlükə yaratmaq imkanları olmayan (proksi və nüvə arsenalından məhrum) İranın mövcudluğundan gedir.

İsrail faktiki olaraq, münaqişənin qızışdığı şəraitlərə uyğun dəqiq fəaliyyət strategiyası olmayan ABŞ administrasiyasının zəifliyindən istifadə edib. Nəticədə, Vaşinqton Təl-Əvivin qaydaları ilə oynamaq məcburiyyətində qalıb.

Ekspertlər hesab edirlər ki, Netanyahu müharibə planının istiqamətini dəyişərək, «Hizbullah»ın İsrailin Livanla şimal sərhədindən sıxışdırılıb çıxarılmasına başlayıb. Çünki bu, ev-eşiyini tərk etmək məcburiyyətində qalmış təxminən 60 min israillinin geri qayıtmasına imkan verəcək. İndi hədəf «Hizbullah»ın BMT-nin 1707 saylı qətnaməsinə uyğun olaraq, Litani çayından şimala sıxışdırılması, həmçinin onun İsrailə atəş açmaq imkanlarının sıfıra endirilməsidir.

ABŞ artıq İsraildən «Hizbullah»la atəşkəs razılaşmasına gedilməsini tələb etmədiyini açıq şəkildə ortaya qoyur. Bəzi məlumatlara görə isə Vaşinqton İranın regiondakı ən iri proksi-gücünün darmadağın edilməsi üçün Livan əməliyyatına gizli razılıq verib. Halbuki Livanın müvəqqəti hökuməti hərbi əməliyyatların dərhal dayandırılmasına razılıq vermişdi. İsrail hökumətindəki radikal qüvvələr siqnalı alıb və yaranmış vəziyyətdən maksimum faydalanmaq üçün davamlı şəkildə «stavkanı qaldırır».

 

«Stavka» yüksəlir

Fransanın «Arte» telekanalında «İsraildə: xaos nazirləri» adlı sənədli film yayımlanıb. Filmdə yəhudi dövlətinin ultrasağçı maliyyə naziri Betsalel Smotriç ilə müsahibə də yer alır. Regionun yeni xəritəsi haqda fikirlərini bölüşən nazir filmdə «Böyük İsrail» və onun sərhədlərindən danışır. Smotriçin fikrincə, İsrail «hissə-hissə» böyüyəcək, sonda bütün Fələstin ərazisini, həmçinin İordaniya, Livan, Misir, Suriya, İraq və Səudiyyə Ərəbistanını tutacaq.

Bəlkə, bu, İsrailin artıq reallaşdırılmağa başladığı planın tərkib hissəsidir? Yoxsa söhbət, sadəcə, yəhudi dövləti isteblişmentinin daha radikal hissəsinin fikrindən gedir?

Xatırladaq ki, İran Prezidenti Məsud Pezaşkian Nyu-Yorkda sentyabrın 27-də etdiyi çıxışında bildirib ki, gərginliyin azalmayacağı təqdirdə İran parçalana bilər. «Allah eləməsin, ölkədə hansısa hadisələr baş verərsə, Azərbaycan müstəqil dövlətə, Kürdüstan daha bir müstəqil dövlətə çevriləcək. Ardınca Xuzistan, Bəlucistan, vəssalam, İran yoxdur. Bu, xaos yaradacaq», - deyə o, qeyd edib. İran Prezidentinin Tehran üçün hazırlanmış konkret ssenari haqda danışdığı, yoxsa mənfi proseslərin İranda nələrə yol aça biləcəyinə dair öz fikirlərini bölüşdüyü bəlli deyil. Hələlik az-çox aydın olan bir məsələ var: Yaxın Şərqin yenidən qurulması prosesi davam edir və bununla bağlı müxtəlif variantların səsləndirilməsi problemin nə qədər dərin, nə qədər ciddi olduğunu göstərir.



MƏSLƏHƏT GÖR:

57