
SABİTLİKDƏN ƏDALƏTƏ DOĞRU
Ekspertlər hesab edirlər ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın qiymətləndirilməsinə yanaşmalarını yenidən nəzərdən keçirməlidir
Müəllif: İlahə MƏMMƏDLİ
Azərbaycan iqtisadiyyatı qlobal maliyyə bazarlarında artan qeyri-sabitlik və volatillik fonunda xarici dəyişikliklərə səmərəli şəkildə uyğunlaşmaq qabiliyyətini və dayanıqlılığını nümayiş etdirməkdə davam edir. Bu müsbət tendensiyalar beynəlxalq reytinq və maliyyə institutlarının bu yaxınlarda dərc edilmiş qiymətləndirmələri ilə də təsdiqlənir.
Valyuta mövqeyi
“Fitch Ratings” agentliyinin ölkənin xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini (IDR) “BBB-“ səviyyəsində sabit proqnozla təsdiqləməsi Azərbaycanın xalis kreditor mövqeyini qorumaq qabiliyyətinə və suveren fondlarda kifayət qədər valyuta ehtiyatlarının mövcudluğuna əsaslanır.
Reytinqin investisiya səviyyəsi Azərbaycanın defolt riski aşağı olan etibarlı borcalan kimi nüfuzunu əks etdirir. Bu, həmçinin ölkənin güclü xarici balans, aşağı dövlət borcu və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əhəmiyyətli aktivləri daxil olmaqla güclü makroiqtisadi göstəricilərə malik olduğunu təsdiqləyir.
“Fitch Ratings”in qiymətləndirməsinə görə, Azərbaycanın suveren valyuta aktivləri 2024-cü ilin sonuna 76 milyard dollara çatıb və bu da gözlənilən ÜDM-in 102%-ni təşkil edir. Bu göstərici ölkəyə ilk dəfə investisiya reytinqi verildiyi 2010-cu ildəki səviyyəni əhəmiyyətli dərəcədə üstələyir. Aktivlərin əsas hissəsi (83%) Dövlət Neft Fondunda cəmləşib, qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarında saxlanılır.
AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib.
Tədiyə balansının cari hesabının əsas tərkib hissəsi olan xarici ticarət balansında 5,5 milyard dollar müsbət saldo qeydə alınıb. “Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub saxlanılıb və Mərkəzi Bank tərəfindən keçirilən bütün hərraclarda valyutaya olan tələbat tam ödənilib”, - T.Kazımov vurğulayıb.
Beləliklə, neft qiymətlərinin aşağı düşməsi səbəbindən ixrac gəlirlərinin azalmasına baxmayaraq (neft və qaz gəlirləri ümumi ixracın 89%-ni təşkil edir), 2024-cü ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 6,5%-ni təşkil edib və 2025-2026-cı illərdə 6,2% səviyyəsində qalacağı gözlənilir. Bu, valyuta aktivlərinin toplanmasının davam etməsinə və ölkənin iqtisadi dayanıqlılığının güclənməsinə töhfə verəcək.
“Fitch”in məlumatına görə, ölkənin xalis xarici kreditor mövqeyi ÜDM-in 153%-nə qədər güclənib və bu da həmin reytinq kateqoriyasında ən yaxşı nəticədir.
Büdcə siyasəti və makro göstəricilər
2024-cü ildə Azərbaycanın konsolidə edilmiş büdcəsinin profisiti əhəmiyyətli dərəcədə azalıb. Bu, sosial ödənişlər, Qarabağ və Şərqi Zəngəzurun bərpası xərcləri daxil olmaqla dövlət xərclərinin artması ilə bağlıdır. Bununla belə, pandemiya ilə əlaqəli vergi güzəştlərinin başa çatması və ARDNF-in aktivlərindən əldə olunan gəlirlər nəticəsində qeyri-neft gəlirlərinin artması bu xərcləri müəyyən dərəcədə kompensasiya edir. “Fitch” 2025-2026-cı illərdə sosial və müdafiə xərcləri tərəfindən təzyiqin davam edəcəyinə baxmayaraq, Azərbaycanın fiskal siyasətinin büdcə dayanıqlılığını qorumağa yönələcəyini gözləyir.
2024-cü ildə Azərbaycanın ÜDM artımı 4,1% təşkil edib. Bu, neft hasilatının azalma tempinin yavaşlaması, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı iqtisadi fəallıq hesabına əldə edilib. Amma “Fitch”in hesablamalarına görə, 2025-ci ildə cəmi 3%-lik, 2026-cı ildə isə 2,4%-lik artım gözlənilir. Əsas səbəblər neft hasilatının azalması və iqtisadiyyatın qeyri-neft sektorlarının inkişafına tədricən keçid olacaq.
Azərbaycan İqtisadiyyat Nazirliyi perspektivləri daha nikbin qiymətləndirir. Belə ki, Nazirlik 2025-ci ildə ÜDM-in 3,5%, 2026-cı ildə isə 2,8% artacağını proqnozlaşdırır. İqtisadiyyatın dəstəklənməsində infrastruktur layihələrinə dövlət investisiyaları, həmçinin neft sektorundakı azalmanı qismən kompensasiya edəcək təbii qaz hasilatının artırılması mühüm rol oynayacaq.
Neft sektorundan asılılığın tədricən azaldılması Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir. Bu, qlobal çağırışlara, xüsusilə enerji bazarlarındakı volatilliyə qarşı dayanıqlılığın artırılması üçün vacib addımdır.
Digər mühüm makroiqtisadi göstərici olan inflyasiyaya gəlincə, “Fitch”in məlumatına görə, 2024-cü ildə bu göstərici 2,2% təşkil edib. Bu isə “BBB” reytinqli ölkələr üçün orta göstəricidən xeyli aşağıdır. Lakin agentlik hesab edir ki, 2025-ci ildə istehlak qiymətləri indeksinin artımı 5,3%-ə yaxınlaşacaq və bu da bu kateqoriyalı ölkələr üçün proqnozlaşdırılan 3%-lik orta inflyasiyadan yüksəkdir. Bunun səbəbləri iqtisadiyyata dövlət dəstəyi fonunda tənzimlənən malların qiymətlərinin artması və daxili tələbatın güclənməsidir. Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ilin sonuna orta illik inflyasiyanı 4,6%, Mərkəzi Bank isə 5,8% səviyyəsində proqnozlaşdırır. Bu yanaşma həm xarici, həm də daxili amillərlə şərtlənir. Buraya idxal olunan malların qiymətlərinin, o cümlədən infrastruktur layihələrinə xərclərin artması və iqtisadiyyatın modernləşdirilməsinə investisiyaların zəruriliyi daxildir. Amma ekspertlər əmindirlər ki, sabit pul-kredit siyasətinin saxlanılması və dövlət maliyyəsinin ağıllı idarə edilməsi inflyasiya risklərini məhdudlaşdırmağa imkan verəcək.
Ədalət naminə
Azərbaycanın iqtisadi inkişafının aşkar nailiyyətlərinə baxmayaraq, “Standard&Poor's” və “Moody's” beynəlxalq reytinq agentlikləri hələ də ölkənin qiymətləndirilməsinə ehtiyatla yanaşırlar. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, hökumət aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycana münasibətində müsbət dəyişikliklər görür. Lakin cari reytinqlər hələ də real iqtisadi uğurları əks etdirmir və agentliklər nədənsə hələ də kifayət qədər təvazökar yanaşma nümayiş etdirirlər.
Qeyd etmək lazımdır ki, ötən il “Moody's” Azərbaycanın reytinq proqnozunu müsbətə yüksəldib (“Ba1”) və bu da iqtisadiyyatın şaxələndirilməsi perspektivlərinə nikbin baxışdan xəbər verir. Eyni zamanda “S&P” sabit proqnozu (“BB+/B”) saxlayır. Hər iki reytinq investisiya səviyyəsindən cəmi bir addım uzaqdadır. “Moody's”də investisiya reytinqi “Baa”dan, “S&P”də isə “Fitch”də olduğu kimi “BBB“dən başlayır.
“S&P”nin hesabatında qeyd edilib ki, Azərbaycan Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının üzv ölkələri daxil olmaqla, oxşar reytinqli ölkələrdən daha çox şəffaflıq nümayiş etdirir. Xüsusilə, Azərbaycan Dövlət Neft Fondu investisiya kateqoriyalarının tam siyahısı ilə ətraflı audit hesabatları dərc edir və bu da Azərbaycanı həmin dövlətlərdən fərqləndirən xüsusiyyətlərdəndir. “Moody's” öz növbəsində dəfələrlə Azərbaycanın büdcə intizamının yüksək səviyyəsini və fiskal siyasətin səmərəliliyini vurğulayıb.
Yeri gəlmişkən, daha yüksək reytinq səviyyəsinə keçmək üçün agentliklər üç əsas istiqaməti müəyyən edirlər: institusional potensialın gücləndirilməsi - dövlət institutlarının səmərəliliyinin artırılması və iqtisadiyyatın idarə edilməsi; daxili kapital bazarlarının inkişafı - özəl investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun inkişafı üçün şəraitin yaradılması; neft gəlirlərindən asılılığın azaldılması - enerji resurslarının qiymət dəyişkənliyinə qarşı həssaslığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi.
Bu istiqamətlərdə məqsədlər artıq struktur islahatları və qeyri-neft sektorlarına dövlət investisiyaları vasitəsilə fəal şəkildə həyata keçirilir.
Ekspertlər əmindirlər ki, maliyyə sabitliyi, ARDNF-in əməliyyatlarının şəffaflığı və makroiqtisadi vəziyyətin uğurlu idarə edilməsi Azərbaycanı investorlar üçün etibarlı tərəfdaşa çevirir. Bu amillər beynəlxalq agentliklərin ölkənin qiymətləndirilməsinə yanaşmalarının yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayır. Azərbaycanın real iqtisadi nailiyyətlərinin daha yüksək kredit reytinqi vasitəsilə tanınması onun qlobal investisiya arenasında mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.
MƏSLƏHƏT GÖR: