
HASİLAT, İXRAC VƏ TRANZİT
Azərbaycan “mavi yanacaq” hasilatını artırmaqla yanaşı yeni satış bazarları barədə razılıqlar əldə edir
Müəllif: Nigar ABBASOVA
Təbii qaza olan qlobal tələbat 2024-cü ildə yeni tarixi maksimuma çatıb və bu artımın 2025-ci ildə davam edəcəyi gözlənilir. Bu, ilk növbədə, Asiyanın sürətlə inkişaf edən bəzi bazarları hesabına baş verəcək. Beynəlxalq Enerji Agentliyinin (IEA) son rüblük hesabatına əsasən, cari ildə dünya təbii qaz bazarlarında vəziyyətin gərgin olaraq qalacağını proqnozlaşdırlır, çünki tələbat artmaqda davam edir, təklif isə COVID-19 pandemiyası və enerji böhranından əvvəlki dövrlə müqayisədə daha aşağı sürətlə artır.
Əslində, proqnozun tamamilə düzgün verildiyi söyləmək olar, çünki Avropa bazarı yeni ildə yeni reallıqla üzləşib: Rusiya qazının Ukrayna vasitəsilə tranziti dayandırılıb və bunun yaxın vaxtlarda bərpası gözləmək çətindir.
Bu arada, Rusiya bu faktı reallıq kimi qəbul edib və qaz ixracı üçün yeni marşrutların axtarışına diqqət yetirib. Beləliklə, Azərbaycanın tranzit infrastrukturundan istifadə etməklə Rusiya qazının İrana tədarükü ideyası yaranıb.
Eyni zamanda Bakı öz yataqlarından hasilat və ixracı artıraraq “mavi yanacaq” gündəliyini fəal şəkildə təbliğ etməyə davam edir.
Təhdidlər və yeni imkanlar üçün səbəb
IEA 2024-cü ildə qlobal qaz tələbatının 2,8% artaraq rekord həddə - 4,212 trilyon kubmetrə çatdığını bildirib. Agentlik qeyd edir ki, ilkin qiymətləndirmələrə görə, bu, 2010-2020-ci illər arasında 2%-lik orta tarixi illik artım tempindən əhəmiyyətli dərəcədə yüksəkdir. Tələbatın artımının 40%-dən çoxu Asiya ölkələrinin, əsasən Çin və Hindistanın payına düşüb. Avropada qaz istehlakı isə 2023-cü illə müqayisədə cüzi artıb.
IEA hesab edir ki, 2025-ci ildə qlobal qaz tələbatı yenidən rekord həddə çataraq 4,3 trilyon kubmetrə yüksələcək, lakin artım tempi 1,9%-ə qədər yavaşlayacaq. Artım əsasən yenə də Asiya ölkələrinin hesabına olacaq və bunun 45%-dən çoxu onların payına düşəcək.
“2025-ci il yanvarın 1-də Rusiya boru kəməri qazının Ukrayna üzərindən tranzitinin dayandırılması Avropa İttifaqının təchizat təhlükəsizliyi üçün qaçılmaz risk təşkil etməsə də, bu, mayeləşdirilmiş təbii qaz idxalına tələbatı artıra və bu il əsas bazar göstəricilərini sərtləşdirə bilər”, - IEA-nın hesabatında vurğulanıb.
Agentliyin ekspertlərinin fikrincə, Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin həyata keçirilməməsi səbəbindən Avropa 2025-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) alışını əvvəlki illə müqayisədə təxminən 16% artırmalı olacaq.
Məlum olduğu kimi, “Qazprom” ilə “Naftogaz” arasındakı müqavilənin başa çatmasından sonra Ukrayna Rusiya qazının tranzitini dayandırıb.
Ukrayna Prezident Volodimir Zelenski ölkəsinin qaz nəqliyyat sisteminin Azərbaycan qazının Avropaya nəqli üçün istifadəyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, bu təklifi o, Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edib və vurğulayıb ki, Ukrayna lazım gələrsə tranziti təmin edə bilər. “Əgər Avropaya Rusiya qazı deyil, qaz lazımdırsa, infrastrukturumuzdan digər birgə addımlar üçün istifadə edə bilərik”, - V.Zelenski yanvarın 25-də keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan 40 milyard kubmetr qaz hasil edir ki, bunun da 25 milyard kubmetri ixrac üçün əlçatandır.
Görünür, bu vəziyyətlə yalnız Slovakiyanın Baş naziri Robert Fitso barışmayıb. O bildirib ki, Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması nəticəsində Bratislava ildə 500 milyon avro itirəcək və bu, Avropa İttifaqına (Aİ) da baha başa gələcək. Onun sözlərinə görə, növbəti iki il ərzində 120 milyard avro itki gözlənilir.
“Həm Slovakiya, həm də Çexiya ekspertləri təsdiq ediblər ki, qazın Şərqdən Qərbə tədarükünün dayandırılması qaz qiymətlərinə ciddi təsir göstərəcək”, - Slovakiyanın Baş naziri vurğulayıb.
Ədalət naminə qeyd etmək lazımdır ki, Avropanın əsas qaz birjası olan Niderland TTF-də “mavi yanacağ”ın qiymətləri yanvarın 2-də, həqiqətən də, tranzitin dayandırılmasına artımla reaksiya verərək 1000 kubmetr üçün 540 dollar səviyyəsinə yaxınlaşıb. Bu, ötən ilin oktyabr səviyyəsindən 25% yüksək, lakin 2023-cü ilin avqustundan xeyli aşağıdır. Yəni qiymətlərin gələcək artımı ilə bağlı ciddi narahatlıq üçün əsas yoxdur və üstəlik, Avropada kəskin qaz qıtlığı mövcud deyil.
Avropa Komissiyası da öz növbəsində bəyan edib ki, Aİ-nin qaz infrastrukturu yaranmış vəziyyətin öhdəsindən gəlmək üçün kifayət qədər çevikdir. “Bazar artıq bəzi parametrlərin dəyişməsini nəzərə alıb. Biz narahatedici tendensiyalar qeydə almamışıq”, - Avropa Komissiyasının rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.
Bu, qitənin bəzi ölkələri üçün isə təchizat mənbələrinin şaxələndirilməsi və alternativ təchizatçılar hesabına enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yaxşı fürsət ola bilər. Bu zaman əsas məsələ düzgün seçim etməkdir.
Belə ki, Macarıstan alternativ olaraq “Türk axını” qaz kəməri (Rusiya qazının Avropaya nəql edildiyi yeganə işlək boru kəməri) vasitəsilə Rusiya qazının idxalını artırıb və hətta bunun hesabına Slovakiyanı da qazla təmin etməyə hazır olduğunu bildirib. Lakin Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatların davam etdiyi və enerji infrastrukturuna təhdidlərin olduğu şəraitdə bir təchizat marşrutundan asılılıq enerji təhlükəsizliyi üçün əhəmiyyətli risklər yaradır. Buna görə də mənbələrin və marşrutların şaxələndirilməsi gələcəkdə sabit və təhlükəsiz enerji təchizatının təmin edilməsi üçün sadəcə strateji əhəmiyyət kəsb etmir, həm də həyati vacib tədbir xarakteri daşıyır.
Gözlənilməz tranzit
Rusiya öz növbəsində fəal şəkildə yeni satış bazarları axtarır. “Qazprom” və “National Iranian Gas Company” şirkəti 2024-cü il iyunun sonunda Rusiya qazının İrana tədarükünün təşkili üzrə Strateji Memorandum imzalayıb. Müqavilə 30 il müddətinə bağlanıb və gözlənilir ki, bununla İran hər il təxminən 10-12 milyard dollar gəlir əldə edəcək.
Rusiya Prezidenti Vladimir Putin bu il yanvarın 17-də iranlı həmkarı Məsud Pezeşkianla danışıqların yekunlarına dair mətbuat konfransında iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin işlənildiyini təsdiqləyib. Onun sözlərinə görə, ilkin mərhələdə tədarük 2 milyard kubmetrə qədər ola bilər, lakin bunu ildə 55 milyard kubmetrə çatdırmaq mümkündür.
Rusiyanın energetika naziri Sergey Sivilyov qaz nəqlinin Azərbaycan ərazisindən keçəcəyini deyib: “Azərbaycan üzərindən marşrut razılaşdırılıb. Hazırda qiymətin təsdiqlənməsi üzrə danışıqların yekun mərhələsindəyik. Həcmlər artıq müəyyənləşdirilib. Qiymət həmişə kommersiya məsələsidir və bu məsələdə kompromis axtarışındayıq. Buna görə də hər iki tərəfdən qiymətqoyma yanaşmasını işləyib hazırlayan işçi qrupları yaradılıb”.
İran üçün Rusiya “mavi yanacağı”nın qiymətinə toxunan S.Tsivilyov dəqiqləşdirib ki, qiymətlə bağlı baza həlli tərəflərin hələ də fikir ayrılığına malik olduğu müəyyən əmsalla neft və qazın kalorililiyinin pariteti ilə bağlıdır.
İlkin mərhələdə bu qaz kəməri ilə 2 milyard kubmetr qaz nəql edilməsi planlaşdırılır ki, bu da 2022-ci ilə qədər Avropa İttifaqına tədarük həcminin 1%-dən bir qədər çoxunu təşkil edir. Müqayisə üçün qeyd edək ki, partladılmış “Şimal axını”nın iki xəttinin ötürücülük gücü ildə 55 milyard kubmetr təşkil edirdi. Lakin planlaşdırılan həcmlərə çatmaq üçün vaxt tələb olunacaq.
Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti Valeriya Andrianovanın fikrincə, İrana qaz tədarükünün qiyməti Avropa və Çinə nisbətən aşağı ola bilər. Ekspert vurğulayır ki, “Qazprom” üçün indi yüksək qiymətlərə nail olmaqdan daha çox ixrac həcmlərini qorumaq və yeni satış bazarları tapmaq vacibdir. Daha əvvəl məlumat yayılmışdı ki, İran Rusiya qazını 1000 kubmetr üçün 100 dollar qiymətinə ala bilər, lakin bu rəqəm danışıqlar üçün başlanğıc rəqəmdir. V.Andrianova hesab edir ki, yekun qiymət daha yüksək olacaq.
Bundan başqa, ilkin olaraq planlaşdırılan 2 milyard kubmetrin nəqli üçün yeni boru kəmərlərinin çəkilməsinə ehtiyac olmayacaq. Lakin perspektiv güclərə çatmaq üçün təkcə Rusiyada deyil, həm də Azərbaycan və İranda əlavə qaz kəmərlərinin tikilməsi tələb olunacaq. Nəqliyyat imkanları, məsələn, Mozdok-Qazıməmməd qaz kəməri ilə Rusiyadan Azərbaycana ildə 5 milyard kubmetrdən çox qazın nəqlini mümkün edir.
Azərbaycan ərazisindən Rusiya qazını İrana nisbətən tez çatdıra bilən boru kəməri keçir. Lakin açıq mənbələrdən olan məlumatlara görə, onun buraxılış qabiliyyəti ildə 2 milyard kubmetrlə məhdudlaşır. Gücün artırılması üçün yeni kompressor stansiyalarının quraşdırılması tələb olunacaq və bu da təxminən bir il çəkə bilər. Hətta modernizasiyadan sonra boru kəmərinin buraxılış qabiliyyəti yalnız ildə 8-10 milyard kubmetrə qədər artacaq.
Ümumilikdə isə bu layihənin reallaşdırılması Azərbaycanın Xəzər dənizi regionunda tranzit rolunu gücləndirə və onu mühüm qaz habına çevirə bilər. Lakin hələ də Azərbaycanın belə bir tranzitə razılıq verib-vermədiyi və tədarükün artması halında öz infrastrukturunun genişləndirilməsinə hazır olub-olmadığı və ən əsası - tranzitin qiyməti barədə suallar açıq qalır.
Öz imkanları hesabına
Azərbaycan öz qaz sektorunu fəal şəkildə inkişaf etdirməyə davam edir və təbii qazın hasilatının və ixracının artırılmasına diqqət yetirir. Bu səylər enerji təhlükəsizliyinin gücləndirilməsinə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Bu baxımdan yaxın gələcəkdə bir neçə əhəmiyyətli hadisə gözlənilir. Buraya, o cümlədən “Şahdəniz” yatağında aşağı təzyiqli qazın yığılması üçün yeni kompressor platformasının tikintisi, həmçinin 2025-ci ilin sonunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun dərin qaz laylarından (deep-gas) qaz hasilatının başlanması daxildir.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra mətbuata bəyanatla açıqlamasında bildirib ki, 2024-cü ildə ölkə 25 milyard kubmetr qaz ixrac edib və növbəti illərdə ixracı artırmağa davam edəcək: “Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə qaz təchizatının artırılması məsələlərini müzakirə edib.
“Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olundu”, - Azərbaycan liderinin mətbuat xidmətinin məlumatında deyilir.
İ.Əliyev qeyd edib ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.
Hazırda AÇG-də “Qərbi Çıraq” platformasından ilk istismar quyusu qazılır və bu da qazın sahilə çatdırılması üçün mövcud infrastruktura qoşulacaq. “Qoşulma işlərinin aparılması üçün tələb olunan vaxtı nəzərə alaraq, ilk dərin qazı cari ilin sonuna gözləmək olar”, - BP-nin məlumatında qeyd edilib.
AÇG-də dərin qaz ehtiyatlarının işlənilməsi layihə səhmdarları tərəfindən 2024-cü il sentyabrın 20-də imzalanmış sazişə əsasən aparılır. Bu laylarda qaz ehtiyatları 4 trilyon kub fut (təxminən 112 milyard kubmetr) həcmində qiymətləndirilir. Birinci mərhələdə AÇG-dən qaz hasilatı ildə təxminən 0,5 milyard kubmetr təşkil edəcək.
Əlavə qaz mənbəyinin olması BP-nin üzləşdiyi fors-major hallarda ixracın məhdudlaşdırılması risklərini azaldacaq. Təchizat problemləri “Shah Deniz Bravo” platformasından “Səngəçal” terminalına kondensat nəql edən sualtı boru kəmərində texniki nasazlıq səbəbindən yaranmışdı. Nasazlığı aradan qaldırmaq üçün şirkət platformaların işini müvəqqəti dayandırmalı olub və bu da “Şahdəniz”də istehsal və ixrac əməliyyatlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Hazırda hasilat və ixrac tam həcmdə bərpa edilib və Azərbaycan təchizat üzrə müqavilə öhdəliklərini uğurla yerinə yetirir.
Qeyd etmək lazımdır ki, ötən il “Şahdəniz”də hasilat platoya çatıb (26 milyard kubmetr) və indi BP-nin əsas vəzifəsi pik hasilatın müddətini bir neçə il artırmaqdır. Bunun üçün milyardlarla dollar investisiyanın tələb olunduğu yeni kompressor platformasının tikintisi planlaşdırılır. Bu platforma insan iştirakı olmadan fəaliyyət göstərəcək. “Bu, tamamilə yeni platforma olacaq və “Şahdəniz”in bəzi laylarından aşağı təzyiqli qazın tutulması və “Səngəçal” terminalına çatdırılması üçün nəzərdə tutulub”, - şirkətin məlumatında vurğulanıb.
Bu layihə üzrə yekun investisiya qərarı cari ildə qəbul ediləcək. Bu, o deməkdir ki, 2025-ci il yeni “qaz hadisələr”i və təşəbbüsləri ilə zəngin olacaq.
MƏSLƏHƏT GÖR: