Müəllif: İlqar VƏLİZADƏ
Son illər Fransa ənənəvi olaraq öz mülkiyyəti saydığı regionlarda mövqelərini sürətlə itirir. Söhbət, ilk növbədə, Qərbi Afrikadan gedir. Bu kontekstdə son məlumatlar belə qənaətə gəlməyə əsas verir ki, Parisin Qərbi Afrikada postmüstəmləkə hərbi-siyasi mövcudluğu birdəfəlik başa çatıb və o, çətin ki, bir daha geri qayıtsın.
Makronun hiylələri
Prezident Emmanuel Makron hələ bir neçə il əvvəl Qərbi Afrikanın bir sıra ölkələrində siyasi elitanın Fransanın regiondakı hərbi mövcudluğuna mənfi münasibətini hiss etdiyindən, bu mövcudluğu məhdudlaşdırmaq qərarına gəlmişdi. Lakin Qərbi və Mərkəzi Afrikada hərbi qüvvələrin məhdudlaşdırılması keçmiş müstəmləkəçinin nüfuzunu daha da azaldacaq, çünki paralel olaraq, digər oyunçular bu bölgədə rollarını artırmaqdadır.
Fransanın elçisi Makrona Parisin onilliklər ərzində hərbi mövcudluğunu davam etdirdiyi Çad, Qabon və Kot-d'İvuarda hərbçilərin sayının azaldılmasını təklif edib. Məsələnin detalları bəlli olmasa da, hökumətdəki mənbələrin mediaya sızdırdığı məlumata görə, plan bölgədəki hərbçilərin sayının 2200-dən 600-dək azaldılmasını nəzərdə tutur. Bildirilir ki, bu qərardan sonra Fransanın ən böyük hərbi kontingenti Çadda qalacaq. İndiyədək bu ölkədə 1000 Fransa hərbçisi xidmət aparırdısa, artıq onların sayı 300 olacaq.
Fransalı məmurlar üçün daha gözlənilməzi isə Parisin regionda islamçı yaraqlılarla mübarizədə əsas müttəfiqi sayılan Çad hökumətinin açıqlaması olub – bu ölkə Fransa ilə müdafiə sahəsində əməkdaşlıq paktının fəaliyyətini dayandıracağını elan edib. Ekspertlərin fikrincə, Paris üçün bu, Mərkəzi və Qərbi Afrikanın təhlükəsizliyinin təminində iştirakın sonu deməkdir.
Məlumatlı dairələr bildirir ki, Çad razılaşmanın pozulması məsələsini Parislə müzakirə etməyib və qərar məhz bu üzdən Fransanı «şoka salıb». Bu ölkədə hərbi bazasının fəaliyyətini davam etdirmək istəyən Paris bununla, həm də qonşu Sudanda siyasi proseslərin gedişinə təsir göstərmək niyyəti güdürdü. Belə bir vəziyyətdə o, yəqin ki, Ncamenanı fikrindən döndərməyə çalışacaq.
Xatırladaq ki, Emmanuel Makron bu ilin aprelində Parisdə Sudanda vətəndaş müharibəsinə səbəb olmuş daxili siyasi böhranın tənzimlənməsi ilə bağlı konfrans çağırmışdı, lakin onun səyləri nəticə verməmişdi. Belə ki, Sudanda savaş aparan tərəflər – hökumət və ona qarşı döyüşən çevik reaksiya qüvvələri konfransa qatılmamışdı.
Sülhməramlı maskası
Bu, Makronun uzaq Afrika ölkəsində «sülh axtarışı»na mane olmamış, amma onun həddindən artıq zəhlətökən səyləri qonşu Çadda birmənalı qarşılanmamışdı. Parisdə bu ilin oktyabrında keçiriən Frankfoniya sammitinin gedişində prezident Makronla və Çad lideri Mahamat İdriss Debi İtno arasında mübahisə belə, yaşanıb. «Jeune Afrique» nəşri yazır ki, dövlət başçıları arasında diskussiya «kifayət qədər gərgin» keçib. Məsələn, Makron BƏƏ-nin Çad vasitəsilə Sudanın Çevik reaksiya qüvvələrinə silah tədarük etdiyini deyib, həmkarını Sudanla bağlı neytrallıq nümayişinə çağırıb, Çadın dövlət başçısı isə bu iddiaları mənfi qarşılayıb.
Maraqlıdır ki, bir vaxtlar Makron Çadda hakimiyyəti 30 il rəhbər olmuş atasından almış Debi İtnonu dəstəkləyirdi. Xatırladaq ki, ata İtno 2021-ci ildə dövlət çevrilişinə cəhd zamanı qətlə yetirilib.
Çad Xarici İşlər Nazirliyinin noyabrın 27-də, Fransanın XİN başçısının çadlı həmkarı ilə birlikdə Sudanla sərhədə baş çəkməsindən cəmi bir neçə saat sonra yaydığı bəyanatda bildirilir ki, Ncamena Parisdən 60 ildən artıqdır davam edən müstəqilliyinin ardından suverenliyini tam təsdiqləməyə çalışır.
Maraqlıdır ki, məhz Çad hökumətinin israrı nəticəsində bu il ölkəni Amerika xüsusi təyinatlılarından ibarət kiçik kontingent artıq tərk edib.
Parisə daha bir zərbə isə Seneqal Prezidenti Bassiru Diomaye Fayanın bəyanatı olub. O, dövlət televiziyası ilə çıxışında bildirib ki, onun ölkəsində Fransa qoşunlarına yer yoxdur. Hazırda Seneqalda 350 Fransa əsgəri var.
Xatırladaq ki, Paris artıq Mali, Burkina-Faso və Nigerdən qoşunlarını çıxarıb. Bu, həmin ölkələrdə həyata keçirilmiş dövlət çevrilişlərindən sonra baş verib və Fransanın xarici siyasi imicinə ciddi zərbə olub.
Mənbənin sözlərinə görə, indi Fransanın regionda qalmış hərbçiləri təlim, kəşfiyyat məlumatlarının mübadiləsi ilə məşğul olacaq, ölkələrin ehtiyaclarına uyğun xahişlərini yerinə yetirəcək.
Beləlikdə, Fransa və ABŞ qoşunlarının Afrikadan çıxarılması bu qitədə Rusiya, Çin, Türkiyə, BƏƏ kimi ölkələrin artan nüfuzunun göstəricisidir.
Gecikmiş etiraf
Regionda nüfuzunu kəskin şəkildə itirmiş Fransa Prezidenti Seneqal hökumətinə noyabrın sonlarında ünvanladığı məktubda gecikmiş etiraf etməyi lazım bilib. O, ilk dəfədir ki, 1944-cü ildə Qərbi Afrika əsgərlərinin Fransa qoşunları tərəfindən öldürülməsini qətliam adlandırıb.
Xatırladaq ki, 1940-cı ildə Fransa tərəfdən vuruşmuş 400-dək Qərbi Afrika əsgəri 1944-cü il dekabrın 1-də əməkhaqlarının ödənilməməsi səbəbilə qiyam etdikləri üçün qətlə yetiriliblər.
Lakin Makronun bu etirafı Qərbi Afrikadakı trendlərə və Fransanın hərbi mövcudluğuna münasibəti dəyişməyib.
Bölgədə Parisin nüfuzunun azalması səbəbilə bağlı daha bir versiya var. Məsələ ondadır ki, Makron son illər ölkəsinin hərbi və geosiyasi prioritetləri sırasına Hind-Sakit okean regionunu da daxil edib və nəticədə, Paris diqqət və resursunun böyük bir hissəsini həmin istiqamətə yönəldib. Ümumiyyətlə isə E.Makron prezidentliyinin ilk dövrlərindən Afrikadakı keçmiş müstəmləkələri ilə münasibətləri dəyişməyə çalışıb. Onun hərbi kontingentin tədricən azaldılması planının əsası «Barhan» proqramı ilə qoyulub. Amma Makron administrasiyasının bu istiqamətdəki siyasəti çox yöndəmsiz olub və münasibətlərdə yumşaq transformasiya alınmayıb.
Bu yumşaq keçidin təzahürlərindən biri tarixi məlumatlarla işlənilməsi, həmçinin Parisin 1994-cü ildə Ruandada törədilmiş soyqırımdakı rolunun, siyasi məsuliyyətinin etirafı olub. Xatırladaq ki, həmin hadisələr zamanı 800 min insanın həyatına son qoyulub. Bununla yanaşı, Makron keçmişdəki səhvlərin etiraf olunmasının vacibliyini anlasa da, hələ də israrla bildirir ki, Fransa bu cinayətdə iştirak etməyib. Bu yanaşma isə yerli siyasi elitalarda yalnız qıcıq yaradır və onlar Parisi riyakarlıqda günahlandırır.
Fransa Prezidenti müstəmləkə dövründə talan edilmiş artefakt və sənət əsərlərinin Benin və Kot-d'İvuara qaytarılması təşəbbüsü ilə də çıxış edib. O, bunu eyni addımı Nigerə qarmış atmış Almaniyadan nümunə götürərək edib. Lakin Makronun bu addımı nə Benin, nə də Kot-d'İvuarda kifayət sayırlar.
Makronun göstərişi ilə 2018-ci ildə hazırlanmış məruzədə bildirilir ki, Afrika incəsənətinə aid əşyaların 90%-ə qədəri qitədən kənardadır. Məsələn, bu gün onlar Luvr və Afrika İncəsənəti Muzeyinin (Branli bulvarındakı muzey) kolleksiyasının əsasını təşkil edir.
Yaxın hədəflər uzaq hədəflərdən vacib olduqda
Parisin keçmiş müstəmləkələrində uzun illərdir davam edən hərbi mövcudluğu onlar üçün təhlükəsizlik zəmanətini təmin edə bilməyib. Bu, öz ölkələrində hakimiyyət uğrunda bir-birlərilə mübarizə aparan ayrı-ayrı qiyamçı qruplaşmaların fəallığını da əngəlləməyib. Bununla yanaşı, yoxsulluq, qaçqınlar problemi, korrupsiya, etnik gərginliklər və davam edən münaqişələr nəticəsində verilən minlərlə qurban yerli əhalinin narazılığını getdikcə artırıb və onlarda qeyri-sabitliyə məhz Fransanın səbəb olduğu fikrini formalaşdırıb.
Bir çox ölkələr üçün Fransanın nüfuzu yalnız təhlükəsizliklə bağlı deyil, pul-kredit siyasəti və digər sahələrdə də həlledici olub. CFA frankı valyuta sistemi üzündən 14 Afrika ölkəsi, o cümlədən Seneqal və Çad Fransadan və müvafiq olaraq, avrozonadan asılı vəziyyətdədir. Frank zonası formatına müstəmləkəçilik dövründən qalmış köhnəlmiş struktur kimi baxılır və hesab edilir ki, o, Afrika ölkələrinin maliyyə müstəqilliyini məhdudlaşdırır. Bu səbəbdən, bir çoxları sistemə yenidən baxılmasına və ya ümumiyyətlə, ondan imtina olunmasına çağırışlar edir.
Bu bölgədə anti-Fransa əhvalı adlandırılan əhval əslində, suverenliyə, müqəddəratın həllinə çağırışdır. Xalqlar istəyirlər ki, onların ölkələri öz problemlərini özləri həll etsinlər.
Görünən odur ki, Fransanı Sahelin sürətlə dəyişən siyasi landşaftından öz şəxsi problemləri də uzaq salıb. Ukrayna müharibəsi orada qatı sağçıların populyarlığını xeyli artırıb, üstəlik, hazırda ölkə hökumət böhranı da yaşayır. Fransada daxili siyasi vəziyyətin qeyri-sabit olması xarici siyasi cəbhədəki məğlubiyyətlərin effektini daha da gücləndirib.
Fransanın son onillikdə xaricdə həyata keçirdiyi ən miqyaslı hərbi əməliyyat olan «Barhan»ın iflası isə Afrika ölkələrini Parisdən daha da uzaqlaşdırıb. Milyardlarla avro qiyməti olan və 53 fransalı əsgərin həyatı bahasına başa gəlmiş missiya hədəfinə çata, yəni Qərbi Saheldə təhlükəsizliyi təmin edə bilməyib. Nəticədə əməliyyatlar 2022-ci ildə dayandırılıb. Bundan başqa, Fransanın diplomatik institutlarındakı dəyişikliklər iddialarla reallıq arasında uçurumu daha da dərinləşdirib. Əvvəllər Parisin xarici siyasəti regionun xüsusiyyətlərini dərindən bilən, ölkəsinin uzunmüddətli maraqlarını anlayan təcrübəli, karyeralı diplomatlar tərəfindən hazırlanırdısa, indi o, daha çox Yelisey sarayının məsləhətçilərinin əlindədir. Onlar isə Makronun istəyinə uyğun seçilirlər. Fransalı ekspertlər etiraf edirlər ki, onların dünyagörüşü diplomatik ənənələrdən çox, neoliberal ideoloji doktrinalara uyğundur. Belə bir vəziyyətdə onların qərarları çox zaman xarici siyasətdə strateji, uzunmüddətli hədəflərə yox, daxili siyasi vəziyyətə əsaslanır.
Necə deyərlər, tanış mənzərədir.
MƏSLƏHƏT GÖR: