
DAVAMI VAR…
Trampın Kanda, Qrenlandiya və Panama kanalı ilə bağlı şok fikirləri nə qədər realdır?
Müəllif: Samir VƏLİYEV
Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp ötən ilin sonlarında Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilə biləcəyi haqda bəyanatı ilə hamını şoka salıb. Məlumdur ki, bu bəyanat ən çox Kanadanın özünü narahat edib.
Amma Amerikanın yeni administrasiyasının marağı Kanada ilə məhdudlaşmır. ABŞ mətbuatının məlumatına görə, Tramp Panama kanalı və Qrenlandiyanın nəzarətə götürülməsi imkanlarını da nəzərdən keçirir.
Kanada və ya Qrenlandiyanın ələ keçirilməsi ssenarisi, təbii ki, açıq müharibəyə və ciddi fəsadlara yol açardı. Bu gün bu ehtimal, əlbəttə ki, çox azdır. Lakin Donald Trampın ictimaiyyəti sözün əsl mənasında heyrətləndirmiş bu bəyanatı Birləşmiş Ştatlarda hansısa dairələrin qeyd olunan ərazilərə nəzarət arzusu ilə yaşadığını göstərir. Bu siyasi dairələr, yəqin ki, hazırda ciddi müzakirə mövzusu olan beynəlxalq təhlükəsizlik ststeminin tam dağılacağı təqdirdə qeyd edilən ssenarinin həyata keçirilməsini mümkün sayır.
Beynəlxalq münasibətlərdəki eroziya, ayrı-ayrı ölkələrin qonşularının ərazisinə iddiaları sonda dünya xəritəsinin yenidən biçilməsilə nəticələnə bilər. Belə vəziyyətdə ABŞ, əlbəttə ki, öz maraqlarından çıxış edəcək və prinsipcə, o, artıq mövqeyini ictimai rəyə yeritməklə, bunu edir.
Yeni seçilmiş prezident Tramp bu haqda danışarkən, yəqin ki, Luiziananın satın alınması və ya Alyaskanın Rusiyadan ayrılmasına dair razılaşma miqyasında bir gediş haqda düşünür.
Tramp vs Trüdo
Bu mövzuların hərəsinin öz, bir-birindən fərqlənən genezisi var. Məsələn, Kanadaya iddianın əsasında ABŞ Prezidenti Tramp ilə Kanadanın baş naziri Castin Trüdo arasındakı maraqlar toqquşması da dayana bilər. Tramp hələ bir neçə həftə əvvəl Trüdo ilə görüşündə bildirmişdi ki, Ottavanın qeyri-leqal miqrasiya və narkotik qaçaqmalçılığı problemini çözə bilməyəcəyi təqdirdə Kanada ABŞ-nin 51-ci ştatı ola bilər. Bu bəyanat Kanadanın baş nazirinin reytinqini kəskin şəkildə itirməsi, parlamentdə ona etimad məsələsinin gündəmə gəlməsi ilə nəticələnib. Bu təşəbbüslə ölkənin Yeni Demokratiya Partiyasının lideri Caqmit Sinqx çıxış edib. Əvvəllər Trüdoya qarşı loyallığı ilə seçilən siyasətçi 2025-ci ildə partiyasının hökumətin istefaya göndərilməsinə səs verəcəyini bildirib.
Trampla Trüdonun münasibətləri hər zaman pis olub. Donald Tramp hələ ilk prezidentliyi dövründə Kanadanın baş nazirini dəfələrlə sərt tənqid edib. Ağ Ev sahibini ən çox onun ABŞ-yə münasibətdə yürütdüyü gömrük siyasəti qıcıqlandırırdı. Məsələ o yerə çatmışdı ki, «Böyük yeddilik» ölkələrinin Ottavanın ev sahibliyi ilə keçirilən sammitində Donald Tramp Trüdonu yalançılıqda ittiham etmiş, ABŞ-nin toplantının yekun kommünikesini imzalamayacağını bildirmişdi.
«Castinin mətbuat konfransında səsləndirdiyi yalan bəyanatlara, həmçinin Kanadanın Amerika fermerləri, işçiləri və şirkətlərinə yüksək tariflər tətbiq etməsinə görə nümayəndələrimizə kommünikeni qəbul etməmələrini tapşırmışam», - deyə Ağ Ev sahibi o zaman bildirmişdi: «Castin Trüdo bizim G7 çərçivəsindəki görüşümüz zamanı özünü ona görə mülayim, yumşaq aparırdı ki, mənim gedişimdən sonra mətbuat konfransı keçirərək «ABŞ rüsumlarının təhqir olduğunu», «onunla belə rəftar olunmasına imkan verməyəcəyini» söyləsin. Bu, çox yanlışdır, zəiflikdir. Bizim rüsumlarımız süd məhsullarına (ABŞ-dən) tətbiq olunmuş 270%-ə (tarif) cavabdır».
Bu bəyanatdan bir ay sonra Tramp Trüdonun BMT Baş Assambleyasında təkbətək görüş təklifini rədd etmiş, bunu azad ticarətlə bağlı Şimali Amerika razılaşmasına dair danışıqların çətin getməsi, Vaşinqtonun müzakirələrdə qarşı tərəfdən iştirak edən nümayəndələrdən razı olmaması ilə əsaslandırmışdı.
Bu da son deyil. Tramp 2019-cu ilin dekabrında Trüdoya Kanada İctimai Teleradio Şirkətinin onun «Evdə tək-2: Nyu-Yorkda unudulmuş» filmindəki epizodik rolunu kəsmək niyyətinə görə sataşmaq qərarına gəlmişdi. Həmin filmdə epizodik rola çəkilmiş Tramp «Nyu-York Plaza Hotel»də aktyor Makoley Kalkinlə söhbətləşir.
Medianın məlumatına görə, prezident Floridadakı Mar-a-Laqo iqamətgahında dincələrkən «Twitter»də belə bir paylaşım etmişdi: «Güman edirəm ki, Castini NATO və ya ticarətə görə ödənişə məcbur etməyim onun xoşuna gəlmir! Film heç zaman əvvəlki kimi olmayacaq! (Zarafat edirəm)».
ABŞ-də 2020-ci ildə keçirilmiş prezident seçkisində Trampın rəqibi Co Bayden qalib gəldikdə Trüdo seçkinin nəticəsini sevincək şəkildə alqışlayan siyasətçilər sırasında yer alıb. Bayden Castin Trüdonun ən sıx əlaqələr qurduğu prezidentlərdən idi. Son seçkidə də baş nazir əvvəlcə Bayden, daha sonra isə vitse-prezident Kamala Harrisə, demək olar ki, açıq dəstək verib. Bütün bunları Tramp da yaxşı bilirdi və belə halda Birləşmiş Ştatların 47-ci (45-ci) prezidentinin xarakterinə bələd olanlar ondan fərqli münasibət gözləyə bilməzdi.
Bəlkə də Trüdonun hakimiyyətdə qalmasının Kanadanın xarici və daxili siyasəti üçün mənfi nəticələr verəcəyini deyərək onun vaxtından əvvəl istefaya getməsi məsələsini qaldıranlar elə bu məqama əsaslanıblar. Yeri gəlmişkən, belə mövqedə olanlar arasında baş nazirin müttəfiqləri də yer alıb. Trüdo da yəqin ki, bu reallığa müqavimət göstərməyin mənasız olduğunu anladığı üçün yanvarın 6-da hakim Liberal Partiyanın rəhbərliyindən istefa verib. O, liberalların yeni lider seçməsinədək hökumətin başında qalacağını bildirib. Beləliklə, Kanada tarixinin daha bir səhifəsi, demək olar ki, Trampın sayəsində çevrilib.
Qrenlandiya xəyalları
Son zamanlar Tramp Qrenlandiya və Panama kanalının Birləşmiş Ştatların milli təhlükəsiziyi üçün həyati əhəmiyyət daşıdığı haqda çox danışmağa başlayıb. Bununla yanaşı, o, Panama kanalına nəzarətin geri qaytarılması və Qrenlandiyanın Danimarkadan alınmasına açıq çağırışlar da edir.
Maraqlıdır ki, bu iki coğrafi nöqtəni birləşdirən məqam var. Onların hər ikisi iqlim dəyişikliklərinin fəsadları ilə ciddi şəkildə üz-üzə qalıb, bu isə beynəlxalq gəmiçilik və ticarət üçün problemlər yaradır.
Qlobal istiləşmə nəticəsində son 30 ildə Qrenlandiyada buzlaq örtüyü və buzlaqların təxminən 30 min kvadrat kilometri əriyib. Bu, ərazisinə görə Amerikanın Massaçusets ştatından böyükdür. Qrenlandiyanın buzlaq örtüyü tam əriyərsə, bu, dəniz səviyyəsinin 7 metr qalxmasına səbəb ola bilər.
Bununla yanaşı, Qrenlandiyada buzlaqların əriməsinin neft və qaz quyularının qazılması, həmçinin çox vacib metalların çıxarılması üçün yeni ərazilərin yaranmasına yol aça biləcəyi də deyilir. Bu isə artıq dünyanın diqqətini çəkir və ekoloji zərərlə bağlı narahatlıq yaradır.
Qrenlandiyaya nəzarət ABŞ-yə Arktikada mövqeyini gücləndirmək imkanı da yaradacaq. Məlum olduğu kimi, onun uğrunda illərdir mübarizə ən kəskin şəkildə davam edir. Bu mübarizədə Arktika dövlətləri ilə yanaşı, Çin və Yaponiya kimi qeyri-region dövlətləri də yer alır.
Arktika Şurasının hesabatına əsasən son onillik ərzində dəniz buzunun qalınlığının və ərazisinin kiçilməsi nəticəsində Arktikada gəmiçiliyin intensivliyi 37% artıb. Arktika ilə yeni marşruta böyük maraq göstərən Çin ilə Rusiya 2024-cü ilin noyabrında bu bölgədə gəmi yollarının inkişafı üzərində birgə işləmək haqda razılığa gəliblər. Belə bir şəraitdə bölgədə buzlaqların əriməsinin davam etməsi Arktikanı qlobal əhəmiyyətli vacib nəqliyyat marşrutuna çevirəcək yeni ticarət yollarının açılması ilə nəticələnə bilər.
ABŞ-nin yeni administrasiyasının Qrenlandiya ilə bağlı hədəflərinin ciddiliyini Danimarka tərəfinin məsələyə reaksiyası da təsdiqləyir. Belə ki, Kopenhagen yanvarın əvvəlində krallığın gerbinin dəyişdirilməsi haqda qərar qəbul edib ki, bu da Trampın Qrenlandiya iddiası ilə birbaşa bağlı ola bilər. Danimarkanın əvvəlki krallıq gerblərində 500 il ərzində Danimarka, Norveç və İsveç arasındakı Kalmmar İttifaqının (1397-1523) rəmzi sayılan üç tac yer alıb. Yeni versiyada mərkəzdəki qalxanın üçüncü dairəsindəki taclar yığışdırılıb. Onların əvəzinə ikinci və üçüncü dairələrə böyük ağ ayı və qızılı qoç şəkli həkk olunub. Söhbət müvafiq olaraq, Qrenlandiya və Ferer adalarının gerblərində də əks olunmuş rəmzlərdən gedir.
Arzuların Panama üfüqü
İqlim dəyişiklikləri Vaşinqtonda yalnız Qrenlandiyaya marağı artırmır. Trampın Panama kanalına marağı da yəqin ki, eyni səbəbdəndir. Məlum olduğu kimi, kanal gəmiləri Cənubi Amerikanın cənubundakı Horn burnundan keçməkdən, başqa sözlə, minlərlə kilometr artıq yol getməkdən xilas edir. Lakin 2023-cü ildə uzun sürən quraqlıq kanalda gəmiçiliyə ciddi problemlər yaradıb. Kanalın əsas su ehtiyatı olan Gatun gölündə suyun səviyyəsi tarixi minimuma enib və hökumət gölün şirin suyunu qoruyub saxlamaq üçün gəmiçiliyin intensivliyini azaldıb. Nəticədə, kanaldan keçmək üçün həftələrlə növbə gözləyən gəmilərin sayının sürətlə artması tədarük zəncirində domino effekti təhlükəsi yaradıb.
Alimlər bildirirlər ki, yaranmış vəziyyətin əsas səbəbi El-Ninyo trans-Atlantik axınındakı dəyişiklikdir. Onların fikrincə, iqlim dəyişikliyi quraqlıq dövrünü uzada və regionda hərarətin artmasına səbəb ola bilər. Odur ki, kanalın idarəçiləri göldə şirin suyun lazımi səviyyəsini təmin etmək üün 1,6 milyard dollarlıq layihə təklifi irəli sürüblər. Layihə yaxınlıqdakı İndio çayında bəndin inşasını nəzərdə tutur. Amma bu, çətin ki problemi həll etsin. Məsələ ondadır ki, kanalın şlüzlər sistemi dəniz səviyyəsinin artması üzündən ciddi təhlükə ilə üz-üzə qalıb. Bu, sonda daşqına, sahilin su altında qalmasına səbəb ola bilər. Belə bir şəraitdə Panama hökuməti kanalın fəaliyyətinə görə artan xərcləri öz üzərinə götürmək məcburiyyətində qalacaq. Ölkənin maddi vəziyyətini nəzərə alsaq, zamanla bunu etmək daha da çətinləşəcək. Belə bir vaxtda qeyd olunan təşəbbüslə çıxış edən Tramp bu xərcləri ABŞ-nin qarşılaya biləcəyinə eyham vurur.
Amma Trampın arzularının gerçəkliyə çevrilməsinə ciddi maneələr var. Panama Prezidenti Xose Raul Mulino Ağ Ev sahibi ilə kanala nəzarət məsələsini müzakirə etmək fikrində olmadığını bildirib. Qrenlandiyanın baş naziri Mute Eqede isə deyib ki, Danimarkanın muxtar ərazisi olan bu ada «satılmır və heç zaman satılmayacaq».
Panama və Qrenlandiya rəhbərliyinin baş verənlərə reaksiyası tamamilə gözlənilən idi. Vacib olan başqa məqamdır. İddialar hansısa başqa şəxslər yox, şəxsən ABŞ Prezidenti tərəfindən irəli sürülüb. O isə vəzifəsinin icrasına hələ yeni başlayır. Demək, xəmir hələ çox su aparacaq.
MƏSLƏHƏT GÖR: