Müəllif: Namiq Q. ƏLİYEV
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışında ölkəsinin Müstəqillik Bəyannaməsini «böyük problem və faciə» adlandırıb. «Son illərdə Müstəqillik Bəyannaməmini dəfələrlə oxumuş və dəhşətli nəticəyə gəlmişəm. Bu sənədin məğzi ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bizim ən böyük problemimiz və faciəmiz budur. Məsələ nədədir? Real Ermənistan nədir və onun vətəndaşları kimlərdir? Real Ermənistanın vətəndaşı ölkədən kənarda yurd, vətən axtarmayanlardır», - deyə Paşinyan bildirib.
Paşinyan nəyi nəzərdə tutur?
Ermənistan SSR Ali Soveti 1990-cı il avqustun 23-də «Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1990-cı il tarixli «Ermsənistan SSR ilə Dağlıq Qarabağın birləşməsi haqqında» birgə qərara əsasən, 28 may 1918-ci ildə qurulmuş müstəqil Ermənistan Respublikasının demokratiya ənənələrini inkişaf etdirərək», Ermənistanın Müstəqillik Bəyannaməsini qəbul edib. Sənədi Ermənistan SSR Ali Sovetinin ovaxtkı sədri (sonradan Ermənistanın ilk prezidenti) Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin katibi Ara Saakyan imzalayıblar. Bu sənəd apriori nəinki SSRİ və Azərabycan SSR Konstitusiyaları, hətta Ermənistan SSR Konstitusiyası ilə ziddiyyət təşkil edirdi.
Başqa sözlə, müasir erməni dövlətinin müstəqilliyini, suverenliyini müəyyənləşdirən sənədin əsası lap başdan Ermənistan SSR parlamentinin de-yure mövcud olmayan separatçı, qeyri-legitim «Dağlıq Qarabağ Milli Şurası»nın qeyri-legitim qərarı ilə qoyulub. Bu da öz növbəsində, 1990-cı il 23 avqust tarixli bəyannaməni qeyri-legitim hala gətirir. Paşinyan məhz bu səbəbdən bəyan edir ki, «bu Bəyannamənin məğzinə görə, Ermənistan Respublikası mövcud ola bilməz».
Paşinyan daha da irəli gedərək sual verir: «Real Ermənistan nədir və onun vətəndaşları kimlərdir?» O, «real Ermənistan» dedikdə bugünkü sərhədlər çərçivəsində olan ölkəni nəzərdə tutur. Vətəndaş olaraq isə «kənarda yurd, vətən axtarmayanlar»ı görür. Beləliklə, baş nazir nəinki ölkəsinin sərhədlərindən kənardakı ərazilərə iddiaların olduğunu, hətta bu iddiaların Ermənistanın Müstəqillik Bəyannaməsində əks olunduğunu etiraf edir!
Yeri gəlmişkən, həmin Bəyannamədə Azərbaycana ərazi iddiaları ilə yanaşı, sənədin 11-ci maddəsində Türkiyəyə qarşı da eyni iddialar yer alır. Orada bildirilir ki, «Ermənistan Respublikası Osmanlı imperiyası və Qərbi Ermənistanda 1915-ci ildə törədilmiş erməni soyqırımının beynəlxalq birlik tərəfindən tanınması işini dəstəkləyir». Sənəddə «Qərbi Ermənistan» ifadəsinin işlənməsi Türkiyə rəsmi ərazi iddiası deməkdir. Maraqlıdır, belə bir şəraitdə ilkin şərtlər olmadan, Ermənistan Respublikasının qanunvericiliyinə dəyişikliklər edilmədən Ankara-İrəvan münasibətləri necə normallaşa bilər?
Problemin hüquqi aspekti
Paşinyan bir müddət əvvəl davamlı israr etməsə də, Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu dilə gətirmişdi. Onun fikrincə, İrəvana «ölkəni yeni geosiyasi şəraitdə daha rəqabət, daha həyat qabiliyyətli edəcək Konstitusiya lazımdır».
Müstəqillik Bəyannaməsinin 12-ci maddəsində bu sənədin SSRİ-nin dağıldığı dövrdə Ermənistan SSR-in Konstitusiyasının hazırlanması, ona əlavə və dəyişikliklərin edilməsi, dövlət orqanlarının fəaliyyəti, yeni qanunvericiliyin işlənməsi üçün əsas olduğu bildirilir.
Ermənistanın hazırkı Konstitusiyası 5 iyul 1995-ci ildə qəbul edilib. 2005-ci ildə ona müəyyən dəyişikliklər olunub, 6 dekabr 2015-ci ildə isə sənədin yeni redaksiyası qəbul edilib. Konstitusiyanın preambulasında 1990-cı ilin qeyri-legitim Müstəqillik Bəyannaməsinə sadiqlik ifadə olunur: «Erməni xalqı erməni dövlətçiliyinin fundamental prinsiplərinə və Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq, suveren dövlətin bərpası ilə bağlı azadlıqsevər əcdadlarının müqəddəs əhdinə əməl edərək, nəsillərin azadlığını, ümumi rifahı, vətəndaş harmoniyasını təmin etmək, onun ümumbəşəri dəyərlərə sadiqliyini təsdiqləmək naminə Vətənin qüdrətini və firavanlığını möhkəmləndirmək naminə Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”.
Beləliklə, bu qanunvericilik texnikasında Konstitusiyada 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsinə istinad olunur. Halbuki, Bəyannamənin absurd və qeyri-legitim olması üzündən ona heç Ermənistanın özündə belə, əməl edilməyib. Məsələn, sənədin 5-ci maddəsində deyilir ki, «Ermənistan Respublikasının Silahlı Qüvvələrindən yalnız onun Ali Sovetinin qərarı ilə istifadə oluna bilər». Lakin Ermənistanın dövlət başçısı Azərbaycana qarşı təcavüzə başlayaraq onun ərazilərini işğal etdikdə parlamentin razılığını almamışdı. Aydındır ki, təcavüzə parlament tərəfindən sanksiya veriləcəyi təqdirdə İrəvan Azərbaycan ərazisinə işğalçı qüvvələr göndərdiyini etiraf etmiş sayılacaqdı. Odur ki, Ermənistan bu işi «sakit», «ermənisayağı» görmək qərarına gəlmişdi. Amma ermənilərin bütün səylərinə baxmayaraq, onun təcavüzkar və işğalçı olduğunu bütün ciddi beynəlxalq təşkilatlar tanıyıb: BMT TŞ-də bununla bağlı 4 qətnamə, BMT Baş Assambleyasında 2008-ci il 14 mart tarixli, A/RES/62/243 nömrəli «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnamə, AŞPA-da 1416 saylı (2005) «Dağlıq Qarabağda həlli ilə ATƏT-in Minsk konfransının məşğul olduğu münaqişə haqqında» qətnamə və s. qəbul edilib.
Yenə də Ermənistanın Müstəqillik Bəyannaməsinin 6-cı maddəsində deyilir ki, «Ermənistan Respublikası beynəlxalq hüququn subyekti kimi, müstəqil xarici siyasət yürüdür, digər dövlətlərlə, SSRİ-nin milli-dövlət quruluşları ilə birbaşa münasibətlər qurur, beynəlxalq təşkilatların işində iştirak edir». Lakin Ermənistan dövlətçinin subeyktliyi, onun «müstəqil xarici siyasəti» hər kəsin dilində əzbərdir. Bu haqda danışmağa belə, dəyməz. Diqqəti yalnız ona çəkək ki, istər ermənilik, istərsə də Ermənistan Respublikası öz tarixlərinin müxtəlif dövrlərində davamlı olaraq sahiblərini dəyişib, onların maraqlarına xidmət edib: İran, Rusiya, indi isə Fransa. Üstəlik, onlar hər dəfə məqsədlərinə çatdıqda sahiblərini satmağı da unutmurlar.
Nəhayət, tam lətifə kimi maddə: elə həmin Müstəqillik Bəyannaməsinin 7-ci maddəsində Ermənistan özünü «SSRİ-nin milli sərvətinin, o cümlədən qızıl, almaz ehtiyatlarının, valyuta fondunun bir hissəsinə iddialı ölkə» elan edib. Halbuki Ermənistanın SSRİ-nin tərkibində olduğu bütün dövrlərdə onun dotasiya respublikası kimi yaşadığı hər kəsə məlumdur.
Qanunvericilikdə dəyişiklik və sülh müqaviləsi
Beləliklə, Ermənistan sözügedən Bəyannaməni ləğv etməzsə, Konstitusiyasında və digər normativ aktlarda dəyişikliklərə getməzsə, onunla imzalanacaq sülh müqaviləsi mənasız kağızdan başqa bir qey olmayacaq. O, ən azı Ermənistan üçün məna kəsb etməyəcək, çünki ölkənin əsas sənədlər iilə ziddiyyət yaradacaq. Biz erməni liderlərin imzasının heç də olduğunu, onlara inanmağın mümkünsüzlüyünü çoxdan bilirik. Bu mənada, Paşinyanın Üçtərəfli Bəyannaməni imzalamasına rəğmən, sonradan ondan asanlıqla boyun qaçırdığını da yaxşı xatırlayırıq.
Bu gün Ermənistanın Müstəqillik Bəyannaməsi və Konstitusiyası, onlara əsaslanan digər qanunvericilik aktları və beynəlxalq müqavilələri qonşu ölkələrin ərazilərinin ilhaqına hesablanıb. Demək, Ermənistanla imzalanacaq hər hansı beynəlxalq sülh müqaviləsi əvvəldən onun Konstitusiyasına, daxili qanunvericiliyinə zidd olacaq. Bu halda ölkənin Konstitusiya Məhkəməsi onu ratifikasiya etməyə, yaxud sonradan dəyişə də biləcək.
Azərbaycanın Ermənmstandan qanunvericilikdə dəyişikliyə getməsi, onu sülh müqaviləsinin imzalanmasını mümkün edəcək hala gətirməsini tələb etməsi də buradan qaynaqlanır.
Və sonda…
Ermənistan parlamentinə baş verənlər ölkə Konstitusiyasının və digər qanunverici aktlarının demokratik standartlara uyğunlaşdırılması, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət olunan vəziyyətə gətirilməsi istiqamətində ilk addımdır. 1990-cı il Bəyannaməsinin ləğvi Ermənistan Respublikası üçün ermənilərin beyninə yeridilmiş, yerli qanunvericilikdə əksini tapmış, ölkəni və xalqı tarixin dalanına dirəmiş «Böyük Ermənistan» mifindən qurtulmaq imkanı olacaq.
MƏSLƏHƏT GÖR: