Müəllif: İlqar VƏLİZADƏ
Dünyanın ən nəhəng 20 iqtisadiyyatının liderlərinin Rio-de-Janeyroda keçirilən sammiti son onillikdə görünməmiş geosiyasi gərginlik şəraitində baş tutub. Eyni vaxtda iki münaqişə – Ukrayna və Yaxın Şərqdəki müharibələr daha miqyaslı xarakter ala bilər və bu, həmin savaşların potensial fəal iştirakçısına çevrilə biləcək ölkələri narahat etməyə bilməz.
Belə bir şəraitdə dayanıqlı iqtisadi inkişafın təmini planı xarici siyasətdə münasibətlərin qurulması, yaxud bərpası ilə də əlaqəlidir.
«Böyük iyirmiliyin» ekoloji gündəliyi
Görüşün əsas məqsədi «Böyük iyirmilik» ölkələrinin dayanıqlı inkişaf perspektivlərinin və daha təmiz enerjiyə keçid imkanlarının müzakirəsi idi. Bu, BMT-nin Azərbaycanda keçirilmiş COP29 sammiti çərçivəsində qlobal istiləşmə probleminin həlli istiqamətində əldə olunmuş razılaşma fonunda xüsusilə vacibdir.
Dünyada havanın orta illik hərarətinin ildən-ilə artdığını nəzərə alsaq, Braziliya sammitinin iştirakçıları iqlim problemləri ilə bağlı qərarları Donald Trampın ABŞ prezidentliyinə qayıtmasınadək möhkəmlətmək niyyətində idilər. Məlum olduğu kimi, o, Ağ Evə gələn ilin yanvarında dönəcək. Məlum olub ki, eks-prezident ikinci müddətə vəzifəsinin icrasına başladıqdan sonra Paris İqlim sazişindən çıxmaq, ABŞ-nin qlobal istiləşmə ilə bağlı siyasətini dayandırmaq niyyətindədir. G20 liderləri sammit günü yaydıqları birgə bəyanatda «iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə bütün mənbələrdən maliyyələşməni tezliklə milyardlardan trilyon dollarlara qaldırmağa» çağırış ediblər.
G20 iştirakçıları belə qənaətə gəliblər ki, COP29 elçiləri zəngin dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə üçün yoxsul, inkişaf etməkdə olan ölkələrə nə qədər maliyyə ayırmalı olduqlarına dair razılığa gəlməlidirlər.
Bəyanatda ölkələrin bu problemi həll etməsinin vacibliyi deyilsə də, bu həllin konkret yolu haqda heç nə deyilmir. İqtisadçılar güman edirlər ki, «yaşıl keçid»in təmini üçün ümumilikdə ildə ən azı 1 trilyon dollara ehtiyac var. İnkişaf etmiş ölkələr, o cümlədən Avropa hesab edir ki, donorlar bazasının genişləndirilməsi vacibdir və onların sırasına Çin, həmçinin Yaxın Şərq ölkələri kimi daha sürətlə inkişaf edən dövlətlər də qoşulmalıdır – iddialıv məqsədlərə yalnız bu halda nail oluna bilər. Lakin inkişaf etməkdə olan ölkələr əsas donorların siyahısının genişləndirilməsi təklifinə qarşıdırlar.
G20 sammitində aparılmış müzakirələrdən xəbərdar olan mənbələr bildirir ki, orada inkişaf etməkdə olan ölkələrin ümumi işə könüllü şəkildə töhfə verməsilə bağlı təkliflər səsləndirilsə də, bu, yekun sənəddə öz əksini tapmayıb.
Kömürlə «yaşıl keçid» tərəfdarları
İnkişaf etməkdə olan ölkələrin motivasiyasını anlamaq çətin deiyl. Onlar hələ də mədən yanacağında ciddi şəkildə asılıdırlar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2000-ci ildə inkişaf etmiş iqtisadiyyata malik ölkələr təxminən 50% kömürdən istifadə ediblərsə, 2026-cı ildə yalnız Hindistanla Çinin payına 70%-dən çox kömür istifadəsi düşəcək.
«Global Energy Monitor»un məlumatına görə, 2023-cü ildə Çin, Hindistan və İndoneziya 59 giqavat gücündə yeni kömür elektrik stansiyalarının istismarına başlayıb və daha 131 giqavatlıq belə stansiyaları ya işə salıb, ya da layihə təklifini verib. Bu, dünyadakı ümumi həcmin təxminən 93%-dir.
Çin, Hindistan və İndoneziyada kömür istehsalı ən yüksək səviyyədədir. Maraqlısı budur ki, sadalanan ölkələr dünyanın ən böyük 20 iqtisadiyyatı arasında iqtisadi artım miqyasına görə liderdilər. Bu göstəriciyə görə onlar rəqiblərini əhəmiyyətli dərəcədə üstələyir. Onların iqtisadi inkişafı isə son illərdə ənənəvi enerji daşıyıcıları, məsələn, kömürün qiymətinin xeyli ucuzlaşması ilə də əhəmiyyətli dərəcədə bağlıdır.
Çin 2023-cü ildə kömür hasilatını 2,9% artıraraq rekard həddə – 4,66 milyard tona çatdırıb. Hindistan hazırkı maliyyə ilində (1 aprel 2023-31 mart 2024) 1 milyard tondan artıq kömür əldə edib ki, bu da onun baha qiymətə enerji resursları idxalından asılılığını azaldıb. 2023-cü ildə kömür istehsalının həcminə görə mütləq rekord İndoneziyaya məxsusdur – 775 milyon ton. Ölkədə, ilk növbədə, daha çox enerjiyə ehtiyacı olan nikel istehsalı sektorunun kömürə tələbatı sürətlə artır.
Rio-de-Janeyroda illik sammiti açan Braziliya Prezidenti Luis İnasiu Lula da Silva bildirib ki, iqlim dəyişikliyinin insanlığa təsiri bütün dünyada hiss olunur və bu, təcili həll yolları tələb edir. Dünya iqtisadiyyatının 85%-nə nəzarət edən G20 ölkələri isə qlobal istiləşməyə səbəb olan tullantıların dörddə üçünə görə məsuliyyət daşıyır. Sammitin yekununda «Böyük iyirmilik» ölkələrinin 2024-cü ilin sonunadək ətraf mühitin plastik kütlə ilə çirkləndirilməsinin məhdudlaşdırılmasına dair hüquqi öhdəlik müqaviləsinin razılaşdırılması qərarını vermələri də təsadüf deyil. Tezliklə razılaşma üzərində iki ildən artıqdır aparılan danışıqların nəticəsinin tezliklə elan olunacağı gözlənilir.
Kənardan canıyananlıq
Rio-de-Janeyronun Müasir İncəsənət Muzeyinə toplaşmış liderlər 2 gün davam edən sammitdə birgə bəyanatla da çıxış ediblər. Sənəddə onlar Yaxın Şərq və Ukraynadakı münaqişə zonalarında yaşayan insanların iztirablarına şərik olduqlarını bildirib, yoxsulluğun aradan qaldırılması, vergi siyasəti kimi məsələlərdə hər kəsi əməkdaşlığa dəvət ediblər.
Müşahidəçilərin fikrincə, görüşün əsas məqsədlərindən biri Donald Trampın yanvarda hakimiyyətə qayıtmasınadək mövcud siyasi gündəmə dair çoxtərəfli konsensusun möhkəmləndirilməsi olub. Məsələ ondadır ki, ticarətdən tutmuş, iqlim dəyişikliyinədək bir çox məsələdə çoxtərəfli razılaşmalar ən yaxın zamanlarda Vaşinqton tərəfindən ciddi dəyişikliklərə məruz qala bilər. Hər halda, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Birləşmiş Ştatların xarici siyasətində ciddi təftiş aparacağını deyir – ticarət rüsumlarından tutmuş, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinədək.
Yeri gəlmişkən, G20 sammitində ən mübahisəli mövzu məhz Ukrayna problemi olub. Bu məsələdə mübahisələr o həddə çatıb ki, sonda iştirakçılar münaqişənin eskalasiyasının mənfi nəticələrini təsdiqləmək və sadəcə «insanların iztirabı» və müharibənin ağır iqtisadi fəsadlarını ifadə etməklə kifayətlənməli olublar.
Liderlərin bəyanatında «Qəzza sektorundakı faciəvi humanitar vəziyyətdən dərin narahatlıq» da ifadə edilib. Onlar bölgə əhalisinə təcili olaraq əlavə yardımların göstərilməsinə, mülki əhalinin müdafiəsinə, həmçinin Qəzza sektoru və Livanda atəşkəsə çağırışlar da ediblər.
Amerikanın «yol üstündə» olan administrasiyasının Ukraynanın Rusiya ərazilərinə ATACAMS raketləri ilə zərbə endirməsinə razılıq verməsindən və Moskvanın buna adekvat cavabın olacağına dair bəyanatından sonra avropalı diplomatlar qlobal münaqişələrlə bağlı əvvəllər razılaşdırılmış formullara yenidən baxılması təklifini irəli sürüblər. Onlar yekun bəyanatın mətninə Moskvanın əməllərinin pislənməsi haqda fikirlərin də əlavə olunmasını istəsələr də, Pekin, Yeni Dehli və bir sıra digər paytaxtların buna etirazı avropalıların sonda «təslim olması» ilə nəticələnib.
«Bloomberg» analitikləri bildirirlər ki, G20 sammiti Qərbin beynəlxalq siyasətə təsirinin zəiflədiyini göstərib. Əvəzində, BRICS-in nüfuzunun artdığı müşahidə edilməkdədir. G20 getdikcə çoxqütblülüyə keçidin reallaşdığını göstərir və Qərb burada mövqelərini digər dövlətlərə güzəştə gedərək, hökmran mövqeyindən məhrum olur.
Rusiya Prezidenti Vladimir Putin sammitdə iştirak etməyib. Ölkəni toplantıda xarici işlər naziri Sergey Lavrov təmsil edib. Və son illərdə ilk dəfədir ki, Qərb liderləri Rusiya nümayəndəsinin iştirakı ilə kollektiv foto çəkdirməkdən imtina etməyiblər. Fransanın dövlət başçısı Emmanuel Makronun Lavrovun əlini sıxması faktı isə Avropa liderlərinin Moskva ilə Kiyev arasında sülh razılaşması perspektivinə münasibətinin istiləşməsi əlaməti kimi qiymətləndirilib.
Qərbin qürubunun başlanğıcı
Hər bir halda, dünya liderləri Braziliyanın təklif etdiyi gündəliyin debatları Qərb fövqəldövlətlərinin özlərini rahat hiss etdikləri çərçivədən kənara çıxardığını ediblər. «Biz qlobal strukturlarda ciddi dəyişikliklər yaşayırıq», - deyə Almaniya kansleri Olaf Şolts sammitin kluarlarında bildirib. O, əsas inkişaf etməkdə olan iqtisadiyyatların artan rolunu xüsusi vurğulayıb: «Bu, öz fikirlərinin olmasını istəyən dövlətlərdir. Onlar artıq hər şeyin ötən onilliklərdə olduğu kimi davam etməsi ilə barışmayacaqlar».
Çin sədri Si Cinpin isə Qlobal Cənubun inkişaf etməkdə olan iqtisadiyyatlarının dəstəklənməsinə yönəlmiş bir sıra tədbirləri bəyan etmək fürsətini qaçırmayıb – Braziliya, həmçinin Afrika ölkələri ilə elmi əməkdaşlıqdan tutmuş, daha az inkişaf etmiş dövlətlər üçün ticarət maneələrinin azaldılmasınadək.
Cinpin sammitdə mərkəzi rolda idisə, ABŞ Prezidenti Co Bayden hər kəsə «axsaq ördək» təsiri bağışlayıb. Çünki o, Ağ Evdə son iki ayını yaşayır. Bununla yanaşı, dünya artıq Trampın yeni hökumətindən gələcək siqnalları gözləyir, Si Cinpin isə «Bir kəmər, bir yol» da daxil olmaqla, ölkəsinin narrativlərini önə çəkir. Çin bu çərçivədə Rio sammitindən cəmi bir həftə əvvəl Peruda nəhəng dərinsulu limanın açılışını da edib.
Braziliya Vaşinqtonla münasibətlərində problem yarana biləcəyindən ehtiyatlandığı üçün hələ ki, Çinin təşəbbüsünə qoşulmasa da, Pekinlə münasibətlərinə strateji əlaqələr kimi yanaşır. Bunun təsdiqi kimi, tərəflərin Çinin «Bir kəmər, bir yol» planı ilə Braziliya hökumətinin bir neçə proqramı arasında sinerjinin axtarışına dair razılaşmanın imzalanmasını göstərmək olar. Sənayenin müasirləşdirilməsi, ekoloji transformasiya, Cənubi Amerikanın inteqrasiya marşrutları, həmçinin Braziliyanı Perunun Çin tərəfindən maliyyələşdirilən Çankay meqalimanın birləşdirilməsi təşəbbüsü buraya daxildir.
İki lider maliyyə əməkdaşlığı və məhsuldar, dayanıqlı inkişafla məşğul olacaq iki hədəf qrupunun yaradıldığını da bəyan edib. Onlar Braziliyanın «Bir kəmər, bir yol» təşəbbüsünə uyğun maliyyələşdirilməsi məqsədəuyğun olan prioritet layihələrini iki ay müddətində müəyyənləşdirməlidirlər.
Çinlə Braziliyanın yaxınlaşması, əlbəttə ki, G20 iştirakçılarının diqqətindən kənarda qala bilməzdi və bu, qlobal formatlarda Qərbin hökmranlığının artıq geridə qaldığını göstərən ən yaxşı mənzərə sayıla bilər.
MƏSLƏHƏT GÖR: