Müəllif: İrina XALTURİNA
Bu il müxtəlif hadisələrlə zəngin oldu. Dünyanın geosiyasi mənzərəsi daha parçalanmış, zorakılıqlarla dolu hala gəlib. Ukraynada davam edən müharibə, Yaxın Şərqdə ciddi ekskalasiya, Afrikanın bir sıra ölkələrində amansız vətəndaş müharibələri, Myanmada onlarla silahlı qruplaşma arasında qanlı toqquşmalar, Meksikada cinayətkar qrupların və narkokartellərin kütləvi hücumları, nüvə silahından da istifadə edilməklə, Üçüncü dünya müharibəsinin başlaya biləcəyinə dair proqnozlar… Qlobal Sülh İndeksinə («Global Peace Index») əsasən 2024-cü ildə ümumilikdə dünyanın müxtəlif nöqtələrində 50-dən artıq fəal münaqişə «qaynayıb» (bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək göstəricidir). Ən səthi hesablamalara görə, onlar təxminən 230 min insanın həyatına son qoyub, bu münaqişələrdən əziyyət çəkənlərin, qaçqın düşənlərin sayı isə bundan qat-qat çoxdur. Müşahidəçilər bildirirlər ki, münaqişələrə cəlb olunmuş tərəflər toqquşmalarda daha çox raketlərdən, dronlardan, aviabombalar və partlayıcılardan istifadə edirlər.
2024-cü ilin daha bir önəmli siyasi hadisəsi ABŞ, Rusiya, Braziliya, Hindistan, Böyük Britaniya və Fransa da daxil olmaqla, dünyanın 60-dan çox ölkəsində seçkilərin keçirilməsidir. İl ərzində dünya üzrə keçirilmiş ümumxalq səsvermələrinin nəticələri 2 milyarddan artıq insanı əhatə edib. Həmin dövlətlərin, demək olar ki, hamısında əsas seçkiqabağı gündəm iqtisadi problemlər olub. Müxtəlif ölkələrdə gəlir səviyyəsi müxtəlif olan insanları əsasən inflyasiya, sosial bərabərsizlik, iqlim dəyişiklikləri üzündən həyat şəraitinin pisləşməsi, miqrasiya, səhiyyə kimi sahələrdəki problemlər narahat edib. Müxtəlif sorğuların nəticələri göstərir ki, bu dövrdə insanların böyük bir hissəsi özünü ənənəvi siyasi liderlərdən və institutlardan uzaq hiss ediblər. Bu ölkələrdə həm sağçı, həm də populist şüarlara daha çox rast gəlinib.
Ən əhəmiyyətli seçkilər və siyasi etirazlar
Bu tendensiya özünü ən çox Avropa Parlamentinə seçkidə göstərib. Orada sağ-mərkəzçi partiyalar çoxluğu əldə saxlamağı bacarsalar da, populistlər populyarlıqlarını əhəmiyyətli dərəcədə artırıblar. Bu isə təbii ki, bütünlükdə Avropada elektoral proseslərə öz təsirini göstərib. Məsələn, Fransada solçu və sağçı qüvvələr Marin Le Penin sağçı-populist Milli Birlik Partiyasının hakimiyyətə gəlişini əngəlləmək üçün birləşiblər. Lakin dekabrın əvvəlində Fransada hökumət böhranı başlayıb və onun taleyinin necə olacağı hələ də məlum deyil.
Böyük Britaniyada Leyboristlər Partiyası seçkidə böyük səs çoxluğu ilə qalib gələrək, Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyub. Maraqlıdır ki, bu seçkidə «Reform UK» partiyası 14% səslə üçüncü olub, onun lideri Naycel Fərəc isə səkkizinci cəhdində, nəhayət, parlamentə düşə bilib.
Bənzər sınaq 2024-cü ilin sonlarına yaxın ciddi qarşıdurmanın başladığı Almaniyanı da gözləyir – Saksoniya-Anxalt federal torpağının Maqdeburq şəhərində təşkil olunmuş Milad bazarında avtomobil yüksək sürətlə insan kütləsinin içərisinə girib, nəticədə, beş nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hadisəni Səudiyyə Ərəbistanından olan, uzun müddətə Almaniyada yaşamaq icazəsi almış 1974-cü il təvəllüdlü həkim-psixiator törədib. Hökumət dərhal sui-qəsdin qarşısını ala bilməməkdə ittiham edilib, Maqdeburqda isə immiqrasiya ilə bağlı siyasi gərginlik mərkəzinə, müvafiq olaraq, qatı sağçıların populyarlığının artdığı nöqtəyə çevrilib. Almaniyada partiyalarla seçicilər arasındakı dərin uçurum fonunda qarşıdan gələn seçki kampaniyasının populist vədlərlə keçəcəyi artıq indidən bəllidir.
Nəhayət, ilin ən səs-küylü seçkisində ABŞ-də demokratlar prezident seçkisini respublikaçılardan olan sabiq dövlət başçısı Donald Trampa uduzublar. Bununla yanaşı, respublikaçılar Konqresin hər iki palatasında çoxluğu da ələ keçiriblər. Yeni seçilmiş prezidentin inauqurasiyası 2025-ci il yanvarın 20-də olacaq. Trampın Oval kabinetə qayıdışının bütün dünyaya öz təsirini göstərəcəyi gözlənilir. O, qərarlarının təxminedilməzliyi və son dərəcə kəskin populist vədləri ilə məşhurdur. Məsələn, Donald Tramp artıq Vaşinqtonun Panama kanalına nəzarəti geri qaytara biləcəyini bildirib, Qrelandiyanın alına biləcəyi haqda növbəti dəfə fikirlər səsləndirib, Kanadanın ABŞ-yə birləşməsindən danışıb. Bundan başqa, yeni ildən məşhur iş adamı İlon Mask ABŞ-nin yeni administrasiyasında vəzifə tutacaq ki, o da qeyri-adi, sərt fikirləri və əməlləri ilə tanınır.
Daha bir seçki 2024-cü ilin payızında Gürcüstanda keçirilib. Hakim «Gürcü arzusu» partiyasının parlamentdə çoxluq əldə etdiyi seçkini Qərb ölkələri saxta adlandırıb. Onların açıqlamalarında bildirilir ki, hökumət seçiciləri satın alıb, üstəlik, müşahidəçiləri təqib edib. Əvəzində, «Gürcü arzusu» ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların 2028-ci ilin sonunadək dayandırıldığını bildirib. O vaxtdan Tbilisidə etiraz aksiyaları səngimir və indi hər kəs proseslərin nə qədər uzağa gedə biləcəyi, rəsmi Tbilisinin Qərbdən nə qədər üz döndərəcəyi haqda düşünür. Hər bir halda, bu ölkədə siyasi böhran hələ yeni qızışır.
İl ərzində dünyanın başqa nöqtələrində bəzən son dərəcə gözlənilməz hadisələr yaşanıb. Məsələn, Cənubi Afrikada aparteiddən sonra ilk dəfədir ki, Afrika Milli Konqresi Milli Assambleyada çoxluğu qazana bilməyib. Yaponiyada baş nazir Siqera İsibanın Nümayəndələr Palatasını vaxtından əvvəl buraxması üzündən parlament seçkisi oktyabrda keçirilib. Sonradan İsiba etiraf edib ki, onun İkinci Dünya müharibəsindən sonrakı dövrün böyük hissəsini ölkəyə rəhbərlik etmiş Liberal-Demokrat Partiyası xalqdan «sərt töhmət» alıb.
Cənubi Koreyada yazda keçirilmiş parlament seçkisində əldə olunmuş ziddiyyətli nəticələr dekabrın əvvəlində hərbi vəziyyətin elan olunması cəhdi ilə nəticələnib, Hindistanda isə baş nazir Narendra Modi ardıcıl üçüncü müddətə baş nazir seçilsə də, ilk dəfə çoxluğu qazana bilməyib. Nəticədə, o, vəzifəsini Milli Demokratik Alyansın dəstəyi nəticəsində qoruya bilib.
2024-cü ildə Rusiyada da seçki keçirilib. Lakin burada hər hansı gözlənilməz nəticə və ya sürpriz yaşanmayıb. Gözlənildiyi kimi, Vladimir Putin hakimiyyətdə qalıö. Üstəlik, beşinci dəfə dövlət başçısı seçilən Putin topladığı istər mütləq (76 milyon), istərsə də nisbi (87,28%) səsdə rekord müəyyənləşdirib. Beləliklə, V.Putin 2024-cü ildə hakimiyyətinin 25 illiyini qeyd edib.
Lakin onun rəhbərlik etdiyi Rusiya Qərblə getdikcə daha kəskin qarşıdurmaya girir. Artıq Moskva ilə NATO arasında mümkün müharibə haqda belə, danışırlar. Donald Trampın Ağ Evə qayıdışı ilə çoxları bu düyünün açıla, yaxud ən azı əsas məsələlərdə kompromisə gəlinəcəyinə ümid edir. Amma digər yandan bu, heç də real görünmür. Hər halda, Putinin dəfələrlə səsləndirdiyi mövqeyi, həmçinin Trampın tarixə Kremlə güzəştə getmiş lider kimi düşmək istəməməsi bu ümidləri azaldır. Analitiklər hesab edirlər ki, əksinə qarşıda eskalasiya daha da böyüyə bilər. Putinin imkanları qarşısında Trampın impulsivliyi sülh üçün heç də ideal formula bənzəmir.
Ukrayna müharibəsi getdikcə daha beynəlmiləl xarakter alır və indi onun Trampın daha həssas yarandığı regionu da əhatə etmək potensialı var. 2024-cü ildə Putin ilə Şimali Koreya lideri Kim Çen In strateji tərəfdaşlıq müqaviləsi imzalayıb, tərəflərdən hər hansına qarşı təcavüzün baş verəcəyi təqdirdə ona yardım göstərmək öhdəliyi götürüblər. İddia olunur ki, Şimali Koreya artıq Ukrayna müharibəsində savaşması üçün Rusiyaya ordu hissələri göndərir.
Yaxın Şərq
İlin hadisəsi, şübhəsiz ki, Suriyada Bəşər Əsəd rejiminin cəmi bir neçə gün ərzində çökməsidir. Bu, bütünlükdə Yaxın Şərqdə qüvvələr nisbətini kökündən dəyişib. Əsəd hakimiyyətdən dekabrda Suriyanın «Həyat Təhrir əş-Şam» müxalif qruplaşmasının hücumu nəticəsində uzaqlaşdırılıb. Aydındır ki, baş verənlərin kökündə İran-İsrail qarşıdurması da dayanır. 2024-cü ildə İsrail Livanda və Qəzza sektorunda «Hizbullah» və HƏMAS-a qarşı hərbi əməliyyatlar keçirərək, bu qruplaşmaları məqsədli şəkildə liderlərindən və infrastrukturdan məhrum edib. Beləliklə, İranın islamın əsas müttəfiqləri ilə «müqavimət xətti»nin əsas bəndləri qopub. Tehran islam dünyasında nüfuzunu məhz onların vasitəsilə qoruyub saxlayırdı.
Beləliklə, Suriyada yaşananlar İranın regional nüfuzuna növbəti və ən sarsıdıcı zərbə olub. SAXAL qüvvələri artıq Holan yüksəkliyi ərazisinə də daxil olub, İsraillə ABŞ isə daha bir şiə qruplaşması – husilərin «Ansar Allah» təşkilatına qarşı əməliyyatlara başlayıb. Xatırladaq ki, bu qruplaşma Yəməndə böyük bir əraziyə nəzarət edir, üstəlik, Qırmızı dənizdə, Ədən körfəzində dəniz daşımaları sahəsində vəziyyəti də nəzarətinə götürməyə çalışır. Bəzi məlumatlara görə, husi rejiminin devrilməsi işinə Səudiyyə Ərəbistanı ilə BƏƏ də qoşulub.
Baş verənlər fonunda bütünlükdə dünya üçün ən gərgin məsələ, əlbəttə ki, İsraillə İranın qarşılıqlı zərbələridir. Hesab olunur ki, onların arasındakı «raket-dron» savaşında hələlik yəhudi dövləti üstündür. Bəzi ekspertlərin fikrincə, İsraillə birbaşa müharibəyə girməkdə qətiyyən maraqlı deyil. Yeri gəlmişkən, 2024-cü ildə İranda da növbəti prezident seçkisi keçirilib. Bu, dövlət başçısı İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra baş tutub. Çoxları 63 yaşlı Rəisini artıq qocalmış ali dini lider ayətolla Əli Xameneinin varisi kimi görürdü. İndi varis məsələsilə yanaşı, Tehran daxili sosial-iqtisadi problemlərlə də üz-üzədir və bu səbəbdən də o, hər hansı münaqişəyə girməkdə maraqlı deyil.
Amma bir məsələ də var ki, güclü təzyiqlər İranı yeganə effektiv qorunma vasitəsinə – nüvə silahının yaradılmasına vadar edə bilər və bu halda regional qüvvələr nisbəti yenidən dəyişəcək… İstənilən halda, Yaxın Şərqdə ərəblərin, türklərin, iranlıların, kürdlərin, yəhudilərin maraqlarına toxunan, eyni zamanda sünnilərlə şiələr arasında əsrlərdən gələn qarşıdurmanı, ayrı-ayrı xarici oyunçuların maraqlarını özündə cəmləşdirən Yaxın Şərq adlı kələf 2024-cü ildə daha da dolaşıb.
2025: əmin-amanlığa ümid yoxdur
Bütün sadalananlar fonunda güman etmək olar ki, 2025-ci ildə daxili və beynəlxalq siyasəti əsasən mövcud münaqişələr (təki onlara yeniləri əlavə olunmasın) və iqtisadi qeyri-sabitlik (əsas odur ki, dünyanı tammiqyaslı böhrana sürükləyəcək gözlənilməz hadisələr baş verməsin) yönləndirəcək.
Beynəlxalq Valyuta Fondu 2025-ci ildə «sabit, lakin qeyri-qənaətbəxş» iqtisadi artım proqnozlaşdırır. Qarşıdan gələn ilin ticarət sahəsində kəskin ritorika, həmçinin çoxsaylı təhdidlərlə (həmçinin Tramp tərəfindən elə öz müttəfiqlərinə də qarşı) dolu olacağı gözlənilir.
Maraqlıdır ki, 2025-ci ildə sürətlə inkişaf edən, getdikcə siyasətə, iqtisadiyyata, mədəniyyət və təhsilə daha fəal təsir göstərən süni intellektlə bağlı qeyri-müəyyənlik proqnozları da var…
MƏSLƏHƏT GÖR: