8 Yanvar 2025

Çərşənbə, 14:07

ÜMİDLİ BARIŞIQ

İsrail «Hizbullah» ilə imzalanmış razılaşmanı öz aktivinə yaza bilər

Müəllif:

01.12.2024

 

Yaxın Şərqdən, nəhayət, ümidverici xəbər eşidildi. İsraillə Livan barışıq haqda razılığa gəlib. Kifayət qədər əhatəli olan razılaşmada 13 maddə var. Ümumilikdə istənilən barışıqda olduğu kimi, bu sənəddə də bildirilir ki, «Hizbullah» daha Livan ərazisindən İsrailin şimal rayonlarına zərbələr endirməyəcək, İsrail isə təxminən bir aya öz qoşunlarını oradan çıxaracaq.

İstənilən müharibə danışıqlarla başa çatır. Beləliklə, Livanın cənubunda illərdir davam edən qarşıdurma yeni mərhələyə keçir. Bu razılaşmanın gələcəyə necə təsir göstərəcəyi isə hələ məlum deyil.

 

Müharibə sonrası danışıqlar

Əldə olunmuş razılaşma kifayət qədər geniş məsələləri əhatə edir. Məsələn, «Hizbullah» və Livan ərazisindəki digər silahlı qruplaşmalar üzərlərinə İsrailə qarşı hər hansı hücum əməliyyatı keçirməmək öhdəliyi götürüb. Təl-Əviv isə öz növbəsində, Livandakı hədəflərə qarşı hücum əməliyyatları aparmayacaq.

Livanın cənubunda güc tətbiqi hüququ yalnız ölkənin rəsmi güc strukturlarına aiddir. Bütün qeyri-qanuni hərbi infrastruktur, o cümlədən silah istehsal edən emalatxanalar, hərbi mövqelər və s. dağıdılacaq. Bununla yanaşı, qeyd olunan qruplaşmaların əlində olan bütün silahlar hökumətə təhvil verilməlidir. Razılaşmanın şərtlərinə əməl olunması vəziyyətinin monitorinqi üçün hər iki tərəf üçün uyğun sayılacaq birgə komitə də yaradılacaq. İsrail və Livan razılaşmanın pozulması halları ilə bağlı bütün məlumatları məhz bu komitəyə və BMT sülhməramlılarına təqdim edəcək.

Plana əsasən Livan cənuba qoşun və təhlükəsizlik qüvvələri göndərəcək, İsrail isə öz hərbçilərini oradan çıxaracaq. ABŞ öz növbəsində, quru sərhədin tanınması üçün İsraillə Livan arasında danışıqlara dəstək verəcək.

Ekspertlərin əksəriyyəti əmindir ki, razılaşmaya əməl olunacağı təqdirdə İsrail diplomatik qələbəsini qeyd edə bilər. Hər halda, Binyamin Netanyahu bu halda ölkənin şimal sərhədində təhlükəsizliyi təmin etmiş sayılacaq.

Yəhudi dövləti yarandığı ilk günlərdən ərazisinin təhlükəsizliyini təmin etmək vəzifəsi ilə üz-üzədir. Fələstinlilər və fələstinpərəstlər bu məqama diqqət çəkməyi xoşlamasalar da, fakt faktlığında qalır: Fələstinin bölünməsi ilə bağlı hələ 1946-cı ildə irəli sürülmüş təklifi məhz ərəb tərəfi rədd edib, bundan sonra isə ərəb ölkələri mütəmadi olaraq İsraillə «Sionistləri dənizə tökək» şüarı ilə müharibə aparmağa çalışıblar. Lakin bu savaşlar hər dəfə onlar üçün məğlubiyyət və ərazi itkiləri ilə nəticələnib. Təl-Əviv isə eyni vaxtda əsas problemini – sərhədlərin təhlükəsizliyinin təminini də həll edib. Bu haqda ilk razılaşmanın əldə olunduğu ölkələr Misir və İordaniyadır. İsrail həmsərhəd olmasa da, coğrafi baxımdan yaxın ölkələrlə də son dərəcə fəal diplomatiya aparır. Belə bir şəraitdə məhz Livanla Suriya yəhudi dövlətinin konsensusa gələ bilmədiyi ölkələrdən idi. Yeni razılaşma bu istiqamətdə də məsələnin «ölü nöqtə»dən tərpəndiyinə ümid yaradır.

 

Ordu gedir, xüsusi xidmət gəlir

İsraillə Livan arasında yuxarıda sadalanan şərtlərlə atəşkəs haqda razılaşmanın imzalanması həm də ona görə maraqlıdır ki, yəhudi dövləti ordusu – SAXAL-ın əməliyyatları ilk günlərdən istər ölkə daxilində, istərsə də ondan kənarda sərt tənqidə məruz qalmışdı. Üstəlik, burada söhbət heç də israillilərin sərt davranışından və ya beynəlxalq humanitar hüququ pozmasından getmirdi. Tənqid edənlər diqqəti sırf effektivlik məsələsinə çəkirdilər: hər kəs SAXAL-dan effektiv «blitskriq», «musiqi sədaları altında qələbə yürüşü» gözləyirdi ki, bu da baş vermirdi.

Qeyd olunmalıdır ki, burada sıravi əsgər və zabitlərə münasibət inanılmaz dərəcədə həssasdır. Bununla belə, ali hərbi komandanlığı tənqid etmək adi hal sayılır. Yeri gəlmişkən, əksər israillilər onların ordusunun xüsusilə Ariel Şaron dövründə apardığı hərbi əməliyyatların bu gün dünyanın aparıcı hərbi akademiyalarında öyrənildiyini yeni eşidir və təəccüblə qarşılayır.

Son hərbi əməliyyatların gedişində İsrailin xüsusi xidmət orqanları bir daha gündəmə gəlib. Söhbət məlum «Peycer» əməliyyatını həyata keçirmiş qüvvələrdən gedir. İddia olunur ki, «Hizbullah»ın ozamankı lideri, «Erməni məhəlləsindən olan mücahid» adı ilə də tanınmış şeyx Nəsrullah İsrailin smartfonları məsafədən «sındırmaq», yazışmaları oxumaq imkanına malik olduğu haqda xəbərdarlıq edibmiş. O, bununla əlaqədar olaraq, öz yaraqlılarına peycerlərdən istifadə göstərişi veribmiş. Xatırladaq ki, peycerlər 1990-cı illərdə çox populyar idi. Lakin mobil telefonların çıxması ilə peycerlərdən istifadə, demək olar ki, yığışdırılmışdı. Belə bir vəziyyətdə qruplaşma bir anda minlərlə peycer almaq qərarına gəldikdə onlara içərisinə partlayıcıların quraşdırıldığı avadanlıqlar göndərilib. Partlayıcıların işə salınması isə artıq texniki məsələ idi. Qeyd olunmalıdır ki, burada əsas məqsəd heç də peycer sahibini öldürmək yox, daha çox «Hizbullah» üzvlərini daxili rabitədən məhrum etmək olmuşdu.

Daha sonra təşkilat rəhbərliyinin məhvi mərhələsinə başlanılmış, nəticədə «Hizbullah»ın Beyrutdakı mənzil-qərargahına aviazərbənin endirilməsi ilə öldürülən şeyx Nəsrullahın yerinə keçən liderlər tanınmağa macal tapmadan məhv edilmişdi.

 

Qərarları insanlar verir

Nəzəri baxımdan burada «piramida prinsipi» işə düşməlidir. Bu prinsipə əsasən, üzvlərinin sayı çox olan təşkilatlarda «zirvəni dağıtmaq» işə yaramır – məhv edilmiş liderin yerini ən qısa vaxtda yenisi tutur. «Hizbullah» da ilk baxışdan, özünü belə aparıb və bu prinsipə tam uyğun hərəkət edib. Lakin İsrail təşkilat liderinin yerinə keçən yeni şəxsləri elə tezliklə və ard-arda məhv edib ki, artıq qruplaşmanın daxilində narahatlıq yaranmağa başlayıb. Nəticədə, məlum olub ki, «müqəddəs iş naminə həyatını qurban verməyə hazır olan» şəxslər o qədər də çox deyilmiş. Bu, tamamilə gözlənilən idi. Nəhayət, vəziyyət o qəddə çatıb ki, «Hizbullah» qarşı tərəflə özü üçün heç də ən yaxşı şərtlərin yer almadığı razılaşmaya getmək məcburiyyətində qalıb.

«Hizbullah» rəhbərliyi anlayıb ki, İsrail onun infrastrukturunun çox əhəmiyyətli hissəsini məhv edib. Əməliyyatların gedişində təşkilatın Beyrut yaxınlığındakı gəmi əleyhinə raket anbarı da məhv edilib – o, yaşayış evinin zirzəmisində imiş. İsrail «Hizbullah»ın komanda mərkəzlərinə, silah anbarlarına zərbələr endirməklə yanaşı, sona yaxın onun maliyyə mərkəzini də məhv edib. Belə vəziyyətdə hərbi əməliyyatları davam etdirmək əlbəttə ki, çox riskli olardı.

Bu kapitulyasiya müəyyən mənada İraqın 1991-ci ilin «Səhrada qasırğa» adı ilə də tanınan müharibədəki məğlubiyyətini xatırladır. Hər kəs effektiv tank savaşı, quruda döyüş, Bağdad və digər şəhərlərdə küçə döyüşləri gözlədiyi halda, ABŞ üstünlüyü hava zərbələrinə vermiş və nəticədə, İraq onilliklər boyu hazırlaşdığı müharibənin başlamasını gözləmədən, təslim olmuşdu.

2016-cı ilin aprelində Qarabağda da hadisələr bənzər ssenari üzrə getmişdi. O zaman Azərbaycan döyüş meydanında kamikadze dronlardan (yeri gəlmişkən, onlar İsrail istehsalı idi) ilk dəfə istifadə etmişdi. Onda erməni strateqləri də deyirdilər ki, «piyadaları gəlsəydi, onlara göstərərdik!»

İndi eyni ssenari Livanda təkrarlanıb. Nəticədə, «Hizbullah» miqyaslı quru qoşunları savaşını, küçə döyüşlərini və s. gözləmədən, İsraillə sülh müqaviləsi imzalayıb. Nəzəri baxımdan bu, hələ darmadağın və kapitulyasiya deyil. Amma Təl-Əviv əldə olunmuş razılaşmanı birmənalı şəkildə öz aktivinə yaza bilər. Razılaşmaya nə qədər dəqiq əməl olunacağı isə başqa mövzudur.

 

«Proksi müharibə»

Bu razılaşmada ilk baxışdan belə, kifayət qədər problem hiss olunmaqdadır. Məsələn, Livanın güc strukturları çox zəifdir və «Hizbullah»ın razılaşmanı pozacağı təqdirdə onların bu təşkilatın yaraqlılarının öhdəsindən gəlməsi o qədər də asan olmayacaq. Hər iki tərəfin etibar etməli olduğu birgə komitənin necə çalışacağı da hələ məlum deyil.

Bununla yanaşı, daha bir məqam mütləq qeyd olunmalıdır. «Hizbullah» sadəcə İsrailə qarşı radikal münasibətdə olan Livan şiə təşkilatı deyil. O, həm də İranın «proksi-ordu»sudur. Belə bir vəziyyətdə razılaşmaya nə qədər əməl ediləcəyi İsrail və Livan hökumətindən çox, Tehrandan asılı olacaq. Onun isə öz hesablamaları var. Bir yandan İranda «sionist rejim»in ünvanına son dərəcə kəskin ittihamlar səsləndirilir, digər tərəfdən isə yəhudi dövləti Tehranın Suriya və Livandakı «proksi»lərinə zərbələri davam etdirir. Əvəzində, İran İsrailə raket atır (doğrudur, İsrail üçün onların zərərsizləşdirilməsi xüsusi çətinlik yaratmır).

Maraqlıdır ki, həm İsrail, həm də İran bu qarşılıqlı gedişlərdən həlledici savaşa başlamaq üçün istifadə etməyə çalışmır. Yəni böyük müharibədə onların heç biri maraqlı deyil. Üstəlik, İranda bu yaxınlarda yeni prezident Məsud Pezeşkian öz səlahiyyətlərinin icrasına başlayıb və çoxları onun Tehranın dünya ilə münasibətlərinin normallaşacağına növbəti ümid olduğunu düşünür.

İran rəhbərliyində vahid mövqe yoxdur. Odur ki, İsraillə münasibətləri uzun müddət «nə hərb, nə sülh» vəziyyətində saxlamaq alınmayacaq. Bu, «sionist rejim»in savaşı yalnız sözdə apardığı dövrdə mümkün idi. İndi isə İsraillə İran qarşılıqlı olaraq, bir-birinə raket zərbələri belə, endirir.

Nə qədər ki, Tehranda vacib rıçaqlar praqmatiklərin əlindədir, Livan-İsrail sərhədində gərginlikdən qaçmağın mümkün olacağını düşünmək olar. Yox, əgər İranda qərarların qəbulu mühafizəkarlara qalacaqsa (bunun üçün növbəti seçkiləri gözləmək vacib deyil), onlar razılaşmanı pozmaq üçün öz «proksi»lərindən asanlıqla istifadə edə bilərlər. Bu, həm də praqmatiklərə siyasi zərbə vasitəsinə çevrilə bilər.

Bu halda «Hizbullah» darmadağından qaça bilməyəcək.

 



MƏSLƏHƏT GÖR:

30