18 Yanvar 2025

Şənbə, 11:57

ƏHƏMİYYƏTLİ TƏŞƏBBÜS

Qərbi Azərbaycana qayıdış gündəlikdəki əsas məsələ kimi

Müəllif:

15.12.2024

Müasir Ermənistanın ərazisində yaşamış azərbaycanlıların pozulmuş hüquqlarının bərpası Bakının diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bu yaxınlarda Azərbaycan paytaxtında «Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi mövzusunda II beynəlxalq konfrans da keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb. Bu tədbirlə praktik olaraq eyni vaxtda Milli Məclisdə müvafiq dinləmələr də keçirilib. Xatırladaq ki, parlamentdə müvafiq təşəbbüs qrupu hələ oktyabrda yaradılıb. Bütün bunlar Qərbi Azərbaycan mövzusunun Bakı üçün prioritet olduğunu təsdiqləyir.

 

«Dəhliz məntiqi», yoxsa insan hüquqları?

Bakıda əksər ekspertlər əmindirlər ki, konfransın keçirildiyi tarix təsadüfən seçilməyib. Dekabrın 10-da dünyada Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur. İlham Əliyevin də konfrans iştirakçılarına müraciətində vurğuladığı kimi, «Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir».

Həqiqətən də, praktik olaraq Qərbi Azərbaycan mövzusuna istənilən müraciət Ermənistanda «ərazi iddiaları», «ictimai rəyin Azərbaycanın Naxçıvana Ermənistanın suveren ərazisi vasitəsilə dəhliz açmasına hazırlanması» kimi qiymətləndirilir. Marşal Baqramyan 26 ünvanında əyləşənlər Zəncəzur dəhlizi ifadəsini eşidər-eşitməz titrəməyə başlasalar da, bu, hər hansı formada ərazi «müsadirəsi» yox, lap əvvəldən dəmir və quru yolunun çəkilməsidir. Üstəlik, onun çəkilməsilə bağlı İrəvan da üzərinə öhdəlik götürüb – məsələ 2020-ci il 10 noyabr tarixli məlum Üçtərəfli Bəyannamədə əksini tapıb.

Azərbaycan Ermənistana ilk yerdə ərazi bütövlüyü və mövcud sərhədlərin tanınmasının yer aldığı prinsiplər əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib və edir. Belə bir vəziyyətdə bu informasiya həngaməsi Ermənistana özünün yenidən hərbçiləşmə siyasətini əsaslandırması üçün vacibdir.

Amma burada söhbət hər bir halda Ermənistandan qovulmuş etnik azərbaycanlıların hüquqlarının pozulmasından gedir.

 

Tarixə nəzər

1988-ci ilin dekabrında Ermənistan praktik olaraq, azərbaycanlılardan tam «təmizlənib». Bununla əlaqədar olaraq, orada dekabrın 10-na bayram belə, təyin edilmiş, lakin Leninakanda (indiki Gümrü) baş vermiş dəhşətli zəlzələ onun keçirilməsini əngəlləmişdi. 1988-ci ilin etnik təmizləməsi erməni millətçilərinin «Qarabağ strategiyası»nın tərkib hissəsi idi. Məntiqlə, bu gün Bakı ilə İrəvan Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin tam olaraq aradan qaldırılmasına kökləniblərsə, Ermənistandan qovulmuş azərbaycanlıların məsələsi də həllini tapmalıdır.

1988-ci ilin etnik təmizləməsi ilk belə presedent deyil. Ermənistandan azərbaycanlıların sıxışdırılaraq çıxarılmasına hələ Rusiyanın köçürmə siyasətinə start verildiyi dövrdə başlanılıb. Söhbət İrəvan və Qarabağ xanlıqlarının ərazisinə İrandan və Osmanlı imperiyasından etnik ermənilərin köçürülməsi prosesindən gedir. Aydındır ki, onlar Azərbaycan ərazilərinə köçürülürdülər. Hər halda, Türkmənçay müqaviləsinin imzalanmasınadək Cənubi Qafqazda nəzərəçarpacaq sayda erməni əhalisinə rast gəlinməyib, «sahibsiz torpaqlar» da olmayıb. Bundan başqa, tarix göstərir ki, İran və Osmanlı imperiyasından olan ermənilər artıq əkilib-biçilmiş kənd təsərrüfatı torpaqlarına köçürülüblər. Bu torpaqları əkib-becərmiş insanların taleyini təxmin etmək çətin deyil.

1918-1923-cü illərdə Ermənistanda azərbaycanlılara qarşı qəddar etnik təmizləmə aparılıb. Bu təmizləməni əsasən sonralar hitlerçilərə qoşulacaq, İrəvanda abidəsi ucaldılacaq Qaregin Njde və Ermənistanda daha bir milli qəhrəman sayılan Andranik Ozanyan həyata keçiriblər. Bu etnik təmizləmə isə İrəvanın Zəngəzur torpaqlarını ələ keçirməsi strategiyasının tərkib hissəsi olub. Bu da son deyil. 1944-cü ildə azərbaycanlılar Vedibasardan kütləvi şəkildə deportasiya olunublar və Ermənistan bu regionu «Ararat vadisi» adlandırmağa başlayıb.

Daha bir köç dalğası 50-ci illərin əvvəllərinə təsadüf edib. Bu dəfə ermənilər Azərbaüycanın Mərkəzi Aran regionuna köçürülüblər. Eyni vaxtda daha dəqiq «toponim təcavüzü» adlandırıla biləcək prosesə start verilib – coğrafi xəritələrdən türk adlarının məqsədli şəkildə silinməsinə başlanılıb. Əlbəttə ki, bütün bunlar tarixi tikililərin də dağıdılması ilə müşayiət olunub – istər Ermənistanın paytaxtı İrəvanda, istərsə də digər şəhərlərdə. Bəli, Ermənistanın Azərbaycana məxsus İrəvan xanlığının ərazisində yaradıldığını xatırladacaq heç nə qalmalı deyildi.

Bu siyasət nəticəsində etnik təmizləməyə məruz qalmış insanların sayı ilk baxışdan göründüyündən qat-qat çoxdur. Bütün bu insanları Ermənistandan zorla qovublar və demək, onların sələflərinin geri qayıtmaq hüququ var.

Bir çox beynəlxalq sənəddə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və sairdə etnik təmizləmə qurbanlarının geri qayıtma hüququ tanınır. Söhbət ərazilərin təhvilindən deyil, öz evlərindən zorla qovulmuş insanların geri qayıtmasından gedir. Xüsusilə söhbət həmin ərazilərin köklü əhalisindən gedirsə…

 

İrəvanı qorxudan nədir?

Şübhəsiz ki, Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlmiş komandası formal olaraq, 1988-ci ildə baş verənlərə görə məsuliyyət daşıya bilməz. Lakin dövlətin siyasi məsuliyyəti var. Daha bir məsuliyyət siyasi hərəkatların məsuliyyətidir. Azərbaycanlıların Ermənistandan qovulmasının arxasında həmin vaxtda bu ölkənin başında olmuş millətçilər dayanır. Sonradan onlar özlərini «erməni milli hərəkatı» adlandırıblar ki, Paşinyan özü də siyasi karyerasına məhz həmin hərəkatda başlayıb. Nikol Paşinyan artıq Qarabağ müharibəsində Azərbaycana uduzub. İndi Qərbi Azərbaycan məsələsində də məğlubiyyətə uğrayarsa…

Daha bir kifayət qədər gözlənilməz sayıla biləcək amil demoqrafiyadır. Bu gün Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır və ilk növbədə, miqrasiya nəticəsində bu say getdikcə daha da azalır. Ermənistana qayıtmaq hüququ olan etnik azərbaycanlılar isə oranı heç də yalnız son təmizləmə zamanı tərk etmək məcburiyyətində qalmış 200-250 min nəfərdən ibarət deyil. 1920-ci ildə deportasiya olunmuş insanları da nəzərə alsaq, bu rəqəm qat-qat böyükdür. Ermənistan onların əksəriyyətinin geri qayıtmaq istəməyəcəyini düşünərək, özünə təsəlli verə bilər. Bu yerdə Qarabağın 30 illik işğalı dövründə Şuşanı, Kəlbəcəri, Xudafərin körpüsünü görməmiş nəslin yarandığına «stavka» etmək olar. Lakin 44 günlük müharibə zamanı həmin nəsil işğalçıları Azərbaycan ərazisindən çıxarmaq üçün hərbi komissarlıqlar qarşısında növbəyə düzülmüşdü ki, bu da İrəvan üçün çox gözlənilməz olmuşdu.

Son illəri Ermənistan monoetnik dövlət kimi yaşayıb. Orada türkofobiyanın həddi-hüdudu yoxdur. Belə bir vəziyyətdə erməni ictimaiyyətinin böyük bir hissəsi aralarında «türklərin peyda olacağına» sadəcə, hazır deyil. İrəvan bu qayıdış məsələsini həm də bu üzdən müzakirə etmək istəmir. Amma etnik təmizləmə siyasətinin davamçısına çevrilməklə, o, özünü daha dərin tələyə salır.

 

Ermənistana qarşı «presedent hüququ»

Nəzəri baxımdan ümid etmək olar ki, İrəvan gec-tez ağıllanacaq və Bakı ilə münasibətləri normallaşdırmaq üçün Ermənistandan zorla qovulmuş etnik azərbaycanlıların geri qayıtması məsələsini nəzərdən keçirməyə başlayacaq. Üstəlik, beynəlxalq humanitar hüquq da öz yerindədir. Doğrudur, İrəvanda beynəlxalq hüquqa əhəmiyyət verməməyə öyrəşiblər. Bunu geridə qalmış 25 ildə Ermənistanın tanınmış sərhədlərə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə münasibəti də təsdiqləyib. Yeri gəlmişkən, son illərdə müxtəlif formalı beynəlxalq müdaxilələrə, beynəlxalq nəzarətə, humanitar təhlükəsizliyə, hətta «humanitar müdaxilə»yə ən çox çağırış edən elə Ermənistanın özüdür. Və bunlar erməni lobbisinin gücü ilə və Qarabağda yaşamış etnik ermənilərə münasibətdə edilib. Halbuki Qarabağdan mülki erməni əhalini heç kim zorla qovmayıb. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, o, Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mülki hüquqlar verməyə, onların təhlükəsizliyini təmin etməyə hazırdır. Amma onlar Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə qalmaq istəməyiblər. Belə olduqda Bakı onları zorla Qarabağda saxlamağa da ehtiyac duymayıb. Azərbaycanlıları isə məhz qovublar və bunu son dərəcə qəddarcasına, amansızlıqla ediblər. Ekspertlər yaxşı bilirlər ki, siyasi ideyalar reallaşmağa meyillidir və Qərbi Zəngəzurda «humanitar müdaxilə» ssenarisinin işə düşməsi, oranın beynəlxalq təhlükəsizlik zəmanəti altına verilməsi istisna deyil.

Beynəlxalq hüququ heç kim ləğv etməyib. Razılığa isə vaxtında gəlinməlidir.



MƏSLƏHƏT GÖR:

23