8 Fevral 2025

Şənbə, 23:54

ÜÇÜNCÜ YAXIN ŞƏRQ MÜHARİBƏSİ

İsrail HƏMAS və «Hizbullah»dan sonra İranın növbəti proksisi olan husiləri zəiflətməyə başlayıb

Müəllif:

01.01.2025

İsrailin baş naziri Binyamin Netanyahu dekabrın 23-də müdafiə naziri İsrael Kats ilə birlikdə orduya husilərin Yəməndəki strateji obyektlərinə hücum əmri verdiklərini bəyan edib. Bu, faktiki olaraq, Təl-Əvivin HƏMAS və «Hizbullah»dan sonra indi də Yəmən husilərinə qarşı tammiqyaslı savaşa başladığı anlamına gəlir.

«Son günlər müdafiə naziri ilə birlikdə İsrail ordusuna husilərin strateji obyektlərinə dəqiq zərbələrin endirilməsi əmrini vermişik. Artıq terrorçuların husilər tərəfindən istifadə olunan əhəmiyyətli aktivlərini məhv etmişik», - deyə Netanyahu Knessetdəki çıxışında bildirib.

 

İsrail xəbərdarlıq edir və fəaliyyətə keçir

İsrail son bir ildə istər İranın özünün, istərsə də Yaxın Şərqdəki proksi qüvvələrinin gücünü mütəmadi şəkildə, addım-addım zəiflətməkdədir. HƏMAS ordusunun əsas özəyinin darmadağın edilməsi, «Hizbullah»ın infrastrukturunun əhəmiyyətli hissəsinin məhvi İsrailə diqqətini regiondakı daha bir düşməninə yönəltmək imkanı verib. Söhbət Yəməndə məskunlaşmış «Ənsər Allah» qruplaşmasından gedir.

İsrailin Qəzzada, daha sonra isə Cənubi Livandakı hərbi əməliyyatları dövründə husilər yəhudi dövlətinin ərazisinə ümumilikdə 200-dən çox raket və 170 dron buraxıblar. Bununla yanaşı, onlar İsrailin tədarük, ixrac-idxal əməliyyatları zəncirini qırmaq üçün Qırmızı dəniz və Ədən körfəzini də hədəfə alıblar. Məqsəd İsrailə iqtisadi baxımdan maksimum zərbə endirmək olub. Lakin bütün bunlara baxmayaraq, baş verənlər yəhudi dövlətinin nə iqtisadi, nə də hərbi imkanlarına ciddi təsir göstərib.

Amma İsrail liderləri husilərdən gələn təhlükəyə son dərəcə ciddi yanaşır və onları ən qısa zamanda zərərsizləşdirməyi hədəfləyir. Baş nazir Binyamin Netanyahu bəyan edib ki, Təl-Əviv husilərə qarşı da İranın digər terrorçu qruplaşmaları ilə savaşdığı güclə döyüşəcək. Müdafiə naziri İsrael Kats isə daha konkret danışaraq, husilərin liderlərinin də təqib olunacağını bildirib. O, husilərin İsrailə hücumları davam etdirməklə böyük yanlışlığa yol verdiklərini deyib. Livanda atəşkəs rejiminin hökm sürdüyü, Qəzzada döyüşlərin intensivliyinin xeyli azaldığı indiki vaxtda yəhudi dövləti Yəmən cəbhəsinə daha çox diqqət ayırmaq və daha ciddi qüvvə göndərmək imkanı qazanıb. «Biz bu günlərdə məhz bununla məşğuluq. Cavab addımlarını ABŞ başda olmaqla, müttəfiqlərimizlə birgə hazırlayırıq. Vaxtı çatdıqda husilər hər şeyə görə cavab verəcəklər», - deyə Kats bildirib.

Təl-Əviv hədələrini arqumentlərlə möhkəmləndirməyə də çalışır. Husilərin ayın ortalarında Ramat-Qandakı məktəbə hücum etdikləri zaman İsrail Müdafiə Ordusu onların Qırmızı dəniz sahillərindəki mövqelərinə intensiv aviazərbələr endirmişdi. İsrailli hərbi mənbələri bildirir ki, bu zərbələrdə məqsəd qruplaşmanın istifadə etdiyi üç limanın fəaliyyətini iflic etmək olub. Həmin vaxt hədəf olaraq husilərin nəzarətində olan limanlardakı yanacaq anbarları, elektrik stansiyaları və yedəklər seçilib.

 

«Çətin qoz»

Lakin bu zərbələr husilərin müqavimətini qırmayıb. Ekspertlər əmindirlər ki, İsrail bunun üçün təsadüfi aviazərbələrlə kifayətlənməyərək, daha çox iş görməlidir. Hər halda, onların qarşısında kifayət qədər hazırlıqlı, bombardman zamanı qorunmaq imkanları yaxşı olan düşmən dayanıb. Bəziləri isə ümumiyyətlə hesab edirlər ki, Təl-Əviv «Ənsər Allah» qruplaşmasının öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. Onların fikrincə, Təl-Əviv husilərə qalib gəlmək üçün ABŞ, hətta ərəb koalisiyası ilə birgə işləməlidir.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı və BƏƏ-nin İsrailin husilərlə mübarizəsinə «sakit» dəstək verməsi tamamilə mümkündür. Məsələ ondadır ki, cəmi beş il əvvəl bu iki dövlət Yəmən qruplaşması ilə fəal mübarizə aparsalar da, ona qalib gələ bilməmişdilər. Husilər onlar üçün də ciddi təhdid sayılır, çünki İranla sıx əməkdaşlıq edirlər. «Ənsər Allah»ın İranın düşmənlərlə mübarizədə əsas silahlarından biri olduğu sirr deyil.

Səudiyyə Ərəbistanında 2019-cu ilin 14 sentyabrını yaxşı xatırlayırlar. Həmin gün husilər 18 pilotsuz uçuş aparatı və 7 qanadlı raket vasitəsilə «Saudi Aramco» şirkətinin 2 müəssisəsinə hücum etmişdilər. O zaman Aybayk və Huraysdakı mərkəzi neft yığımı məntəqələri atəşə tutulmuşdu. Nəticədə, Krallıqda neft hasilatının həcmi sutkada 10 milyon bareldən 4,3 milyon barelə düşmüş, dünyada qısa müddətə də olsa, «qara qızıl»ın qiyməti 17% bahalaşmışdı.

O vaxt çoxları husilərin əməlinin arxasında İranın durduğunu düşünürdülər. Doğrudur, Tehran özü bu qruplaşma ilə hər hansı əlaqəsinin olmadığını deyir, bununla da formal olaraq, kölgədə qalmağı, regional gərginlikdə birbaşa iştirakdan yayınmağı bacarır.

İndi isə «Ənsər Allah»ın məğlubiyyətə uğradılması ilə bütün bu «tamaşa»ya son qoyula bilər. Hamı üçün.

Məlumdur ki, İranın dəstəklədiyi bu qruplaşma İsrailə zərbələr endirməklə yanaşı, Qırmızı dənizdən keçməyə çalışan təxminən 100 ticarət gəmisinə raket və dron hücumu da edib. Bu, bir çox daşıyıcını əsas dəniz marşrutundan imtina etmək məcburiyyətində qoyub, nəticədə, beynəlxalq gəmiçiliyə ciddi problem yaranıb.

Eyni zamanda bu hücumlar İranın «müqavimət oxu»nda husilərin statusunu yüksəldib, onları regional qeyri-sabitlikdən ən çox qazanan qüvvələrdən birinə çevirib.

İranın İsraillə birbaşa hərbi-hava qarşıdurmasını davam etdirmək gücündə olmadığı, onun proksi güclərinin isə praktik olaraq sıradan çıxarıldığı şəraitdə sözügedən «müqavimət oxu»nu davam etdirən yeganə güc husilərdir.

 

Proksi yox, müttəfiq

Husilər 15 il əvvələdək barələrində heç kimin eşitmədiyi, səhrada yaşayan yoxsul tayfa qruplaşması idi. Bu gün isə o, müsəlman dünyasında İsraillə mübarizənin avanqardı kimi görünməmiş populyarlığa malikdir.

Husilərin özlərinin qarşıdurma üçün bir çox səbəbləri var. Hazırda ölkə tarixinin ən dərin böhranını yaşayır. BMT-nin məlumatına görə, əhalinin 80%-i humanitar yardımdan asılı vəziyyətdədir. Ölkədə 5 yaşadək uşaqların təxminən yarısı xroniki aclıqdan əziyyət çəkir, bu üzdən inkişafdan qalır. İsraillə bitmək bilməyən və sağ qalmaq uğrunda ekzistensial mübarizə kimi təqdim olunan qarşıdurma ictimaiyyətin diqqətini gündəlik problemlərdən yayındırır, onun qorxunc düşmənə qarşı səfərbər olmasına imkan vermir.

Husilərlə İran arasındakı sıx əlaqədə İsrail və Qərblə düşmənçilik bir amil olsa da, bu qruplaşma kifayət qədər müstəqildir. O, Tehranın göstərişlərinə «Hizbullah» və ya İraqdakı şiə dəstələri qədər qeyd-şərtsiz boyun əymir. Husilər özlərini müqavimət oxunun bəndi saysalar da, İranla münasibətlərinə bərabərhüquqlu müttəfiqlərin münasibəti kimi baxmağa üstünlük verirlər. Bir sözlə, «Ənsər Allah»ı Tehranın sözəbaxan aləti saymaq olmaz. İranın bir çox proksilərindən fərqli olaraq, onların Tehrandan ciddi maliyyə asılılığı da yoxdur. Bu qruplaşmanın gəlir mənbəyi ticarət gəmilərindən topladıqları «vergi»lər və qaçaqmalçılıqdır. Bundan başqa, «Ənsər Allah» üzvləri İrandakından fərqli şiəliyə etiqad edir, tez-tez Tehran və İslam İnqilabı Keşikçiləri Korpusunun istəyinə uymayan qərarlar qəbul edirlər. Bu mənada, 2014-cü ildə İranın husiləri paytaxt Sanaya girməməyə çağırmasına rəğmən, onların bu çağırışa məhəl qoymamaları xatırlanır.

Husilərlə İran arasında əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsi 2011-ci ildə onların Yəmənin Səudiyyə Ərəbistanı ilə yaxın münasibətlərdə olan prezidenti Əli Abdullah Salehi devirdiyi dövrə təsadüf edir. Tehranın regional düşmənləri olan Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri 2015-ci ildə husilərə qarşı hərbi əməliyyatlara başladıqda Tehran qruplaşmanı müasir dron və raketlərlə təchiz edirdi. Amma müxtəlif məlumatlar bu dəstəyin hələ də davam etdiyini göstərir. Məsələn, 2024-cü ilin fevralında ABŞ Mərkəzi Komandanlığının sahil mühafizəsi qrupu İranın husilərə göndərdiyi gəmini ələ keçirib və gəmidə ortamənzilli ballistik raketlər, partlayıcı maddələr, pilotsuz sualtı və suüstü nəqliyyat vasitələri üçün ehtiyat hissələri, hərbi kommunikasiya və rabitə avadanlıqları, tankəleyhinə idarə olunan raket qurğuları üçün hissələr və s. aşkarlanıb. Bu, yalnız ələ keçirilənlərdir. Husilərə gizli yollarla bundan qat-qat artıq silah-sursat göndərilir.

 

Sabahı düşünərək

Maraqlıdır ki, Yaxın Şərqdə yaşanan son hadisələr fonunda İran və husilər daha sıx birləşmək şansı qazanıblar. «Hizbullah»ın zəiflədiyi, Suriyada Əsəd rejiminin devrildiyi bir vaxtda Yəmən husiləri «müqavimət oxu»nda qalmış yeganə qüvvədir. Bununla yanaşı, «müqavimət oxu»nun zəifləməsi ortaya daha müstəqil, əvvəlkindən daha iddialı «Ənsər Allah» qruplaşmasının çıxması ilə də nəticələnə bilər.

Hətta sabah İranda rejim dəyişərsə və ya Tehran husilərə dəstəyi dayandırmaq qərarına gələrsə, bu, qruplaşmanın düşmənləri ilə mübarizəni dayandıracaq demək deyil. Əfqanıstanda olduğu kimi, Yəmənin dağlıq hissələri də hava hücumlarına məruz qalaraq partizan döyüşü aparan qruplaşmalar üçün qiymətli aktivdir. Üstəlik, bu illərdə onlar mütəmadi məruz qaldıqları hava hücumlarından qorunmağa vərdiş ediblər.

Xatırladaq ki, 2015-ci ildə husilərlə savaşa başlayan sünni koalisiyasına rəhbərlik edən Səudiyyə Ərəbistanı Quru qoşunlarından olan on minlərlə hərbçisini də «Ənsər Allah»la mübarizəyə yönəltsə də, onlar husiləri paytaxtdan çıxara bilməyiblər.

Bundan başqa, yanvarda ABŞ ilə Böyük Britaniya husilərin mövqelərinə raket zərbələrinin endirilməsi üçün «Poseydon Arçer» əməliyyatına başlamışdılar. Lakin bu əməliyyat da gözlənilən effekti verməyib və qruplaşmanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə azaltmayıb. Amerika müdafiəsinin işi ilə bağlı kifayət qədər informasiya toplayan husilər ondan effektiv müdafiə üçün yararlana biliblər. Bununla yanaşı, onlar silah istehsalını yerin altına daşıyıb, limanları, silah tədarüklərini əvvəlkitək əllərində saxlayırlar. Bir sözlə, ABŞ-nin rəhbərliyi ilə müttəfiqlərin hücumları husilərin rəhbərliyində yer alan əsas fiqurlara yetişə bilməyib, İranın Yəməndəki missiyası olduğu kimi qalıb, qruplaşmanın infrastrukturuna ciddi zərər dəyməyib.

İndi çoxlarını bir sual düşündürür: Səudiyyə Ərəbistanı ilə BƏƏ, ardınca isə ABŞ ilə Böyük Britaniya husilərin hücumunun qarşısını ala bilməyiblərsə, İsrail nəyə əsasən daha yaxşı nəticəyə ümid edir?

Sərt xəttin tərəfdarları, həmçinin İsrail rəhbərliyindəkilər Yəmənə raket hücumlarının artırılmasını, onun limanlarının tam mühasirəyə alınmasını, bunun humanitar fəsadlarına məhəl qoyulmamasını təklif edir. Qəzzada olduğu kimi.

Yəmənin hökumət qüvvələrinə dəstəyin gücləndirilməsi də təklif olunur. Bildirilir ki, bu, husilərin paytaxtdan və nəzarət etdikləri limanlardan çıxarılması üçün real yerüstü imkan yaradacaq.

İsrailin hərbi və siyasi dairələrində hesab edirlər ki, İran artıq yəhudi dövlətinin mümkün hücumuna hazırlığa başlayıb. Odur ki, husilərin İsrailə hücumlarının artması ilə eyni vaxtda İrana birbaşa zərbələrin endirilməsi də müzakirə olunur.

Amma Təl-Əviv belə qəti addımı yalnız ABŞ-nin razılığı ilə ata bilər. Vaşinqton isə yeni administrasiyanın gəlişinə hazırlaşır. İndi istər «müqavimət oxu»nun, istərsə də husilərin gələcək taleyi məhz onun qərarından asılı olacaq.



MƏSLƏHƏT GÖR:

28