8 Yanvar 2025

Çərşənbə, 14:23

HƏLLEDİCİ DÖYÜŞ

Türkiyə hökuməti kürd probleminin həlli taktikasını dəyişir

Müəllif:

01.12.2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürd probleminin həllilə bağlı şərti olaraq «Çözüm süreci II» adlandırıla biləcək yeni plana start verilib. Məlum olduğu kimi, hakim Ədalət və İnkişaf Partiyası Türkiyənin Kürd Fəhlə Partiyası (PKK) ilə probleminin həllinə yönəlmiş bu adda ilk planı hələ 2000-ci illərin ortalarında elan etmişdi. O, PKK-nın Türkiyə hökuməti ilə silahlı mübarizədən imtinası müqabilində kürdlərə məxsus siyasi təşkilatlara legitimlik qazandırılmasını nəzərdə tuturdu. Lakin o zaman plan müxtəlif səbəblərdən reallaşmadı.

 

Öcalan yenidən iş başında?

Görünən odur ki, yeni şəraitdə siyasi fəal kürdlərlə barışığı yenidən zərurətə çevirib. Hər halda, Ərdoğan faktiki olaraq, Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının həbsdə saxlanılan PKK lideri Abdullah Öcalanın lideri olduğu partiyanın silahı yerə qoyması haqda bəyanat verməsi təklifini qəbul edib. «Dövlət bəy cəsarətli çıxışları ilə tarixə istiqamət verən liderdir», - deyə prezident qeyd edib.

Öcalana marağı İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları və «Hizbullah»a qarşı start verdiyi döyüşlər nəticəsində Yaxın Şərqdə siyasi proseslərin sürətlə dəyişməsi ilə əlaqələndirmək olar. Müharibə bütün regionu bürüyə bilər və İranın da ona qoşulması Türkiyə də daxil olmaqla, qonşu ölkələrə yaxşı heç nə vəd etmir. Belə bir vəziyyətdə terror təşkilatı olan PKK sabitliyin pozulması ilə bağlı böyük ssenarinin bir hissəsinə çevrilə bilər ki, Ankaranı narahat edən də məhz budur.

R.T.Ərdoğan ölkə parlamentində oktyabrın 1-də etdiyi çıxışında Yaxın Şərqdə müharibə təhlükəsinin artmasından danışıb, «daxili cəbhəni möhkəmləndirməyə» çağırış edib. Onun siyasi müttəfiqi Dövlət Bağçalı isə Demokratik Partiyanın (DEM) tribunasına yaxınlaşaraq, nümayişkaranə şəkildə orada əyləşən deputatların əllərini sıxıb. Oktyabrın 15-də isə o, artıq bilavasitə Öcalana müraciət edib: «Türkiyəyə gətirildiyi vaxt bütün xidmətlərə hazır olan şəxs birtərəfli qaydada terrorçuluğa son qoyduğunu, təşkilatını buraxdığını bəyan etməlidir».

MHP-nin oktyabrın 22-də keçirilən toptantısında Bağçalı daha konkret danışıb. O, hesab edir ki, terrorçuların lideri təcrid vəziyyətdən çıxarılarsa, Demokrat Partiyasının parlament fraksiyasının toplantısına qatılmalı, siyasi terrora birdəfəlik son qoyulduğunu, PPK-nın buraxıldığını açıqlamalıdır. Türkiyə mediası yazır ki, bundan sonra deputat Ömər Öcalan (Abdullah Öcalanın qardaşı oğlu) dayısı ilə görüşərək, Bağçalının təklifini ona çatdırıb. Məlumata görə, iki saat davam etmiş görüşdə PKK lideri Bağçalının təklifini müsbət qarşılayıb və deyib ki, həbs qaydaları dəyişərsə, kommunikasiya imkanları yaradılarsa, o, PKK-nın tərksilah olunmağa razı salınmasında rol oynaya bilər. Mətbuat yazır ki, Abdullah Öcalan artıq «tarixi məsuliyyətini» hiss edir və silahı yerə qoyması üçün PKK-ya müraciət etməyə hazırdır.

 

Ərdoğanın antiterror koalisiyası

İranın şimalındakı kürd muxtariyyətinin lideri Bərzani bu yaxınlarda Türkiyə Prezidenti ilə PKK ilə mübarizənin gücləndirilməsi məsələsini müzakirə edib. PKK həm Ərdoğan, həm də Bərzani üçün bir nömrəli düşməndir. Odur ki, hər iki tərəf bu terror təşkilatının mövcudluğuna birdəfəlik son qoymaq istəyir. Kürdüstan Demokratik Partiyasına (KDP) başçılıq edən Bərzani üçün bu, ona görə vacibdir ki, PKK onun köhnə siyasi rəqibi olan Kürdüstan Vətənpərvərlər İttifaqını (KVİ) dəstəkləyir.

Hələ ötən il Türkiyənin müdafiə naziri Yaşar Gülər demişdi ki, Ankara KVP lideri Bafel Təlabaniyə Süleymaniyədə «terrorçuluq fəaliyyətinin güclənməsi» ilə bağlı «daim xəbərdarlıq edir». «Biz onların bütün fəaliyyətini izləyir və hər şeyi bilirik. Biz daha da radikalla addımlar atmaq istəmirik» deyən nazir bildirmişdi ki, Türkiyə bu informasiyaları İraq və KDP ilə də bölüşür.

Mətbuatda belə bir məlumat yayılıb ki, Suriya demokratik qüvvələrinin başçısı,  «Məzlub Abdi» kod adı ilə tanınan Fərhad Abdi Şahin Süleymaniyəyə dəfələrlə səfər edib. Suriyanın şimalında bu təşkilatın terrorçularının nəzarətində olan ərazilərdə Bafel Təlabaninin şəkillərinin yer aldığı plakatlar asılır, «birliyə» çağırışlar edilir.

Yeri gəlmişkən, KVİ və PKK 44 günlük müharibə zamanı Ermənistan tərəfdən savaşda iştirak edib və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini hələ də qanunsuz sayırlar.

Hər bir halda, Bərzaninin Türkiyəyə səfəri PKK üçün daha bir siqnal sayıla bilər. Onlar İraqın şimalında daha yaxşı həyat yaşaya biləcəklərini anlamalıdırlar. Rəcəb Tayyib Ərdoğanın İraqa apreldə etdiyi rəsmi səfər zamanı Ankara ilə Bağdad PKK yaraqlıları ilə Operativ mübarizə mərkəzinin fəaliyyətinin detallarını da razılaşdırıb. Bundan əvvəl isə İraq hökuməti PKK-nın fəaliyyətini qadağan edib.

Beləliklə, son dövrlərdə PKK üçün meydan əhəmiyyətli dərəcədə məhdudlaşıb. Demək, xarici qüvvələrin ondan Ankaraya təzyiq vasitəsi kimi istifadə etməsi imkanları da azalıb. Türkiyədə belə xarici güclər haqda danışarkən əsasən ABŞ, İsrail və hətta İranın adı çəkilir.

Məsələ o yerə çatıb ki, Türkiyə ilin əvvəlində İrandan PKK-nı silahlandırmağa son qoyulmasını, Ankaranın kürd silahlılarına qarşı  apardığı hərbi əməliyyatlara müdaxilə olunmamasını tələb edib.

Aprelin əvvəlində isə İraqın şimalında, Süleymaniyədə Türkiyə və İranın güc strukturlarının təmsilçiləri arasında görüş keçirilib. Türkiyə qarşı tərəfdən PKK-nın silahlandırılmasına son qoyulmasını tələb edib və bu terror təşkilatı ilə mübarizədə əməkdaşlığa hazır olduğunu bildirib.

İndi Ərdoğan ümid edir ki, artıq ən yaxın zamanlarda kürd terrorçuluğu haqda keçmiş zamanda danışmaq mümkün olacaq.

 

Sövdələşməyə yer yoxdur

ABŞ-də prezident seçkisinin keçirildiyi, İranın başının İsraillə qarşıdurmaya qarışdığı, Rusiyanın isə Ukrayna ilə məşğul olduğu bir vaxtda Ankara özü üçün yaranmış əlverişli şəraitdən istifadə etməyə, kürd probleminin həllində köklü dönüşə nail olmağa çalışır. Türkiyədə son illərin seçkiləri göstərir ki, kürdlərin səsi bu və ya digər siyasi qüvvənin, namizədin qələbəsində bir çox hallarda həlledici rol oynayır. Belə bir vəziyyətdə Öcalanla razılığa gedilməsi Türkiyədəki hakim tandemə ciddi dividend qazandıra, qarşıdakı dövrdə onun mövqelərini xeyli gücləndirə bilər. Yeri gəlmişkən, növbəti seçkidə Ərdoğan hakim partiyanın rəhbərliyində estafeti, güman ki, daha gənc nəsilə verəcək.

Lakin son illəri ətraf mühitdən tam təcrid vəziyyətində həbsxanada keçirən Öcalanın PKK-ya təsir gücü proseslərə istiqamət verəcək qədər güclü deyil. Üstəlik, Türkiyənin hakim elitasının daha radikal hissəsi ölkə üçün bir nömrəli terrorçu sayılan şəxslə sövdələşməni dəstəkləməyə bilər.

Sosial Araşdırmalar İnstitutunun apardığı sorğu göstərib ki, respondentlərin təxminən dörddə üçü Öcalanın azadlığa buraxılmasına qarşıdır. «Fənərbağça» futbol klubunun Ankarada törədilmiş terror aktından sonra İstanbulda keçirilən oyunu zamanı isə azarkeşlər PKK liderinin ünvanına təhqir dolu şüarlar səsləndirib.

Əksər müşahidəçilər düşünür ki, TUSAŞ-ın Ankara yaxınlığındakı binasında bu yaxınlarda törədilmiş terror aktı Dövlət Bağçalının Öcalan haqqındakı bəyanatı ilə bağlıdır və məqsəd mümkün razılaşmanın pozulmasıdır. Maraqlıdır ki, Öcalanla razılaşmaya gedilməsini Xalq-Demokrat Partiyasının (HDP) sabiq lideri Səlahəddin Dəmirtaş da dəstəkləyir. O, 2015-ci ildən həbsdədir və məhz bu siyasi razılaşma nəticəsində azadlığa çıxa biləcəyini düşünür. Ankarada törədilmiş terror aktını pisləyən Dəmirtaş deyib: «Bizim problemin dialoqla, siyasi yolla həlli axtarışlarımızı dayandırmaq istəyənlər bilməlidirlər ki, Öcalanın siyasi dialoq təşəbbüsünü qəbul edəcəyi təqdirdə biz onu var qüvvəmizlə dəstəkləyəcəyik».

Aydındır ki, Dəmirtaş və tərəfdarları hökumətlə yeni razılaşmaya ümid edərək, burada öz maraqlarını güdürlər. Dəmirtaş nisbətən cavandır və Ərdoğandan sonrakı Türkiyədə daha ciddi rol oynaya biləcəyini düşünür. İndi razılaşmadan və onun effektivliyindən çox şey asılı olacaq. Güman ki, o, özündə HDP-nin qarşıdakı elektoral mərhələdə hökumətin irəli sürəcəyi siyasi təşəbbüsləri dəstəkləməsini də əks etdirəcək. Türkiyədə növbəti prezident seçkisi 2028-ci ildə keçirilməlidir. Vaxt sürətlə keçir və ona hazırlığa artıq start verilib.

 

Silah gücünə nizamlama

Türkiyə hökumətinin kürd probleminin həlli ilə bağlı yeni planı müəyyən çətinliklərlə qarşı-qarşıyadır. Belə ki, PKK liderləri Türkiyə rəhbərliyinin Abdullah Öcalanla dialoq təklifinə cavab olaraq şərtlər irəli sürməyə başlayıblar: həbsxanada saxlanma şəraitinin yumşaldılması və hətta tam azad olunması. Başqa sözlə, separatçılar Türkiyə rəhbərliyinin təklifini zəiflik kimi anlayıblar. Amma hökumət tələbləri əvvəldən sövdələşmə cəhdi kimi görünən bu qüvvələrə çətin ki, qulaq assın.

Baş verənlər fonunda Ərdoğan ilə Bağçalı noyabrın 14-də qapalı qapılar arxasında görüş keçiriblər. Ankaradakı prezident iqamətgahında keçirilmiş görüşlə bağlı rəsmi açıqlama verilməsə də, çoxları diqqəti onun MHP liderinin kürd probleminin həllinə dair təkliflərinin ardından baş tutduğuna çəkir.

Bir həftə sonra isə kürd əhalinin maraqlarını ifadə edən Xalqların Demokratik Partiyasının həmsədri Tuncer Bakırxan Öcalanla dialoqa başlanılması təklifinə açıq dəstək verib: «Abdullah Öcalanın problemin həllində iştirakının dəqiq çərçivəsi olarsa, buna hazır olduğu bilinərsə, biz tarixi şans qazanacağıq. Tarixə bu problemi həll etmiş şəxs kimi düşməkdən qiymətli heç nə ola bilməz», - deyə o, bildirib.

Beləliklə, Türkiyədə hökumətin özü tərəfindən dövriyyəyə buraxılmış, kürd məsələsi ilə bağlı konkret razılığa hesablanmış dialoqa başlanılmasına dair siyasi diskussiya davam edir. Onun gedişində maraqlı tərəflərin hər biri öz arqumentlərini irəli sürür, onların daha düzgün olduğunu sübuta yetirməyə çalışır.

Hökumət isə güc variantından da imtina etmir. İran və Suriyanın şimalında antiterror əməliyyatlarının davam etməli olduğunu deyən hökumət bununla qarşı tərəfi öz şərtləri daxilində razılaşmaya məcbur etmək istəyir. Ankara bununla göstərməyə çalışır ki, bu, güc ilə təmin olunmuş dialoqdur və demək, kompromisə yalnız hökumətin prosesdən qalib çıxması şərti ilə gedilə bilər.



MƏSLƏHƏT GÖR:

28