Müəllif: Namiq Q. ƏLİYEV
Biz Qarabağ müharibəsində qalib gəldik… Ermənistan sarsıdıcı məğlubiyyətə uğrasa da, daim dünya birliyini müharibənin hələ də başa çatmadığına inandırmağa çalışır. Yəqin, ona görə ki, biz faşizmin kökünü kəsməmişik. Erməni faşizminin.
Vaxtilə alman faşizmi öz yuvasında – Berlində boğulub və bu, onun uzun illər təkrarlanmayacağına zəmanət olub.
Erməni faşizmi isə tam yox edilməyib. Biz insanpərvərlik göstərmiş, əlavə qurbanların olmasını istəməmişik. Geosiyasi amillər də öz yerində. Amma indi kökündən məhv edilməmiş faşizm özünü başqa eybəcər formada – revanşizm formasında göstərməkdədir. Əvvəllər revanşist çağırışları, şüarları «Robik və Serjikin Qarabağ klanı»ndan, həmçinin erməni apostok kilsəsindən eşidirdik. Sonra eyni çağırışlarla müxalifət çıxış etməyə başladı. Daha sonra hökumət nümayəndələri də eyni fikirləri səsləndirməyə başladı, Silahlı qüvvələrin bərpası, müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyinə dair hökumət narrativləri peyda oldu. Bunun məntiqini izah etmək çətin idi, çünki Ermənistanın yıxıldığı, yəni müdafiəsiz qaldığı vaxtda Azərbaycan sərhədi keçməmiş, onu birdəfəlik məhv etməyə lüzum görməmişdi. Bakı ona gələcəkdə də hücum etmək, müharibə aparmaq niyyətində deyil.
Əksinə, bütün göstəricilərə görə (ordu, silah, iqtisadiyyat, demoqrafiya və s.) Ermənistandan üstün olan Azərbaycan şərti sərhədi keçməyib, onun ərazisini işğal etməyib. Bakı sadəcə öz torpaqlarının işğalına son qoyub. İrəvanla sülh müqaviləsinin imzalanmasını təklif edən də, bunun üçün BMT Nizamnaməsindən irəli gələn beş prinsip irəli sürən də Azərbaycandır. Söhbət İrəvanın çoxdan qəbul etdiyi prinsiplərdən gedir. Lakin görünən ordur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil. Əvəzində, o, davamlı olaraq sülh müqaviləsinin özü tərəfindən hazırlanan versiyasını imzalamağa, hətta bunu mümkün qədər tez etməyə hazır olduğunu bildirir. Üstəlik, son zamanlar Ermənistan Silahlı Qüvvələrinin müxtəlif istiqamətlərdə, əsasən Azərbaycanla şərti sərhəddə ciddi fəallığı müşahidə olunmaqdadır. Bunu bir sıra faktlar da təsdiq edir.
Ermənistanın artan fəallığı
Bu, ilk növbədə, ABŞ-də hakimiyyətdən getmək üzrə olan demokratlar hökumətinin, həmçinin Fransa Prezidenti Makronun Azərbaycanafob komandasının Ermənistan Silahlı Qüvvələrinin hərbi hazırlıq vəziyyətinin yüksəldilməsi, onun hərbi texnika ilə təchizatı istiqamətində göstərdikləri fəallıqdır. Onların birgə təlimləri haqda məlumatlar, tədarük və vəd olunan silahlar diqqət çəkir. Bu yaxınlaradək ABŞ-nin Ermənistanla birgə hərbi təlim keçirə biləcəyini düşünmək belə, çətin idi. Bu ilin noyabrında isə Ermənistan və Fransanın Silahlı Qüvvələri Yunanıstanda hərbi təlimlərə qatılıb. Məqsəd belə ifadə olunmuşdu: «İştirakçı qüvvələrin operativ hazırlıq səviyyəsinin, döyüş imkanlarının, qarşılıqlı anlaşma səviyyəsinin artırılması, təcrübə mübadiləsi və əməkdaşlığı üçün taktiki müdafiə və hücum (!), o cümlədən hərbi atış ssenarilərinin işlənməsi».
Azərbaycan Ermənistan ərazilərinə iddia etmir və ona hücum etmək niyyətində deyil. Əvəzində, Ermənistanın almaqda olduğu silahlar arasında hücum xarakterli silahlar da görürük. Bu, təbii ki, Cənubi Qafqazda silahlanma yarışına təkan verir. Tbilisinin Avropa İttifaqı ilə münasibətlərindəki çətinlikləri, Ermənistanın isə subyektsizliyi, həmçinin onun Gürcüstana ərazi iddialarının olduğunu nəzərə alsaq, Tbilisi də bu prosesdən kənarda qala bilməz.
Müxtəlif növ silahların alınması
Ermənistanın silah tədarükü kanalları həm beynəlxalq, həm də yerli medianın diqqətindədir. Məlumatların müqayisəsi ortaya alınan silahlar və planlaşdırılan tədarüklərlə bağlı obyektiv, inanıla biləcək informasiyaların qoyulmasına imkan verir. Belə ki, Ermənistan Hindistandan «Akash» raket sistemini almış ilk xarici ölkə statusunu qazanıb. Tərəflər arasında «yer-hava» tipli 15 belə sistemin alqı-satqısına dair müqavilə hələ 2 il əvvəl imzalanıb. «Akash» sisteminin imkanları: 25 kilometrədək məsafədə düşmənin təyyarələri, raketləri, dronları və digər hava vasitələrinin vurulması.
Bir neçə ay əvvəl İrəvan Fransadan 155 millimetrlik müasir özüyeriyən CAESAR artilleriya qurğuları və onlar üçün komponentlər alıb. Ona 12 belə qurğunu özündə birləşdirən ən azı bir divizion tədarük olunub. Ermənistan «hava-hava» tipli tankəleyhinə raket kompleksləri və raketlər də alıb.
Bu da son deyil. Ermənistan aviasiyası üçün R551 və R530 raketləri («hava-hava») də əldə edilib. Quru qoşunlarına isə tankəleyhinə ERYX raketləri, Almaniya istehsalı olan «Bunkerfaust» (DM32) qumbaraatanları, tank əleyhinə «Pantserfaust-3» sistemləri, «Apilas» tipli birdəfəlik reaktiv əl qumbaraları (Fransa), tank əleyhinə BGM71-TOW raket kompleksləri (ABŞ) və s. alınıb.
Hindistan mətbuatı Ermənistanın bu ölkədən 150 kilometrədək məsafədə hədəfi vura bilən «yer-yer» tipli «Prahaar», həmçinin «Pralay» taktiki ballistik raketləri almaq niyyətini də yazır. «Pralay» «yer-yer» tipli, yaxınmənzilli yüksək dəqiqlikli raketdir. Onun xüsusiyyəti uçuşun son mərhələsində düşmənin Hava Hücumundan Müdafiə (HHM) sistemindən yayınmaq üçün manevr edə bilməsidir. Bu raketlər 150-500 kilometr məsafəni qət edə bilir.
Öz HHM sistemini müasirləşdirmiş Yunanıstanın istifadədən çıxarılmış Rusiya istehsalı olan «S-300», «Tor-M1» və «Osa-AKM» zenit-raket komplekslərini Ermənistana vermək niyyətində olduğu xəbəri də yayılıb və tərəflərdən hər hansı onu təkzib etməyib. Xatırladaq ki, 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə məhz «S-300» sistemi vasitəsilə zərbə endirilmiş, nəticədə, dinc sakinlər həyatlarını itirmişdilər.
Regiona kütləvi silah tədarükü faktının özü Anton Çexovun bir gün mütləq işə düşəcək «divardan asılmış tüfəng»ini xatırladır. Azərbaycanın sülh gündəliyi fonunda hadisələrin bu cür inkişafı İrəvanın təcavüzkar niyyətindən xəbər verir.
Yeni hərbi hissələr və infrastrukturlar
Bütün bunlar əsasən şərti sərhəddə baş verir. Ermənilərin «Yerkrapa» könüllü ittifaqı terror təşkilatının başçısı Sasun Mikaelyanın etirafına görə, hələ ilin əvvəlində «Yerkrapa» təşkilatının 10 mindən artıq yaraqlısı daimi əsaslarla döyüş mövqelərinə yerləşdirilib. Mikaelyan yaraqlıların yerləşdiyi mövqelərə baş çəkdikdən və oranı təftiş etdikdən sonra sosial şəbəkələrdə «igidlər» videoçarxını da yayıb.
Bundan başqa, Ermənistan ordusu hücum xarakterli dayaq məntəqələri, uzunmüddətli atəş nöqtələri də yaradır, istehkam qurğuları qurur. Bu yeni dəmir-beton qurğularda artilleriya sistemləri və digər hücum texnikaları, həmçinin ağır atəş vasitələri yerləşdirilir. Müvafiq olaraq, bu dayaq məntəqələri və atəş nöqtələrinə qoşun da toplanır.
Ermənistan-Azərbaycan sərhədi boyunca Qarabağ regionunun azad edilməsi zamanı ortaya çıxmış tunellər şəbəkəsinə bənzər yeni şəbəkənin qurulduğu da məlumdur. Onlar yeni yaradılan dayaq məntəqələri və atəş nöqtələrini birləşdirməlidir. Azərbaycanla hələ də delimitasiya və demarkasiya edilməmiş şərti sərhəddə Avropanın «binokl diplomatiyası»nın fəallaşması da bu işlərlə əlaqələndirilir.
Ermənistan, eyni zamanda hərbi məqsədlərlə istifadə edilməsi üçün köhnə aeroportların bərpasına da başlayıb. Ölkədə kütləvi şəkildə FPV dronları da istehsal olunur, mülki şəxslərə onlardan istifadə qaydalarının öyrədilməsi üçün təlimlər keçirilir.
Ermənistan Respublikasının hərbi doktrinasında onun «müdafiə xarakterli olduğu» deyilir. Doktrinanın hədəfi «…regionda sülh və sabitliyin möhkəmləndirilməsi»dir. Paradoks ondadır ki, bu sənəddə də Azərbaycana qarşı ərazi iddiaları yer alır və demək, sülh müqaviləsinin imzalanmasınadək ona da yenidən baxılmalı, bu sənədə də dəyişikliklər edilməlidir.
Və sonda…
Bu gün Ermənistan sülh prosesi və razılaşmasını revanşizmə, hərbi arsenalın böyüdülməsinə, hərbiləşməyə dəyişir. Paşinyanın «sıfırdan aşağı» olan reytinqini yüksəltməsi üçün «kiçik, qələbə gətirəcək müharibə»yə ehtiyacı var. Lakin silah-sursat almaq Azərbaycanla müharibəyə başlamaq üçün qətiyyən kifayət etmir. Üstəlik, İrəvanın başqa resursları da azdır. Bütün bunlara rəğmən, artıq əminliklə söyləmək olar ki, Ermənistan müharibəyə hazırlaşır.
Bəlkə də, bu, erməni faşizminə birdəfəlik son qoyulması üçün bir şans olacaq.
MƏSLƏHƏT GÖR: