15 Mart 2025

Şənbə, 00:26

SURİYA KEÇİDİ

Uzun illər davam etmiş diktaturadan xilas olmuş ərəb dövləti indi daxili və xarici siyasi çətinlikləri aşmağa çalışır

Müəllif:

01.01.2025

Suriya Bəşər Əsəd rejiminin devrilməsi və «Bəəs» partiyasının 60 ildən çox davam etmiş hakimiyyətinə son qoyulmasından sonra yeni həyata başlamağa çalışır. Eyni zamanda, nəhəng güc mərkəzləri və müxtəlif dövlətlər Suriyanın yeni rəhbərliyi ilə dialoq qurmağa cəhd göstərir. Onların əksəriyyəti isə hesab edir ki, yeni hökumət hələ effektivliyini və mötəbərliyini sübut etməlidir.

 

Yeni reallıq

Suriyanın müvəqqəti hökumətinə Əsəd rejiminin devrilməsilə nəticələnən hücumda həlledici rol oynamış «Həyat Təhrir əş-Şam» (HTŞ) qruplaşması başçılıq edir. Qruplaşmanın lideri, əvvəllər Əbu Məhəmməd əl-Culani kimi tanınmış Əhməd əl-Şaraa özünə və rəhbərlik etdiyi təşkilata beynəlxalq birliyin münasibətini dəyişmək üçün fəal addımlar atır. Məqsəd HTŞ-nin terror təşkilatı olmadığını nümayiş etdirməkdir. Məsələ ondadır ki, BMT, Avropa İttifaqı və bir çox ölkə bu qruplaşmanı məhz terror təşkilatı kimi tanıyır. Ötən illərdə «Əl-Qaida» ilə əlaqədə ittiham olunan bu quruma insan haqlarının pozulması ilə bağlı çoxsaylı ittihamlar da irəli sürülüb.

Əl-Şaraa dünya mediasına verdiyi çoxsaylı müsahibələrində hər kəsi beynəlxalq terrorçuluqla əlaqəsinin olmadığına inandırmağa çalışır. O, baxışlarının radikal islamla üst-üstə düşmədiyini bildirir. Əl-Şaraa mötədil siyasi kursa sadiqliyini göstərmək üçün yeni hökumətin niyyətini ortaya qoya biləcək bir sıra qərarlar verib. Yeri gəlmişkən, yeni hökumətə formal olaraq, əl-Şaraanın yaxın adamlarından biri, İdlib əyalətində qiyamçı administrasiyanın sabiq başçısı Məhəmməd əl-Bəşir rəhbərlik edir. Onun rəhbəri olduğu müvəqqəti hökumət 2025-ci il martın 1-dək fəaliyyət göstərməlidir.

Əl-Şaraanın və müvəqqəti hökumətin ən vacib qərarlarından biri vahid komandanlığa tabe nizami ordunun yaradılması üçün bütün silahlı qruplaşmaların buraxılması ilə bağlıdır. Keçmiş qiymaçı qruplaşmalardan silahın yerə qoyulması tələb olunur, bunun onlara yeni Suriya ordusunun yaradılmasında iştirak etmək imkanı qazandıracağı bildirilir. Eyni zamanda, polisin işi də bərpa olunur, onların sıralarına yalnız qiyamçı hərəkatın iştirakçıları deyil, keçmiş hüquq mühafizə orqanlarının əməkdaşları da cəlb edilir. Bunun üçün şəxsin Əsəd rejimi dövründə müxalifətə qarşı cəza tədbirlərində iştirak etməməsi kifayətdir.

Əl-Şaraa yeni hökumətin dini azlıqların nümayəndələrini, məsələn, xristianları və Əsəd rejiminin əsas sosial bazası olmuş şiə-ələviləri təqib edəcəyinə dair iddiaları rədd etmək üçün «inklüziv cəmiyyət yaratmaq iqtidarında olduqlarını» bildirir. Bununla əlaqədar olaraq, «dövlətlə bütün dinlər arasında ictimai sazişin bağlanması»nın vacibliyi vurğulanır, bunun «sosial ədalətə zəmanət verəcəyi» bildirilir. Yeni hökumət Suriyada ictimai-siyasi sabitliyi həm də dövlətin birliyini, ərazi bütövlüyünü qorumaqla təmin etməyi düşünür.

Bütün bunlar yeni hökumətə inamı artırır, qaçqınların vətənə qayıtmasına təkan verir. BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin sözlərinə görə, Əsəd rejiminin devrilməsindən keçən üç həftə ərzində qonşu ölkələrdən Suriyaya qayıtmış qaçqınların sayı 50 mini ötüb. Bununla yanaşı, o, «Suriyada həyat şəraitinin dəhşətli dərəcədə pis olaraq qaldığını», geri qayıtmış qaçqınlara və ümumiyyətlə, ehtiyacı olan hər kəsə daha böyük humanitar yardımların göstərilməsinin vacibliyini söyləyib».

Amma Suriyanın bir sıra rayonlarında davam edən gərginlik göstərir ki, ölkənin nəinki sosial-iqtisadi, həm də siyasi baxımdan normal vəziyyətə qayıtmasına hələ çox var. Belə ki, keçid hökumətinin təhlükəsizlik qüvvələri Tartus əyalətində devrilmiş rejimin silahlı tərəfdarlarının neytrallaşdırılması üçün əməliyyat keçirir. Daxili işlər naziri Məhəmməd Abdel Rəhman bildirib ki, hüquq mühafizə orqanlarının əməkdaşları Tartus yaxınlığındakı rayonlardan birində asayişin bərpası üçün keçirdikləri əməliyyat zamanı silahlı elementlərin mühasirəsinə düşüb. Nəticədə güc strukturlarının 14 əməkdaşı həlak olub, 10 nəfər yaralanıb. Hökumət bölgədə komendant saatı elan edib. Əməliyyatlar davam edir. Bundan başqa, təhlükəsizlik qüvvələri keçmiş rejimin tərəfdarlarına qarşı Dəməşqin 220 kilometrliyində yerləşən Həma şəhərində də əməliyyat keçirir.

Vəziyyəti çətinləşdirən daha bir məqam Suriyanın şimalında – elə həmin Tartusda, həmçinin Latakiya, Cabla və Hümsdə davam edən etirazlardır. Burada ələvi azlığın nümayəndələri müxalifətin noyabrın sonunda Hələb şəhərini ələ keçirən zaman onların müqəddəs məkanlarına hücum etməsinə etirazını bildirir. Müvəqqəti hökumət insidentin artıq arxada qaldığını bildirsə də, etirazlar səngimir, polislə toqquşmalar davam edir. Nəticədə müvəqqəti hökumət sabitliyə xələl gətirən, dinlərarası nifrət yayın, ölkənin təhlükəsizliyinə təhdid yaradan hər kəsin məsuliyyətə cəlb olunacağını bildirib.

 

Əl-Şaraadan nə gözləyirlər?

Suriyanın yeni hökumətinin legitimlik qazanması baxımından, dünyanın və regionun aparıcı aktorlarının ona münasibəti böyük əhəmiyyət daşıyır. Onlar öz növbələrində, müvəqqəti hökumətlə dialoqa hazır olduqlarını bildirirlər. Amma bu dialoqun səviyyəsi təbii ki, həmin qüvvələrin öz maraqları və motivlərindən asılı olaraq, fərqlənəcək.

Arğıq ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin müavini Barbara Lifin başçılıq etdiyi nümayəndə heyəti Suriyada olub. Bu, Amerika diplomatlarının 10 ildən artıq müddətdə Dəməşqə ilk səfəridir. Barbara Lif əl-Şaraa ilə görüşdən sonra keçirilmiş müzakirələri çox məhsuldar adlandırıb, HTŞ liderinin onda «praqmatik şəxs» təəssüratı yaratdığını söyləyib.

Yeri gəlmişkən, ABŞ Əhməd əl-Şaraanın həbsinə kömək edəcək informasiyaya görə 10 milyon dollarlıq mükafat qərarını ləğv edib. Bu, Vaşinqtonun Suriyanın faktiki rəhbəri ilə dialoq qurmaq niyyətinin göstəricisidir. Beləliklə, Birləşmiş Ştatlar əl-Şaraa ilə əməkdaşlığa hazır olduğunu göstərir və bu yolda növbəti addım HTŞ-nin Vaşinqton tərəfindən terrorçu təşkilatlar siyahısından çıxarılması ola bilər.

Barbara Lif bildirib ki, onların görüşündə Suriyada «siyasi tranzitin prinsipləri», «İslam dövləti» terror təşkilatı ilə mübarizənin davam etdirilməsinin vacibliyi də müzakirə olunub. Lifin sözlərinə görə, bundan sonra Suriyada bütün suriyalıların, o cümlədən qadınların və müxtəlif etnik, dini elementlərin iştirakı ilə geniş məsləhətləşmələrin aparılması əhəmiyyətlidir. Bununla Vaşinqton Suriyanın yeni rəhbərliyinin cəmiyyətin bütün spektrlərinin təmsilçiliyi ilə inklüziv hökumət yaratmalı olduğunu vurğulayıb.

ABŞ Dəməşqin müvafiq qərarlarından çıxış edərək, Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi və ya yumşaldılması məsələsinə də baxa bilər. Vaşinqtonda etiraf edirlər ki, Suriyanın iqtisadi dirçəlişi bu qərardan xeyli dərəcədə asılı olacaq. Amma Lifin də dediyi kimi, «müvəqqəti hökumətə və ondan sonra qurulacaq kabinetə sanksiyaların ləğvi üçün irəli sürülmüş tələblərin yerinə yetirilməsilə bağlı kifayət qədər ciddi daxili təzyiqlər olacaq».

Suriyanın yeni hökuməti ilə münasibətlərin qurulmasında Avropa ölkələri də fəallıq göstərir. Məsələn, Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə səfər etmiş şəxslər arasında Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri də var. Avropa İttifaqının mövqeyini isə ayrıca vurğulamaq lazımdır. HTŞ və onun lideri ilə birbaşa təmaslar üçün Aİ də Dəməşqə nümayəndə göndərib.

Bundan başqa, Aİ ölkələri liderlərinin Brüssel sammitinin sonunda qəbul olunmuş bəyannamədə deyilir ki, Suriyada Əsəd rejiminin devrilməsi «ölkənin birləşməsi və bərpası üçün tarixi imkan olacaq». Bu bəyanat dolayısı ilə Aİ-nin Suriyanın yeni hökumətinə dəstəyini göstərir. Onun da ABŞ kimi, Dəməşqdən «Suriya xalqının qanuni arzularına cavab verən inklüziv siyasi prosesləri» təmin etməsini istəyəcəyi istisna deyil. Bununla yanaşı, bildirilir ki, «Suriyada insan haqlarına, o cümlədən qadınların hüquqlarına hörmətin təmini, qeyri-konfessional idarəçilik, dini və etnik azlıqların müdafiəsi, həmçinin ölkənin mədəni irsinin qorunub saxlanması vacibdir».

İndi Aİ də Suriyaya tətbiq olunmuş sanksiyaların ləğvini mümkün sayır. Lakin bu qərarın qəbul oluna biləcəyi konkret tarix göstərilmir. Brüssel HTŞ-nin terrorçu təşkilatların siyahısından nə vaxt çıxarılacağına da konkret aylınlıq gətirmir. Əslində, Avropa Komissiyasının rəhbəri Ursula fon de Lyayenin bəyanatı çox şey deyir: «Hamımız bilirik ki, hələlik vəziyyət heç də tam aydın deyil. Yeni rəhbərliyin vədlərinə əməl edə bilib-bilməyəcəyini söyləmək çox tezdir».

Suriyanın yeni hökuməti ilə Qərbin ikitərəfli dialoqa hazır olduqlarına dair qarşılıqlı mesajları fonunda Rusiya və İranın buə rəb ölkəsində hadisələrin gələcək inkişafına təsir imkanları şübhəli görünür. İndi Moskvanı daha çox düşündürən Suriyüada hansısa hərbi-siyasi rolunun davam etməsidir. Bu, onun Hmeymim və Tartusdakı hərbi bazalarının taleyinə bağlıdır. İrana gəlincə, Əsəd rejimi dövründə Suriyada mövqeləri sarsılmaz olmuş Tehran indi burada baş verənlərə təsir imkanını demək olar ki, tam itirib. Bundan başqa, Suriyanın yeni hökuməti İrandan «Dəməşqin daxili işlərinə qarışmamasını» tələb edib. Bəzi məlumatlara görə, müvəqqəti hökumət İranı beynəlxalq məhkəməyə verərək, keçmiş prezident Bəşər Əsədi dəstəklədiyi üçün Dəməşqə «Suriya dövlətinə və xalqına vurulmuş zərərin kompensasiyası kimi», 300 milyard dollar ödəməsini də tələb edə bilər. Hər bir halda, hazırda Bəməşqlə Tehran arasında münasibətlər tam pozulub və görünən odur ki, əl-Şaraa ilə ətrafı yaxın gələcəkdə bu münasibətləri bərpa etməyi düşünmür.

 

Sükan Türkiyənin əlindədir

Suriyadakı hakimiyyət dəyişikliyindən sonra bu ölkədə regional fövqəldövlətlərin güclənən mövqeyindən danışsaq, təbii ki, ilk olaraq Türkiyənin adı çəkilməlidir. Bəşər Əsəd hakimiyyətdən devrilər-devrilməz, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Dəməşqə yollanıblar. Fidan Suriya paytaxtında əl-Şaraa ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara buə rəb respublikasına hərtərəfli dəstək verməyə hazırdır. Əl-Şaraa isə öz növbəsində, Suriyanın Türkiyənin yardımına ehtiyac duyduğunu deyib.

Bununla yanaşı, Hakan Fidan bildirib ki, Suriyada «uzun illərdir vətəndən qopmuş suriyalıların geri qayıtmasına şərait yaradılması vacibdir». Bu, Türkiyə ərazisində məskunlaşmış milyonlarla suriya qaçqının vətəninə dönməsinin Ankara üçün prioritet olduğunu göstərir.

Türkiyənin Suriyada mövcudluğunun vacib elementi isə yəqin ki, onların hərbi sahədə əməkdaşlığı olacaq. Söhbət Türkiyə hərbçilərinin yeni Suriya ordusunun yaradılmasında iştirakından, hava hücumundan müdafiə sahəsində təlimlərin keçirilməsi üçün Hümsə Türkiyə hərbi kontingentinin yerləşdirilməsindən gedir. Bundan başqa, Ankara yeni Suriya ordusunun 2017-ci ildə məhz Türkiyənin dəstəyi ilə formalaşmış Suriya Milli Ordusunun (SMO) əsasında yaradılmasına üstünlü verir. Ankara əsasən ərəb və türkmən döyüşçülərdən ibarət SMO-ya arxalanaraq, Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı əməliyyatlar keçirir. Belə əməliyyatların keçirilməsi faktının özü də Türkiyənin Suriyanın ərazi bütövlüyünün qorunmasında israrlı olduğunu göstərir. Hakan Fidanın da dediyi kimi, indi onun üçün əsas təhdid «Suriya ərazisini işğal etmiş, ölkənin təbii resurslarının istismarı ilə məşğul olan» kürd birləşmələridir.

Ankaranın Suriyanın yeni rəhbərliyinə ciddi təsirinin olduğunu müvəqqəti hökımətin kadr siyasəti də təsdiqləyir. Belə ki, Suriyanın müdafiə naziri postuna SMO-nun yüksək rütbəli komandirlərindən olan Murhaf Əbu Kasra təyin edilib. Onun daha bir nüfuzlu komandiri Azzam Qaribi isə Hələbin qubernatoru postunu tutub. Bundan başqa, yeni xarici işlər naziri Əsəd Həsən əş-Şeybani İstanbul Səbahaddin Zaim Universitetinin məzunudur. O, Türkiyəpərəst siyasətçi kimi tanınır. Ankaranın Suriyada və ümumiyyətlə, Yaxın Şərqdə nüfuzunun əhəmiyyətli dərəcədə artması kontekstində ən önəmli hadisələrdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə yaxın günlərə planlaşdırılmış səfəri olacaq.



MƏSLƏHƏT GÖR:

40