8 Yanvar 2025

Çərşənbə, 13:42

GÖZLƏNTİ VƏ REALLIQ

Azərbaycanın bank sektoru 6 il ərzində kredit portfelinin, təxminən, 10%-i «yaşıllaşdırmağa» hazırlaşır

Müəllif:

01.12.2024

Bakıda işini bu günlərdə başa vurmuş COP29 iqlim konfransının əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə dəstəyinin artırılmasına dair razılığın əldə edilməsi idi. Bununla yanaşı, sammitin gedişində bir sıra digər mövzular da müzakirə olunub. Buraya bilavasitə maliyyə qurumlarının – beynəlxalq maliyyə institutlarının, özəl bankların, sığorta, investisiya və s. şirkətlərinin qlobal iqtisadi təşəbbüslərdə iştirakı da daxildir.

Azərbaycan tərəfi COP29-un «Maliyyə günü» çərçivəsində bir sıra iddialı qərar və proqramla çıxış edib.

 

Qlobal təşəbbüslər

İqlim dəyişikliyi ölkələrin iqtisadi və maliyyə sabitliyi üçün ciddi riskdir. Bunu sammit çərçivəsində keçirilən «Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi» adlı tədbirdə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktor müavini Bo Li bildirib. Üç il əvvəl BVF Direktorlar Şurasının ilk iqlim strategiyasını təsdiqlədiyini xatırladan Li deyib ki, Fond bu sahədəki problemlərin həlli üçün üzv ölkələrə kreditlər ayırmağa da hazırdır. «Son iki ildə biz 20 ölkənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etmişik. Xüsusilə gəlir səviyyəsi aşağı olan ölkələrə 48 milyard dollarlıq dəstək göstərilib», - deyə Bo Li qeyd edib.

Bununla yanaşı, Li bildirib ki, BVF Dünya Bankından fərqli olaraq, kreditləri konkret layihələr üzrə deyil, dövlət büdcələrinə ayırır. Bununla da, vəsait müvafiq islahatların həyata keçirilməsinə xərclənir.

Avropa Mərkəzi Bankının (AMB) İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri İren Xeemskerk tədbirdə iqlim dəyişiklikləri ilə mübarizədə maliyyə sektorunun vacib rolundan danışıb. Onun sözlərinə görə, AMB «yaşıl maliyyə» sistemlərinin inkişafını, sıfır karbon iqtisadiyyatına keçidi dəstəkləməyə çalışır. Bank «yaşıl maliyyə»ni təşviq edir, maliyyə bazarlarının iqlim hədəflərinə uyğun tənzimlənməsinin təmini üzərində çalışır. «Yaşıl Maliyyə Sistemi Şəbəkəsinin (NGFS) bu sahədə gördüyü işlər çox önəmlidir. Biz NGFS-in təşəbbüslərini dəstəkləyir və maliyyə sektorunun bu istiqamətdə fəaliyyətini diqqətlə izləyirik. İqlim dəyişikliyi ilə mübarizədə maliyyə sektoru daha aktiv və dayanıqlı olmalıdır», - deyə o, qeyd edib.

«Yaşıl maliyyə» təşəbbüsü ilə Avropa İnvestisiya Bankı (AİB) da çıxış etməyi düşünür. O, bunu Avropanın digər maliyyə agentliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa Komissiyasının dəstəyi ilə etməyi planlaşdırır. Bunu AİB-in vitse-prezidenti Ambrua Fayol bildirib. «Biz 1 milyard avroluq fond yaratmışıq və o, dövlət qurumlarının köçürmələri hesabına formalaşacaq. Bu fond «yaşıl maliyyə»nin dövriyyəyə buraxılmasına imkan verəcək. Ümid edirik ki, bununla qeyd edilən sahədə hələ də xüsusi inkişafın müşahidə olunmadığı ölkələrdə lazımi layihələri maliyyələşdirə biləcəyik», - deyə o, qeyd edib.

Asiya İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnqminq Yan isə deyib ki, onun təmsil etdiyi qurum da inkişaf etməkdə olan ölkələrə dəstəyi artırır, bununla həmin ölkələrin maliyyə sisteminin möhkəmlənməsinə, iqlim dəyişiklikləri qarşısında dayanıqlı olmasına, iqlim çağırışlarına reaksiya vermək bacarığına yiyələnməsinə çalışır. «Biz bankların iqlim maliyyələşməsi sistemini tətbiq etməsi, institutsionallaşdırması üçün onlara maliyyə vasitəçilərinin köməyi ilə ənənəvi kreditlər ayırırıq. Məqsəd iqlim layihələrinin kreditləşdirilməsinin artırılmasıdır», - deyə vitse-prezident qeyd edib.

 

Azərbaycan banklarının «yaşıl» gündəliyi

Azərbaycanın maliyyə sektoru müasir çağırışlara və inoovasiyalara ən açıq sektorlardandır. COP29-da konkret təşəbbüs və qərarlarla məhz maliyyə bazarının iştirakçıları çıxış edib. Xatırladaq ki, iqlim konfransının başlamasından cəmi bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı «Yaşıl Taksonomiya»nı təsdiq edib. Bu sənəd iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir. «Yaşıl Taksonomiya» Azərbaycanın ən yüksək səviyyədə «yaşıl maliyyə»yə siyasi sadiqliyini göstərir. «Bu sənəd ölkənin «yaşıl keçid»i üçün vacib əsas olacaq», - deyə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov «Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi» adlı tədbirdə bildirib.

Taksonomiyaların inkişafı və uyğunlaşdırılması baxımından əldə edilən irəliləyişlərdən danışan T.Kazımov davamlı maliyyə taksonomiyalarının qarşılıqlı fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə bir sıra təşəbbüslərin hazırlandığını deyib: «G20 Dayanıqlı Maliyyə İşçi Qrupu davamlı maliyyə çərçivələrinin uyğunlaşdırılması üçün könüllü prinsiplər işləyib hazırlayıb. Bundan əlavə, Davamlı Maliyyə üzrə Beynəlxalq Platforma (IPSF) taksonomiyalardakı ümumi cəhətləri və fərqləri müəyyən etmək üçün çalışıb. Bu gün elan etməkdən şərəf duyuram ki, AMB Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN), IPSF və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edərək «Dayanıqlılıq üçün Yol Xəritəsi»ni hazırlayıb».

AMB-nin baş direktoru Şahin Mahmudzadə isə bildirib ki, müxtəlif ölkələrin öz taksonomiyaları var və onların qarşılıqlı şəkildə razılaşdırılması üçün «yol xəritəsi» lazımdır. «110-dan artıq ölkənin razılığa gəldiyi bu «yol xəritəsi» beş müxtəlif istiqamətidə fəaliyyəti nəzərdə tutur. O, artıq təsdiqlənib və nəticələr Braziliyada keçiriləcək növbəti COP-da müzakirə olunacaq. Güman ki, Braziliyadan sonra əlavə mərhələlərə keçiləcək», - deyə Mahmudzadə qeyd edib.

Yeri gəlmişkən, Ş.Mahmudzadənin sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı artıq ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə) stress testi üzərində işləyir və növbəti illərdə o, məcburi hala gətiriləcək. O bildirib ki, tədricən ESG riskləri «yaşıl kredit»lər, «yaşıl istiqraz»lar və milli taksonomiya ilə əlaqələndiriləcək. Mahmudzadə əmindir ki, Azərbaycanın bank sektoru 6 ildə kredit portfelinin təxminən 10%-ni «yaşıllaşdıra» biləcək: «Bundan başqa, biz pul siyasətimizin «yaşıllaşdırılması» və icbari «yaşıl» sığorta məhsulunun tətbiqi imkanlarını da nəzərdən keçiririk».

Bankların qarşıya qoyulmuş hədəfə nail olacağını göstərən daha bir məqam Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin açıqlamasıdır. Onun sözlərinə görə, ölkənin bank sektoru iqlim dəyişiklikləri ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb. «Bu vəsait dayanıqlı və «yaşıl» layihələrin reallaşdırılmasına xərclənəcək», - deyə Nuriyev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının təlimatına uyğun olaraq, iqlim risklərilə bağlı informasiyaları açıqlayan bankların sayı artır. Bundan başqa, Azərbaycan bankları 2023-2026-cı illəri əhatə edən «Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi» çərçivəsində artıq bir sıra vacib təşəbbüsü həyata keçiriblər. «Onlardan biri dayanıqlı və «yaşıl» maliyyələşdirmə prinsipləridir. Banklar artıq öz strategiyalarına risklərin idarə olunması və bir sıra başqa prosesləri daxil etməyə başlayıblar. Daha bir təşəbbüs dayanıqlı məhsullar və xidmətlərdir. Bu, özündə rəqəmsal bankçılığı, ekoloji təmiz məhsulları və sosial məsuliyyəti də əks etdirir», - deyə o, bildirib. Zakir Nuriyevin sözlərinə görə, gələcəkdə «yaşıl bankçılığın» təşviqi daha da genişlənəcək, banklar Azərbaycanda az karbonlu dayanıqlı iqtisadiyyatın inkişafına yönəlmiş «yaşıl» layihələrə, maliyyə təşəbbüslərinə dəstəyi daha da artıracaq. «Bu, «yaşıl» kreditlər, dayanıqlı inkişafa yönəlmiş kreditlər kimi bank məhsullarının hazırlanmasını və təklif edilməsini, həmçinin ekoloji cəhətdən məsuliyyətli biznes təcrübələrini təşviq edən təmiz investisiya imkanlarını nəzərdə tutur», - deyə Z.Nuriyev bildirib.

Bir sözlə, Azərbaycanın maliyyə, xüsusilə bank sektoru hər zaman olduğu kimi, qlobal gündəmə dair aktual təşəbbüslərin irəli sürülməsində də öndədir. Yəqin ki, bazar iştirakçıları iqtisadiyyatın «yaşıllaşdırılması» istiqamətində ilkin nəticələri də tezliklə hiss edəcəklər.


MƏSLƏHƏT GÖR:

23