5 Dekabr 2025

Cümə, 12:10

İSLAHATLARDA YENİ MƏRHƏLƏ

Bakının nəqliyyat problemlərinin həllinə dair yeni proqram şəhərdəki tıxacların sayını azaltmağa yönəlib

Müəllif:

01.02.2025

Azərbaycanın nəqliyyat sistemi son 20 ildə ölkənin əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan verən genişmiqyaslı dəyişikliklərə məruz qalıb. Hətta ölkənin okeana çıxışın olmaması belə onun ərazisində qlobal tranzit marşrutlarının və dəhlizlərin yaradılmasına mane ola bilməyib. “Şərq-Qərb” və “Şimal-Cənub” layihələri sayəsində Azərbaycan Avrasiyanın ən mühüm nəqliyyat qovşağına çevrilib.

Ölkəmiz vasitəsilə beynəlxalq daşımalar, demək olar ki, problemsiz həyata keçirilsə də, iri şəhərlərdə, xüsusilə də Bakıda nəqliyyat vasitələrinin hərəkəti yaranan tıxaclar səbəbindən bəzən xeyli çətinləşir. Odur ki, bu istiqamətdə yeni dövlət proqramının qəbul edilməsinə ehtiyac yaranıb. Bu proqrama daxil olan əsas islahatlar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə müzakirə edilib.

 

“Ənənəvi” müqavimət

Son 20 ildə Azərbaycanda nəqliyyat sahəsində görülən işlərlə bağlı rəqəmlər dərin təəssürat yaradır. Dünyada bu qədər qısa müddətdə bu sektorda bütün böyük infrastrukturun, demək olar ki, tamamilə yeniləndiyi ölkələr çox deyil. Bu dövrdə 21 min kilometr uzunluğunda avtomobil yolu salınıb və təmir edilib, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid inşa edilib.

Xüsusilə dəmir yolu seqmentində irimiqyaslı layihələr həyata keçirilib: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometri təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox uzunluğu olan Abşeron dairəvi xətti istifadəyə verilib.

Ən əsası Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu inşa edilib. Bunu etmək təkcə fiziki və maliyyə baxımından deyil, layihə başlanğıcda kəskin siyasi müqavimətlə üzləşdi. “Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin”, - Prezident İlham Əliyev bildirib.

Bu maneəni yalnız həm Gürcüstan tərəfi, həm də ABŞ-nin yüksək səviyyəli nümayəndələri ilə uzun danışıqlar prosesi nəticəsində aşmaq mümkün olub. “Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, onlar Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi”, - dövlət başçısı əlavə edib.

Əslində, qlobal əhəmiyyətli layihələri həyata keçirən Azərbaycan üçün belə maneələr yad deyil. Hazırda bir sıra Avropa ölkələrinin enerji müstəqilliyini təmin edən layihələr - Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilən, Cənub Qaz Dəhlizi və s. yaradılan zaman başlanğıcda absurd səbəblərdən, demək olar ki, boykot edilirdi. Azərbaycan tərəfinin bu layihələrin faydalarına əminliyi BTQ-də olduğu kimi bütün maneələri aşmağa kömək etdi. Üstəlik, Gürcüstan ərazisindəki işlər faktiki olaraq Azərbaycanın bu ölkəyə çox aşağı faizlə verdiyi təxminən 1 milyard dollar kredit hesabına yerinə yetirilib. Beləliklə, bu gün müxtəlif ölkələrdən yüklərin Aralıq dənizi istiqamətində, Avropaya və Türkiyəyə daşındığı yeni yol açılıb. Keçən il Azərbaycan bu yolun genişləndirilməsini və buraxılış qabiliyyətinin 5 milyon tona qədər artırılmasını maliyyələşdirib.

 

Hava və dəniz

Azərbaycanın beynəlxalq nəqliyyat mövqeləri son 20 ildə hava daşımaları sahəsində də əhəmiyyətli dərəcədə güclənib. Bu müddət ərzində Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Bununla yanaşı, dörd yeni hava limanı - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları tikilib. Bu il Laçında daha bir hava limanı istifadəyə veriləcək.

“Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Aeroportunda inşa edilsin. Mən də öz dəstəyimi verdim”, - Azərbaycan Prezidenti deyib.

Məlumdur ki, artıq yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırması hazırlanır.

Hava məkanı ilə yanaşı, Azərbaycanda dəniz də kifayət qədər uğurla mənimsənilir - son illərin mühüm layihələrindən biri yeni dəniz ticarət limanının tikintisidir. Onun birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton həcmində nəzərdə tutulmuşdu, lakin zamanla onu 25 milyon tona çatdırmaq zərurəti yaranıb. Bu istiqamətdə müvafiq işlərə artıq başlanılıb.

Dəniz mövzusuna, həmçinin artıq tam gücü ilə işləyən gəmiqayırma zavodunun fəaliyyəti də aiddir. Hazırda orada müxtəlif ölçülü 6 gəmi inşa edilir. “Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq. Əgər vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi, hazırda dörd böyük tanker, – “Aframax” tipli tanker, - onun yükgötürmə qabiliyyəti 100 min tondur, - alınıb və bu da bizə həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir”, - İ.Əliyev əlavə edib.

 

Bakıdakı tıxaclar

Nəqliyyat problemlərinə qayıdaraq qeyd etmək lazımdır ki, artıq “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinin icrasına başlanılıb. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin izah etdiyi kimi, Azərbaycanın paytaxtı dünyanın digər böyük şəhərlərinin nümunəsini izləyərək “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid edir. O bildirib ki, avtobusla sərnişindaşıma tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün 112 kilometr uzunluğunda avtobus zolaqları çəkilib. Eyni zamanda xətlərə gündəlik çıxan avtobusların sayı 1750-dən 2160-a çatdırılıb. Həmçinin piyada hərəkətini təşviq etmək üçün layihələr həyata keçirilib.

Analoji islahatlar taksi xidmətləri üzrə də aparılıb. Nəticədə, onların sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilib. Ən əsası isə şəhər mərkəzi istiqamətində hərəkət sıxlığı yaradan qısa məsafəli səfərlərin sayı kəskin şəkildə - təxminən 32% azalıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev söyləyib ki, Bakının nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün üç əsas məqsəd daşıyan yeni proqram hazırlanıb: daha sürətli, daha təhlükəsiz və daha ekoloji mobillik imkanlarının yaradılması. Eyni zamanda sərnişin təcrübəsinin tam rəqəmsallaşdırılması və bəzi sistem dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bu istiqamətdə artıq müəyyən nailiyyətlər əldə olunub. Xüsusilə də iki il ərzində şəhərdəki avtobusların sayının 440 ədəd və ya 25% artırılması sayəsində. Maraqlıdır ki, onların arasında 161 yeni elektrik avtobusu da var və onların da ictimai nəqliyyat şəbəkəsinə daxil olması Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına ciddi təsir göstərir.

Nəticədə 2023-2024-cü illərdə avtobuslarla əlavə 41 milyon sərnişin, dəmir yolu nəqliyyatı və metro ilə əlavə 11 milyondan çox sərnişin daşınıb. Eyni zamanda 2024-cü ilin son aylarında yaradılan mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Proqramın icrasının sonunda bu göstəricinin 2,5 milyona çatdırılması planlaşdırılır.

Bakı metrosunun inkişafı ilə bağlı da geniş planlar var. 2008-ci ildən bu günə qədər 7 yeni stansiya tikilib. Dövlət proqramı çərçivəsində daha 10 stansiyanın tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam edir.

Nəqliyyatçılar vəd edirlər ki, bütün bu amillər Bakıya beynəlxalq reytinqlərdə ən yüksək yeri təmin edəcək, onun ən yaxşı şəhərlər siyahısına daxil olmasına imkan verəcək. Əlbəttə ki, Bakıdakı tıxac probleminin həllinə kömək edəcək istənilən fəaliyyət və layihələri ilk öncə şəhər sakinləri dəstəkləyirlər.


MƏSLƏHƏT GÖR:

137