
NİFAQ XƏTTİ
Pakistanla Əfqanıstan arasında sərhəd münaqişəsi yenidən qızışıb
Müəllif: İlqar VƏLİZADƏ
Əfqanıstan-Pakistan sərhədi dünyanın ən gərgin zonalarından biri sayılsa da, bu bölgədə uzun müddətdir münaqişə müşahidə olunmur. Lakin son zamanlar orada vəziyyət kökündən dəyişməyə başlayıb.
Narahat Dürand xətti
2024-cü il dekabrın sonlarında Əfqanıstanla Pakistan arasında sərhəd münaqişəsi yenidən qızışıb. Səbəb isə hələ martda baş vermiş insidentdir. O zaman yaraqlılar bölgədə yük maşınını partlatmış, sərhəd postundakı Pakistan əsgərlərini atəşə tutmuş, cavabında Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın şərqində yerləşən Xost və Pəktika əyalətlərinə zərbələr endirmiş, Əfqanıstan aviasiyası isə bunu cavabsız qoymamışdı. Martda bu gərginlik sanki özbaşına həllini tapmış, tərəflər bir anda atəşi dayandırmışdı.
Mortimer Dürand tərəfindən Əfqanıstanla Britaniya Hindistanı arasında 1893-cü ildə müəyyənləşdirilmiş sərhəd Britaniya imperiyasının maraqlarına cavab verirdi. Bu gün isə puştun tayfalarının yaşadığı regionu yarıya bölən, bölgənin köklü əhalisini iki yerə ayıran bu sərhəd Əfqanıstanla Pakistan arasında ciddi sosial-iqtisadi problemlərə yol açır. Bu sərhəd zonası terrorçu qruplaşmaların məskəninə çevrilib, bu isə gərginlik yaradır, qonşular arasında düşmənçiliyin bitməsinə imkan vermir.
Dürand xətti şimalda Pamirdən cənubda Ərəb dənizinədək uzanaraq, 2430 kilometri əhatə edir. Şimalda qarla örtülü dağlardan başlayan sərhəd məhsuldar torpaqlardan keçərək, quraqlıq, qeyri-məhsuldar cənub rayonlarında bitir. Bu sərhəd qarşıdurmasının səbəbi onun yerli etnik tayfaları deyil, müstəmləkəçi fövqəldövlətlər tərəfindən demarkasiya olunmasıdır. Belə bir vəziyyətdə əslində, heç kim onun toxunulmaz olduğunu iddia edə bilməz. XIX əsrin imperiyalar dövrünün razılaşması bu gün ciddi təməl ola, müasir reallıqlara cavab verə bilmir. Bundan başqa, Pakistan və Əfqanıstanın əksər yüksəkrütbəli məmuru nəinki müstəmləkə irsindən imtinanı vacib sayır, müasir beynəlxalq hüquqa da tənqidi yanaşır. Onlar sonuncunu Qərbin konsepsiyası kimi qiymətləndirirlər.
Qeyri-sabit region
Yeni sərhəd münaqişəsi bölgədə regional oyunçulardan birinin zəifləməsi, digərinin güclənməsi prosesi ilə eyni vaxta təsadüf edib. Bu dəfə insidentə Əfqanıstan hərbçilərinin Pakistan postlarını güllə-baran edən «Təhrik-ə Taliban Pakistan» hərəkatının yaraqlılarına atəşlə dəstək verməsi səbəb olub. Əfqanıstan Müdafiə Nazirliyinin rəsmisi Enayatulla Xovaraxmi bildirib ki, atəşə tutulan ərazilər Pakistan hökumətinin nəzarətində olsa da, Kabil oranı Pakistan torpağı saymır.
«Təhrik-ə Taliban Pakistan» qruplaşması Pakistan üçün xüsusi təhlükə yaradır. İslamabad onun Əfqanıstanda sığınacaq tapdığını bildirir. Qruplaşmanın hədəfi Pakistanda konstitusion quruluşu dəyişmək və Əfqanıstan hökumətinə bənzər hakimiyyət qurmaqdır.
İslamabad «Təhrik-ə Taliban Pakistan»ın infrastrukturunu məhv etmək, onun müqavimətini qırmaq üçün illərdir əlindən gələni etsə də, nəinki məqsədinə çata bilmir, hətta vəziyyət ildən-ilə daha da qəlizləşir. Təşkilatın silahlıları Əfqanıstanın əlçatmaz dağlıq ərazilərində gizlənərək, xüsusilə son illər əfqan tərəfinin də dəstəyi ilə ciddi infrastruktur yaradıb, lazımi silah-sursatla, kommunikasiya sistemləri ilə təchiz olunublar.
Pakistan Müdafiə Nazirliyindəki mənbələr bildirirlər ki, hərbçilər zərbələri Əfqanıstanın onların Cənubi Vəziristan dairəsilə həmsərhəd olan Pəktiya əyalətinə endiriblər. Zərbələr terror təşkilatı yaraqlılarının mümkün mövqelərinə endirilib. Lakin «Taliban» hökuməti İslamabadı qadın və uşaqlar da daxil olmaqla, ən azı 46 dinc sakinin ölümündə günahlandırır.
Əfqanıstan hökuməti «qisas» vəd edib və artıq Yeni il ərəfəsində «Taliban» Dürand xətti yaxınlığında «bir neçə nöqtəyə» zərbələr endirdiklərini bildirib.
İndi qarşılıqlı atışma səngiyib və belə bir vəziyyətdə ortaya bir sual çıxır: iki qonşunun münasibətləri necə inkişaf edəcək və sərhəddə yeni gərginlik gözləmək olarmı?
Maraqlıdır ki, Pakistan onilliklər ərzində Əfqanıstanda ilk dəfə 1996-cı ildə hakimiyyətə gəlmiş «Taliban» hərəkatının himayədarı sayılıb. Hesab olunub ki, İslamabad sığınacaq verdiyi, maddi və diplomatik dəstək göstərdiyi bu qruplaşmaya ciddi təsir imkanlarına malikdir.
Bumeranq effekti
2000-ci illərin əvvəllərində ABŞ-nin Əfqanıstana girməsi ilə «Taliban»ın bir çox lideri məhz Pakistana sığınmışdı. Amerikanın Pakistanla həmsərhəd rayonlara endirdiyi dron zərbələri fonunda 2007-ci ildə peyda olmuş «Təhrik-ə Taliban Pakistan»a isə tez-tez «Pakistan Talibanı» da adlandırırdılar.
Əfqanıstanın «Taliban» hərəkatı ilə ümumi ideoloji əlaqələrinə baxmayaraq, «Təhrik-ə Taliban Pakistan» Pakistan dövlətinə qarşı sərt kampaniyaya başlamış, sonralar Pakistan hərbçiləri qruplaşmaya qarşı bir neçə əməliyyat keçirmiş, nəticədə, onun bir çox lideri Əfqanıstana qaçmışdı. Belə bir vəziyyətdə Əfqanıstan «Taliban»ının 2021-ci ildə Kabilə nəzarəti ələ götürdüyü vaxt Pakistan «Təhrik-ə Taliban Pakistan»ın fəaliyyətinə son qoymaq üçün köhnə əlaqələrindən istifadə edə biləcəyini düşünürdü. Lakin Pakistana hücumların yenidən artması bu cəhdlərin də nəticə vermədiyini göstərir.
Bəzi analitiklərin fikrincə, Əfqanıstan talibləri «Təhrik-ə Taliban Pakistan», həmçinin İŞİD-in filialı sayılan «Vilayət Horasan» kimi qruplaşmalarla mübarizədə ciddi çətinliklərlə üz-üzə qalıb. Belə bir ehtimal da var ki, qarşıdurmanın «közərməyə» davam etməsi hər iki hökumətin işinə yarayır. Halbuki bəzi dairələr bunun getdikcə daha da qızışaraq, açıq münaqişəyə çevrilə biləcəyini belə, istisna etmir. Hazırda tərəflərdən heç biri açıq savaşa getmək iqtidarında deyil. Qarşılıqlı zərbələr isə sanki qırmızı xətlərin müəyyənləşdirilməsi, qarşıdakı dövrdə danışıqlar çərçivəsinin formalaşdırılması üçün özünəməxsus dialoq vasitəsidir.
Son aviazərbələr Pakistanın Əfqanıstandakı xüsusi nümayəndəsi Məhəmməd Sadiqin Kabildə yüksək rütbəli məmurlarla görüşdüyü vaxta təsadüf edib. Son iki ildə tərəflər arasında diplomatik səviyyədə intensiv dialoq gedir. Bu çərçivədə Pakistanın müdafiə naziri və Qurumlararası Kəşfiyyat İdarəsinin (ISI) rəisi ötən ilin fevralında Kabilə səfər də ediblər. Əfqanıstanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Əmin Xan Muttaki isə İslamabada yollanaraq, Pakistan ordusunun Ali Baş Komandanı general Asim Munir ilə danışıqlar aparıb.
Lakin həmsərhəd bölgədə sabitliyə nail olunması istiqamətində göstərilən ciddi cəhdlər nəticə vermir. Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk 10 ayında sərhəd bölgəsində baş vermiş 1500-dən artıq insident ən azı 924 nəfərin həyatına son qoyub. Onlar arasında hüquq mühafizə orqanlarının 570 əməkdaşı və 351 dinc sakin də var.
Pakistanın Münaqişələrin Araşdırılması və Təhlükəsizlik İnstitutu ötən il «Təhrik-ə Taliban Pakistan» tərəfindən ölkə ərazisinə 856 hücumun edildiyini bildirir, bunun 2023-cü illə müqayisədə xeyli çox olduğunu (645) vurğulayır. Yəni faktiki olaraq, biz Əfqanıstanla Pakistan arasında gizli sərhəd müharibəsinin şahidiyik və bu münaqişə nəticəsində həlak olanların sayı gündən-günə artır.
Böyük müharibə olmayacaq
Sərhəd gərginliyinin qarşısını alan amillərdən biri kimi, Əfqanıstan taliblərinin beynəlxalq birliyin gözündə legitimlik qazanmaq istəyini də göstərmək olar. Belə ki, Pakistanla münaqişə Kabilin yeni hökumətinin təcavüzkarlığı kimi qiymətləndirilə, onun terrorçu hökumət imicini daha da gücləndirə bilər.
Məlum olduğu kimi, Əfqanıstan Pakistanın əsas müttəfiqi olan Çinlə daha sıx əlaqələr qurmağa çalışır. Onu cənub qonşusu ilə münasibətlərdə daha ehtiyatlı davranmağa vadar edən amillərdən biri də məhz budur.
Aydındır ki, raket atəşi, aviazərbələr bu münaqişəyə son qoya bilməz. Barışığa aparacaq yollardan biri İslamabadın Əfqanıstanla bağlı «strateji dərinliklər» doktrinasına yenidən baxması ola bilər. Pakistan hərbçiləri tarixən Əfqanıstana təsir imkanlarını qoruyub saxlamağa çalışıb, bunun üçün isə oradakı silahlı qruplaşmalara himayədarlıq ediblər. Hesab olunur ki, Pakistan Əfqanıstana təsir imkanlarını əlində saxlamaqla, ənənəvi düşməni olan Hindistana təsir rıçaqlarına malik olmağı hədəfləyir.
Lakin Pakistanın Hindistana qarşı «Təhrik-ə Taliban Pakistan» kimi qruplaşmalardan istifadəsi bumeranq effekti verib və indi o, vaxtilə fəaliyyətini təşviq etdiyi qüvvələrin hədəfinə çevrilib. Lakin İslamabadın Əfqanıstana Hindistanla rəqabətdə alət kimi yanaşması onun əfqanlar arasındakı əvvəlki nüfuzundan məhrum edir. Belə bir vəziyyətdə, Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Zəhra Beluc qarşıdurmanı yumşaltmaq üçün sosial şəbəkələrdə eskalasiyanı İslamabadın artırdığına dair yazılanları inkar edib. O, ölkəsinin hərbi əməliyyatlar zonasını genişləndirdiyinə dair iddialarla da razılaşmayıb. Beluc bildirib ki, Pakistan Əfqanıstan da daxil olmaqla, bütün qonşuları ilə dost münasibətlərində olmağı arzulayır. «İslamabadla Kabil arasında dialoq davam edir», - deyə XİN rəsmisi qeyd edib. Əfqanıstan təhlükəsizlik qüvvələrinin Dürand xətti vasitəsilə hücumu haqda sualı cavablandıran Beluc deyib: «Biz Əfqanıstan hökuməti ilə ikitərəfli münasibətlərin bütün aspektləri üzrə dialoqu davam etdiririk. Buraya sərhəddəki vəziyyət də daxildir».
İki ölkə sərhədində ötən ilin sonlarında baş vermiş hava hücumlarına gəlincə, XİN rəsmisi Pakistan ordusunun buna yalnız terror təhdidini önləmək üçün əl atdığını söyləyib: «Pakistan ərazisinə soxulmağa çalışacaq istənilən terrorçu cavabını alacaq. Bizim qüvvələrimiz suverenliyimizi qorumaq gücündədir».
MƏSLƏHƏT GÖR: