Müəllif: NURANİ
Beynəlxalq jurnalistikada belə bir ədəbsiz yanaşma var: müharibə yalnız ilk həftə xəbərdir, sonra o, «ağ səs-küy»ə çevrilir. Son ayların hadisələri bu fikrin əslində, nə qədər doğru olduğunu bir daha təsdiqləyib. Ukrayna müharibəsi, İsrailin Qəzza zolağında davam edən «təmizləmə» əməliyyatı, yəhudi dövlətinin Livan ərazisindəki «Hizbullah» infrastrukturuna zərbələri – bütün bunlar tam gücü ilə davam etsə də, auditoriyanın diqqətini əvvəlkitək cəlb etmir. Amma bütün bu baş verənlər fonunda bir hadisə sanki kadr arxasında qalıb. Söhbət Livanda yaşanan faciədən gedir. Bu ölkədə sülh və sabitliyin nə olduğunu təxminən 1970-ci illərdən unudublar. O vaxtdan bu ölkənin ərazisində xarici qüvvələr sanki xüsusi həzlə güclərini sınayırlar.
«Yaxın Şərqin İsveçrəsi»ndən «qəribə müharibəyə»dək
İsrail Livan ərazisində ilk dəfə deyil təmizləmə aparır. Bildirilir ki, bu, «Hizbullah» yaraqlılarının ölkənin şimalını davamlı olaraq atəşə tutmasına cavabdır. İsrail hökuməti şəhərlərinin «Katyuşa» reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulması ilə barışmaq niyyətində deyil.
Amma bu əməliyyatlara Livanın nizami ordusu heç bir şəkildə cəlb edilmir. İsrail Livan Silahlı Qüvvələrinin mbvqelərinə hər hansı zərbə endirmir. Səksəninci illərdə onun hədəfi Fələstin Azadlıq Təşkilatının mövqeləri idisə, bu gün «Hizbullah»dır. Bu vəziyyəti bəlkə də ən yaxşı formada İkinci Dünya müharibəsinin əvvəllərində Fransada ortaya çıxmış «qəribə müharibə» ifadəsi ilə təqdim etmək olar.
Hələ 1943-cü ildə Livan müstəqillik qazanar-qazanmaz, yerli icmalar arasında «nüfuz bölgüsü» haqqında razılaşma imzalanmışdı. Qonşu ərəb dövlətlərindən fərqli olaraq, Livan tam anlamda müsəlman ölkəsi deyil. Onun əhalisinin əhəmiyyətli bir hissəsini xristian ərəblər, əsasən isə marunilər təşkil edir. Burada sünni ərəblər, şiə ərəblər də yaşayır, üstəlik, heç də kiçik olmayan erməni icması da var. 1943-cü il razılaşmasına əsasən, Livan Prezidenti postunu xristian, baş nazir vəzifəsini sünni, parlamentin spikeri kürsüsünü isə şiə ərəb tutmalıdır. Bu razılaşmaya yetmişinci illərin əvvəllərinədək sakit şəkildə əməl edilib. Həmin illərdə hətta Livanı «Yaxın Şərqin İsveçrəsi», Beyrutu «Şərqin Parisi» adlandırırdılar. Bəli, Beyrut, həqiqətən də, regional dəb, əyləncə paytaxtı idi. Fars körfəzində neft bumununu başlaması ilə Livan regionun maliyyə mərkəzinə çevrilmişdi və burada məhz erməni kapitalı böyük rol oynamaqda idi.
Bu idilliya yetmişinci illərin əvvəllərində dağıldı…
«Və onun ardınca cəhənnəm başladı»
Livan üçün dönüş nöqtəsi 1970-ci il sayıla bilər. O ana ərəb dövlətləri İsrailə «Altı günlük müharibə»ni uduzmağa macal tapmış, məhz bundan sonra terror müharibəsinin başlamasına açıq dəstək verənlərin nüfuzu getdikcə artmağa başlamışdı: İsrailə açıq savaşla üstün gəlmək mümkün deyilsə, terrora əl atılmalıdır. «Altı günlük müharibə»dən sonra İordaniya ərazisində məskunlaşmış silahlı fələstinli dəstələri mütəmadi olaraq İsrailə hücumlar etməkdə idi.
İordaniya kralı Hüseynin səbr kəsası 1970-ci ilin sentyabrında daşıb. Xatırladaq ki, həmin vaxt Fələstin Xalq Azadlığı Cəbhəsinin yaraqlıları müxtəlif ölkələrdən Nyu-Yorka uçan dörd təyyarəni ələ keçirərək İordaniyanın Douson aeroportuna endirmiş, bir neçə gün davam edən danışıqlardan sonra sərnişinlər azad edilmiş, təyyarələr isə partladılmışdı. Bu, 1970-ci il sentyabrın 11-də baş verib (11 sentyabr 2001-ci il hadisəsi ilə qəribə oxşarlıqdır).
Kral Hüseyn yaxşı anlayırdı ki, fələstinlilər onun ərazisində yalnız İsraillə deyil, həm də ABŞ və Avropa ölkələri ilə müharibəyə başlayırlarsa, bu, İordaniyaya baha başa gələcək. Məhz bu üzdən o, fələstinli dəstələrin təksilah edilməsi əmrini verib və bu, sonunculara əlbəttə ki, xoş gəlməyib. İordaniya ordusuna müqavimət göstərməyə başlayan fələstinlilər hətta kralın devrilməsi haqda belə, danışmağa başlayıblar. Müxtəlif məlumatlara görə, bu qarşıdurma minlərlə insanın həyatına son qoyub. Həmin hadisə tarixə «Qara sentyabr» kimi düşüb. Nəticədə, fələstinlilər İordaniyanı tərk etməli olublar və onların əhəmiyyətli hissəsi o zaman məhz Livana üz tutub.
Bəli, Livanda icmalar arasında nüfuz dairəsinin bölüşdürülməsi sistemi məhz onların bu ölkədə peyda olmasından sonra dağılıb. Əvvəlcə yerli liderlər sünni müsəlmanların xeyrinə «hakimiyyətin yenidən bölüşdürülməsini» tələb edib, daha sonra zamanla icmalararası qarşıdurma silahlı xarakter alıb. O zaman fələstinlilər «qara bazar»da silah ticarəti ilə məşğul olduqlarından, silah-sursat əldə etmək üçün kifayət qədər kanala malik idilər. Fələstinli düşərgələri «dövlət içərisində dövlət»ə çevrilmişdi və bu düşərgələrə Livanın güc strukturları xüsusi müdaxilə edə bilmirdi. Beləliklə, 1975-ci ildə Livanı «hamının hamıya qarşı» olduğu vətəndaş müharibəsi bürüyüb.
Fələstinli qaçqınlar arasında «lider amili» elə o vaxtdan özünü göstərib. İordaniyada belə lider tapılmışdısa, Livanda o, yox idi.
Unudulmuş faciə
Xristian marunilərin liderləri Livanın üzləşdiyi faciəyə görə məsuliyyətin ilk növbədə, fələstinlilərin üzərinə düşdüyünü bildirirdilər və bu, heç də təəccüblü deyildi. Onlar fələstinli dəstələrin Livanı tərk etməsi üçün İsraillə ittifaqa belə, razı idilər. Maraqlıdır ki, Livanda xristian cəbhəsi də həmrəy deyildi – kifayət qədər nüfuza malik erməni icması fələstinliləri dəstəkləyirdi. Sonradan eyni ssenari üzrə «Daşnaksütyun»un yerli qanadı suriyapərəst partiya və «Hizbullah»la vahid seçki bloku da yaradacaqdı…
İdeyanın yaranmasından həyata keçirilməsinədək, əlbəttə ki, xeyli zaman keçir. Lakin İsrailin 1982-ci ildə reallaşdırdığı və fələstinli dəstələrin Livanı tərk etməsi ilə nəticələnmiş «Qaliley üçün sülh» qəflətən bu arzunu daha əlçatan vəziyyətə gətirib. 1982-ci il avqustun 23-də Bəşir Jmayel Livan Prezidenti seçilib. Cəmi 35 yaşı olan Jmayel gəncliyinə rəğmən, xristianların qeyd-şərtsiz lideri idi. O, ən məşhur «səhra komandirləri»ndən biri sayılırdı və xristian anklavlarında mülki hakimiyyət funksiyasını uğurla həyata keçirirdi. Ən əsası isə Jmayel prezident seçilməsi ilə vəzifəsinin formal icrasına başlaması aralığında bütün xarici qoşunların (istər suriyalılar olsun, istərsə də fələstinlilər və israillilər) Livandan çıxarılması istiqamətində son dərəcə uğurlu kampaniya aparırdı. Çoxları əmin idi ki, Jmayel Livanı İsrailə dost ölkəyə çevirmək niyyətindədir.
Təəssüf ki, o, vəzifəsinin icrasına başlaya bilməyib. 14 sentyabr 1982-ci ildə Suriya xüsusi xidmət orqanlarının agentləri Jmayelin partiyasının Beyrutda yerləşən mənzil-qərargahını partladıb, nəticədə 27 nəfər həlak olub. O zaman ölənlərdən birinin Bəşi Jmayel olduğunu yalnız bir gün sonra müəyyənləşdirmişdilər. Beləliklə, xarici qoşunların Livandan çıxarılması haqda razılaşma arzu olaraq qalıb, Bəşir Jmayelin qətli isə ölkədə vətəndaş müharibəsinin yeni dalğasına yol açıb. Hesab olunur ki, sağçı xristianlar fələstinlilərin Sabra və Şatilla düşərgələrinə qətliamları məhz Jmayelin qətlinə cavab olaraq həyata keçiriblər. Fələstinlilər Livanı sanki tərk etmişdilər, amma ölkə elan olunmadan, planlı şəkildə Suriyanın nəzarətinə keçmişdi. Cənubda artıq «Hizbullah» kimi proksi ordusu olan İran öz mövqelərini güclənmişdi.
«Sidr inqilabı»
Livan növbəti tarixi şansı 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində qazanmışdı. Baş nazir Rafiq Həriri ölkəni planlı şəkildə Suriyanın təsir dairəsindən çıxarmaqda idi. Lakin Livan Prezidenti postuna Emil Lahudun seçilməsi ilə Dəməşq ölkəyə təsir imkanını bərpa etmək imkanı qazanıb, Həriri isə Suriya qoşunlarının Livandan çıxması tələbini irəli sürən müxalifətin başına keçib. Bundan sonra hadisələr yenidən faciəvi ssenari alıb. 14 fevral 2005-ci ildə Rafiq Həririnin korteji Beyrut küçələrindən birində partladılıb, nəticədə, müxalifət liderinin özü də daxil olmaqla, 22 nəfər dünyasını dəyişib.
İlk baxışdan, Həririnin işi onun ölümündən sonra da davam etdirilib və bu hadisə tarixə «Sidr inqilabı» kimi düşüb. Mərhum liderin tərəfdarları suriyapərəst dövlət başçısı, yeri gəlmişkən, erməni icması ilə doğma bağları olan Lahudun istefasına nail olsa da, digər problemi çözməyi bacarmayıblar. Söhbət Livan hökumətinin bütün ölkə ərazisində effektiv nəzarətinin bərpasından, cənubdan hələ də «Daşnaksütyun»la vahid cəbhədə olan silahlı «Hizbullah» dəstələrinin çıxarılmasından gedir.
Ölkə hələ də Livanı livanlılara qaytara biləcək güclü, nüfuzlu lider çatışmazlığından əziyyət çəkir. Bu problemi kənardan həll etmək, çətin ki, mümkün olsun.
MƏSLƏHƏT GÖR: