12 Mart 2025

Çərşənbə, 08:25

YARDIM ƏLİ

Bakı Ankara ilə birlikdə Suriyada humanitar diplomatiya həyata keçirir

Müəllif:

15.01.2025

Azərbaycan Suriyaya humanitar yardım göndərib – 200 ton ərzaq. Hələlik bu ölkədə təhlükəsizliklə bağlı vəziyyət yüklərin oraya hava yolu ilə göndərilməsinə imkan vermədiyindən, yardım oraya quru yolu ilə çatdırılıb.

Suriyada Əsəd rejiminin devrilməsidən dərhal sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət zamanı bildirilib ki, Bakı Suriyanın humanitar problemlərinin həllində qardaş Türkiyə ilə birgə fəaliyyətə hazırdır. Vətəndaş müharibəsinin viran qoyduğu ölkədə humanitar problemlərin nə qədər olduğunu söyləməyə isə yəqin ki, ehtiyac yoxdur.

Analitiklər əmindirlər ki, ərzaq yardımının göndərilməsi bu istiqamətdə atılmış yalnız ilk addımdır. Perspektivdə azərbaycanlı mütəxəssislər Suriya ərazisində minaların və partlamamış sursatların zərərsizləşdirilməsi işinə də cəlb oluna bilərlər. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsindən sonra ANAMA minatəmizləmə agentliyi bu sahədə ciddi təcrübə toplayıb. Suriyada Azərbaycanın şəhər və kəndlərinin sıfırdan bərpası təcrübəsindən istifadə olunması da mümkündür. Bütün bunlar üçün isə əsas şərt, əlbəttə ki, yeni hökumətin əsas problemin həllinə nail olmasıdır. Söhbət ölkədə sabitliyin bərpasından gedir. Yeni hökumətin bu istiqamətdə atdığı ilk addımların ümidverici olduğunu söyləyə bilərik.

 

Azərbaycanın humanitar taktikası və Avropa İttifaqının qərəzi

Azərbaycan Suriyada yeni dövlət sistemi quruculuğunun başa çatmasını, daxili və xarici siyasətin parametrlərinin, detallarının müəyyənləşdirilməsini və s. gözləməyi lazım bilməyib. Bu, Bakı ilə Avropanın davranışı arasındakı ən ciddi fərqdir. Xatırladaq ki, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallas ötən il dekabrın ortalarında dünya birliyini sözün əsl mənasında çaşbaş qoymuşdu. O, «Le Figaro» qəzetinə müsahibəsində demişdi: «Avropa tərəfindən xüsusilə humanitar sahədə yardım (Suriyaya) qeyd-şərtsiz göstərilməyəcək». Kallas demişdi ki, bunun üçün Aİ Suriyada «vətəndaş müharibəsinin, radikallığın, çoxsaylı etnik azlıqlara qarşı ayrı-seçkiliyin, həmçinin qisas və repressiya aktlarının olmayacağına inanmalıdır». Belə olduğu təqdirdə, ciddi qeyri-müəyyənlik yaranır: Brüssel «inanmaq» üçün nə qədər gözləməyi düşünür? O, vətəndaş müharibəsinin viran qoyduğu ölkənin humanitar yardıma hansısa qeyri-müəyyən gələcəkdə deyil, indi, bu gün ehtiyac duyduğunu anlayırmı? Məlumdur ki, Aİ ayrı-ayrı dövlətlərə xüsusilə «insan haqları», «demokratiya» və s. sahələrdə müxtəlif xırdaçı, ağlasığmaz irad bildirmək təcrübəsinə malikdir. Bu dəfə Brüssel özünü elə aparmağa çalışıb ki, guya xanım Kallasın fikirləri düz anlaşılmayıb.

Amma onun ardınca daha bir qalmaqallı bəyanat Almaniyanın xarici işlər naziri Annalena Berbokdan gəlib. Onun sözlərindən belə məlum olub ki, Suriyada qadınlara hüquq bərabərliyi verilməzsə, Berlin bu ölkəyə yardım göstərməyəcək. Almaniyanın «hüquq bərabərliyi» dedikdə nəyi nəzərdə tutduğu isə aydın deyil.

Baş verənlər fonunda Azərbaycan Suriya qarşısında hər hansı şərt qoymur, yeni hökuməti sınamağa çalışmır. Bakı daxili siyasətə aid tələblər irəli sürərək vəziyyəti daha da qəlizləşdirməkdənsə, yardıma ciddi ehtiyac duyan insanlara dəstək verməyi doğru sayır.

 

Humanitar yardımdan böyük diplomatiyayadək

Bakı Suriya istiqamətində fəaliyyətini humanitar yardımla məhdudlaşdırmağı düşünmür. O, bu ölkədə vətəndaş müharibəsinin başlamasından sonra qapadılmış səfirliyinin fəaliyyətini bərpa etməyi də düşünür. Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatı üzvləri, istərsə də qoşulmama prinsipini əsas tutan dövlətlərlə münasibətlərin inkişafına böyük diqqət ayırır və ümumiyyətlə, öz xarici siyasətini qlobal səviyyəyə yüksəltməyə çalışır.

Ekspertlər Azərbaycanın Suriyaya investisiya yatıra biləcəyini də deyirlər. Azərbaycan artıq Gürcüstan və Türkiyə kimi ölkələrin iqtisadiyyatında əsas investorlardandır.

Suriyanın isə öz xüsusiyyətləri var. Azərbaycan bu istiqamətdə qardaş Türkiyə ilə sıx əlaqəli şəkildə işləyir və bu, çoxları üçün gözlənilməz olub.

«Soyuq müharibə» illərində Suriya SSRİ-nin müttəfiqi olub, onun ata Əsədin rəhbərlik etdiyi hakimiyyəti isə panərəbizm və «ərəb sosializmi» ideyasından çıxış edib. SSRİ-nin dağılmasından sonra estafeti resursları daha az olan Rusiya ələ alıb. Kreml Suriya problemi ilə bir də 2010-cu ildən məşğul olmağa başlamışdı. Lakin bu vaxtadək artıq qüvvələr nisbəti dəyişmişdi. Suriya indi İranın planlarında əsas yeri tuturdu. Əsədlər ailəsi islamın şiəliyə yaxın olan ələvi məzhəbinə aiddir. Tehran Suriyanı öz dini-siyasi layihəsinə daxil etməsi üçün bunu kifayət sayıb. Bununla yanaşı, bu ərəb ölkəsinin strateji əhəmiyyəti İranı məsələnin dini tərəfindən daha çox maraqlandırırdı. Qonşuluqda İranın ən güclü «proksi»si olan «Hizbullah»lı Livan, yanında isə İsraillə qonşu olan Suriya. Beləliklə, Tehran «islam inqilabı keşikçiləri»nin Əsədin hakimiyyətinə dəstək verməsi müqabilində bu ölkənin ərazisində öz hərbi baza və anbarlarını yaratmışdı.

Lakin Bəşər Əsədin devrilməsi ilə Tehran bu vacib müttəfiqini, qiymətli əməliyyat meydanını itirib. Yaxın Şərqin xüsusiyyətini nəzərə alsaq, bu, İran üçün həm də ciddi imic itkisidir. Belə çıxır ki, Tehran Əsədi öz hərbi güvvəsi ilə  saxlamağı bacarmayıb. İranın ali dini lideri ayətolla Əli Xamenei, əlbəttə ki, Suriya xalqını «üsyan»a, yəni Əsəd rejimini bərpa etməyə səsləyə bilər. Lakin sağlam düşünən siyasətçilər və ekspertlər İranın Suriyaya təsir sisteminin çökdüyünün fərqindədirlər.

Belə bir vəziyyətdə İran mollakratiyasındakı bəzi dairələr Suriyanın yeni hakimiyyəti ilə Azərbaycanın fəal şəkildə körpülər qurmasını həzm edə bilmir. Ekspertlər İranın dini liderinin Ərdəbildəki nümayəndəsi, ayətolla Seyid Həsən Amelinin son «hücum»larını məhz bununla əlaqələndirirlər. Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələrin işlədildiyi dini-siyasi mərasimin əsas siması məhz o idi. Bakının buna reaksiyası özünü çox gözlətməyib və kifayət qədər sərt olub. Hətta İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə də çağırılıb. Tehran Amelinin açıqlamalarını boynundan atmağa çalışıb. Amma bu, kifayətdirmi?

 

«Azərbaycana qarşı ədalətsizlik»

Artıq qeyd olunduğu kimi, Bakının Dəməşqə bağlı planları humanitar yardımla məhdudlaşmır. İndi Azərbaycan bu ərəb ölkəsindəki səfirliyinin bərpası məsələsini də müzakirə edir. Dəməşq də öz növbəsində, Bakı ilə yaxınlaşmağa köklənib. Suriya hökumətindəki mənbənin ərəbdilli «ArabAZ» nəşrinə açıqlamasını yada salmaq kifayətdir: «Suriya Azərbaycanla münasibətlərə böyük önəm verir. Əsədin hakimiyyəti dövründə Azərbaycana qarşı baş vermiş ədalətsizlik Suriya xalqının Azərbaycan xalqına münasibətini əks etdirmir».

«Əsəd dövründə Azərbaycana qarşı ədalətsizlik» mövzusu ortaya əbəs yerə çıxmayıb. Hələ Hafiz Əsədin hakimiyyəti dövründə Suriya Ermənistanla hərbi sahə də daxil olmaqla, müxtəlif istiqamətlərdə kifayət qədər sıx münasibətlər qurub. Hələ Birinci Qarabağ müharibəsi zamanı suriyalı yaraqlıların Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşduğuna dair çoxsaylı məlumatlar var idi. Bu, bəlkə də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Suriya ermənilərindən olmasından da irəli gəlirdi. O, Hələbdə doğulub. İki ölkə arasında hərbi əlaqələrin əsas hissəsi isə həmin illərdə Suriyanın protektoratı olan Livan hökuməti vasitəsilə həyata keçirilib.

Vaxtilə Bəşər Əsədin hakimiyyətə gəlişi ilə vəziyyətin dəyişəcəyinə müəyyən ümidlər var idi. Hər halda, yeni prezident Londonda təhsil almışdı və onun ölkəsini müasirləşdirəcəyi, qonşularla münasibətləri normallaşdıracağı gözlənilirdi. Hakimiyyətinin ilk illərində Bəşər Əsədin bu istiqamətdə müəyyən addımlar atdığını da görmək mümkün idi. Sanki o, Ankara ilə münasibətlərdə «buzları əritməyə» də başlamış, Hatayı Türkiyə əyaləti kimi tanımışdı. Məhz bu dalğada Bəşər Əsəd 2009-cu ildə Azərbaycana səfər də etmişdi.

Lakin sonda ümidlər doğrulmadı. Tezliklə məlum oldu ki, Dəməşqin kabinetlərində portret dəyişsə də, siyasət dəyişməyib. Bu, Türkiyə-Azərbaycan siyasətinə də aiddir. Məsələn, 44 günlük müharibə zamanı Suriyadan Ermənistana yardım üçün «könüllülər»in göndərildiyinə dair xəbərlər bir-birini əvəzləyirdi. İşğal altında olan Qarabağda qeyri-qanuni məskunlaşdırılmış insanların böyük bir hissəsi də məhz Suriyadan gəlmişdi. Üstəlik, onların əksəriyyəti keçmiş yaraqlılar idilər. Formal olaraq, buna görə sanki Bəşər Əsəd rejimi məsuliyyət daşımırdı. Amma reallıqda Suriyada hakimiyyətin razılığı olmadan belə köçün təşkili mümkünsüz idi.

Bundan başqa, Suriyada vətəndaş müharibəsinin getdiyi illərdə Əsədin hökumət dəstələrində İran xüsusi xidmət orqanlarının ələ aldığı gənc oğlanlar «hərbi sınaq»dan keçirilirdi. Bu tranzitin təşkili ilə məşğul olanlar arasında «məşhur» Tohid İbrahimbəyli də var idi. Məlumdur ki, 2018-ci ilin iyulunda Gəncə Şəhər İcra Hakimiyyəti başçısını güllələyərək şəhərdə iranpərəst qiyama nail olmaq istəyən Yunis Səfərovun da Suriyaya göndərilməsi nəzərdə tutulurmuş…

Beləliklə, Bəşər Əsəd rejiminin devrilməsi ilə əsas müttəfiqini itirən daha bir ölkə Ermənistandır. Suriyanın müxalifət qüvvələrinin yaxınlaşmaqda olduğu Hələbdən erməni diplomatlarının qaçışı isə 44 günlük müharibə zamanı Ermənistan ordusunda yaşanmış fərarilik dalğasını xatırladıb.

Bu gün Suriyanın yeni hökuməti bütün bu hallara son qoyulacağını bildirir. Azərbaycan üçün bu, əlbəttə ki, çox müsbət hal və artıq konkret nəticədir.



MƏSLƏHƏT GÖR:

44