18 Dekabr 2024

Çərşənbə, 18:17

BAKININ SU DİPLOMATİYASI

Ekoloji təhlükəsizlik beynəlxalq münasibətlərin və gələcəyin əsas tərkib hissəsi kimi

Müəllif:

15.11.2024

Son illər təhlükəsizliklə bağlı məsələlərin cərgəsində ekoloji məqamların əhəmiyyəti getdikcə artır. «Ekoloji təhlükəsizlik» anlayışının özü bir neçə «inkişaf mərhələsi»ndən keçib. Son onillik isə bu anlayışın konseptualizasiyasında əhəmiyyətli mərhələ olub: yeni, qeyri-ənənəvi təhdidlər yaranıb və müvafiq olaraq, onlara reaksiya, uyğunlaşma zərurəti meydana çıxıb.

Ekoloji problemlərə yeni maraq dalğası beynəlxalq münasibətlər sistemində ekoloji təhlükəsizliyə yanaşmanın dəyişməsi, ətraf mühitin mühafizəsi ilə bağlı kompleks proqramların hazırlanması, yaşıl hərəkatın institusionallaşması ilə xarakterizə oluna bilər. Bu zaman su təhlükəsizliyi az qala ən önəmli yerdə durur.

 

Samurun suyundan istifadə edərək

Azərbaycan Respublikası quraqlıq zonada yerləşir. Burada içməli su ehtiyatları getdikcə əhəmiyyətli dərəcədə azalır, havanın orta illik hərarətinin yüksəlməsi isə quraqlığı, şoranlaşmanı daha da artırır, son nəticədə, səhralaşmaya yol açır.

Hazırda ölkə ekologiya ilə bağlı əsas üç təhdidlə qarşı-qarşıyadır: tranzit çaylarda içməli su həcminin azalması, Kür-Araz ovalığı ərazisinin səhralaşması və Xəzər dənizinin dayazlaşması. Sadalanan üç təhlükənin ikisi – tranzit çayların və Xəzər dənizinin suyunun azalması – regional xarakterli problemdir və onlar qonşu dövlətlərlə birlikdə çözülməlidir.

Azərbaycanda yerüstü su resurslarının təxminən 70%-i qonşu ölkələrdə transsərhəd çay axınlarının hesabına formalaşır və bu üzdən, su təchizatındakı problemlərin həlli üçün həmsərhəd dövlətlərlə əməkdaşlıq mütləqdir.

2023-cü ildə Azərbaycanla Rusiyanı ayıran Samur çayının suyunun təxminən iki dəfə azalması, həmçinin «Taxtakörpü» su anbarında cəmi 50 milyon kubmetr içməli su ehtiyatının qalması Azərbaycan hökumətini suya qənaət rejiminin tətbiqi imkanlarını nəzərdən keçirməyə vadar edib. Samur çayının su resurslarından istifadə Azərbaycanla Rusiya arasında mövcud olan müvafiq razılaşma əsasında həyata keçirilir. Mütəmadi olaraq, bu transsərhəd çayının su resurslarının bölüşdürülməsi ilə bağlı Azərbaycan-Rusiya birgə komissiyasının iclasları da keçirilir. 2023-cü ilin dekabrında tərəflər iki ölkənin alimlərindən ibarət ilk ekspedisiyanın Samur çayının araşdırılmasına cəlb olunmasına dair razılığa da gəlib. Bu razılaşma çərçivəsində çayın suyunun azalması fonunda su resurslarından istifadəyə dair layihə təkliflərinin hazırlanması da nəzərdə tutulub. Samur çayı hövzəsində əvvəllər belə detallı araşdırma aparılmayıb. İndi birgə araşdırma yalnız Azərbaycan deyil, həm də Rusiya, Dağıstan ərazisindən həyata keçiriləcək.

Samur çayı hövzəsində ekoloji sahədə Azərbaycan-Rusiya birgə layihələrinin əsas hədəfi su ekosisteminin qorunub saxlanılması, həmçinin hövzənin meşə ağaclarının, bitkilərinin əkini, sahil mühafizə zonasının möhkəmləndirilməsi, eroziya və səhralaşma ilə mübarizə vasitəsilə biomüxtəlifliyin təminidir. Bütün bu tədbirlər hövzənin iqlim dəyişikliklərinə müqavimətini artırmalı, su resurslarının qorunmasına kömək etməlidir.

Azərbaycan üçün Samur çayının vacibliyindən danışarkən qeyd olunmalıdır ki, ölkənin şimal-şərq hissəsində 100 min hektaradək kənd təsərrüfatı ərazisinin suvarılmasında əsas mənbə Samur-Abşeron kanalıdır. Eyni zamanda o, Ceyranbatan su anbarının da əsas mənbəyidir. Bakı və aqlomerasiyanın içməli su tələbatının 60%-ni məhz bu anbar təmin edir.

Qeyd olunmalıdır ki, bu, regionda transsərhəd çayının su resurslarından istifadənin tənzimləndiyi yeganə hal deyil.

 

Kür və Arazın suyundan istifadə qaydalarında gözlənilməz dəyişiklik

Azərbaycanın Araz çayının potensialından istifadədə İranla əməkdaşlıq təcrübəsi də var. İki ölkə arasında imzalanmış memoranduma əsasən bu çayın üzərində «Xudafərin» və «Qız qalası» hidroqovşaqları tikilib. Onlar Araz çayının axınını tənzimləməklə yanaşı, su elektrik stansiyasının inşasına, çayın enerji resurslarından istifadəyə imkan yaradır.

Ümumilikdə bütün su kanallarının istifadəyə verilməsindən sonra Arazın suyundan istifadə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 270 min hektaradək əkin sahəsinin suvarılmasına imkan verəcək.

Problem ondadır ki, çayın axını üzrə daha yuxarıda yerləşən Ermənistan sistemli olaraq Arazı zərərli istehsalat tullantıları ilə çirkləndirir, bu isə sahilyanı zolaqda həyat şəraitinə zərər verir. Məsələn, mənbəyini Ermənistandan götürən Arazın əsas qollarından olan Oxçuçaydan götürülmüş su nümunələrində həddindən artıq miqdarda ağır metal – mis, molibden, manqan, dəmir, sink və xrom aşkarlanıb. Ermənistan 1966-cı ilin Helsinki qaydaları və 2004-cü ilin Berlin qaydalarına görə beynəlxalq çayların sularından istifadəyə dair öhdəliklər daşısa da, buna məhəl qoymur. Eyni sözləri BMT Baş Assambleyası və AŞPA-nın transsərhəd çay hövzələrinə dair qətnamələri və digər beynəlxalq sənədlər haqda da demək olar.

Beləliklə, Bakı-Yerevan münasibətlərində münaqişəli vəziyyətin əsaslarından biri də ekoloji amillərdir. Bu ziddiyyətlərin aradan qaldırılması siyasi iqlimə, iki ölkə arasındakı münasibətlərə də ciddi şəkildə müsbət təsir göstərə bilər.

Bu kontekstdə Gürcüstanla əməkdaşlıqda da problemlər var. Lakin Tbilisi-Bakı münasibətləri dostluq xarakteri daşıdığından, Kürün suyunun keyfiyyətinin pis olması iki ölkənin tərəfdaşlığına təsir göstərmir. Amma ikitərəfli formatda aparılan danışıqlarda bu mövzu mütəmadi olaraq qaldırılır.

 

İçməli su çatışmazlığının aradan qaldırılması

Bir müddətdir Kür və Arazın lazımi su həcmi ilə təmin olunması məsələsi Azərbaycan-Türkiyə münasibətləri kontekstində də aktualdır. Məlum olduğu kimi, çayların üzərində su anbarları tikir ki, bu da Cənubi Qafqazın ən nəhəng arteriyaları olan bu çaylarda suyun həcmini azalda bilir. 2023-cü ilin dekabrında bu məsələ Azərbaycanın baş naziri Əli Əsədovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın görüşündə də müzakirə edilib. Tərəflər bu qənaətə gəliblər ki, Ankara qeyd olunan planlarının icrası zamanı Bakının maraqlarını da nəzərə alsın.

Su çatışmazlığından əziyyət çəkən Azərbaycan 2050-ci ilə su resurslarının məhdudlaşması ilə qarşılaşacaq 164 ölkə arasında 59-cu yerdədir. O, orta dərəcəli risk (20-40%) ölkəsi sayılır. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim etdiyi milli hesabatda bildirilir ki, 2040-cı ilə ölkənin su ehtiyatları (transsərhəd çayları daxil olmaqla) 5-10, 2070-ci ilə 10-15% azalacaq. Digər ssenari üzrə azalmanın müvafiq olaraq 10-15 və 15-25% olacağı proqnozlaşdırılır. Odur ki, qarşıdakı illərdə «su diplomatiyası»na daha çox əhəmiyyət veriləcək.

Vəziyyəti daha da ağırlaşdıran Ermənistan və Gürcüstanın hələ də ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmamalarıdır. Azərbaycan isə əksinə, bu sahədə 17 müxtəlif beynəlxalq razılaşmanın iştirakçısıdır. Buraya transsərhəd sularının mühafizəsi konvensiyası da daxildir. Bu vəziyyət Cənubi Qafqaz ölkələrinin su təchizatı probleminin həllində institusional əməkdaşlığına ciddi maneə yaradır.

Bu baxımdan, Azərbaycanın Ermənistanın işğalından azad olunmuş əraziləri prinsipial əhəmiyyət daşıyır. Hər halda, ölkənin şirin su ehtiyatının azı 25%-i bu ərazilərin payına düşür və həmin torpaqların işğalına son qoyulması ilə Azərbaycanın xarici içməli su mənbələrindən asılılığı xeyli azalıb.

 

Xəzər dənizinin xilası

Xəzər dənizinin suyunun azalması ilə bağlı problemin həlli də çox vacibdir. Bu, İran istisna olmaqla, bütün sahilyanı ölkələrə ciddi təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyev dənizin qurumasının səbəblərinin araşdırılması üçün ekspertlərdən ibarət beştərəfli qrupun yaradılmasını təklif edib. «Xəzər beşliyi»nin 2022-ci ilin iyununda Aşqabadda keçirilən sammitində isə bu təklif gerçəkləşdirilib. Rusiyanın dövlət başçısı Vladimir Putinin Bakıya 2024-cü ilin avqustunda etdiyi səfər zamanı isə Azərbaycan tərəfi mövzunu yenidən qaldırıb. Nəticədə, ikitərəfli ekspertlər komissiyasının da yaradılması qərara alınıb. İşçi qrupunun həmsədrləri Azərbaycan və Rusiyanın ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri Rauf Hacıyev ilə Sergey Anopriyenko təyin olunublar. Bu formatda aparılan işlər çərçivəsində Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi səbəblərinin araşdırılmasına dair plan hazırlanacaq, qısamüddətli və uzunmüddətli proqnozlar, uyğunlaşma strategiyası tərtib olunacaq, suyun səviyyəsinin dəyişmə vəziyyətinin monitorinqi aparılacaq, bu halın sahilyanı zonaya mənfi təsirinin azaldılması üçün digər tədbirlər görüləcək.

Bununla yanaşı, Azərbaycan dəniz suyunun şirinləşdirilməsi təcrübəsini də öyrənir. Amma Xəzərdə suyun duzdan təmizlənməsi üçün bütün sahil boyu çox sayda suburaxıcı qurğunun tikintisi əlavə problemlər yarada bilər. Odur ki, Xəzərin ekoloji vəziyyəti ilə əlaqəli digər məsələlər kimi, bu da beştərəfli səviyyədə çözülməlidir. Qeyd edək ki, 2003-cü ildə qəbul olunmuş Tehran Bəyannaməsində bu məqam da yer alır.

Ümumilikdə ekoloji problemlərin həllində su təhlükəsizliyi əsas məsələlərdən birinə çevrilir. Buna nail olmaq yolunda vacib alət isə su diplomatiyasıdır. Yəqin ki, zaman keçdikcə bu yeni alətə daha çox önəm veriləcək. Xüsusilə söhbət quraq zolaqda yerləşən ölkələrdən gedirsə.

Son dövrlərdə Azərbaycan Mərkəzi Asiyanın siyasi gündəliyinə inteqrasiya olunmağa çalışır. Bu regionda isə su diplomatiyası xüsusi əhəmiyyətə malikdir. Bəlkə də Mərkəzi Asiyanın su problemlərinin həllindəki təcrübəsi gələcəkdə Cənubi Qafqazdakı analoji çətinliklərin həllinə də kömək edəcək.



MƏSLƏHƏT GÖR:

42