8 Fevral 2025

Şənbə, 23:59

DÖNÜŞ NÖQTƏSİ

Rusiya hökumətinin AZAL-a məxsus təyyarənin qəzaya uğramasındakı məsuliyyətini etiraf etməsi çox uzandı

Müəllif:

15.01.2025

2024-cü il dekabrın 25-i tarixə Avrasiyanın cənubunda siyasi proseslərin inkişafında, xüsusilə də Moskva-Bakı münasibətlərində dönüş nöqtəsi kimi düşə bilər. Başqa sözlə, Bakı-Qroznı reysi ilə uçan təyyarənin faciəvi şəkildə qəzaya uğramasının bir çox siyasi konstruksiyanı ən azı geniş auditoriya arasında dəyişməsi mümkündür.

 

Heyrətləndirici detalla

Dekabrın 25-də Azərbaycanın əsas aeroportu olan Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyası istiqamətində «Embraer 190» təyyarəsi havaya qalxmışdı. Bakı-Qroznı marşrutu üzrə J28243 nömrəli reyslə uçan təyyarədə 62 sərnişin, beş heyət üzvü – iki pilot və üç bələdçi var idi. Bakı-Qroznı reysi ilə uçuş təxminən 1 saat çəkir.

İlk xoşagəlməz hal hələ təyyarənin Qroznıya enməyə hazırlaşdığı zaman baş vermişdi. Şəhərin üzərini qatı duman bürümüşdü və bu halda təyyarələr yalnız cihazların göstəricilərinə əsaslanaraq eniş edir. Amma «Embraer»in pilotları təyyarənin naviqasiya sisteminin sıradan çıxdığını bilirlər. Sonradan məlum olacaqdı ki, həmin vaxt Qroznı aeroportun Ukraynaya məxsus dronların hücumunun qarşısını almağa hazırlaşırmış və bu planın tərkib hissəsi kimi, radioelektron mübarizə sistemləri işə salınıbmış. Bəs pilotların bu haqda məlumatlandırılması? Buna nədənsə ehtiyac duyulmayıb. Pilotların üçüncü eniş cəhdində təyyarənin korpusuna nəsə çırpılıb. Qəzadan sağ çıxmış sərnişinlər və bələdçilərin sonradan bildirdiklərinə görə, zərbə nəticəsində təyyarənin örtüyü deşilib, bir bələdçi və ən azı bir sərnişin yaralanıb…

Baş verənlərin heyrətləndirici detalları sonradan üzə çıxacaqdı. Dronlarla standart mübarizə vasitəsi kimi, radioelektron mübarizə sistemləri işə salınıb, bu isə təyyarənin rabitə və naviqasiya sistemini sıradan çıxarıb. Bundan başqa, dronlara qarşı hava hücumundan müdafiə sistemi də işləyib. Mediaya sızmış məlumatlara inansaq, «Pantsir» HHM sistemi Azərbaycan təyyarəsinin sərnişin təyyarəsi olduğunu anlayaraq, onu «buraxıb», lakin ikinci sistem ona iki raket atıb.

Bir müddət sonra pilotlarla dispetçerlər arasındakı danışığın ayrı-ayrı parçaları da mediaya çıxıb. Lakin bu, vəziyyəti daha da qarışdırır. Bir sözlə, yaxınlıqda Mahaçqala, Mineralnıye Vodı, Nalçik aeroportlarının olduğu halda 800 kilometr uzaqlıqdakı Aktau hava limanına uçuş qərarını kimin verdiyi hələ də məlum deyil… Əksər ekspertlər əmindir ki, bu, sadəcə, Rusiyanın HHM zabitləri və dispetçerlərinin iz itirmək cəhdi olub. Görünür, onlar vurulmuş təyyarənin Aktauya çatmayacağını, dənizə düşəcəyini, bununla da bütün izlərin itəcəyini düşünüblər.

Lakin zədələnmiş təyyarənin pilotları bütün məntiqlərə zidd olaraq, inanılmaz olanı bacarıblar – onlar təyyarəni Xəzərin şərq sahillərinə çatdıra biliblər. Peşəkarlar bunu əsl möcüzə kimi qiymətləndirir. Təyyarə praktik olaraq, idarəolunmaz vəziyyətdə imiş, hidravlika sıradan çıxmış, naviqasiya və rabitə sistemi işləmirmiş… Lakin gəminin kapitanı İqor Kşnyakin və pilot Aleksandr Kalyaninov, həqiqətən, möcüzə yarada biliblər. Məhz onların ustalığı, peşəkarlığı nəticəsində təyyarədə olan insanlardan 29-u sağ qalıb. Pilotlar da daxil olmaqla, 38 nəfər isə həyatını itirib. Onlar, şübhəsiz ki, praktik olaraq, sağ qalmaq şanslarının olmadığını anlayırdılar…

Qəza nəticəsində bir bələdçi də həlak olub – Hökumə Əliyeva son dəqiqələrədək sərnişinlərin yanında olub, onlara ürək-dirək verib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə həlak olmuş heyət üzvlərinə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib, sağ qalmış iki bələdçi isə «Rəşadət» ordeni ilə təltif olunub.

 

Aviasiya və siyasi qəza

Yəqin ki, hansısa nəticəyə gəlmək üçün istintaqın başa çatmasını gözləmək lazımdır. Faciənin siyasi fəsadları isə özünü dərhal göstərib. Prezident İlham Əliyev dekabrın 25-də MDB-nin qeyri-formal sammitində iştirak etmək üçün Sankt-Peterburqa yollanmışdı. Lakin faciənin baş verdiyi məlum olar-olmaz, o, bir nömrəli bortun geri – Bakıya qayıtması göstərişini verib. Dövlət başçısının Rusiya Prezidenti Vladimir Putin ilə baş verənlərlə bağlı ilk telefon danışığı da onda baş tutub və Kreml rəhbəri faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığını çatdırıb.

Bir qədər sonra mətbuatda qəzaya uğramış təyyarənin ilk görüntüləri yayılan zaman onun quyruq hissəsində ciddi zədələrin olduğu görünüb və bu, hava gəmisinin birmənalı olaraq, HHM sistemi tərəfindən vurulduğunu göstərib. Təyyarənin vurulması üçün «Pantsir» zenit-raket kompleksindən istifadə edildiyi ehtimalı irəli sürülüb. Qroznı ətrafında isə söhbət, əlbəttə ki, yalnız Rusiyaya məxsus HHM sistemindən gedə bilər. Buna baxmayaraq, Rusiyanın rəsmi strukturları ortaya müxtəlif versiyalar atmağa başlayıb. Sonradan Azərbaycan Prezidenti bu versiyaları absurd adlandırıb.

Əvvəlcə «Rosaviasiya»nın yaydığı press-relizdə təyyarənin guya quş dəstəsi ilə toqquşduğu bildirilib. Daha sonra «İnterfaks» agentliyi hansısa texniki çatışmazlıqdan danışmağa başlayıb. Rostovun hava hərəkətinin təşkili mərkəzinə istinadən isə ortaya daha bir versiya atılıb: təyyarənin göyərtəsində qaz balonu partlayıbmış… Beləliklə, Moskva məsuliyyətini etiraf etməyə, Azərbaycandan üzr istəməyə və istintaq başlatmağa tələsməyib. Bu isə təbii olaraq, Bakını hiddətləndirib. Azərbaycanın Rusiyanın ünvanına kəskin tonda bəyanatlar səsləndirməsi də məhz bunun nəticəsidir. Bu gün informasiya məkanında Prezident İlham Əliyevin bununla bağlı bir neçə sərt bəyanatına rast gəlmək mümkündür. «Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik», - deyə dövlət başçısı qəzada həlak olmuş ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bildirib.

Bakı hesab edir ki, Rusiya sadəcə, təəssüfünü bildirməklə kifayətlənməməli, məsuliyyətini etiraf etməli, şəffaf araşdırma aparmalı və günahkarları cəzalandırmalıdır. Bununla yanaşı, Moskva zərərçəkənlərin ailələrinə maddi təzminat da ödəməlidir. Söhbət Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun ilk günlərdə təklif etdiyi yardımdan yox, məhz təzminat ödənişindən getməlidir.

Lakin məsələ uzanır, Rusiya üzr istəmir, mətbuatda isə Azərbaycan rəhbərliyinin ünvanına təhqirlərə belə, rast gəlinir. Bakı isə dost ölkə rəhbərliyinin belə davranmasının yolverilməz olduğunu bildirir. Odur ki, indi Azərbaycan qeyd olunan təhqirlərə də reaksiya gözləyir.

 

Bakı-Moskva: bəs sonra?

Qəzadan öncə ekspertlər Bakı ilə Moskvanın yaxınlığından danışırdılar. Həmin günlərdə «günün mövzusu» Prezident İlham Əliyevin rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsi idi. Dövlət başçısı həmin müsahibədə Qərb ölkələrinin Bakıya münasibətini kəskin tənqid etmişdi. Bundan başqa, Azərbaycanla Rusiya arasında hələ 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də imzalanıb. Uzun fasilədən sonra – 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin Bakıya səfər də edib. Belə bir vəziyyətdə İlham Əliyevin Rusiya hökumətinin ünvanına səsləndirdiyi kifayət qədər sərt bəyanatlar çoxlarını heyrətləndirib: Azərbaycan Prezidentindən bunu sadəcə olaraq, gözləmirlərmiş.

Amma baş verənlərin izahı var və o, ortadadır. İlham Əliyevin yürütdüyü siyasət nə qərbpərəst, nə rusiyapərəst, nə avropapərəst və sairdir. O, azərbaycanpərəst siyasətdir. Bakı suverenliyini birmənalı olaraq müdafiə edir, tam müstəqil xarici siyasət yürüdür və kimlərinsə xoşuna gəlmək üçün milli maraqlarından heç bir halda vaz keçmir.

Bu gün Azərbaycan cavab gözləyir: Rusiya HHM sistemini işə salarkən Qroznı üzərində hava məkanını niyə qapatmayıb? Azərbaycan təyyarəsinin pilotlarına «dron əməliyyatı» haqda məlumat nədən verilməyib? Bu, mülki aviasiyada əsas davranış qaydalarıdır. AZAL-a məxsus təyyarəyə münasibətdə bu qaydalara niyə əməl olunmayıb? Bu məqamda susmaq heç də «qızıl» deyil.

Bu davranışın münasibətlərə mənfi təsiri artıq ortadadır. Azərbaycan qəza ilə bağlı araşdırmaların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən aparılmasından imtina edib. Səbəb Bakının onun obyektivliyinə inanmamasıdır. Başqa sözlə, Rusiyaya inam sarsılıb. Hətta çox sarsılıb.

Bəs Moskvanın bu böhrandan qaçmaq şansı var idimi? Yəqin ki. Əgər Azərbaycan təyyarəsinə münasibətdə ümumi təhlükəsiz uçuş qaydalarına əməl edilsəydi, faciə baş verməyə bilərdi. Bunu Prezident İlham Əliyev də dilə gətirib. Bundan başqa, təyyarənin hidravlika sisteminin sıradan çıxmasınadək onun yaxınlıqdakı aeroportlardan birinə enişinə şərait yaradılması də çox sayda insanın həyatını xilas edərdi. Bu halda, bəlkə də ümumiyyətlə, tələfatsız ötüşmək olardı. Vaxtında üzr istənilməsi və məsuliyyətin etirafı, lazımi istintaqın başladılması isə siyasi böhranın qarşısını alardı.

Azərbaycanda bununla əlaqədar olaraq, iki insident yada salınır. 44 günlük müharibənin son saatlarında, noyabrın 10-na keçən gecə Azərbaycanın Hava Hücumundan Müdafiə sistemi ölkə sərhədlərinə yaxın ərazidə təhlükəli manevrlər edən helikopterə atəş açmışdı. Sonradan onun Rusiyaya məxsus olduğu üzə çıxmış, nəticədə, Bakı cəmi bir neçə saat sonra günahını etiraf etmiş, qarşı tərəfdən üzr istəmiş və araşdırmalara başlamışdı.

Daha bir insident 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları zamanı baş vermiş, nəticədə, bir neçə Rusiya sülhməramlısı həlak olmuşdu. O zaman Azərbaycan Rusiya Sülhməramlı Kontingentinin komandanlığına vaxtında xəbərdarlıq etmiş, sülhməramlıları bazalarını tərk etməməyə çağırmışdı. Lakin həmin sülhməramlılar üzərində Rusiya bayrağının belə olmadığı maşınla Azərbaycanın mövqelərinə yaxınlaşmış, yumşaq desək, ehtiyatsız davranmış, nəticədə, atəşə tutulmuşdular. Amma Bakı bu dəfə də dərhal qarşı tərəfdən üzr istəmiş, günahını etiraf etmiş və istintaq başlatmış, günahkarlar xidmətdən uzaqlaşdırılmış, hətta həbs olunmuşdular.

Bu iki halın heç birini əvvəlcədən müəyyənləşmiş cədvəl üzrə mülki aeroporta enməyə hazırlaşan sərnişin təyyarəsinə zenit raketlərinin atılması ilə müqayisə etmək olmaz. Amma Bakı yenə də münasibətləri tam korlayacaq, münasibətlərdə ciddi böhran yaradacaq davranış nümayiş etdirmir. Amma Moskva konstruktiv addımları nə qədər gecikdirərsə, mənfi nəticələrdən qaçmaq o qədər çətin olacaq.



MƏSLƏHƏT GÖR:

33