Müəllif: Samir VƏLİYEV
Cənubi Koreya parlamenti bir neçə günlük səylərdən sonra, sonda Prezident Yun Sok Yola impiçment elan edib. İndi yekun qərarı Konstitusiya Məhkəməsi verməlidir: ya Yol yola salınacaq, ya da səlahiyyətlərinin icrasını davam etdirəcək. Amma işə baxılması nə az, nə çox – düz 6 ay sürə bilər.
Cənubi Koreyadan dekabrın ilk günlərindən gələn xəbərlər sanki bu ölkədə 45 il əvvəl yaşananları xatırladırdı. O zaman Cənubi Koreyada hakimiyyət dövlət çevrilişi nəticəsində dəyişmişdi. Amma bu ölkədə bir-birini əvəzləyən hərbi diktaturaların dövrü 35 il əvvəl başa çatıb və bu gün tarixin təkrarlana biləcəyinə çox az adam inanardı. Buna baxmayaraq, dekabrın əvvəllərində baş verənlər Cənubi Koreya vətəndaşlarının hərbi çevrilişlər dövrünün geridə qaldığına inamını sarsıdıb.
Uğursuz cəhd?
Hər şey dekabrın 3-ü axşam Cənubi Koreya Prezidenti Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etməsi ilə başlayıb. O, bu qərarı hakimiyyətdən uzaqlaşdırılmasına edilən cəhdlər fonunda verib. Seul küçələrində dərhal hərbi texnika çıxıb, havada hərbi vertolyotlar patrul xidməti aparmağa başlayıb. Cəmi bir neçə saat sonra ölkənin vətəndaş müharibəsinin astanasına çatdığı məlum olduğu an Yol özü hərbi vəziyyəti ləğv edib. Ardınca televiziya ilə xalqa müraciət edən dövlət başçısı bildirib ki, onun bu qərarı verməsinə səbəb Şimali Koreya tərəfdarlarının administrasiyanın işini «iflic etməsi» olub. Xatırladaq ki, bir vaxtlar onun poqonlu sələfləri analoji addımı atmışdılar və bu gediş hər kəsi şoka salmış, vəziyyətin bu ssenari üzrə inkişaf edə biləcəyini gözləməyən milyonlarla vətəndaşda qorxu yaratmışdı.
Yun Sok Yol ortaya hər hansı sübut qoymadan, Şimali Koreyaya simpatiya bəsləyən «antidövlət gücləri»ni Cənubi Koreyada demokratiyanı «daxili qiyam vasitəsilə» boğmaq cəhdində günahlandırırdı.
«Əsas liberal demkoratiya meydanı olmalı olan parlament əksinə, demokratiyanı boğmağa çalışan bədheybətə çevrilib», - deyə prezident qeyd edib.
Hərbi vəziyyətin elan olunması isə ölkədə istənilən siyasi fəaliyyət, tətil, hətta «saxta xəbər» yayılması qadağan olunmuş, media tam nəzarətə götürülmüşdü. Hərbi vəziyyətə komandanlıq ordu generalı Pak An-Suya tapşırılmışdı.
Prezidentin elan etdiyi hərbi vəziyyət cəmi 6 saat sürsə də, bu hadisə Asiyanın aparıcı iqtisadiyyatı və ABŞ-nin bölgədəki əsas müttəfiqi olan Cənubi Koreyada siyasi böhran yaradıb və indi bu böhranın nə qədər sürəcəyini dəqiq söyləmək çətindir.
Cənubi Koreya siyasətinin «qara at»ı
Cənubi Koreyanın hazırkı lideri 2022-ci ildə keçirilmiş prezident seçkisində rəqibinə cəmi 1% səslə üstün gəlmişdi. Bu, ölkədə keçirilmiş bütün prezident seçkilərində qeydə alınmış ən minimal fərqdir. Mühafizəkar Xalq Hakimiyyəti Partiyasının namizədi olan Yun Sok Yol bu vaxtadək heç zaman nə parlament, nə də hökumətdə yer alıb. O, kiçik biznesin, hərbçilərin dəstəkçisi kimi tanınıb, hər zaman demokratiyanın inkişafını, Yaponiya və ABŞ ilə daha sıx əlaqələri dəstəkləyib.
«Mən liberal demokratiyanı, qanunun aliliyini və ədaləti bərpa edəcəyəm», - deyə Yol 2021-ci ilin iyulunda prezidentliyə namizədliyi irəli sürülən zaman bildirmişdi.
Lakin səlahiyyətlərinin icrasına başlamasından sonra Yolun şəxsi həyatı ilə bağlı qalmaqallar, iqtisadiyyatdakı böhran və digər ziddiyyətlər onun reytinqinin davamlı azalmasına səbəb olub. Əgər Yol dövlət başçısı seçilərkən reytinqi 50%-dən artıq idisə, bu ilin noyabrında təxminən 20%-ə düşüb. Prezidentin fəaliyyətindən onsuz da getdikcə artan ictimai narazılıq onun xanımı Kim Kon Xinin koreyalı-amerikalı pastordan qiyməti təxminən 3 milyon von (təxminən 2 min dollar) olan dəbdəbəli «Dior» çantasını qəbul etməsilə ciddi şəkildə artıb. Gizli çəkiliş nəticəsində üzə çıxmış bu hadisə nəinki ictimaiyyətin narazılığına səbəb olub, həm də hakimiyyətin yuxarı eşalonlarında korrupsiyanın mövcudluğuna dair diskussiyalara yol açıb. Pastor özü iddia edib ki, o, yuxarılarda mövcud olan qeyri-şəffaf sxemin ifşası məqsədilə solçu düşərgəyə aid «Seulun səsi» «YouTube» platforması ilə əməkdaşlıq edir. Bu açıqlama vəziyyəti daha da qarışdırıb.
Prezident vəziyyəti üzr istəmək, yayılmış videonun onun ailəsinə qarşı siyasi motivli kampaniyanın tərkib hissəsi olduğunu bəyan etməklə düzəltməyə çalışsa da, istəyinə nail ola bilməyib. Nəticədə, hələ hərbi vəziyyətin elan olunmasınadək yüz minlərlə vətəndaş dövlət başçısının istefası tələbilə petisiya imzalayıb.
Eyni zamanda parlamentdə çoxluğa malik olan müxalifətçi Demokratlar Partiyası Yun Sok Yolun bütün təşəbbüslərinə «yox» deməyə başlayıb. Bu, prezidentin təklif etdiyi büdcə layihəsinə də aiddir. Bununla da Yolun dövləti effektiv idarə etmək imkanı məhdudlaşıb.
Prezidentin ölkədə hərbi vəziyyəti yaratmaq cəhdinin uğursuzluğa düçar olmasından sonra altı müxalifət partiyası ona impiçmentin elan olunması üçün ərizə yazıb. Parlamentin dövlət başçısına impiçment elan etməsi üçün deputatların üçdə ikisinin səsi tələb olunur. Lakin dekabrın 7-də keçirilmiş ilk səsvermədə müxalifət istəyinə çata bilməyib. Səbəb hakim partiya təmsilçilərinin səsverməyə qatılmaması olub. Lakin müxalifət niyyətindən geri çəkilməyəcəyini bəyan edib.
Dekabrın 14-də impiçmentlə bağlı ikinci cəhd olub və bu dəfə qərar qəbul edilib. İndi dövlət başçısının taleyi Konstitusiya Məhkəməsində çözüləcək.
Dönməz proses
Güman olunur ki, Cənubi Koreya Prezidentinin istefaya gedəcəyi və ya vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə onun səlahiyyətlərini baş nazir Xan Dok-Su öz üzərinə götürəcək.
Hərbi vəziyyətin elan edilməsi və ondan sonra yaşananlar göstərir ki, bundan sonra istər dövlət başçısının özünə, istərsə də yaxın ətrafına qarşı xəyanət ittihamı ilə səs-küylü məhkəmə proseslərinin başlayacağı istisna deyil. Potensial cinayət ittihamları isə ən sərt cəzaların verilməsi ilə nəticələnə bilər. Prezident və onun komandasının əməllərində xəyanətin olduğu sübuta yetirilərsə, yerli qanunvericiliyə görə onun cəzası edamdır. Doğrudur, 1997-ci ildən bu yana Cənubi Koreyada bu cəza növü tətbiq olunmayıb, amma hüquqi baxımdan o, hələ də yerindədir.
Hərbi vəziyyətin ləğv edilməsindən dərhal sonra ölkənin müdafiə naziri Kim Yon Xyon istefa verib. Yerli medianın məlumatına görə, ölkədə hərbi vəziyyətin elan olunması təklifini prezidentə məhz o veribmiş. Xyon sonradan günahını etiraf edib, baş verənlərə görə məsuliyyəti üzərinə götürərək, vətəndaşlardan üzr istəyib. Bir neçə gün sonra isə artıq sabiq nazir dövlət çerilişinə cəhd ittihamı ilə saxlanılıb.
Ölkədə hərbi vəziyyətin elan edilməsilə bağlı uğursuz cəhddən sonra cəmiyyətdə prezidentə olan mənfi münasibət onun ümumiyyətlə qəbul edilməməsi mərhələsinə keçib.
Bundan başqa, ölkənin müasir tarixində prezidentin dövlətə xəyanət, qiyama cəhd və hakimiyyətdən sui-istifadədə şübhəli bilinərək istintaqa cəlb olunması halı baş verməmişdi. Yun Sok Yolla bağlı isə istintaq məhz bu maddələrlə aparılır. Üstəlik, onun ölkədən çıxması da qadağanq edilib – müvafiq qərar Ədliyyə Nazirliyi tərəfindən qəbul olunub. Maraqlıdır ki, Yol özü xalqa müraciətində faktiki olaraq, könüllü istefa verməkdən imtina edib, impiçment və istintaq prosesini keçməyə hazır olduğunu bildirib.
Daxili siyasi böhran xarici siyasət fonunda
Cənubi Koreyada daxili siyasi böhran xarici siyasi ziddiyyətlərin dərinləşməsi ilə üst-üstə düşüb. İndi Seuldakı qeyri-sabitlik Şimali Koreya lideri Kim Çen Inın işinə daha çox yaraya bilər. Çünki bu, onun əbədi düşməninin diqqəti daxili problemlərin həllinə yönəlib.
Cəmi bir neçə həftə əvvəl Şimali Koreya hərbçilərinin Ukrayna müharibəsinə qatılması xəbəri fonunda bütün dünya Seulla Pxenyan arasındakı qiyabi söz duelini seyr edirdi. Tərəflər bir-birini Koreya yarımadasında gərginliyin eskalasiyasında günahlandırırdı. İndi bunu xatırlayan belə, yoxdur.
Pxenyan-Moskva əməkdaşlığının Cənubi Koreyanın Qərbdəki müttəfiqlərində ciddi narahatlıq yaradırsa, bu ölkədə daxili siyasi böhranın dərinləşməsi ABŞ və müttəfiqlərinin Uzaq Şərqdə yalnız Rusiya ilə yox, həm də Çinlə münasibətlərdə kollektiv fəaliyyətin effektivliyini azalda bilər. Yəni belə halda Cənubi Koreya Hind-Sakit okeanı regionunda Çinin artan nüfuzu qarşısında sipər yaratmağa çalışan qərbli strateqlər üçün «zəif bənd» və ya başağrısına çevrilir.
Cənubi Koreyanın Qərbdən olan bir çox tərəfdaşı Uzaq Şərqdəki bu müttəfiqin fəaliyyətini pisləyib. Onun ölkədən çıxa bilmədiyi indiki halda isə ali səviyyədə əlaqələr ümumiyyətlə, kəsilə bilər ki, bunun da Seulun xarici siyasi mövqelərinə mənfi təsiri qaçılmazdır. Məsələn, ABŞ-nin müdafiə naziri Lloyd Ostin artıq Cənubi Koreyaya səfər planından imtina edib.
Bütün bunlarla yanaşı, Donald Trampın ABŞ-də hakimiyyətə qayıdışı ilə Bayden administrasiyasının regionda yaratmaq istədiyi bütün alyanslar aktuallığını itirə bilər. Daxili siyasi böhranların yaşandığı Cənubi Koreya isə yəqin ki, artıq Vaşinqtonun etibarlı müttəfiqi sayıla bilməz.
MƏSLƏHƏT GÖR: