18 Yanvar 2025

Şənbə, 11:39

TƏXMİNEDİLMƏZ DONALD

2025-ci ilin 20 yanvarı ABŞ və dünyaya nə gətirəcək?

Müəllif:

15.12.2024

ABŞ-nin yeni seçilmiş prezidenti Donal Tramp yanvarda təşkil olunacaq inauqurasiya mərasimindən sonra Ağ Evdəki Oval kabinetdə öz yerini tutacaq. Növbəti müddətə dövlət başçısı seçilmək üçün yarışa girərkən o, bir sıra səs-küylü vədlər verib və bu üzdən indi bir çoxu ciddi gözlənti içərisində göləməkdədir. Görəsən, Trampın vədləri sadəcə ritorika idi, yoxsa real plan?

 

İmkanlar pəncərəsi

Birləşmiş Ştatlar hələ də dünyanın istər hərbi, istər maliyyə baxımından ən güclü dövlətidir və odur ki, bu məsələlər hər kəsi narahat edir. Üstəlik, bu gün Avropadan Asiyayadək bir çox ölkədə hökumətlər böhran yaşayır. Belə fikirlər var ki, səbəb ABŞ-də baş verəcək hakimiyyət dəyişikliyi zamanı maraqların irləi sürülməsi üçün açılacaq «imkanlar pəncərəsi»dir.

Digər yandan bu iddia tam doğru deyil, çünki Tramp noyabrdan başlayaraq, faktiki olaraq ölkəsini idarə edir, özünü artıq Ağ Evdəki kimi aparır. İddia etmək olar ki, onun artıq dövlət başçısı kimi ilk xarici səfəri dekabrda baş tutub. Tramp dekabrın 7-də beş il əvvəl yanğının baş verdiyi Paris Notr-Dam kilsəsinin bərpasından sonra açılışında iştirak edib. Onu mərasimdə Britaniyanın vəliəhd şahzadəsi Uilyams, Gürcüstan, Ukrayna və İtaliyanın dövlət başçıları Salome Zurabişvili, Volodimir Zelenski və Sercio Mattarella, həmçinin bir sıra digər qərbli siyasətçilər müşayiət ediblər. Aydındır ki, bu tədbir çərçivəsində iştirakçılar heç də yalnız qədim kilsənin gözəlliyini müzakirə etməklə kifayətlənməyiblər.

Tramp vədlərini həyata keçirmək, hədəflərinə çatmaq üçün artıq «sadiq trampçılar»dan ibarət komandasını formalaşdırıb. Hər halda, indi onun komandası belə adlanır. Üstəlik, komandada yer alan şəxslərin bəziləri prezidentin özü kimi, ziddiyyətli xarakterə malik şəxslərdir. Məsələn, götürək Floridadan olan senator Marko Rubionu. Dövlət katibi vəzifəsini tutmalı olan Rubio xarici siyasətdə «qırğı», Çinin qatı əleyhdarı sayılır. O, Rusiyaya sanksiyaların tətbiqinə və Ukraynaya yardımın göstərilməsinə səs vermiş siyasətçilərdəndir. Bununla yanaşı, Rubio vaxtilə Trampın özünü də kifayət qədər sərt tənqid etsə də, sonradan baxışlarını dəyişib.

Milli Kəşfiyyatın rəhbəri postuna Tramp Talsi Qabbardı namizəd göstərib. ABŞ ordusunun ehtiyatda olan zabiti… Moskvaya simpatiyası ilə tanınır (hər halda o, Rusiyanın Ukraynanın NATO üzvü olma perspektivindən narahatlığının «legitim» sayılmasına açıq çağırış edib). Qabbard ABŞ-nin Ukraynada 25-30 bioloji laboratoriya qurduğuna dair açıqlaması ilə də məşhurdur.

Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçi vəzifəsində konqressmen Mayk Uoltsu görür. Uolts da «qırğı» hesab olunanlardandır. Pentaqona isə güman ki, Floridanın qubernatoru Ron DeSantis başçılıq edəcək. Bu, xarici siyasətdə gücdən istifadə tərəfdarı olanların mövqeyinin bir qədər də möhkəmlənəcəyi deməkdir.

Dünyanın ən zəngin insanlarından olan iş adamı İlon Mask Trampın dövründə hökumətin effektivlik departamentinə rəhbərlik etməlidir. Federal Təhqiqatlar Bürosunun rəhbəri isə Keş Patel olmalıdır. Trampa ən sadiq siyasətçi, «Öncə Amerika» uğrunda əsas savaşçılardan biri kimi tanınan Patel hindistanlı immiqrantların ailəsində doğulub.

Mərkəzi Kəşfiyyat İdarəsinin başına Con Li Retkliffin namizədliyi irəli sürülüb. O, Trampın ilk prezidentliyi dövründə Milli Kəşfiyyat İdarəsinin rəhbəri olub. Səhiyyə naziri isə oğul Robert Kennedi olacaq. Nyu-Yorkun sabiq senatoru Robert Kennedinin oğlu, eks-prezident, ötən əsrin 60-cı illərində qətlə yetirilmiş Con Kennedinin qardaşı oğlu olan, qatı «antipeyvəndçi» kimi tanınan Robert hüquqşünas-ekoloqdur.

 

Əsas məsələ və vəd

Dünyanın, xüsusilə Avropanın siyasi elitası üçün ən önəmli məsələ Ukrayna münaqişəsidir: Trampın gəlişindən sonra müharibənin başa çatması şansı varmı? Hər halda, o, bu müharibəni inauqurasiya mərasiminədək, hətta bir sutka ərzində dayandırmaq iqtidarında olduğunu bildirib. İndi Moskva ilə Kiyev arasında mümkün danışıqlar haqda fikirlərin daha çox səsləndirilməsi bu mənada, təəccüblü deyil. Bu fikri birincisi, Taker Karlsonun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə müsahibəsi (əslində isə Karlsonun Putinə gətirdiyi bəzi mesajlar), ikincisi, Trampın Ukrayna üzrə xüsusi nümayəndə təyin etdiyi Kit Kelloqun planının fəal müzakirəsi daha da gücləndirir. Üçüncüsü də var. Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olacaq Maykl Uolts Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko ilə görüşüb, Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermark isə ABŞ-yə səfər edib.

Əksər müşahidəçinin fikrincə, Donald Trampın Ağ Evə qayıdışı Ukraynanın NATO üzvü olması ehtimalını azaldıb. Əvəzində, indi Ukraynaya Aİ (NATO) sülhməramlılarının göndərilə biləcəyi haqda daha çox danışılır. Ağ Evin yeni administrasiyasının Kiyevdə hakimiyyət dəyişikliyinə çalışacağı ehtimalı da səsləndirilir. Bütün bunların fonunda Trampla Zelenskinin Parisdə nələri müzakirə etdikləri məlum deyil. Onların danışıqları yarım saatdan artıq davam edib və görüşdə Emmanuel Makron da iştirak edib. Sonradan Tramp «Truth Social» sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalanmasını istərdi. O, tərəfləri atəşi dərhal dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. Tramp hesab edir ki, əks halda Ukrayna böhranı «daha böyük və daha pis bir şeyə çevrilə bilər».

Parisdəki «kilsə danışıqları» Fransanın özündə ciddi hökumət böhranı və iqtisadi problemlər fonunda keçib. Təxminən eyni sözləri Almaniya haqqında da demək olar. Hər iki ölkədə meynstrimovskix siyasi partiyaların iflasına maliyyə böhranı səbəb olub. Parislə Berlinin Aİ-də oynadıqları vacib rolu nəzərə alsaq, Ağ Evin yeni administrasiyasının dəstəyi onlar üçün çox önəmlidir. Amma unutmaq olmaz ki, Donald Tramp hər zaman, ilk növbədə, öz xeyrini güdür. Bunu Vaşinqtonun Avropa paytaxtları ilə onun ilk prezidentliyi dövründəki münasibətləri də təsdiqləyir. ABŞ-nin Aİ ilə ticarət balansında defisitin 300 milyard dollardan artıq Trampı qıcıqlandırır. Köhnə-yeni prezident bununla əlaqədar olaraq, Aİ-ni «balaca Çin» belə, adlandırıb, ona qarşı 10-20%-lik rüsum tətbiqinin mümkünlüyünü bildirib.

Bununla yanaşı, nəzərə alınmalıdır ki, Tramp nə qədər xarakter göstərsə də, onun ölkəsi də Aİ-dən heç də az asılı deyil. Birləşmiş Ştatlarla Avropa İttifaqı arasında ticarət dövriyyəsi ümumilikdə beynəlxalq ticarətin təxminən 30, dünya ÜDM-nin isə 43%-ni təşkil edir. 450 milyonluq əhalini özündə birləşdirən Aİ dünyanın ən qüdrətli iqtisadiyyatlarından biridir.

 

Müdafiə də öz yerində

Vaşinqtonla onun avropalı tərəfdaşları NATO ilə bağlı fikir ayrılıqlarını da həll etməlidirlər. Məlum olduğu kimi, Tramp müttəfiqlərini Alyansın müdafiəsinə lazımi töhfəni vermədikləri üçün dəfələrlə tənqid edib. Daha sonra Ukrayna müharibəsi də başlayıb və artıq «köhnə» və «yeni» dünyada heç kim NATO-nun köhnəldiyini, «ölmüş beyin» olduğunu iddia etməyəcək. Bununla yanaşı, D.Tramp bu yaxınlarda bir daha deyib ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun Alyansda qalması üçün əsas şərt olacaq. Aydındır ki, o, bu məsələdə sonadək getməyəcək, lakin Aİ, yəqin ki, bundan sonra NATO-nun (ABŞ) «çətirindən kənar» müdafiə üçün ciddi səylər göstərməli olacaq. Artıq Avropada müdafiə sahəsində ümumi layihələrin maliyyələşdirilməsi, silahların alınması üçün 500 milyard dollarlıq birgə müdafiə fondunun yaradılması imkanları müzakirə edilir. Aİ birliyin müdafiə qabiliyyətinin güclənməsilə əlaqəli yeni yeddiillik büdcəyə əhəmiyyəli vəsait yatırmağı düşünür.

Bundan başqa, güman ki, Trampın yenidən prezident seçilməsi Aİ-ni Böyük Britaniya ilə müxtəlif sahələrdə, o cümlədən birgə müdafiə məsələsində daha sıx əməkdaşlığa sövq edəcək. Kir Starmerin leyborist hökuməti ilə Amerika respublikaçıları arasında münasibətlər o qədər də isti deyil. Bəlkə də, münasibətlərin qurulmasında sınaq şarı kimi Trampın şəxsi simpatiya duyduğu şahzadə Uilyamsı bu məqsədlə qabağa veriblər.

Avropalı tərəfdaşlarla münasibətlər fonunda Vaşinqtonun öz qitəsindəki yaxın müttəfiqləri ilə münasibətləri necə inkişaf etdirəcəyi də maraqlıdır. Belə ki, o, inauqurasiyasına bir neçə gün qalmış Kanadaya əməlli-başlı «söz atıb». Tramp onu yarızarafat-yarıgerçək ABŞ-nin ştatı olmağa çağırıb. Kanadanın baş naziri Castin Tryudonu qeyri-leqal miqrasiya və narkotik qaçaqmalçılığı probleminin öhdəsindən gələ bilməməkdə günahlandıran Tramp ticarət balansındakı 100 milyardlıq defisiti də xatırladıb. Bəzi analitiklər düşünürlər ki, Trampın «Amerikanın yeni ştatı» haqda zarafatı, əslində, heç də zarafat deyil…

 

Yaxın Şərq, Çin, İran və digərləri

ABŞ və bütün dünya üçün daha bir ağrılı nöqtə əsas hadisələrin bu yaxınlarda Qəzza və Livandan Suriyaya keçdiyi Yaxın Şərqdir. Bəşər Əsəd rejiminin devrilməsindən sonra burada hadisələrin necə inkişaf edəcəyini söyləmək hələ ki, çətindir. Ən mümkün ssenari Suriyanın bir neçə yerə və ya məsuliyyət zonalarına parçalanmasıdır. Bu isə onun qonşuları, həmçinin Trampın hər zaman birmənalı şəkildə dəstəklədiyi İsrail üçün risklər yaradır.

ABŞ-nin bir sıra məsələlərdə fikir ayrılıqlarının olduğu Türkiyə ilə münasibətlərinin necə inkişaf edəcəyi də bilinmir. İndi Ankaranın artan regional roluna Vaşinqtonun real olaraq necə yanaşdığı da bəlli deyil. Və nəhayət, Trampın istər İsrailin HƏMAS və «Hizbullah»a qarşı apardığı əməliyyatlar, istərsə də Suriyada yaşananlar nəticəsində regiona təsirini onsuz da əhəmiyyətli dərəcədə itirmiş İrana təzyiqləri artıracağına şübhə yoxdur.

Amma Vaşinqton üçün ən böyük problem əvvəlkitək, Çindir. ABŞ Hind-Sakit okean regionunda özünə əsas rəqib kimi, məhz Pekini görür – istər iqtisadi, istərsə də geosiyasi baxımdan. ÇXR öz fəallığı ilə amerikalıları hər sahədə və praktik olaraq, dünyanın hər yanında narahat edir. Cənubi Amerikada, Afrikada, Asiyada, postsovet məkanında Çin iqtisadi mövcudluğunu planlı şəkildə artırır və indi bunu BRICS və ŞƏT kimi təşkilatlarda iştirakı ilə də göstərir.

Yeri gəlmişkən, Tramp bildirib ki, BRICS ölkələri yeni valyuta yaradarlarsa, üzv ölkələr 100%-lik rüsum tətbiq olunacaq. Bunun Birləşmiş Ştatların özünə necə təsir göstərəcəyini isə o, açıqlamayıb. Məlumdur ki, ticarət müharibəsində (Tramp Çin məhsullarına da yüksək rüsumların tətbiq ediləcəyini deyir) qalib olmayacaq və iş adamı olan siyasətçi bunu anlamaya bilməz.

Beləliklə, Donald Trampın rəsmən prezidentliyə başlayacağı 20 yanvar 2025-ci il tarixi ABŞ-yə və dünyaya nə gətirəcək? Bu suala birmənalı cavab vermək çətindir. İndi beynəlxalq geosiyasətdə burulğanın olduğu zonalar və qeyri-müəyyənliklər həddindən artıq çoxdur. Bir şey aydındır ki, Tramp istənilən vasitə ilə öz ölkəsinin maraqlarını müdafiə etməkdə qərarlıdır. O, bu yolda lazım gəldikdə düşmənlərilə razılaşmağa, lazım gəldikdə isə dostlarına belə, hər hansı güzəştə getməməyə hazırdır. Bəs dostlar və düşmənlərin bütün bunlara reaksiyası necə olacaq? Maraqların bu formada qorunması ABŞ-nin özünə zərər vurmayacaq ki? Qarşıdakı aylarda biz hansısa yeni prinsipial yanaşma və qərar görəcəyikmi? Yenə də Trampın və onun komandasının bəzi üzvlərinin təxminedilməzliyi onların, ilk növbədə, diqqəti nəyə yönəldəcəyini proqnozlaşdırmağa imkan vermir. Bu isə geosiyasi baxımdan onsuz da parçalanmış dünyada gərginliyi daha da artırır. Yanvarı gözləyək.



MƏSLƏHƏT GÖR:

26